Yanvarın 15-də rayon Mədəniyyət evində 2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Prezident Administrasiyasının sektor müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, ziyalılar, ağsaqqallar, KİV və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Heydər Parkında Ulu Öndərin abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Sonra iştirakçılar rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar.
Daha sonra tədbir rayon Mədəniyyət evinin konfrans zalında davam edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Ağsu RİH-nin başçısı Rövşən Bağırov 2025-ci ildə rayonda bütün sahələrinin sosial-iqtisadi inkişafını təhlil edərək bildirib ki, rayon üzrə buğda istehsalı 27 min 510 ton, arpa istehsalı 64 min 359 ton olmaqla hər hektardan məhsuldarlıq 33,1 sentner olmuşdur ki, bu da 2024-cü illə müqayisədə hər hektara 1,6 sentner çoxdur. Hesabat ilində rayonun iri fermer təsərrüfatları tərəfindən kənd təsərrüfatında tətbiq olunan mütərəqqi metod və texnologiyalara xüsusi önəm verilmişdir. Bunun nəticəsidir ki, damcı suvarma sistemi 1115 hektara, pivot suvarma sistemi isə 3246 hektara çatdırılmışdır.
RİH başçısı qeyd edib ki, ənənəvi sahə hesab edilən, ərzaq məhsullarına olan tələbatın dolğun ödənilməsində vacib rolu olan və əhalinin gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilmiş, ötən il ümumilikdə 1866 hektar meyvə bağlarında məhsul yığımı aparılmışdır. Meyvə və giləmeyvə istehsalı 13 min 689 ton olmaqla hər hektardan məhsuldarlıq 53 sentner olmuşdur ki, bu da ötən ildən 91 ton və ya hektara 6,5 sentner çoxdur.
Hesabat məruzəsində həmçinin, 2025-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.
Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının sektor müdiri Ağa-Əli Əhmədov və Milli Məclisin deputatı Elçin Mirzəbəyli 2025-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, rayonda görüləcək işlərlə bağlı tövsiyələrini bildiriblər.
Digər çıxış edən natiqlər 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində qazanılan uğurlardan və 2026-cı ildə qarışya qoyulan vəzifələrdən danışıblar. Hesabat ilində rayon icra hakimiyyəti tərəfindən görülən işləri qənaətbəxş hesab ediblər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.