Modern.az

Gəlinlik donu...

Gəlinlik donu...

Aktual

17 Sentyabr 2025, 10:24

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

***

 

Yazın gəlişi Göyçə mahalının dağdibi kəndlərinin də təbiətində hiss olunurdu. Ağkilsə kəndinin məhəllələrinin kənarındakı çəpərlərin diblərində, çökəklərdə, su kənarındakı yerlərdə cücük otlar günəşə doğru boylanır, əsən küləkdən üşüyürmüş kimi titrəyirdilər. Gicitkən kolları baş barmağın sədəfi qədər boy vermiş, qırxbuğumlar narın torpaq laylarının üzərində düymələnməyə başlamışdı. Çalmalı dağının yamaclarının ağ örtüyü boz-bulanıq rəng almışdı. 

Uşaqların Novruz bayramı coşqusu nə qədər canlı, qaynar olsa da, böyüklərdə bir süstlük, bilinməyən, üzə vurulmayan bir gərginlik, vahimə var idi. Bu vahiməni uşaqlara da, qocalara da bildirməyən kişilərin nələr çəkdiklərini ancaq özləri bilirdilər. 

Kəndin məlumatlı, ağlı kəsən adamları bilirdilər ki, Nikolay hökumətinin yıxıldığı bir ildən çoxdur. Çox yerdə dərəbəylikdir. Bu dərəbəylikdən istifadə edən erməni silahlıları müsəlman kəndlərinə hücum edir, camaatın var-yoxunu çapıb aparır, etiraz edənləri öldürürdülər. Yaz əkini üçün bordanan kəllərin, öküzlərin də çoxunu erməni quldurları tövlələrdən çıxarıb aparmışdılar. Qoyun-keçidən qalanlar isə ətlik üçün yararsız olanlar idi.


                                                     *                    *                    *

Kəndin aşağısından-Hüseynquluağalı kəndi tərəfdən gələn səs-küy, ağlaşma səsi Qurbanlar məhləsində aydınca eşidilirdi. Bir neçə adamın qarışıq səslərindən bir şey başa düşməyən Səhnəbanı qarı aşağı məhəlləyə doğru boylandı. Qonşuluqdakı Zeynəbin nalə çəkib ağladığını eşitdi:

-Aman qardaş, evinin dirəyi qırıldı, koman başına uçdu. Qadan mənə gələydi, ay Ayaz! Ay qardaşımın dördböyrək oğlu! Gavurun sinəsi yansın, ay Allah!

Səhnəbanı qarı yaxına getdi. Bu zaman 4-5 nəfər kişi bel, kürək, yaba saplarından düzəlmiş xərəkdə Ayazı gətirib ev damının seyvanında yerə qoydular. Bənizi qardan ağ, gözləri yumulu idi. Xırıldayırdı, sinəsi asta-asta qalxıb enirdi. Sinəsindən əllərinə, ayaqlarına qədər bədəni al qan içində idi.

Ayazın son nəfəsinin gedib-gəldiyini yəqin edən Qoca Daşdəmir kişi evin içinə bir gəvə saldırdı, adamlara başı ilə işarə elədi. Dörd nəfər kişi köməkləşib yaralını evə götürdülər, gəvənin üstündən salınmış döşəyin üstündə üzü qibləyə tərəf qoydular. Daşdəmir əlini Ayazın sinəsinin üstünə qoyub ürəyinin dayandığını yəqinləşdirdi. Ayazın gözlərini sığadı, əllərinin, ayaqlarının düzgün dayanmasını yoxladı. Yastığın altında olan yaşıl örtüyü ölünün üzərinə çəkdi.

Ağlaşma səsi yenidən yüksəldi. Qadınlar başlarına, dizlərinə döyərək şivən qopardılar, saçlarını yoldular, yanaqlarını dırnaqları ilə dəlmə-deşik etdilər. Qırmızı gərdəyi asılmayan Ayazın qırmızı qanını anası, bacısı yalamaq həddinə qədər çılğına döndülər.

