Həftəsonunun vacib hadisələrinə Azərbaycanın bir neçə ölkədəki səfirlərinin dəyişdirilməsi, İlham Əliyevin Serbiyaya səfəri, Türkiyə XİN başçısı Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinkenin görüşü, ABŞ-ın Bakıya yeni gələn səfirinin Azərbaycan dilində yaydığı videomüraciət və digər olaylar aid edilə bilər.
Modern.az 9-10 dekabr tarixlərini əhatə edən icmalını təqdim edir:
Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Bundan başqa, Nazirlər Kabineti Azərbaycanda Respublikasında 2024-cü ilin qeyri-iş günlərinin tarixlərini elan edib. Baş nazir Əli Əsədovun bu gün imzaladığı “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarda bildirilib: “2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan bayramı, iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilsin”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Bir çox məqamlara toxunulan müsahibənin tam mətni və videosu ilə buradan tanış olmaq mümkündür.
Dekabrın 16-da Moskvakı “Zaryadye” konsert zalında Vladimir Putinin Rusiya prezidentliyinə namizəd kimi irəli sürülməsi ilə bağlı bir qrup seçicinin görüşü keçiriləcək. Bununla yanaşı, “Yabloko” partiyasının sədri Qriqori Yavlinski bildirib ki, “Yabloko” təşəbbüs qrupu özünün Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi üçün imza toplayır.
ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Azərbaycan dilində videomüraciət yayıb. Səfir deyib ki, qısa müddət ərzində həyat yoldaşı ilə birgə Bakını gəzib və onun əzəmətli yerlərini görmək şansı əldə edib. O, Azərbaycan mətbəxinin ləzzətli təamlarının da adını çəkib.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Vaşinqtonda baş tutan görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səylər müzakirə olunub. Diplomatlar girovların azad edilməsi və humanitar yardımın göstərilməsi zərurətini diqqət mərkəzində saxlanılmasının vacibliyini bildiriblər. Məlumata görə, diplomatlar Yaxın Şərqdəki vəziyyətlə yanaşı Azərbaycan və Ermənistan arasında normallaşma və sülh danışıqları prosesini müzakirə edib. “Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün əlimizdən gələni etdiyimizi bildirdik. Onlar da bu məsələdə həmfikirdirlər, düşünürük ki, normallaşma bölgənin xeyrinə olacaq”, - türkiyəli nazir vurğulayıb.
Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək.
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfər edib. Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.
Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atagəldi Şamuradova təqdim edib. Bununla da 2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb. Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi geri çağırılıb. Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. O, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Həftəsonunun mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar: