Modern.az

Rasim Əliyevin ölümünə görə məhkəmə davam etdirildi

Rasim Əliyevin ölümünə görə məhkəmə davam etdirildi

16 Fevral 2016, 13:56


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Modern.az saytının məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda tibbi ekspert həkimləri ifadə veriblər.

Ekspert Alim Hüseynov ifadəsində R.Əliyevin meyitinə baxaraq rəy verdiyini bildirib. O bildirib ki, Rasimin 5,6,7,8-ci qabırğaları sınıb. Sol ağciyəri və dalağı cırılıb, partlayıb. Sağ ağciyərində isə ciddi zədə olub. Mərhumun bədən səthində heç bir xəsarət olmayıb. Onda daxili qanaxma olub. Döş qəfəsinin sağ səthində qırıqlar olub. Qan maye halında qarın boşluğuna yığılıb.

R.Əliyevin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı 2 vəsatətlə çıxış edib. O, R.Əliyevin döyülmə görüntülərinin cinayət işinə əlavə olunmasını və R.Əliyevin ilkin ifadəsinin iş materialına daxil edilməsini istəyib. Hər iki vəsatət təmin edilib.

Məhkəmənin növbəti prosesi fevralın 23-nə təyin olunub.

Jurnalist Rasim Əliyev Rasim avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

 “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynov bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu