“Vaşinqton və Moskva Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı eyni mövqedən çıxış edirlər”.
Modern.az xəbər verir ki, bunu Volodimir Zelenski AFP agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, əgər Kiyevdə hərbi əməliyyatların tezliklə sona çatması istənilirsə, Ukrayna qoşunları Donbasdan çıxarılmalıdır.
Zelenski həmçinin Silahlı Qüvvələrin cənub cəbhəsində əldə etdiyi uğurları vurğulayıb: “Təfərrüatlara varmayacağam, lakin bu gün mən, ilk növbədə, ordumuzu – bütün silahlı qüvvələri təbrik edə bilərəm, çünki indiyə qədər 300 kvadratkilometr ərazi azad edilib”.
AFP qeyd edir ki, ərazi güzəştləri tələbləri ilə yanaşı, ABŞ və Rusiya genişmiqyaslı sülh sazişi planı çərçivəsində prezident seçkilərinin keçirilməsi üçün Ukraynaya təzyiq göstərir.
Zelenski bildirib ki, Ukraynanın səsverməsi yalnız müharibə bitdikdən sonra keçirilə bilər və Rusiyanın tez seçki keçirmək tələbi onun hakimiyyətdən uzaqlaşdırılması məqsədi daşıyır: “Gəlin dürüst olaq, ruslar sadəcə məni əvəzləmək istəyirlər”.