Qoca Daşdəmir qadınlara sakit olmaları üçün təpindi, kişiləri çölə çıxarıb dedi:

- Meyidi sabaha saxlamaq olmaz. Ermənilər hər saat kəndə də girə bilərlər. Tez bel, kürək, külüng götürüb gedin, qəbir qazın, ölümüzü basdıraq.

Ağkilsə kəndinin kişiləri qəbiristanlıqdan qayıdanda günəşin son sapsarı şüaları Göyçə gölünün üstündəki üfüqlərdə itməkdə idi.
                                           *                  *                  *

Səhərin açılmasına hələ çox var idi. Ayrı-ayrı həyətlərdən xoruzların banlaması, itlərin hürüşməsindən başqa səs-səmir gəlmirdi. Özünü kəndə təngnəfəs çatdıran Əhməd aşağı məhəllədən başlayaraq bir-bir ev sahiblərini səsləyir, yarıyuxulu, yarıoyaq həyətə çıxan kişilərə xəbərdarlıq edirdi:

-Qalxın, yır-yığış edin. Arvad-uşağı Kəlbəcərə yola salaq. Düşmən əlinə keçməsinlər. Əli, ayağı tutan kişilər qalsınlar. Ermənilər topla, tüfənglə Basarkeçərdən hücuma keçəcəklər. Havanın işıqlanmasını gözləyirlər.

Adamlar çaş-baş qalmışdılar. Novruzdan üçcə gün keçib. Bu soyuqda hara, necə getsinlər? Ağız deyəni qulaq eşitmirdi. Hər ağız bir hava çalırdı. Kişilər kəndin ortasındakı meydana toplaşdılar. Əhməd vəziyyəti izah etdi:

-Hüseynquluağalı kəndinin əkin yerlərinin ayağında ermənilərin qabağını kəsməyi bacarmadıq. 3-4 şəhidimiz var, 10-15 də yaralımız. Göyçənin digər kəndlərindən olan ağsaqqallar da belə məsləhət elədilər ki, arvad-uşağı, əlsiz-ayaqsızları təhlükəsiz yerlərə aparmaq, buradan müvəqqəti uzaqlaşdırmaq lazımdır.

Yenidən səs-küy qalxdı. Ağız deyəni qulaq eşitmədi. Qoca Daşdəmir irəli çıxıb dedi:

-Bir iyidimizi əlimizlə axşam dəfin-kəfən etmişik. Kim qalır, qalsın, ayrı səmtə gedən var, getsin. Sarıyaqub, Hüseynquluağalı, Qaraqoyunlu kəndləri də arvad-uşağı çıxarırlar. Hamımız hazırlaşıb “Qumlu bulağ”ın üstünə toplaşaq, ordan da dörd kəndin adamları dağı birlikdə aşaq, inşallah, bu gavur bəlasından qorunaq.

Hamı susdu, naəlac bir halda el ağsaqqalının üzünə baxdı. Qoca Daşdəmir son sözünü dedi:

-Gedin, ləngiməyin. Əli-ayağı tutan kişi qismi kənddə qalacaq. Yola isti pal-paltar və çörəkdən, yol azuqəsindən başqa heç nə götürməyin.

                                   *                  *                 *

“Qumlu bulağ”ın üstünə toplaşan köç karvanı gün günorta olanda yerindən tərpəndi. Kimi körpə uşağının, kimi qoca anasının əlindən tutub asta-asta gedirdi. Qadınlar götürdüyü ehtiyat pal-paltarı, ərzağı çarşabla bellərinə şəlləmişdilər ki, qarşıdakı qarlı dağ aşırımını aşıb gedə bilsinlər. Arxaşələli köç karvanı 4-5 bölük şəklində irəliləyirdi. Hər kəndin camaatı bir topa-bir dəstə şəklində gedirdi. Hər dəstədə də 2-3 atlı kişi vardı. Bu atlılar yorulanların yükünü atın üstünə bağlayır, yeriyə bilməyənləri bir mənzil, yarı mənzil ata mindirib aparırdılar. Qoca Daşdəmir kişi də Ağkilsə köçünün üstündə yol gedirdi.

