6 Noyabr 2021, 16:19 | Ana Səhifə - Yazılar - Günah Çingizin özündədir və ya Çingiz Abdullayev KİMDİR?
Günah Çingizin özündədir və ya Çingiz Abdullayev KİMDİR?

Mahir Qabiloğlu


Azərbaycan Yazıçılar Birliyinin qapısından içəri girməyimi görürəm. Bayırda dayanıb kiminləsə söhbət edən bir cavan oğlan qaça-qaça özünü yetirib məni dayandırır:

- Dayı, hara gedirsiz? Birliyin üzvüsüz?

Bayırda dayanan başqa yaşlı kişi ağzımı açmağa macal vermir:

- Qoy getsin. Tanıyıram onu.

Ağzımı açsaydım nə deyəcəkdim? Deyəcəkdim ki, ay bala, mən bura üç yaşından gəlib-gedirəm. 1969-cu ildən – 52 ildir ki, Birliyin üzvüyəm.  


Niyə belə deyirəm? Çünki o qədim binanın və o birliyin bir çox görkəmli üzvünün evlərinin divarları arasında nə baş veribsə, çoxundan xəbərdaram. Sirr dağarcığıyam. Bəzilərini yavaş-yavaş açıram. Amma elə şeylər var ki, onları açmaram. Sirr deyil. Sadəcə, lazım bilmirəm. Axı hər ailənin öz sirri olduğu kimi, böyük yazıçılar ailəsinin də mətbəx sirləri var.

 

Çingiz Abdullayevi yazıçı, dedektiv romançı, Xalq yazıçısı kimi yox, Azərbaycan Yazıçılar İttifaqının katibi kimi tanımışam. 1990-cı ildə Yazıçılar Birliyində işə düzələndə isə şəxsən tanış olduq. Bakı ləhcəsində danışmağı, bəzi sözləri şirin deməsi mənə gülməli gəlirdi. 1991-ci ildə yazıçıların növbəti qurultayı keçirilməliydi. Axşam vaxtı dəhlizdə rastlaşdıq.

- Mahir, atova denən ki, səhər 9-da şəirlər xiyabanında olsun.

- Harda?

- Şəirlər Xiyabanında.

- O harda yerləşir?

- Necə yəni harda? – deyə Çingiz müəllim bir az əsəbiləşdi, – Sən şəirlər xiyabanını tanımırsan? Ali Sovetin yanında.

- Şəhidlər Xiyabanı? Mən də elə bildim ki, şairlərin şərəfinə xiyaban salıblar, xəbərim yoxdur.

- Sən də mənim kimi beş dil bilsən, bəzi sözləri düzgün tələffüz etmərsən.


İlk dialoqumuz belə baş tutdu. Demə Çingiz müəllim mənim müdirim sayılırmış. Təşkilati məsələlər üzrə katibmiş. Bunların heç birini bilmirdim. İkimiz də gənc idik. 7 yaş fərqimiz olmasına baxmayaraq, boy-buxununa görə məndən yaşlı görsənirdi.


Mən Yazıçılar İttifaqının rəhbərliyində yalnız yaşlı adamları görmüşdüm. Hamısı da qaraqabaq. Ona görə də cavan bir şəxsin, özü də üzügülər, mehriban bir adamın belə bir vəzifəyə qaldırılması qəribə gəlirdi mənə. Yaşını nə vaxt bildim? Harasa təyyarəylə uçacaqdı. İki dənə pasportu mənə verib dedi ki... yox demədi, xahiş etdi ki, “get, aerokassadan biletləri götür gəl”. Biri öz pasportu idi, o biri yoldaşının.

Yolda açıb təvəllüdünə baxdım. Yoldaşının Qərbi Azərbaycandan olduğunu bildim. Ahha... Bir misal yadıma düşdü həmən: “Haralısan? Evlənməmişəm”.

Çingiz müəllim isə evli idi. Yəqin o tərəfin yeznəsi olduğuna görə irəli çəkiblər deyə fikirləşdim. Amma sonralar  atam dedi ki, Çingiz keçmişdə “keqebeşnik”  olub... Halbuki, 1989-cu ildən üzü bu yana bir yazıçının da həbs olunduğunu görməmişəm. 1937-ci il barədə böyük bilgilərim olan mən fikirləşirəm: bu necə “KQB”eşnikdir?

