Modern.az

Ukrayna müharibəsi dayanmamış Paşinyan konstitusiyanı dəyişməlidir!

Ukrayna müharibəsi dayanmamış Paşinyan konstitusiyanı dəyişməlidir!

Analitika

1 Dekabr 2025, 16:30

Noyabrın 29-da Ukrayna nümayəndə heyəti sülh planını müzakirə etmək üçün ABŞ-a yola düşüb. Mayamidə danışıqlar aparılıb. ABŞ Ukrayna ilə sülh planının iki əsas bəndi - ərazi məsələləri və təhlükəsizlik təminatları üzrə bütün mübahisələri həll etmək istəyib.

Bundan sonra Zelenskinin NATO Baş katibi Mark Rutte ilə telefon danışığında hər şeyin dəyişə biləcəyini deməsi müharibənin dayandırılma ehtimallarını gündəmə gətirib.

Müharibənin dayanmasından sonrakı dövr isə maraq doğurur. Bəzi ekspertlər deyir ki, müharibənin dayanmasından sonra Rusiya digər regionlara diqqəti artıra bilər.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya-Ukrayna müharibəsi dayandığı təqdirdə, Moskva yeni hədəflərə yönələcək:

“ABŞ Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün səylərini artırsa da, müharibə bütün şiddəti ilə davam edir. Rusiya Prezidentinin əsas tələbi işğal etdikləri ərazilərlə yanaşı, işğal edə bilmədiyi digər ərazilərin də Ukrayna tərəfindən təhvil verilməsidir. Ukrayana heç vaxt bununla razılaşa bilməz. Belə bir şəraitdə atəşkəsin əldə edilməsi çətindir. Lakin az ehtimal da olsa, anlaşma əldə olunsa və Rusiya Allah eləməmiş Ukraynada qələbəsini təmin etsə, Ukrayna ilə kifayətlənməyəcək. Vaxtilə Gürcüstanı işğal etdikdən sonra Krımı ilhaq etdi, daha sonra Ukraynaya hücum etdi. İndi də başqa hədəflər seçəcək”.

Politoloqun sözlərinə görə, bu hədəflər Avropada da, Cənubi Qafqazda da, Mərkəzi Asiyada da ola bilər:

“Avrpopada baltikyanı ölkələri, Polşa və Moldovanı, Mərkəzi Asiyada Qazaxıstanı təhlükə gözləyə bilər. Qazaxıstan Rusiyanın sözdə strateji müttəfiqi olsa da, Rusiya rəsmiləri Qazaxıstana ərazi iddialarını gizləmirlər. Cənubi Qafqazda isə Rusiyanın Azərbaycana təsir imkanları mümkün deyil. Çünki biz 200 illik məsələyə son qoyduq, torpaqlarımızı separatçılardan təmizlədik, rus hərbçilərini ölkəmizdən çıxardıq. Amma Rusiyanın Ermənistana təsir imkanları mövcuddur. Çevriliş, terror törədib sülh sazişinin imzalanmasına müəyyən əngəllər yarada bilərlər”.

Politoloq vurğulayıb ki, məhz bu səbəbdən Paşinyan vaxt itirmədən qərar verməlidir: “Paşinyan erkən seçkilərə gedib, tezliklə sülh sazişini imzalamalıdır ki, Rusiya cəld tərpənə bilməsin. Zəngəzur dəhlizi ilə bağlı da artıq Ermənistanın tikintiyə başlamasına çox böyük ehtiyac var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev işinə görə HƏBSLƏR BAŞLADI - Əvvəlcə Kərimli, sonra da...