Modern.az

Jurnalist sığorta şirkətindən narazıdır

Jurnalist sığorta şirkətindən narazıdır

Təhsil

1 Mart 2016, 22:24

 

Laçın rayonundan məcburi köçkün, jurnalist Taleh Şahməmmədov Dövlət Sığorta Kommersiya Şirkətindən narazıdır. Belə ki, Dövlət Sığorta Şirkətinin filial direktorları, ata-oğul Şirin və Xəyyam Hətəmovlar məcburi köçkün jurnalistin 7.000 (yeddi min) manat məbləğində pulunu  yolu ilə mənimsəyiblər. 

Modern.az saytı xəbər verir ki, zərərçəkmiş jurnalist Koordinat.az-a ünvanladığı şikayət məktubunda qeyd edir ki, Sığorta Şirkətinin rəhbər işçilərinin mənimsədiyi 7000 manatının geri qaytarılması barədə hüquq-mühafizə orqanlarına da dəfələrlə müraciət edib. Amma onun şikayətlərinə hələ də lazımi qaydada baxılmır.

Taleh Şahməmmədovun sözlərinə görə, hazırda Dövlət Sığorta Şirkətinin Laçın rayon filialının direktoru işləyən Şirin Hətəmov və onun oğlu, həmin şirkətin Sumqayıt filalının direktoru Xəyyam Hətəmov onun etibarından sui-istifadə edərək aldatma yolu ilə 15 000 ABŞ dolları məbləğində pulunu mənimsəyib.

Sonradan həmin vəsaitin bir hissəsi qaytarılsa da, cavabdeh tərəf qalan 7000 manatı qaytarmaqdan imtina edir: "Şirin və Xəyyam Hətəmovlarla dəfələrlə görüşlərimiz zamanı onlar açıq şəkildə məni təhdid edərək bildirdilər ki, pulumu qaytarmayacaqlar. Şirin dəfələrlə söhbətlərimiz əsnasında mənə bildirib ki, mən o pulları Dövlət Sığorta Şirkətin rəhbəri Məmməd Məmmədova vermişəm. Ş. Hətəmov M. Məmmədovun ona çox yaxın olduğunu söyləyərək bildirir ki, buna görə də sən şikayətlə mənə heç bir şey edə bilməzsən. Şirin Hətəmov rişxəndlə mənə bildirir ki, şirkətin rəhbəri M. Məmmədova kifayət qədər pul ödəyirəm, sənə qaytarmağa pulum qalmır. Həqiqətən də sözügedən şirkətdə Şirin Hətəmov M. Məmmədovun “ən etibarlı adamı” hesab edilir. Buna görə də onun əməlləri barədə heç bir ölçü götürülmür".    

Maraqlısı budur ki, Şirin və Xəyyam Hətəmovların dələduzluq əməlləri barədə adıçəkilən şirkətin rəhbərliyinə etdiyim müraciətlərə də reaksiya verilmir. Əksinə, şirkət rəhbəri Məmməd Məmmədovun ən yaxın adamı hesab edilən Şirin Hətəmov DSKŞ-nin Sumqayıtda fəaliyyət göstərən 3 filialının birləşdirilməsinə və oğlu Xəyyamın birləşdirilmiş filiala direktor təyin edilməsinə nail olub: "Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı filialların və digər filialın direktorları və digər əməkdaşları Xəyyama görə müxtəlif bəhanələrlə işdən çıxarılıblar, hətta burada yaranan narazılıqlara görə şirkət məhkəməyə verilib, proses hələ davam edir. Lakin Məmməd Məmmədovun şirkətin faktiki fəaliyyətdə olan qurumlarını Şirin və Xəyyama nə üçün “qurban” verdiyini izah etmək çətindir... Hansı ki, Xəyyamın təyinatından sonra DSKŞ-nin Sumqayıt filialının fəaliyyəti demək olar ki, iflic vəziyyətə düşüb. Əksinə, Xəyyam Hətəmovun hansısa “xidmətləri” hesabına yeni təmir olunan DSKŞ-nin ofisi yenidən təmir adı ilə bağlanıb və şirkətin pulları havaya sovrulur ki, bu da ayrıca araşdırılmalıdır".