 

İki-üç aydan sonra məni Dədə Qorqud ensiklopediyasından ixtisara saldılar. Sakitcə, atama da demədən sənədlərimi götürüb keçdim alverə, mədəni dildə desək biznesə, ailəmi dolandırmağa. İlk tanışlığım belə oldu.


Amma Çingiz müəllimi tanımaqda davam edirdim. Rəsmi mənbələrdən, bir də atamın dilindən. Böyük qaynar qazana düşmüşdü Çingiz müəllim. Hamısı da adlı-sanlı, say-seçmə Azərbaycan övladları. Bunların arasında baş çıxarmaq, onların hörmətini qazanmaq bir yana, məcazi mənada “sağ qalmaq” da çətin məsələydi. Bunu İsmayıl Şıxlının 100 illik yubileyindəki çıxışında özü də xüsusi vurğuladı. Bu cür şəxsiyyətlərin arasında yazıçı olmamaq da böyük günah idi. Xalq yazıçısı, görkəmli yazıçı, iki orden kavaleri  olmaq isə alın yazısı, bəxtin işi, az yazıçıya qismət olan yazıçı taleyi idi.

 

HAŞİYƏ:  Natəvan klubunda Xalq şairi Sabir Rüstəmxanlının romanının təqdimatı idi. Mərasimi Xalq yazıçısı Çingiz Abdullayev aparırdı. Sözünün əvvəlində adətincə kitabdan danışan, kitab oxuyanların çox olduğunu önə çəkməyə çalışan, ona zillənən donuq gözlülərə, kitabları satılmayan və oxunmayanlara bunu sübut etmək istəyən Çingiz müəllim belə bir cümlə işlətdi: “Vaxtının məhdud olmasına baxmayaraq, Prezidentimiz İlham Əliyev də kitab oxuyur. Bunu dəqiq bilirəm”. (SON)

 

Haşiyədəki son cümləyə bir də qayıdacağam. Bu yazımda Çingiz Abdullayevin həyat və yaradıcılığının bütün detallarına toxunmaq fikrim yoxdur. Haqqında bir-iki yazım da var. Sandıqda saxlamışam. Hansıdır? Niyə çap etməmişəm? Qorxmuşam? Yox. Bir asılılacağım yoxdur. Sadəcə, 2015-ci ildə “Neftçi” klubunun prezidenti seçilməyinə münasibətimi bildirmişdim. Adı da “Çingiz Abdullayevin səhv düşən yeri” adlanırdı – atam Qabilin “Səhv düşəndə yerimiz” şeirinə xitabən:

 

“Vəzifəli adam. Bu sözün tərifini çoxunuz bilir. Amma bir dostum mənə izahı özünəməxsus şəkildə verdi: “Hər vəzifə sahibi vəzifəli sayılmaz. Vəzifəli şəxs o adamdır ki, seyfində möhürü, bankda isə daşdan keçən imzası olsun”.

Farslar demişkən “xub”. O vaxtdan mən də vəzifəli adamları kateqoriyalara bölməyə başladım. Azərbaycanda möhürlü, imzalı vəzifəli şəxs olmaq çox çətindir. Hətta bic ermənilər də sovet dövründə nazirlik, idarə və müəssisələrdə 1-ci şəxs olmaqdan imtina ediblər. Ən yaxşısı müavin olmaqdı – baş-qulağın dinc. Çünki hər hansı təşkilatda cavabdeh şəxs 1-ci şəxs sayılır. O qol çəkməsə, möhür vurmasa müavinin və başqa vəzifəlilərin səlahiyyəti qüvvəyə minə, sözü yerinə keçə bilməz. İndi deyəcəksiniz ki, elə müavinlər var rəisdən də xod gedir. Əsla. Onlar müavin deyillər. Loru dildə desək “paz”dırlar – nəzarətçi. Mədəni dildə desək, müdirin başı üstündə yellənən Domokl qılıncı. Bir az da dəqiq desəm, hər an onun yerinə keçməyə şansı olan real namizəd. Ona görə də ağıllı müdirlər heç vaxt özlərinə müavin götürmürlər. Götürəndə də ya öz adamlarını təyin elətdirirlər, ya da qabaqlarında boğaz olanları.


