
Ötən dövrdə korrupsiyanın və digər neqativ halların aradan qaldırılması üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilmiş tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanılıb. Kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
İnsan haqlarının kobud pozulmasına habelə vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə bəzi hakimlərə intizam cəzası, o cümlədən töhmət verilib.Modern.az saytı xəbər verir ki, bu haqda Ombudsmanın illik hesabatında məlumat verilib.
Qeyd edilib ki, hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı 1982 müraciət daxil olub.
Hüquq pozulması ilə bağlı şikayətlər əsas etibarilə məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın göndərilməməsi, bəzi hakimlər tərəfindən tərəflərin bərabərliyinə və çəkişmə prinsipinə əməl olunmaması, məhkəmə iclası zamanı bəzən tərəflərin vəsatətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə diqqət verilməməsi, məhkəmə qərarlarının surətinin tərəflərə göndərilməsi və ya vaxtında göndərilməməsi, məhkəmə qərarlarında texniki səhvlərə yol verilməsi, apelyasiya və kassasiya şikayətlərinin aidiyyatı üzrə göndərilməsi üzrə tərəflərin məlumatlandırılmaması, süründürməçilik halları, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi ilə bağlı olub.
Gülşən RAUFQIZI