“Mən bu gün Azərbaycanın gəncinin və gəncliyinin canlılığını, onların hər hansı dövlət və ölkə əhəmiyyətli məsələlərdə normal ictimai-siyasi yanaşma ortaya qoyduqlarını görmürəm. Səbəbi isə odur ki, bugünkü gəncliyi nə özünün, nə də vətənin gələcək taleyi narahat edir”.
Bu sözləri politoloq Zərdüşt Əlizadə Modern.az saytına açıqlamasında söyləyib.
Zərdüşt Əlizadə bildirib ki, 90-cı illərdə yaranan müxalifət xəyanətlər etdiyinə görə bugünkü gənclərin inamını itirib:
“Ənənəvi müxalifəti saysız-hesabsız xəyanətlər tükəndirib. Xalq və kütlə arasında klassik, ənənəvi müxalifətin hörməti yoxdur.
Bu gün artıq NİDA gənclər hərəkatı da yoxdur. Bu bir faktdır. Onların nə fəaliyyəti, nə də hər hansı məsələlərə təsir imkanları qalıb”.
Politoloq hesab edir ki, bu gün vətən və dövlət müqəddəratlı məsələlərdə təhlükə olarsa, yalnız REAL Hərəkatı öz potensialını ortaya qoymağa qadirdir :
“REAL hərəkat kimi başlayıb. Yavaş-yavaş tədricən genişlənir. Əgər tutaq ki, sabah ölkə və vətən üçün hansısa təhlükə olarsa, müqəddərat məsələsi risk altına düşərsə, bəlkə də ümidverici xilaskar təşkilata çevrilə bilər. Çünki onların həm güclü kadr potensialları , həm də vahid proqramları var.
Köhnə müxalifət sadəcə olaraq süni surətdə iqtidar tərəfindən ayaqda saxlanılıb. Səbəb də budur ki, xalq görsün ki, güya siyasi müxalifət var, yəni mövcuddur”.
Ağa AKİFOĞLU