Azərbaycanlı milyonçunun mühacir nəvəsi Banini gecə yarısı dəhşətə salan, qonşuda gecələməyə vadar edən nə idi?
“...İşıqlar kəsilmiş, ev və şəhər dərin qaranlığa qərq olmuşdu. Bu qaranlığı haradan atıldığı məlum olmayan, vıyıldayan güllələr dəlib keçirdi. Uzaqdan pulemyot atəşləri də eşidilirdi. Biz hər dəqiqə “daşnaq”ların (millətçi erməni partiyasının adı belə idi) evə dolacağını, mənzilimizi dağıdıb bizi də qıracaqlarını gözləyirdik. Telefon da kəsilmişdi, evimizin ətrafı təhlükə ilə dolu bir adaya bənzəyirdi”.
Bu həyəcanlı sətirlər Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanun (ədəbi təxəllüsü Banin) 1946-cı ildə Parisdə nəşr olunmuş “Qafqaz günləri”romanındandır. Banin avtobioqrafik romanında səhərin açılması ilə qonşuluqda gizləndikləri evin pəncərəsindən erməni talanlarının şahidi olduğunu, öz evlərinin də ermənilər tərəfindən qarət edildiyini, evin bütün əşyalarının - çəngəl-qaşıqların, xalça-palazların, şamdanların, pal-paltarların, sevimli oyuncaqlarına qədər yük maşınına yığıldığını kədərlə seyr etdiyini dərin ürək ağrısı ilə xatırlayır. Azərbaycan əsilli fransız yazıçısı Banin “Nami” (1942) romanında da 1918-ci ildə Bakıda törədilən erməni vəhşiliyindən bəhs edir. Nami gündəliyində yazır ki, ermənilərin məqsədi hərc-mərclik yaratmaq və bundan istifadə edib azərbaycanlıları qırmaq idi. Naminin gündəliyindəki qeydlər bunun doğruluğunu təsdiqləyir: “Silahlı dəstələr ermənilərmi, yoxsa bolşeviklər, hələ dəqiq bilinmirdi, bəlkə də, elə hər ikisi istənilən vaxt evə soxula bilərdilər” . Bu sözlər həmin dövrün real mənzərəsini əks etdirməklə yanaşı çox mətləblərdən xəbər verir, hadisələrin təşkilində rusların da əlinin olduğunu göstərir.
Qeyd edək ki, 31 Mart faciəsinin bədii, publisistik əksi mühacirlərin daim diqqətdə saxladığı mövzulardan olub. Azərbaycan Kultur Dərnəyinin 1952-ci ildə Ankarada nəşr etdirdiyi “Azərbaycan” jurnalında hadisələrin mahiyyəti, baş vermə səbəbləri, dəhşətli nəticələri barədə müntəzəm yazılar verilmiş, araşdırma materiallar dərc olunmuşdur. Bu mövzuda yazan ən fəal müərrirlərdən biri də Mirzə Bala Məmmədzadə idi. Mirzə Bala Məhəmmədzadənin jurnalın 1958-ci il may-iyun ayında nəşr edilən 2-3-cü nömrələrində dərc olunmuş “Qafqaz məmləkətləri istiqlal elanının 40-cı ildönümü münasibətilə” adlı geniş həcmli məqaləsi tarixi hadisələrin real əksi baxımından böyük tarixi əhəmiyyətə malikdir. M. B. Məhəmmədzadə erməni vəhşiliklərinin məqalədə real təsvirini verərək yazır ki, on minlərlə türkün şəhadəti ilə nəticələnən bu qətliam, təxribat və talandan sonra 25 apreldə təşkil olunan11 nəfərlik Bakı Soveti hökumətində 5 erməni, 3 rus,1 gürcü və yalnız birisi bolşevik olmaq üzrə 2 nəfər azərbaycanlı vardı. Müəllifin tarixi mənbələrə istinadən yazdığı məqalənin sonunda qeyd edilir ki: “Qafqaz konfedrasiyasının dağılmasından sonra azərbaycanlılar 4 iyun 1918-ci il tarixdə Türkiyə ilə bir saziş imzalanmış və bu müqavilənin 4-cü maddəsinə uyğun aldıqları əskəri yardım sayəsində Gəncə qapılarına qədər irəliləyən düşməni geriyə püskürtmüş və apreldən 15 sentyabra qədər davam edən qanlı savaşı zəfərlə nəticələndirməyə müvəffəq olmuşlar. Azərbaycanlıların bu zəfəri bütün Qafqazı sovet vəhşətinə məruz qalmaqdan qurtarmışdı”.
Ankarada nəşr olunan“Azərbaycan” jurnalı səhifələrində 31 Mart faciəsinə daima geniş yer ayırmış, soyqırıma aid materaillar, foto-şəkillər dərc etmişdir. Jurnalda nəşr olunan məqalələrin, paylaşılan şəkillərin əsas qayəsi, məram və məqsədi faciəni gələcək nəsillərə ötürmək, onun nəticələrindən ibrət dərsi çıxarmaq, gələcək nəsilləri məlumatlandırmaq idi.
Berlində buraxılan “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci nömrəsində soyqırım mövzusu ilə əlaqədar iki geniş həcmli məqalə dərc edilib- “Bir qırğının on beş illiyi” və “31 Mart”. “Bir qırğının on beş illiyi” məqaləsinin müəllifi Mirzə Bala Məhəmmədzadə 1918-ci ildə bolşeviklərin təhriki və yardımı ilə ermənilərin Bakıda və Azərbaycanın digər bölgələrində törətditi faciələri realist boyalarla əks etdirir: “Bu qətliamla 3 gün içərisində 15 min günahsız azərbaycanlının qanı axıdılmış, mülklər, xanimanlar yerlə yeksan edilmiş, hər tərəf qana qərq olmuşdu. Tam 3 gün, 3 gecə yerdən, göydən və dənizdən Bakıya bomba və qumbaralar yağmışdır. Bu qətliam Bakı ilə məhdudlaşmamış, Şaumyan, Avakyan, Arakelyan, Amazars və Lalayanın “qızıl qəhrəmanları”, öz təbirləri ilə desək “Türkiyənin Bakı cəhbəsini yardıqdan” sonra üzü şimala-Qubaya, qərbə-Şirvana və cənuba-Muğan və Lənkərana keçərək on minlərlə azərbaycanlını qılıncdan keçirmişlər. Şərqi Azərbaycan Respublikası başdan-başa od içində yanırdı. Şamaxıda Əmirov, Salyan, Muğan, Lənkəran və Astarada Lalayev və onların çətənələri “ev-ev dolaşaraq olmazın həyasızlıqlar edir, əhalini qılıncdan keçirir, qadın və qızlara işgəncələr verirdilər”.
“İstiqlal”ın həmin nömrəsində “V. Nuh oğlu” imzası ilə təqdim edilən “31 Mart” adlı digər məqalə ermənilər tərəfindən törədilmiş Mart soyqırımının mahiyyətinin açılımında, həmin dövrdə baş verənlərin dərkində böyük əhəmiyyətə malikdir: “1918-ci il 22 martda Bakının” İsmailiyyə” binasının möhtəşəm salonunu milli musiqi, rəqs, qəhqəhə, sevinc səsi titrədirdi...Millət Novruz bayramını qarşılamaqda idi. Bir həftə sonra, 31 martda isə, o tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatlarının, kitabxana, qiraətxana, yetimlər evinin yerləşmiş olduğu bu qoca saray quru bir vücud halında matəm içindəydi.Yandırılmışdı. Yandırılan bir tək “İsmailiyyə” deyildi: türklərə məxsus bütün mətbəələr, mətbuat idarələri, milli teatr binaları, məktəblər, xəstəxanalar, məscidlər, milli-mədəni müəssisələr yerlə yeksan edilmişdi”.

Yazının təsirliliyini artırmaq üçün müəllif həmin dövrdə Bakıda çalışan, bu faciəyə şahidlik edən əcnəbilərin xatirələrinə müraciət edir. M. Kulka adlı əcnəbinin yazdıqlarını sakitcə oxumaq mümlün deyil: “Erməni əsgərlər müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, üç-dörd günlük südəmər körpələri isə süngülərinə taxırdılar”.
Erməni vəhşiliyini gözləri ilə görən əcnəbi M. Kulka qeyd edir ki, ermənilər öldürmədikləri müsəlman qadınların saçlarını bir-birinə bağlayaraq çılpaq bir halda küçələrdə sürüyür, bədənlərinə tüfəngin qundağı ilə zərbələr endirir, uşaqları qəddarlıqla öldürür, heç kimə aman verməyərək dəhşətli zorakılıqlar törədirdilər: “Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının divarına mıxlanmışdır. Mıx körpənin düz ürəyinin üstündən vurulmuşdur; bir yığın qızlı-oğlanlı uşaq ölüləri, üzərində qocaman çoban köpəkləri, onlardan biri məsum bir körpəni gəmirir, çılpaq bir qadın ölü vəziyyətdə yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir”.
Mühacir mətbuatının sanballı yazarlarından olan Mirzə Bala Məhəmmədzadənin jurnalın 1958-ci il may-iyun ayında nəşr edilən 2-3-cü nömrələrində dərc olunmuş “Qafqaz məmləkətləri istiqlal elanının 40-cı ildönümü münasibətilə” adlı geniş həcmli məqaləsi bu mövzuda yazılmış dəyərli tədqiqat əsəri kimi qiymətləndirilə bilər və tarixi hadisələrin real əksi baxımından böyük tarixi əhəmiyyətə malikdir.
