Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib.
Modern.az xəbər verir ki, Gürcüstan İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan Azərbaycandan Ermənistana neftin birdəfəlik, pulsuz tranzitini təmin edib. Növbəti yük standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəb olub.
İqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında İrəvanda keçirilən görüşdə tariflər məsələsi əsas müzakirə mövzusu olub.
Xudatyan Gürcüstan hökumətinin Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən etmək qərarına görə gürcü həmkarına təşəkkür edib.
Görüşdə həmçinin qeyd olunub ki, hər iki ölkə yük və sərnişin daşımalarının inkişafına xüsusi diqqət yetirir.
Rəsmi Tbilisi Gürcüstandakı əsas nəqliyyat infrastruktur layihələri barədə məlumat verib ki, onların tam həyata keçirilməsi iki ölkə arasında əlaqəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, Ermənistandan yük tranzitini asanlaşdıracaq və Gürcüstanın regional nəqliyyat mərkəzi kimi rolunu gücləndirəcək.
Qeyd edilib ki, Gürcüstanın əsas prioritetlərindən biri təhlükəsiz, etibarlı və rəqabətədavamlı nəqliyyat marşrutlarının inkişafıdır.