Şikayətçi Hətəmovların aldatma yolu ilə aldıqları pulu qaytarmaqdan imtina etdikdən sonra Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdiyini də qeyd edir: "Ərizəm araşdırılması üçün aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərildi. İdarənin müstəntiqləri Canəli Nuriyev, Tarıyel Məmmədov və Elnur Abdullayev ardıcıllıqla bütün şahid ifadələri və digər sübutların olmasına rəğmən Şirin və Xəyyam Hətəmovlara qarşı cinayət işinin açılmasını nəyə görəsə rədd etdilər. Növbəti şikayətimdən sonra iş yenidən araşdırılması üçün Yasamal RPİ-nin baş müstəntiqi Abdulla Əliyevin icraatına göndərildi. Lakin aradan keçən iki ay ərzində Abdulla Əliyev işin araşdırılması üçün heç bir addım atmayıb. Mən İdarəyə gedib çox çətinliklə Abdulla Əliyevlə görüşərkən mənə dedi ki, yaxın günlərdə bizi izahat üçün dəvət edəcək. Lakin keçən ayyarım ərzində nə müstəntiq məni dəvət edib, nə də mən onunla görüşə bilirəm. Şikayətimin səhlənkar və ədalətsiz araşdırılması və təmin edilməməsi barədə daxili işlər naziri Ramil Usubovun və Baş prokuror Zakir Qaralovun adlarına yazdığım şikayətlərə də heç bir cavab verilməyib və nəticəsiz qalıb".  

Taleh Şahməmmədov daha sonra şikayət məktubunda qeyd edir: "Yuxarıda adları çəkilən müstəntiqlərin hər biri mənə bildirirdilər ki, Şirin və Xəyyam səndən pul aldıqlarını gərək özləri etiraf edələr, əgər belə olmasa biz bunu sübut edə bilmərik(?). Yasamal RPİ-nin müstəntiqlərinin məntiqlərinə görə, hər bir cinayətkar cinayət əməlini özü könüllü etiraf etməlidir. Belə olan halda istintaq orqanlarına və bu cür “müstəntiqlərə” nə ehtiyac var? Dövlət onlara niyə maaş verir?    Baş müstəntiq Abdulla Əliyev isə yeganə görüşümüz zamanı mənim özümü təhtid edərək bildirdi ki, burada cinayət işi açılsa, sənə qarşı açılacaq, Şirinə və Xəyyama yox. Mən başa düşməkdə çətinlik çəkirəm ki, Şirin və onun rəhbəri Məmməd Məmmədov adı çəkilən müstəntiqlərlə nə qədər “şirinlik” ediblər ki, bu qədər şahid və sübutlara rəğmən onlar Hətəmovları ciddi-cəhdlə müdafiə edirlər?

Nəzərinizə onu da çatdırım ki, Hətəmovların cinayət əməlləri açıq aşkar dəlillərlə ortada olsa da nədənsə, Yasamal RPİ-nin istintaq şöbəsində şikayətimə laqeyd yanaşırlar və bu dələduzluq əməlini törədən Hətəmovları aşkar müdafiə edirlər. Mən bir vətəndaş kimi bilmirəm ki, haqqımın kimdən və hansı qurumdan tələb edim. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq mənim şikayətlərimə o dərəcədə laqeyd yanaşaır ki, sanki bu hadisə hansısa xəyali məkanda baş verib. Biz mətbuat işçisi kimi öz hüququmuzu qoruya bilmiriksə, indi təsəvvür edin ki, sadə vətəndaşlar nə qədər əziyyət çəkirlər. 

Bütün bunları nəzərinizə çatdıraraq, xahiş edirəm ki, bir vətəndaş və jurnalist kimi mənim problemimin ictimailəşdirilməsinə, Respublikanın müvafiq orqanlarına çatdırılmasına yardım edəsiniz və Hətəmovların bu və bunun kimi kifayət qədər dələduzluq əməllərinə son qoyulmasına, mənə dəymiş maddi zərərin təmin edilməsinə köməklik göstərəsiniz".  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?