Mətləbdən uzaqlaşdım deyəsən. Bu günlərdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv romançı kimi dünyada tanınan Çingiz Abdullayevi “Neftçi”nin Müşahidə Şurasının prezidenti təyin etdilər. Birinci sözüm: “Çingiz müəllim, təbrik edirəm”. İkinci yuxarıda izah etdiyim sual meydana gəldi: görəsən Azərbaycanda imzası ilə tanınan və ədəbiyyatda möhürünü vuran  Çingiz müəllim, idmanımızda da möhürlü-imzalı idman xadimlərimizdəndirmi? Bilmirəm. Əgər elədirsə batdı. Maraqlıdır. Görəsən möhür-imzayla alınan adi futbol topuyla, dükanda nəğdə satılan futbol topunun arasında nə qədər qiymət fərqi var? Əlbəttə ki, dükanda ucuzdur. Tenderdə daha ucuz olacağı bildirilsə də... Bunu isə yoxlamaya gələnlərə izah etmək hər vəzifəlinin işi deyil.


Üçüncüsü isə, bu ideya kimin ağlına gəlibsə onu alqışladım. O insanın idman taktikasında dəyişiklik etməsini iki misalla əsaslandırmağa çalışdım. Birincisi: “Qumarda xam əl udar”. Deyəcəksiniz ki, idman hara, qumar hara? Yox elə bilməyin ki, fikrimə tam təkzib verib, bu sözümü tam məcazi mənada işlətdiyimi söyləyəcəyəm. Yəni ki, Çingiz müəllimin idmançı yox, idmandan uzaq, yəni ki, yazıçı olmasını gözə soxacam. Qismən hə. Amma futbol bu gün həm də qumardır. Tutaq ki, Çingiz Abdullayev Ağdamın “Qarabağ” klubunun prezidentidir. Komandası da İtaliyanın “İnter” komandasının qapısından sonuncu dəqiqədə qol keçirir. Özü də həlledici məqamda – heç-heçə vaxtı.  Tərtəmiz qol və “Qarabağ”ın qələbəsi. Ancaq UEFA bunu hesaba almır. AFFA bunu sübut edə bildimi? Yox. Gücü çatmadı. Əksinə etiraf etdi. Bu nədir? QUMAR. Oyun heç-heçə də bitməliydi. Hakim belə göstəriş almışdı. Deməli ədəbiyyatımızda dedektiv janrının yeni növü “futbol dedektivi” janrı yaranmalıdır ki,  bunu dünyaya təxəyyülün diliylə çatdırsın, ifşa etsin.  Bu baxımdan bu təyinatı uğurlu hesab edirəm.
İkinci əsaslandırma: Atamın məşhur “Səhv düşəndə yerimiz” adlı bir şeiri var. Bu təyinatla şeir də yenidən gündəmə gəldi. Görəsən niyə?  Görəsən mətbuatımız bu xəbəri niyə ŞOK-a düşərək qəbul etdi? İxtisasca rabitəçi, vəzifəcə neftçi, mərhum Ramiz Mirzəyev “Neftçi”yə prezident seçiləndə Qabil “Səhv düşəndə yerimiz” şeirini yazmamışdımı? Kuybışev adına Moskva İnşaat-Mühəndisləri İnstitutunu bitirən, sonra neftçi Rövnəq Abdullayev “Neftçi”yə, sonra isə bütövlükdə Azərbaycan Futboluna rəhbər təyin olunanda bu şeir yox idimi? Nəzərinizə çatdırım ki, Qabil bu klassik poeziya nümunəsini 1969-cu ildə yazıb. Bəs onda yazıçı, ziyalı Çingiz Abdullayevin bu vəzifəyə təyinatı niyə bu qədər ojiotaj yaratdı? Rabitəçi, inşaatçı, neftçi idmana rəhbərlik edə bilər, yazıçı, ziyalı yox? Çingiz Abdullayevin pulu onlarınkından azdır, ona görəmi?  Bir də ki, professional çekist, hüquqşünas olan Çingiz Abdullayev 29 yaşında ədəbiyyata gələrək, öz sözünü dedi. Hər yazıçıya qismət olmayan “Xalq yazıçısı” fəxri adına layiq görüldü, özü də 47 yaşında. 56 yaşında, ömrünün pik nöqtəsində yəqin ki, ədəbiyyata verdiyi töhfələrdən idmanımıza da bəxş edər (İroniyasız). (SON)


O biri yazım isə kompüterimin şıltaqlığına tuş gəlib pozuldu. Başqa yazılarım da ola bilərdi. Çox şeyləri bilirəm. Adi həyatda, məhdud, ağzıbütöv adamların yanında danışmaq olar. Danışıram da... Amma yazmaq istəmirəm. Axı məndə də müqəddəs nəsə bir şey qalıb.