31 Mart soyqırımı mövzusunu mühacir mətbuatında işıqlandıran əsas simalardan biri də M.Ə. Rəsulzadə olmuşdur. Onun “Türklüyün böyük günlərindən (15 Sentyabr münasibəti ilə)” adlı məqaləsində deyilir: “1918-ci ilin 31 martı Bakı müsəlmanlarına yeni bir Aşura və öz vətənləri bir Kərbəla olmuşdu. Daşnaksütyun partiyası bolşeviklərlə ittifaqa girib şəhərin Türk məhəllələrini üç gün, üç gecə qətliama məruz qoyaraq, on mindən çox əliyalın əhalini gülləbarandan keçirmişdir. Azərbaycan milli hərəkatının mərkəzi cəzalandırıldıqdan sonra qətliam Şamaxı, Quba, Lənkəran, Salyan və digər bölgələrdə davam etdirildi”.
M.Ə.Rəsulzadənin “Azəri” imzası ilə “31 Mart 1918” adı altında 1924-cü ildə dərc etdirdiyi məqaləsi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar haqqında daha geniş, daha müfəssəl məlumat almaq, xalqımızın tarixinə və taleyinə qanlı hərflərlə yazılmış hadisənin mahiyyətini, törədilməsi səbəblərini, cinayətin miqyasını öyrənmək baxımından əhəmiyyətlidir. Məqalədə müəllif 31 Martı Azərbaycan Cümhuriyyətinin təşəkkülü tarixinə yazılacaq “ən həzin və qanlı tarixlərdən biri” kimi dəyərləndirir: “Həmin günlər şəhərin müsəlman məhəllələri ermənilər tərəfindən “atəşdən keçirilmiş, müsəlman bazarı talan edilmiş, Təzəpir məscidinin minarələri mərmilərlə dəlik-deşik edilmiş, döşləri kəsilmiş qadınların çılpaq bədənləri, südəmər körpələrin cansız bədənləri küçələrə atılmışdır”.
Böyük publisistin 1925-ci ildə dərc etdirdiyi eyni adlı məqaləsində Mart faciəsi ərəfəsində Sovet Rusiyasının Qafqazda yürütdüyü çirkin siyasət, V.İ. Leninin tapşırıqlarına uyğun olaraq S.Şaumyanın Bakı ilə bağlı məkrli planlarının həyata keçirilməsi, o cümlədən, cəbhədən qayıdan çoxsaylı əli silahlı rus və erməni əsgərlərinin şəhərdə yerləşdirilməsi və saxlanılması istiqamətindəki fəaliyyəti, Mart qırğınının coğrafiyası, amansızlığı və nəticələri barədə ətraflı məlumat verilmişdir.
M.Ə.Rəsulzadənin 31 Mart sıyqırımı mövzusunda yazdığı məqalələrdən biri də “Azəri” imzası ilə 15 may 1924-cü ildə “Yeni Qafqasya” jurnalında dərc etdirdiyi “Erməni məsələsi”dir. Məqalə həm problemə yanaşma tərzi, həm bu çirkin siyasətin yaranması, tarixi kökləri və Mart qırğınlarına aparan proses barədə müəllifin maraqlı mülahizələri, dərin və obyektiv təhlili, dəyərləndirilməsi ilə diqqəti çəkir. M.Ə.Rəsulzadə mətbuat səhifələrini zəbt edən “erməni məsələsi”nin tarixinin və mahiyyətinin hər kəsə məlum olmadığını, Türk dünyasına zərər vurduğu kimi, ermənilər üçün də fəlakətə vəsilə olduğunu qeyd edir: “Demək ki, tarix təkərrür ediyor. Vaxtiylə çarizmin yerləşdirdiyi erməni mühacirləri şimdi də bolşevizm tərəfindən himayə olunuyorlar. Çarizm yalnız Don vilayətində erməni qəsəbəsi vücuda gətirməklə qalmamışdı, Mavərayı Qafqasdakı erməniliyi dəxi təqviyə etmişdi. Türkiyədən hicrət edən erməniləri buralara yerləşdirmişdi. Çarizmin Qafqasiyada istinad etdiyi millət ermənilər idi. Rus kapitalizminin, rus kolonizasyonunun yol başçısı erməni ürəfası və erməni möhtəkirləri idi”.
31 Mart Soyqırım Gününü hər il xatırlamağa ehtiyac varmı? Sualının tək cavabı var: Tarix unutqanlığı sevmir və ağır cəzalandırır!
Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent