Gəncə Dövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan dili kafedrasında “Ana dilinin saflığının qorunmasında norma prinsipləri” adlı elmi konfrans keçirilib.
Modern.az xəbər verir ki, elmi konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının 3-də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda və yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ana dilinin inkişafı haqqında söylədiyi tövsiyələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Konfransı giriş sözü ilə açan millət vəkili, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə ana dilinin saflığının qorunmasına dövlət qayğısından danışıb. Dosent Pərvin Kərimzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir”. Azərbaycan dilinin dövlət dili statusu qazanması milli dövlətçilik tarixində mühüm mərhələdir. 1995-ci il Konstitusiyasında bu statusun təsbit edilməsi dilin hüquqi müstəvidə ən yüksək səviyyədə qorunmasını təmin etmişdir. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dilin tətbiqi, inkişafı və qorunması istiqamətində sistemli mexanizmlər yaratmışdır. Bu siyasətin ideoloji əsasları Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına söykənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasi xətti ardıcıl şəkildə davam etdirərək A kütləvi nəşrlər və normativ dil mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atmışdır.
Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifov “Ana dilinin qorunmasında leksik normalar” mövzusunda məruzə ilə çıxış edərək dilimizdəki leksik paralelliklərin yaratdığı problemlərdən bəhs edib, onların həlli yollarına dair fikir və tövsiyələrini bildirib.
Tədbirdə Filologiya fakültəsinin əməkdaşları dosent Yadigar Əliyev “Türkiyə türkcəsinin Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması”, dosent Tahirə Quliyeva “Azərbaycan dilinin tədrisində dil problemləri”, dosent Gülarə Məlikova “Reklamların dilində nöqsanlar və onların aradan qaldırılması yolları”, dosent Mehriban Məmmədova “Dilimiz milli sərvətimizdir”, baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova “Şifahi nitqdə norma problemləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzəçilər dilimizdə yad dillərin təsiri nəticəsində yaranmış problemlər, onların səbəbləri və aradan qaldırılması yolları, dilimizin saflığının qorunması barədə danışıblar.
Konfransın sonunda Azərbaycan dili kafedrasının müdiri Telman Quliyev prezident İlham Əliyevin ana dilimizin yad təsirlərdən qorunması haqqında fikir və tövsiyələrinin əhəmiyyətini qeyd edərək bildirdi ki, ana dilimizi qorumaq, ona qayğı ilə yanaşmaq və dövlətimizin apardığı dil siyasətini dəstəkləmək biz filoloqların borcudur.