Modern.az

Atasının varisi adlandırılan Bilal Ərdoğan - DOSYE

Atasının varisi adlandırılan Bilal Ərdoğan - DOSYE

Dünya

14 Fevral 2026, 10:29

Türkiyə siyasətində “Ərdoğan sonrası” mərhələ ilə bağlı suallar uzun illərdir qapalı kabinetlərdə və kulis yazılarında müzakirə olunur. Son dövrlər isə bu sual açıq mediaya da daşınıb. 

Bununla belə, Bilal Ərdoğanın indiki profili klassik siyasətçi trayektoriyasına uyğun gəlmir. O, nə partiya tribunalarında, nə də seçki kampaniyalarında ön plandadır. Əksinə, onun adı daha çox vəqflər, universitetlər və beynəlxalq mədəni platformalarla yanaşı çəkilir.

Modern.az Ərdoğanın kiçik oğlu, varisi adlandırılan Bilal Ərdoğanın kim olduğunu araşdırıb.

Bilal Ərdoğan orta təhsilini İstanbulda Kartal Anadolu İmam Hatip Liseyində alıb. Bu məktəb Türkiyədə dini yönümlü təhsillə yanaşı dünyəvi fənləri də əhatə edən və dövlət idarəçiliyində, siyasətdə, akademiyada çoxsaylı kadrlar yetişdirən mərkəz kimi tanıdılır. İmam hatip mərhələsi Bilal Ərdoğanın dini terminologiya ilə tanış olduğu, İslam mədəniyyəti və ənənəvi dəyərlərlə erkən yaşlardan təmas qurduğu mühit yaradıb. Lakin onun sonrakı təhsil yolu bu çərçivədə qalmadığını göstərir.

Orta təhsildən sonra Bilal Ərdoğan ali təhsil üçün ABŞ-ə gedib və Indiana Universitetində oxuyub. Rəsmi bioqrafik məlumatlarda onun burada əsasən iqtisadiyyat və idarəetmə yönümlü sahələr üzrə təhsil aldığı qeyd olunur. O, akademik təhsilini 2004-cü ildə Harvard Universitetinin Kennedi Siyasət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi ilə davam etdirib. Hazırda Con Hopkins Universitetində İtaliya və Türkiyənin iqtisadi artım modellərinə yönəlmiş Avropa Araşdırmaları üzrə doktorluq dissertasiyası üzərində işləyir.

Bilal Ərdoğanın çıxışlarında “dəyərlər”, “ənənə”, “kök”, “mədəni irs” kimi anlayışlar ön plana çıxır. Buna misal olaraq 2024-cü ildə rəhbəri olduğu Ethosportun VII formunda fəaliyyətlərinin idmanla yanaşı dəyərlərə də diqqət göstərdiyini vurğulayıb.

Bilal Ərdoğanın fəaliyyəti ilk növbədə təhsil və vəqf strukturları üzərindən formalaşıb. O, Türkiyədə gənclik və təhsil sahəsində tanınan TÜRGEV vəqfi vasitəsilə tələbə yataqxanaları, təqaüd proqramları və sosial layihələr vasitəsilə gənclərə dəstək verir. 

Bu xəttin akademik davamı isə İbn Haldun Universitetidir. Bilal Ərdoğan universitetin İdarə Heyətində yer alır. Sosial elmlər yönümlü bu ali məktəb beynəlxalq akademik heyət, xarici dillərdə tədris və qlobal perspektiv iddiası ilə seçilir. Universitetin konsepsiyası açıq şəkildə “yeni nəsil intellektual və idarəçi kadrların yetişdirilməsi” üzərində qurulub.

1499825

Bilal Ərdoğanın ən görünən beynəlxalq rolu Dünya Etnospor Konfederasiyasının prezidenti kimi fəaliyyətidir. Konfederasiya oxatma, atçılıq, güləş kimi ənənəvi idman növlərini mədəni irs elementi kimi təqdim edir və onlarla ölkəni əhatə edən tədbirlər təşkil edir.

Bu fəaliyyət sırf idmanla yanaşı mədəni diplomatiyanı da özünəd birləşdirir, xalqları birləşdirir. Türk dünyası, ortaq tarix və alternativ modernlik kimi anlayışlar bu tədbirlərin əsas ideoloji çərçivəsini təşkil edir.

Atası, Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan, Bilal Ərdoğanın siyasi gələcəyi ilə bağlı açıq və birbaşa açıqlamalar verməyib. Bu da onu potensial fiqur statusunda saxlayır. Ailə çevrəsindən olan bəzi nüfuzlu şəxslərin açıqlamalarında isə Ərdoğan ailəsinin “təmkinli və ölçülü” həyat tərzi vurğulanır. Bilal Ərdoğanın həyat yoldaşı Reyyan Uzunerin atası Orhan Uzuner, "Milliyet" qəzetinə verdiyi müsahibədə Ərdoğan ailəsi ilə bağlı bu cür ifadələr işlədib: “Cənab Bilal Erdoğan son dərəcə təvazökar, Türkiyə üçün çalışan bir insandır. Yanında rahatlıq tapırıq”- o qeyd edib.

1499813

Bilal Ərdoğan 2003-cü ildə Reyyan Uzuner ilə evlənib. Tanışlıq ənənəvi ailə vasitəçiliyi yolu ilə baş tutub. Reyyan Uzuner mediada daha çox ailə həyatına üstünlük verən, ictimai-siyasi proseslərdə önə çıxmayan biridir.

Cütlüyün üç övladı var: Ömer Tayyip, Ali Tahir və Fatma Serra.

Ərdoğanın şəxsi maraqlarına gəlincə, onun hobbiləri barədə açıq və sistemli məlumatlar azdır. Lakin fəaliyyəti fonunda ənənəvi idman növlərinə və mədəni irs mövzusuna xüsusi maraq göstərdiyi aydın görünür.

 

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?