Son günlər Azərbaycanda mal-qara, qoyun-quzu oğurluğu artıb. Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 14-də Bulud Quliyevin 67 baş qoyununu oğurladığına görə tutulmuş Aydın Şirinovun ətrafında Ağcabədi polisi tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayət əməlini Kürdlər kənd sakinləri Hikmət Hüseynov və Fərrux Hüseynli ilə birgə törətməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Hüseynov və F.Hüseynli də tutulublar. Onların Y.Xəlilova məxsus 26 qoyunu, S.Quliyevə məxsus 38 qoyunu, M.Tagıyevə məxsus 5 inəyi, habelə 2015-ci il ərzində rayon sakinləri X.Hüseynova məxsus 38 qoyunu, Ş.Rzayevə məxsus 21 qoyunu, P.Məmmədova məxsus 15 baş qoyunu, Ş.Bayramova məxsus 63 qoyunu və cari il yanvar ayının 11-də İ.Cəfərova məxsus 1 inəyi oğurlamaları da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin digər məlumatına görə, fevralın 18-nə keçən gecə Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan Habil Nəbiyevə məxsus fermadan 9 quzu oğurlanıb.
Cəlilabad polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlilər Sahib Mahmudov və Elvin Şaliyev tutulub, digər 1 nəfər isə müəyyən edilib.
Modern.az