“Mahir, yaxşı, ürəyimizi çəkmə. Keç mətləbə. Bilirik də niyə yazırsan bu yazını. Sumqayıtda çıxış edən, çıxışında “quş buraxan” Çingiz Abdullayevi müdafiə etməkdir fikrin”. Düz tapdınız. Amma onun müdafiəyə ehtiyacı yoxdur. Bilir bu şeylərin hardan qaynaqlandığını. Əla bilir ki, bütün günah özündədir. “Nə? Günah özündədir? Bəs özü deyir ki, konteksdən çıxarıblar fikirlərimi və sairə, ilaxır”. Bunu düz deyir. Yaxşı ki, bu mövzuda mənim fikirlərimi bilmirsiniz: “Xocalını niyə verdilər? Ayaz Mütəllibovu yıxmaq üçün. Şuşanı niyə verdilər? Ayazı yenidən geriyə qaytarıb taxtına otuzdurmaq üçün. Üç gün də ermənilər ora girmədilər. Guya ki, bunun tələ olduğunu düşünürmüşlər. Boş sözdür. Rus ordusu “dobro” verməmişdi, ona görə. Çünki özü almışdı oranı. Xalq Cəbhəsi Ayazı geri qayıtmağa qoymadığı üçün Şuşa sonda ermənilərə qismət oldu. Bəs “Xəbərlər”də operator Ədilin arxivindən olan bir başqa buntarın videosu necə, yadınızdan çıxıbmı? “Qarabağı ermənilərə əlborcu vermişəm. İstədiyim vaxt geri alacağam” cümləsini kim demişdi? Müharibə idisə Xankəndinin 6 kilometrliyinəcən gəlib çıxan ordumuz niyə könüllü geri qayıtdı? Ölən öldü, yaralanan yaralandı, ailələr başsız qaldı, torpaq viran oldu. İsmayıl Ömərovun AzTV-də hazırladığı “Xəyanət” seriallarına Çingiz Abdullayev tək baxıbmı? Yaxud da elə bilirsiniz Çingiz Abdullayevin gözü kordur, o boyda Şəhidlər xiyabanlarını görmür? Çingiz Mustafayevin Milli Məclisdə Tamerlan Qarayevə Xocalı faciəsiylə bağlı ünvanladığı sualı və aldığı “Çingiz, məni danışdırma. Mən danışsam, Bakının altını üstünə çevirərlər” cavabını efirdən o, tək eşidibmi? 1991-ci ilin martında mənim vasitəmlə Qabili dəvət etdiyi “Şəhidlər xiyabanı”nın son illər ərzində nə qədər böyüdüyünü, bu gün kitablarından gələn qonorarı “YAŞAT” fonduna köçürən Çingiz Abdullayev bilmirmi? Buna yanmırmı?


Bitmiş fikri ifadə edən sözə və söz birləşməsinə cümlə deyilir. Bu cümlələr isə halqayla bir-birinə birləşərək bütöv bir çıxışı meydana gətirir. Çıxışın hansısa yerindən üç cümləni çıxarıb fikir halqasını dağıdıb yerə tökmək, şəhid ailələrinin ürəyində, qazilərin bədənində, yaddaşlarında olan yaraların közünü qoparıb qanını axıtmaq kimə lazımdır? Nədir buna səbəb? Yenə təkrar edirəm. Bütün günah Çingiz Abdullayevin özündədir.



Sözü yazmaq, Çingiz Abdullayevi bir cümləylə ittiham etmək mənim qələmimə xas xüsusiyyət deyil. Yazdığını gərək sübut da edəsən.


Yox, bəziləri dediyi kimi Azərbaycan dilini pis bilməyi deyil Çingiz müəllimin günahı. 1990-cı illə müqayisədə çox yaxşı danışır. Yazıçı ƏLA danışmalıdır? Solovyova canlı efirdə cavab verəndə Rus dilində əla bilməyini heç irad tutmadıq ona. Əksinə, alqışladıq. Digər xarici dillərdə danışdığını, beynəlxalq yazıçılar cəmahiriyyəsində necə qəbul olunduğunu isə xaricdən gələn yazıçılarla görüşlərində bir AzTV müxbiri kimi şahidi olmuşam. “Biləcəridən uzağa gedə bilməyən” bir məşhur ifadə var. Çoxlarına şamil oluna bilər, özü də bütün sahələrdə. “Azərbaycandan, keçmiş SSRİ hüdudlarından kənara çıxan, məşhurlaşan” ifadəsini necə, neçə nəfərə şamil edə bilərik? İndiki zəmanədə tək-tük adama. Niyə gözümüz götürmür Çingiz Abdullayevi? Günahı kənarda axtarmayın. Günah yenə özündədir.

