Paytaxtın Suraxanı rayonunda aeroport yolunda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Modern.az saytı xəbər verir ki, 3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumatına görə, xəstəxanaya yerləşdirilən 21 nəfər arasında ağır kəllə-beyin travması alan olmayıb. 3 nəfərə gips qoyulub, bir nəfərin çıxığı olub, onlara tibbi yardım göstərilib.
Xəsarət alanların hamısına əsasən qabırğa sınığı və yumşaq toxumaların əzilməsi və sınması diaqnozu qoyulub.
13 nəfər ilkin tibbi yardımdan sonra zədələri yüngül olduğu üçün evə buraxılıb. Daha 2 nəfərin sabah xəstəxanadan buraxılması gözlənilir.
Ancaq 8 nəfərin - Məmməd Abbasov, Faiq Cabbarov, Şərəf Həsənov, Sergey Məcidov, Məlikməmməd Şükürov, Həsrət Hüseynov, Samirə Əliyeva, Zərintac Sadıqova xəstəxana şəraitində müalicəsi davam etdirilir.
Xəstəxanadan onu da qeyd ediblər ki, xəsarət alanlara psixoloji yardım göstərilib və hazırda davam edir. Xatırladaq ki, bu gün Suraxanı rayonu ərazisində aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 160 saylı sərnişin avtobusunun “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşınla toqquşması nəticəsində avtobus aşıb.
Modern.az