Modern.az

“Qocalıqda yorğalıq” tapıldı

“Qocalıqda yorğalıq” tapıldı

Təhsil

28 Fevral 2016, 10:56

Görkəmli maarifçilərimizdən biri olan Əsgər ağa Goraninin (Adıgözəlovun) fəaliyyəti və yaradıcılığı çoxşaxəlidir. O, Azərbaycan səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə «Əkinçi»nin ən fəal müxbiri, ədəbiyyat tariximizdə «Qocalıqda yorğalıq» pyesinin və «Qara yel» romanının müəllifi, eyni zamanda bir sıra bədii əsərlərin tərcüməçisi, hüquqşünas və ictimai xadim kimi tanınır. İctimai fikir tariximizin inkişafında onun da əvəzsiz xidmətləri var.

Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin mənəvi övladlarından biri olan Əsgər ağanın «Qocalıqda yorğalıq» pyesi XIX əsərin sonu və XXəsrin əvvəllərində ən çox oynanan əsərlərindən biri olub. Əsgər ağa Gorani haqqında monoqrafiya yazmış Gövsər Tarverdiyeva eyniadlı monoqrafiyasında əsərin məzmunundan söhbət açsa da, «Qocalıqda yorğalığ»ın özü itmiş sayılırdı. Onun yalnız ayrı-ayrı bir neçə səhifəsinin Nizami adına Ədəbiyyat Muzeyində qorunub saxlandığı məlum idi. Teatrşünasların cəhdinə baxmayaraq, əsərin tam mətni tapılmırdı.

Modern.az saytı xəbər verir ki, bu günlər Əsgər ağanın irsinin araşdırıcısı, onun haqqında «Qaranlıqdan işığa» adlı kitabını çapa hazırlayan Gülhüseyn Kazımlının ciddi axtarışları sayəsində əsər əldə olunub. Tədqiqatçı müəyyən edib ki, pyesin yeganə nüsxəsi Moskvadakı Saltıkov – Şedrin adına kitabxanada qorunur, onun mikrofilmi çəkilərək, 1963-cü ildə Azərbaycana gətirilib və Milli Kitabxanada saxlanılır. Mikrofilmin surətini əldə edən G.Kazımlı başqa bir çətinliklə də üzləşib. Çəkiliş zamanı fokus düz götürülmədiyindən bəzi cümlələr, sözlər aydın düşməyib. 
«Qocalıqda yorğalıq» əski əlifba çap olunduğu üçün adi bir nöqtə belə sözün və fikirin mənasını dəyişə bilər. Amma, artıq çətinlik arxada qalıb. Şərqşünas İsrafil Əhmədovun əməyi sayəsində pyes əski əlifbadan latın qrafikasına çevrilib. Bu yaxınlarda sərhlərlə birlikdə onu nəşr etdirmək fikrindədir.

G.Kazımlı bildirir ki, «Qocalıqda yorğalıq» 1892-ci ildə Tiflisdə Cəlal Ünsizadənin mətbəsində çap olunub. Əsər 30 səhifədən ibarətdir. Kitabın  sonunda bildirilir ki, «Qocalıqda yorğalıq» pyesini almaq üçün «Tiflisdə qraf Loris Məlikov caddəsində poçt və teleqraf kontorunun dairəsində vaqe olan Ünsizadə mətbəəsinin kontoruna müraciət oluna bilər. On ədəddən ziyadə almaq xahiş ediləndə yüzdə on faiz güzəşt olunacaq.

«Qocalıqda yorğalıq» pyesi oynaq bir komediyadır. Əsərdə dini xurafat, cadugarlıq ifşa olunur, gənclərin saf məhəbbəti işıqlandırılır. İnanırıq ki, komediya janrının vodevil üslubunda yazılmış pyes bir çox teatrların və televiziya kanallarının diqqətini cəlb edəcək.

Atababa İsmayıloğlu  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?