 

İşim çətinə düşəndə atamın yaradıcılığını köməyə çağırıram. Təbiidir. Qanuni varisəm. İxtiyarım çatır. Xalq şairi Qabil ona 1998-ci ildə “Zəhmətkeş” adlı şeir ithaf edib. Xarakterinin gizlinlərini açıq-aydın yazıb. Gəlin “Çingiz Abdullayev kimdir?” sualını qoyaq və bu şeirlə sualımıza cavab tapaq. Siz də, mən də...

 

Zәhmәtini suya döndәr,

Dәryasına bax.

Zәhmәtini çaya döndәr,

Mәcrasına bax.

Zәhmәtini gözişlәmәz

Düzlәrә döndәr –

Kitab yüklü,

Karvan gedәn

Sәhrasına bax...

Zәhmәtini

Qış yuxusu içindә çәkib.

Fil sükutlu,

Fil dözümlü

Cәfasına bax!

Zәhmәtini

Azәrbaycan şәninә yazan...

Xarici say-seçimindә

Sırasına bax!

Zәhmәtini

Başqa dildә rәvan etsә dә...

Sarı simdә doğma

Abi-havasına bax!

Zәhmәtini

Әdalarla

Gözdәn salmayan

Bir sadәlövh,

Sadә uşaq

Sövdasına bax...

Zәhmәtini

Kitab-kitab

Torbaya yığıb

Şirincә bir qürrә ilә

Bizә göstәrәn,

Göstәrincә halal

Zövqü-sәfasına bax!

Zәhmәtini

Sәrgi-sәrgi düzüb miz üstә,

Sәrgisinin qiymәtinin

Bahasına bax!

Zәhmәtini

Әsә-әsә

Sıxıb boğmayan

Bir him-cimә dәrhal

Әksi-sәdasına bax!

Zәhmәtinin

Çәkisindә

İddiası az,

Ancaq, ovçu Pirimlә

Arası da saz...

Zәhmәtini

Bir alışqan qığılcımı et,

Paxılların,

Şәkkakların,

Ağzıboşların

Cırtapırtla yanıb gedәn

Komasına bax!

Zәhmәtini

Bu yaşında üst-üstә yığsan,

O yaşında

Bizim kiçik torpağımızın

Çingiz adlı

Bircә parca

Sәmasına bax.

(06.09.1998)

 

İndi deyəcəksiniz ki, araları saz olub, yazıb. Amma Qabili tanıyanlar bilir ki, o, heç vaxt yalan danışmayıb, yalan yazmayıb. Çingiz Abdullayevin də Qabil haqqında şirin xatirələri var:

 

“Mən Qabil müəllimi çoxdan tanıyıram. Onu daim üzügülər, ürəyiaçıq bir insan kimi görmüşəm. Biz onunla yol yoldaşlığı da etmişik. Birlikdə İraq, Türkiyə və digər xarici ölkələrə səfərlərdə iştirak etmiş, onu daha yaxından tanımağa çalışmışam. Həmişə özünəməxsus məsumluğu, ərköyünlüyü, məzəli söhbətləri ilə hamının hörmətini qazanıb. Qabil müəllimin məzəliliyi ilə bağlı bir əhvalatı xatırlamaq istərdim.

