Modern.az

Uşaqlara bu adları vermək olmaz - İlahiyyatçı AÇIQLADI

Uşaqlara bu adları vermək olmaz - İlahiyyatçı AÇIQLADI

Aktual

24 İyun 2025, 19:28

Dinimizə görə uşağa ad qoyulması mühüm əhəmiyyət daşıyan məsələlərdən biridir. Bu baxımdan uşaqlara verilən adların qadağan olunması, ad qoyma mərasimləri digər inanc və mədəniyyətlərdən fərqlənir. 

 

Mövzu ilə bağlı Modern.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam ənənəsinə əsasən, yeni doğulmuş körpəyə ad doğumdan sonrakı yeddinci gün verilir:

 

“Bu zaman uşaq qibləyə tərəf yönəldilir və ona gözəl, mənalı bir ad seçilir.Əgər uşaq oğlandırsa və ya qızdırsa, bu münasibətlə qurban kəsilir və sədəqə verilir. Bu mərasim körpənin dünyaya gəlməsinin sevincini bölüşmək və Allaha şükür etmək məqsədi daşıyır”.

 

O həmçinin qeyd edib ki, ad seçərkən diqqət edilməlidir ki, bu ad mənalı və gözəl olsun. Çünki insanın adı onun həyat yolunda ömür boyu mühüm rol oynayır və onun şəxsiyyətinə də müəyyən təsir göstərir. Ad uşağın kimliyini və cəmiyyətdə yerini müəyyənləşdirən amillərdən biridir. Buna görə də uşağa ad qoymaq sadəcə formal bir prosses deyil, eyni zamanda ona verilən dəyərin və hörmətin ifadəsidir”.

 

A.Hacıbəyli həmçinin vurğulayıb ki, İslam qaydalarına əsasən, bəzi adların uşaqlara verilməsi məsləhət görülmür:

 

“Məsələn, Allahın sifətlərini bildirən adlar (əl-Rəhman, əl-Kərim və s.) uşağa birbaşa verilmir. Bu halda həmin adın əvvəlinə “Abd” sözü əlavə olunmalıdır: Abdurrahim (Rəhimin qulu), Abdurrahman (Rəhmanın qulu), Abdüləziz (Əzizin qulu) və s. adlar verilə bilər”.

 

Bundan başqa, İslam tarixində zülm və despotluqla tanınmış Firon, Nəmrud kimi şəxslərin adlarının da uşaqlara verilməsi caiz görülmür:

 

“Ad seçimində peyğəmbərlərin, imamların, şəhidlərin və saleh insanların adları tövsiyə olunur. Eyni zamanda, mənalı və cinsiyyətə uyğun ad seçmək də vacibdir. Qız uşaqları üçün zərif və gözəl məna daşıyan, oğlan uşaqları üçün isə daha güclü və müsbət məna verən adlara üstünlük verilməlidir”.

 

Aytac Bəhruzqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!