Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma regionda ciddi itkilərə səbəb olub. Münaqişə təkcə əsas tərəfləri deyil, həm də regionun bir sıra ölkələrini əhatə edib.
Modern.az xəbər verir ki, müharibə nəticəsində ən ağır itkilər İranda qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkədə 1255 nəfər həyatını itirib, 12 min nəfər yaralanıb. Livanda isə 1444 nəfər yaralanıb, 570 nəfər ölüb.
İsraildə hücumlar nəticəsində ölənlərin sayı 13 nəfər, yaralananların sayı isə təxminən 2000 nəfər olub. Onlarla yaralının olduğu İraqda isə 15 nəfər həlak olub.
Regionun digər ölkələrində də müxtəlif itkilər qeydə alınıb. Belə ki, İordaniyada 14 nəfər yaralanıb, Küveytdə 6 nəfər ölüb, onlarla insan xəsarət alıb, Bəhreyndə isə 2 nəfər həyatını itirib. Səudiyyə Ərəbistanında hücumlar nəticəsində indiyə kimi 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Birləşmiş Ərəb Əmirliklərində hücumlar nəticəsində həyatını itirənlərin sayı isə 6 nəfərdir. Bu ölkədə hazırda 122 nəfər yaralıdı. Qətərdə 16 nəfərin yaralandığı, Omanda isə 1 nəfərin öldüyü və 5 nəfərin yaralandığı bildirilir.
Məlumatlara görə, bölgədə yerləşən ABŞ hərbçiləri arasında da itkilər var. Belə ki, 8 amerikalı hərbçi həlak olub, 140-150 nəfər yaralanıb.
Ekspertlər hesab edir ki, münaqişə bu templə davam edərsə, Yaxın Şərqdə humanitar vəziyyət daha da ağırlaşa və itkilərin sayı artmağa davam edə bilər.