Təxminən on ildən artıq bir vaxtın söhbətidir. Bir gün Qabil müəllim hansısa bir məsələ ilə əlaqədar yanıma gəlmişdi. Söhbət əsanasında, mən ona belə dedim: “Qabil müəllim, Siz çox cavansınız, vaxt var”. Qabil müəllim isə öz cavabında: “Yox, Çingiz, 60-ı keçəndən sonra artıq adam ağsaqqal olur”. Bu vaxt mən ona belə bir sual verdim ki, bəs, Qabil müəllim, bizim elə yazıçı-şairlərimiz var ki, onlar artıq 70-i haqlayıblar. Qabil müəllim isə “Onlar artıq ədəbi nəslimizin patriarxlarıdır” dedi. Yenə sual verdim ki,  bəs 80-i xırdalayanlar? Cavab verdi ki, “onlar adam deyillər, artıq “Qobustan abidələridir”. (2002-ci il)”

 

Lap yadımdan çıxmışdı. Yazımın sonuna gəlib çıxdım, amma əvvəlində – haşiyədə bir cümlə işlətdim. Onun izahının isə lap yeridir: “...Prezidentimiz İlham Əliyev də kitab oxuyur”. Yox axı. Çingiz Abdullayev belə deməmişdi. Bax buna deyirlər fikri konteksdən çıxartmaq: “Vaxtının məhdud olmasına baxmayaraq, Prezidentimiz İlham Əliyev də kitab oxuyur. Bunu dəqiq bilirəm”. Cümlə yox, fikir beləydi. Qayıdaq fikrin Mahirsayağı açmasına: Prezidentimiz Çingiz Abdullayevi oxuyur və bəyənir.  Verdiyi “Xalq yazıçısı” fəxri adı, təltif etdiyi ordenlər isə zəhmətinin və məhsuldar yaradıcılığının dövlətimiz tərəfindən təsdiqidir. Yəqin ki, davamı olacaq. Davam olduqca isə bu cür konteksdən çıxarılan fikirlər, həssas məqamlara toxunulan badalaqlar isə lap çox olacaq. Ta ki, ölənəcən. Çünki bizdə sağlığında verilən qiymətə paxıllıq edirlər, adamın qədrini isə çərrədib öldürəndən sonra bilirlər. Hələlik isə Çingiz Abdullayev inkişaf edə-edə gedir. Qarşıdan da Yazıçıların qurultayı gəlir. Onu bəziləri maneə bilirlər özlərinin yüksəliş yolunda. Qurultayda isə hər şey seçki yoluyla həll olunacaq...

 

HAŞİYƏ: Sovet vaxtı Dzerjinski adına klubda yazıçıların qurultayı keçirilibmiş. Sonda, gecə saat 11-in yarısında səsvermə prosedurundan qabaq respublikanın ağsaqqalı belə məsləhət bilir ki, sədr Xalq yazıçısı Mirzə İbrahimov olsun. O da deyir ki, bir şərtlə razılaşaram – 1-ci katib İsmayıl Şıxlı olsun. İsmayıl Şıxlı da demə səsverməni gözləməyib, evə gedibmiş. Tez maşın göndərib qaytarırlar geriyə. Məcbur olub razılıq verir. (SON)

 

...Vaqif Səmədoğlunun “Əjdəha başı” televiziya tamaşasında belə bir yer var. Polis rəisinin – tərbiyələndirmək üçün qeyri-rəsmi “qoduqluğa” atmaq istədiyi bacısı oğlu hayqırıb vəkil tələb edir. Siyavuş Aslanın oynadığı rəis nə cavab versə yaxşıdır? “Bu Ştirlits də uşaqların başını yaman xarab edib e...”. Nə olacağını bilmirəm. Mən isə Anara səs verəcəyəm.

Mövzumun Çingiz Abdullayev olduğunu nəzərə alıb, yazımı atamın şeirindən misralarla bitirmək istəyirəm. Birdən kimsə gələcəkdə nəsə bir hoqqa çıxartmaq istəsə, Çingizi sevməyənlər bir də oxusunlar, təkrar oxusunlar.

 

Çәkisindә

İddiası az,

Ancaq, ovçu Pirimlә

Arası da saz...

Zәhmәtini

Bir alışqan qığılcımı et,

Paxılların,

Şәkkakların,

Ağzıboşların

Çırtapırtla yanıb gedәn

Komasına bax!

Zәhmәtini

Bu yaşında üst-üstә yığsan,

O yaşında

Bizim kiçik torpağımızın

Çingiz adlı

Bircә parça

Sәmasına bax.

MÜƏLLİFİN DİGƏR YAZILARI
BMU “Əlil sahibkarlara dəstək” layihəsində iştirak edir 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 COVID xəstəsi saxlanıldı 3 Dekabr 2021, 17:03 “AzerGold”dan tender qalmaqalı ilə bağlı AÇIQLAMA 3 Dekabr 2021, 17:00 Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu 3 Dekabr 2021, 16:57 DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 ABB “İlin bankı” oldu 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?