Rəqəmsal texnologiyalar sahəsində intensiv tədris fəaliyyəti göstərən "Coders Azerbaijan" müxtəlif media qurumlarında çalışan 15 jurnalistə “Mediada Kiber Hücum formaları” mövzusunda vörkşop keçirib.
Modern.az xəbər verir ki, əvvəlcə təlim iştirakçıları Azərbaycanın kibertəhlükəsizlik ekosistemi və bu ekosistemin gücləndirilməsi istiqamətində ölkədə həyata keçirilən mühim tədbirlər barədə məlumatlandırılıb.
Daha sonra təlimçi Riyad Ağazadə kiberməkanda saxta xəbərlər və dezinformasiyaya qarşı mübarizədə tətbiq olunan mexanizmlər, bu günə qədər dünyada baş vermiş məşhur kiber hücum nümunələrini media nümayəndələrinə nümayiş edib, həmçinin media sferasında kibertəhlükəsizliyin əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin kibertəhlükəsizliyin təmin olunmasının texniki və təcrübi aspektlərinə dair vörkşop iştirakçılarının sualları da cavablandırılıb.
Vörkşopun sonunda iştirakçılar qruplara bölünərək müxtəlif praktiki tapşırıqlar yerinə yetirib.