Saat 16:00-a qədər hər şey normal görünürdü. Az sonra günəşli yaz havası bozarmağa, tutulmağa başladı. Onsuz da küləkli olan bu dağlarda birdən birə dəli yellər əsməyə başladı. Dənizdən-Göyçə gölü tərəfdən əsən külək yorğun köç əhlinə sanki kömək edirdi, onları arxadan irəliyə doğru itələyirdi.

Adamların başlarından-boyun boğazlarından buğ qalxırdı. Necə olursa olsun, qarşı dağı aşıb o biri üzə keçmək lazım idi. Havanın qarışmağı boran qopacağını bildirirdi. Arxada düşmən, öndə boranlı, qanlı-qadalı dağ var idi. Köç əhli də dağa doğru tələsirdi, əsən külək də onları dağa tərəf qovurdu. Gədiyə yaxınlaşanda qırma qar dənələrini külək adamların üz-gözünə vurmağa, boyun-boğazlarına doldurmağa başladı. Amansız çovğun insanları haqlamaqda idi. Səhnəbanı yeriməkdə çətinlik çəkdiyini görüb yan-yörəsindəkilərə dedi:

-Yeriyə bilmirəm. İrəli getsək, borana düşüb qırılacağıq, geri qayıtsaq, erməni gülləsindən öləcəyik.

-Hara qayıdasıyıq, ay ana?!! Şişqayanın başına gələnləri gərək biz də görək?- deyə qaynı qızı dilləndi. Səhnəbanının qolundan daha möhkəm tutdu, birçəyi ağarmış, beli bükülmüş əmisi arvadını yeriməyə vadar etdi.

 Səhnəbanının xəyalı kəndə qayıtdı. Səhər tezdən Aşıq Ələsgərin qapısında atlı-ulaqlı beş-altı kişi görünürdü. Qonşulardan eşitmişdi ki, bu gələn adamlar Kəlbəcərin ayrı bölgəsindən, Qanlıkənddən gəliblər, Aşıq Ələsgərgili köçürüb aparacaqlar. “Görəsən, onlar salamat gedə bildilərmi” fikri beynindən çıxmadı.

Dağın aşırımına yaxınlaşdıqca çovğun artır, qırma qar dənələri quşbaşı yağan qarla əvəz olunurdu. Göz-gözü görmürdü. Çoxlarına tanış olan qədim el yolunu, dağ keçidini indi seçmək olmurdu. Adamlar bir-birinə söykək olub qarlı gədiyi aşmağa tələsirdilər. Ancaq yuxarı qalxdıqca amansız çovğun göz açmağa imkan vermirdi. Gün axşama döndükcə çovğun da, şaxta da güclənirdi. Kimsə yıxılırdı, kiminsə dizi qatlanırdı, yanındakılar qollarına girib qaldırırdılar. Həyatlarının son və ən vacib amalları olaraq dağı aşmağa çalışırdılar. Köç əhlinin öndə gedənləri artıq gədiyi keçməkdə idilər. Gözlə bir addım qabağı görmək mümkün olmadığından bəsirət gözünün köməyi ilə, fəhm ilə addım-addım irəliləyirdilər. Bayaq yoxuşa çıxmağa imdadı olmayanlar indi addımbaşı səntirləyib yıxılırdılar, üzü enişə getməyin daha çətin olduğunu anlayırdılar.

Yolun səmtini itirdiklərindən, bircə addım qabağı görə bilmədiklərindən gədiyi aşanlar dayandılar, bir yerə toplaşdılar. Amansız çovğunla vuran qar adamların gözlərini qapayır, yanaqlarını, burunlarını sızıldadırdı.

Bu amansız dağ havasına bələd olan Qoca Daşdəmir möhkəmdən qışqırdı:

-Burda bir az da dayansaq, donarıq, hamımız buz bağlayarıq. Hamı əl-ələ tutsun. Yavaş-yavaş üzü aşağı enək.

Vıyıltı ilə gələn, ağzına, gözünə dolan qar dənələri onu danışmağa qoymadı. Fikirləşdi ki, Dal Qılınclı kəndinin “Dik yurd”yaylağına iki kilometrdən çox yol var. Ora çatsalar, yaylaq damlarında çovğundan qoruna bilərlər. Ancaq Göyçə üzdə arxadan əsən qar qarışıq güclü külək Kəlbəcər üzdə qarşı tərəfdən əsirdi. Qar da dayanmadan  göydən qum dənəsi kimi tökülürdü. Axşamın qaranlığı da düşməkdə idi. Bir az da aşağı endilər.

Daşdəmir fəhmlə hiss etdi ki, burada yol haçalanır. Sola doğru enən cığırla dərəyə enib “Qara qaya” tərəfə getmək olar. O qayanın dibində, dərənin qırağında hava yumşaq, qarlı boran, çovğun  isə az olar. Adamlar qayanın dibində dərənin kənarında daldalanarlar. Qayanın dibindəki kahaya 40-50 nəfər adam sığına bilər. Qar kəssə, kəndə enərik, kəsməsə, burada səhəri aça bilərik. Yol ayrıcına çatanda köç əhlinə səsləndi:

-Sola tərəf gedirik. Dərənin qırağında, qayanın dibində daldalanarıq.

Hamı bu yerə nabələddi. Hamı susqun dururdu. Bu dilsiz-ağızsız uşaqlar, bu çarəsiz qadınlar nə desinlər ki???

Qayanın dibinə, dərənin qırağına köç əhlinin yığışmasından az sonra külək də azaldı, qar dənələri də tək-tək düşməyə başladı. Ağlayan uşaqlara çörək verdilər, qadınların bir hissəsi kahada, bir hissəsi də kahanın sağı-solu boyu qayanın dibində yerə çöməldilər, bir-birinin böyrünə qısılıb mürgüləmək, yorğunluqlarını almaq istədilər.

Qaranlıq qarışmışdı. Göyün üzündəki buludlar seyrəkləşdiyindən aradabir ulduzlar görünürdü. Qarın daha yağmadığını görən köç əhlinin ürəyində ümid qığılcımları parladı. Bu dar məqamdan çıxa biləcəklərinə hər kəsdə bir inam yarandı. Qoca Daşdəmir ani bir dincəlmədən sonra qayanın dibindən çıxdı, üzünü göylərə tutub dörd tərəfə göz gəzdirdi. Hava açılmaqda, göyün üzü görünməkdə idi. Geri qayıdıb qayanın dibinə, ailə üzvlərinin yanına oturdu. Ona uzadılan bir parça təndir çörəyini və yarı bölünmüş alma boyda pendiri aldı. Ağzına qoyub çeynədiyi bir tikə çörək boğazına ilişib qaldı. İkinci tikəni yemədi. Ayağa durub aşağı cığıra doğru 5-6 addım atdı.

Külək yenidən əsməyə, get-gedə güclənməyə başladı. Gücləndikcə narın qar dənələrini sovururdu. Zirvələrdə, təpələrdə, yamacların yallarında olan qarı güclü külək sovurub dərələrə, çökəklərə yığırdı. Bu qar sovruğunun dərələrdə necə böyük qar yığını-tar yaratdığını bilən Qoca Daşdəmir tez qayanın dibinə qayıtdı və var səsi ilə bağırdı:

-Qalxın, ləngimədən burdan çıxaq, “Dik yurd” yaylağına özümüzü çatdıraq.

Köç əhli təşviş içində qalxdı. Açılmış, təmizlənmiş göy üzündən gələn ayazın, şaxtanın, vıyıltı ilə aramsız əsən küləyin səsindən gələn vahimə adamların ürəyinə qorxu salırdı. Dümağ geyinmiş yamaclar sıyrılmış qılınc kimi kəsməyə, dərin, dibsiz dərələr boz canavar kimi ağzını açıb bu talesiz insanları udmağa hazırlaşırdı. Bir neçəsinin əli-ayağı keyidiyindən yerindən qalxa bilmədi. Əli-ayağı tutanlar qayanın dibindən, kahadan çıxıb sağ tərəfə getməyə başladılar. Qarşıdan küləyin gətirdiyi qar sovruğu adamların yönünü üzü aşağı-sərt yamaclara yönəldirdi. Bir neçə addım atan adamlar ya yıxılıb üzü aşağı yuvarlanır, ya da tara batıb qalırdılar. Haray salıb, nalə çəkənin səsinə səs verən yox idi. Bu səslər elə havadaca itib-batırdı. Qar burulğanı amansızlıqla bu dərələri, yamacları doldurmaqda idi. Az sonra küləyin qovub gətirdiyi qar layları yamac aşağı, dərə  boyu səpələnən adamları öz altına aldı, görünməz etdi.

Ömrünün çoxunu nisgillə keçirmiş Səhnəbanı kahada uzandığı yerdən qalxa bilmədi. Qar sovruğu Səhnəbanının üstünü aldıqca sanki bir az da rahatlandı, istiləndi. Nə yorğunluq, nə də təhlükə hiss etdi. Gözləri yumulu olsa da, ürəyi döyünür, beyni işləyirdi. Uşaqlığı, ilk gənclik illəri xəyalından kino lenti kimi gəlib keçdi.

Ata-anasının əziz xələf-övladı idi. Başına pərvanə kimi dolanırdılar. Bayram günü idi. Atası ona qırmızı don, Ələsgərə də təzə paltar almışdı. Hər yan al-əlvan gül-çiçəyə bürünmüşdü. Bulaqlar şaqraq səslə axıb-çağlayırdılar. Aşıqlar telli sazlarını dilləndirirdilər. Qara zurnanın səsindən qulaqlarının göyüldədiyini hiss edirdi. Ələsgər bəy geyimində gəlib Səhnəbanının qolundan tutdu. Bir güllü-çiçəkli çəmənə çıxdılar. “Gəlin köçdü” havası çalınırdı. Səhnəbanı oynamalı idi. Hamı əl çalır, qışqırır, “oyna-oyna” deyirdi. Ha çalışdısa da, yanına düşmüş qolunu qaldıra bilmədi, oynamağı bacarmadı. Sanki qollarından daş asılmışdı. Ayağını irəli atmaq istəyirdi, ancaq tərpədə də bilmirdi. Elə sanırdı ki, tədricən torpağa batır, kimsə onun ayaqlarından tutub yerin altına doğru çəkirdi.

Səhnəbanının oynamadığını görən Ələsgər də oynamadı, dala-dala yeriyərək geriyə doğru getdi. Çalmalı dağına doğru çəkildi. Çəkildikcə də böyüdü, böyüdükcə də uzaqlaşdı. Ələsgər çevrilib yarı insan, yarı dağ görkəmi aldı. Ələsgərin insan kimi yox olduğunu, dağa döndüyünü görən Səhnəbanı toy meydanından getmək istədi, ancaq gedə bilmədi. Nəfəsi təngiyirdi, boğulurdu. Gəlinlik donunun yaxasını açmaq istədi. Əynindəki qırmızı don ağappaq olmuşdu. Başına örtülən qırmızı duvaq da bozarmağa başladı. Donun da, duvağın da rənginin dəyişməyinə heyrətləndi. Əlini yaxasına uzatmaq, donun düymələrini açmaq istədi. Qolları qalxmadı. Naəlac halda qarşıdakı Dağa baxdı. Ürəyindən Dağın ona əl uzatması, kömək göstərməsi keçdi. Dağ onu eşidəcək, ona cavab verəcək halda deyildi. Dağın ayağı Göyçə gölünün dərinliklərində, başı üfüqlərdə görünürdü.

Bu son xəyallarla, bu son yuxu ilə Səhnəbanının sinəsi sonuncu dəfə qalxıb endi. Qalın qar laylarının altında nə gözlərini aça bildi, nə də qolunu qaldıra bildi. Ölümlə həyat arasındakı mücadilədə Əzrailin onu çəkib apardığını fərq etmək iqtidarında deyildi.

                                  *                     *                      *

Qara qayanın yaxası boyu yığılan tar yazın son ayında əriyib getdi. Dəfn olunmaq qisməti belə olmayan bu günahsız insanların Allah dərgahına qovuşduğu yer o vaxtdan “ Sümüklü dərə” adlandı.

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi