Modern.az

Ermənistan-Azərbaycan sülhü vasitəçilərsiz mümkündür - Türkiyədən AÇIQLAMA

Ermənistan-Azərbaycan sülhü vasitəçilərsiz mümkündür - Türkiyədən AÇIQLAMA

Ölkə

9 Dekabr 2023, 13:14

Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.


Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.

 

Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini, Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyəcək.

 

Ekspertlər birgə açıqlamanı sülh müqaviləsinə gedən yolda müsbət nailiyyət hesab edir. Bəyanat Türkiyə, ABŞ, Avropa İttifaqı, Rusiya kimi həm regional, həm də qlobal güclər tərəfindən alqışlanıb və davamlı olmasına çağırış edilib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Türkiyənin keçmiş diplomatı Hulusi Kılıç söyləyib ki, Azərbaycan və Ermənistan arasında etimad yaranmağa başlayıb.

 

"Azərbaycan və Ermənistan tərəfindən çox gözəl jestlər edildi. Həmçinin iki ölkənin xarici işlər nazirlikləri eyni bəyanatı da yaydılar. BMT-nin COP29 toplantısının ev sahibliyinə həm Ermənistan, həm də Azərbaycan namizəd idi. Ermənistan namizədliyini geri çəkərək toplantının Azərbaycanda keçirilməsini dəstəkləyəcəyini açıqladı. Bu, iki ölkədə, həmçinin Türkiyədə də böyük bir sevinc yaratdı. Artıq görünür ki, iki ölkə arasında bir-birinə qarşı etimad artır",- o bildirib.

 

H.Kılıçın fikrincə, bölgədə olmayan ölkələrin vasitəçiliyinə inanmaq, onların sülhə töhfə verəcəyini düşünmək prosesi uzatmaqdan başqa heç nəyə yaramır. 

 

"Bundan sonra gozləntimiz ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bir yerə gələrək sülh müqaviləsini imzalasın. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə ilə də münasibətlər normallaşmağa başlayacaq. Bununla da Cənubi Qafqazda yeni bir dönəmin başladığına şahidi olacağıq. Bunların olması həm Azərbaycan, həm də Ermənistan xalqına sevinc bəxş edəcək. Bölgə ölkələri artıq müharibələrdən bezib. Ona görə də bu kimi hadisələr böyük sevincə səbəb olur. Həmçinin Qazaxda da Rusiya və digər üçüncü bir ölkə olmadan birbaşa danışıqlar baş tutdu, bu da müsbət hadisədir".

 

Türkiyəli politoloq Esma Özdaşlı isə vurğulayıb ki, üçüncü tərəf olmadan əsir mübadiləsinin həyata keçirilməsi çox vacib bir hadisədir:

 

"Bu, iki ölkənin gələcəkdə üçüncü tərəfləri cəlb etmədən digər problemlərini qarşılıqlı şəkildə həll etmək üçün bir addım ola bilər. Onsuz da sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar davam edir. Antiterror tədbirlərindən sonra Azərbaycanın konstruktiv təşəbbüslərinə ermənilərin və Ermənistanın müsbət reaksiya verməsi ən çox onlara sərf edəcək. Cənab İlham Əliyev tez-tez bəyan edib ki, ermənilər Azərbaycan qanunlarına uyğun hərəkət etmək şərti ilə Azərbaycan torpaqlarında vətəndaş kimi bərabər, ədalətli və qaanuni şəkildə yaşaya bilərlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok