Dünən Azərbaycan mətbuatının nüfuzlu nümayəndələri üçün Türk Ticarət Mərkəzi və "Türk Obası"nda media tur təşkil edilib.
Modern.az xəbər verir ki, tədbir səhər yeməyi ilə başlayıb.
Mərasiminin təşkilatçısı olan Dilbər Coşqunsoy "Okuklu Holding"in rəhbəri Yılmaz Okuklunu media nümayəndələrinə təqdim edib.
Yılmaz Okuklu şəxsən qonaqları qarşılayaraq onları salamlayıb. O, çıxışında "Okuklu Holding"in fəaliyyət istiqamətləri, Türk Ticarət Mərkəzinin yaradılma məqsədi və əsas hədəfləri, eləcə də "Türk Obası" layihəsi haqqında ətraflı məlumat verib.
Yılmaz Okuklu süfrədə təqdim olunan tam orqanik və yerli məhsullara xüsusi diqqət çəkərək yerli istehsalın təşviqinin, milli məhsullara önəm verilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, bu yanaşma həm iqtisadi inkişafın sürətləndirilməsi, həm də sağlam cəmiyyətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir əsnasında türkiyəli yazar, eyni zamanda "Türk Obası"nın sözçüsü Birsen Bayar da qonaqları salamlayıb. O, həyata keçirilən layihələr, "Türk Obası"nın ideoloji, mədəni və tarixi missiyası barədə geniş məlumat verib.
Tədbirin davamında media nümayəndələri Türk Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Türkiyəyə məxsus ofisləri ziyarət ediblər. Burada planlaşdırılan fəaliyyətlər, gözlənilən müqavilələr, qarşıya qoyulan məqsədlər və Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat təqdim olunub. Görüş zamanı Türk mədəni irsinin qorunması və yaşadılması məsələləri də xüsusi diqqət mərkəzində saxlanılıb.
Daha sonra media nümayəndələri Türkiyənin qədim idman növlərindən olan oxçuluq meydanını ziyarət ediblər. Daha sonra "Türk Obası"na keçid edilib və "Türk Otağı"nda yerləşən altı çadırdan ibarət "Türk Obası" haqqında geniş təqdimat keçirilib.
Obalardan birində təşkil olunan görüş zamanı media nümayəndələrinin sualları Yılmaz Okuklu tərəfindən cavablandırılıb. O, çadırlarda nümayiş etdirilən eksponatların tarixi və simvolik mənaları barədə məlumat verərək, bu cür layihələrin Türk mədəniyyəti, adət-ənənələri və milli irsin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxışı zamanı Yılmaz Okuklu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məşhur fikrinə də istinad edib:
“Mənim bir ailəm var. O da Türk dünyasıdır”.
O qeyd edib ki, bu ifadə Türk dünyasının birliyi və ortaq gələcəyi üçün əsas yol xəritəsidir və qarşıya qoyulan hədəflərə doğru birlikdə irəliləmək əzmində olduqlarına dərin inamını ifadə edib.
Media turun sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.