Modern.az

Qızılca yayılır, pensiya yaşı artır, \"sizə əlillik düşmür\"... - Modern.az-ın icmalı

Qızılca yayılır, pensiya yaşı artır, \

28 Noyabr 2023, 10:44

Ötən gün bir sıra hadisələrlə yadda qaldı. Azərbaycan, Türkiyə və Gürcüstan MN başçılarının Bakı görüşü, təhsil müəssisələrində qızılcanın yayılması, Milli Məclisdə işğaldan azad edilmiş bir sıra rayonlarda inzibati-ərazi bölgüsü dəyişiklikləri ilə bağlı müzakirələr, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin parlamentdəki açıqlamaları, hərbi qulluqçuların pensiya yaşının artırılması ilə əlaqədar qanun layihəsi, Ukrayna prezidenti Volodimir Zelenskinin Avropanın ən nüfuzlu adamı seçilməsi və Qəzzada müvəqqəti atəşkəsin müddətinin uzadılması bunlardan bir neçəsidir.

 

Modern.az 27 noyabr tarixini əhatə edən icmalını təqdim edir:

 

"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. İntervalda gecikmə yaşanıb.

 

Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb. Qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb: "Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator (ev şəraitində) şəraidı davam etdirilir, vəziyyətləri stabildir. Xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal xəstəxanaya müraciət etməsi,eyni zamanda qızılca əleyhinə peyvənd olunmaları tövsiyə olunub.

 

Dünən Milli Məclisinin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasın gündəliyinə iki məsələ daxil edilib: “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir sıra kəndlər Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək. Belə ki, Şuşanın Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı ərazisinə daxil edilməsi nəzərdə tutulub. Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir sıra kəndlər Xocavənd rayonunun inzibati ərazisinə veriləcək. Qanun layihəsinə görə, Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək. Ağdərə rayonu Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək. Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.

 

İrəvandakı 76 saylı “Argentina Respublikası” orta məktəbində bomba həyəcanı yaşanıb. Belə ki, məktəbə qoyulması barədə məlumat yayılıb və şagirdlər evə göndərilib. Lakin sonradan məlumat təsdiqini tapmayıb.

 

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-ci ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

 

Respublika üzrə noyabr ayının pensiya ödənişləri noyabr ayının 15-də yekunlaşdırılıb. Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə digər bölgələrdə yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Noyabrın 28-də müavinət və təqaüdlərin ödənilməsi başa çatdırılacaq. Növbəti günlərdə isə ünvanlı dövlət sosial yardımının ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

 

Azərbaycan Kommunist Partiyası təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə yenidən müraciət edəcək. Bunu partiyanın sədri Rauf Qurbanov deyib: “Sənədləri yenidən toplayacağıq, “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğunlaşdıracağıq və yenidən Ədliyyə Nazirliyinə müraciət ünvanlayacağıq. Çalışacağıq ki, yenidən qeydiyyatdan keçək və fəaliyyətimizi davam etdirək. Hazırda bu məsələlərlə bağlı geniş danışmaq istəmirəm. Planlarımız var və o planların həyata keçməsinə çalışacağıq”.

 

Azərbaycan Texniki Universitetdə ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Bildirilib ki, həmin tələbələr izolyasiya olunublar: "Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib". Qızılca ilə bağlı Bakı məktəblərindən heç biri bağlanmayıb.

 

Qarabağda özünü buraxmış qondarma qurumun sabiq "TŞ katibi" Samvel Babayan dindiriləcək. O, 44 günlük müharibə üzrə araşdırma aparan parlament komissiyasının toplantısına dəvət olunub. Toplantının 29 noyabr tarixində keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 3 dekabrdan komissiyanın səlahiyyət müddəti başa çatır.

 

Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım ərazisində qasırğa nəticəsində 1 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. Yarımadadan 350 nəfər təxliyə edilib. Bundan əvvəl Krımda fırtına səbəbindən yarım milyon insanın işıqsız qaldığı məlum olub. 1 nəfərin də itkin düşdüyü bildirilir. Bundan əlavə, Sevastopol Muzey-Akvariumunda 500-dən 800-ə qədər dəniz heyvanı ölüb. Qasırğa Soçi və Qara dənizin sahilində yerləşən digər şəhərlərdə də fəsadlar yaradıb.

 

Hərbi qulluqçularının pensiya təminatı ilə bağlı qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi şərəfinə “ümumxalq bayramı” elan edib. Qaribaşvili hökumətin iclasında deyib: “Biz ölkəmizin və xalqımızın, hökumətimizin və hakimiyyət orqanlarının əməyinin nəticəsi olan bu tarixi qələbəni birlikdə qeyd etmək üçün ümumxalq şənliyi, qələbə bayramı və konsert keçirmək istəyirik”.

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2023-ci il 31 dekabr bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2024-ci il 3 yanvar tarixi qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə 4 gün ardıcıl qeyri-iş günü olacaq.

 

Bakıda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib. Yekunda protokol imzalanıb. Görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlər keçirilib. Azərbaycan, Türkiyə, Gürcüstan birgə təlim keçirəcək. Nazirlərin növbəti görüşü isə Gürcüstanda keçiriləcək.

 

Parkinson xəstəliyindən əziyyət çəkən ilk xəstə onurğasına implantasiya edilməsi ilə yenidən yeriyə bilib. “The Guardian” bu barədə yazıb. İmplant 20 il davam edən xəstəlik səbəbindən praktiki olaraq yeriyə bilməyən 63 yaşlı şəxsə normal siqnal ötürülməsini bərpa edib: "İndi o, implantı gündə təxminən 8 saat taxır, yalnız istirahət edərkən onu söndürür".

 

"Hazırkı beynəlxalq vəziyyət öz etibarsızlığına görə soyuq müharibə dövrü ilə müqayisə edilə bilər". Bunu Sergey Lavrov Primakov oxunuşları forumunda çıxışı zamanı deyib.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edib: “Bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, xanımlar üçün 63-dür. Biz Milli Məclisə nazirliyin fəaliyyətinə dair hesabat təqdim edirik. Bu gün Azərbaycanda median pensiya 360 manata çatıb. Bu isə median əməkhaqqının 70%-dən azdır. Məbləğ olaraq götürəndə artım son 4 il ərzində 2,5 dəfədir. Kifayər qədər ciddi artım var. Orta pensiya üçün rəqəmlər də açıqlanıb. Cari il üçün 483 manat, növbəti il üçün yaşa görə pensiya 516 manat proqnozlaşdırılır. Median pensiya nəyə görə orta pensiyadan aşağıdır? Bu əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir. Nominal rəqəmin yüksək olması hamımızın arzusudur. Nominal rəqəmin arzu etdiyimiz səviyyəyə çatmasını biz də istəyirik. Hələ o səviyyəyə çatmamışıq. Bunu bir günə etmək çox böyük çağırışlar, fəsadlar törədə bilər. Ona görə də dinamikaya baxmaq lazımdır. Bu gün pensiyaçılarımızın 64 %-i yaşa görə, 24 %-i əlilliyə görə, 12 %-i isə ailə başçısını itirməyə görə pensiya alır". Nazir narazılıq edənlərə səslənib - Sizə əlillik düşmür.

 

Ukrayna prezidenti Volodimir Zelenski 2023-cü il üzrə Avropanın ən nüfuzlu adamı seçilib. Bu barədə "Politico" siyahı hazırlayıb. Siyahıya Rusiya prezidenti Vladimir Putin də daxil edilib - ilin məğlubu kimi.

 

“Lavrovun ATƏT-in nazirlər toplantısında iştirak etmək üçün Şimali Makedoniyaya mümkün səfəri Avropa sanksiyalarının pozulması olmaz”. Bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano deyib. Qeyd edək ki, Rusiya noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasına dəvət olunub. Rusiya tərəfi toplantıya qatılacağını elan edib.

 

Müharibə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 16 minə çatıb. Məlumata görə, daha 35 min nəfər isə yaralı haldadır. Qətər Xarici İşlər Nazirliyi və HƏMAS hərəkatı Qəzza zolağında noyabrın 24-dən qüvvədə olan müvəqqəti atəşkəsin daha iki gün uzadıldığını açıqlayıb.

 

Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında dispers toz hissəcikləri və dəm qazının miqdarı normadan çox olub. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1.5-1.7 dəfə normadan yüksək müəyyən edilib. Havada müşahidə olunan toz sinoprik vəziyyətlə əlaqədar lokal xarakterlidir və gecə saatlarına qədər davam edəcəyi gözlənilir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

 

NATO Əlaqələndirici Bürosunun rəhbəri Aleksandr Vinnikov Azərbaycana gəlib. Bu barədə ABŞ səfirliyi məlumat yayıb. Bildirilib ki, müvəqqəti işlər vəkili Hüqo Qevara NATO-nun tərəfdaş ölkəsi olan Azərbaycana səfər edən Tbilisidə yerləşən NATO Əlaqələndirici Bürosunun Aleksandr Vinnikov ilə görüşüb.

 

“Kanal 13″ internet kanalının rəhbəri Əziz Orucovun mənzilində axtarış aparılıb. Bu barədə Əziz Orucovun qardaşı Anar Orucov feysbuk hesabında məlumat yayıb. O bildirib ki, Əziz Orucovun evində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılıb. Vəkil Bəhruz Bayramov da qeyd edib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Əziz Orucovun evində axtarış aparıb. O, polis idarəsinə aparılıb.

 

Hava ilə bağlı əhaliyə daha bir xəbərdarlıq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama