İngiltərədə yaşayan azərbaycanlılar yanvarın 29-u Bakı vaxtı ilə saat 00:00-da başlayacaq “Liverpul” - “Qarabağ” oyununda komandamızı tək qoymayacaqlar.
Bu barədə Modern.az-a Böyük Britaniyada yaşayan soydaşlarımız məlumat veriblər. Avropada yaşayan Samir Axundovun sözlərinə görə, “köhnə qitə”nin müxtəlif ölkələrində məskunlaşan azərbaycanlılar məşhur “Enfild Roud” stadionun gəlməyə hazırlaşırlar.
Müsahibimiz deyib ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Liverpul” - “Qarabağ” oyununda Azərbaycan klubuna möhtəşəm dəstəyin şahidi ola bilərik:
“Bilet əldə edən azarkeşlər “Qarabağ” üçün ayrılmış sektorda toplaşacaqlar. Hamı bayraq, şərf və klub atributları ilə gəlmək istəyindədir. Stadiona gedə bilməyənlər isə yəqin ki, azərbaycanlılara məzsusu kafelərdə, dost evlərində və ya idman barlarında birgə izləmə təşkil edəcəklər. Amma yəqin ki, hamı təkcə “Qarabağ” üçün ayrılmış sektorda olmayacaq. Yəqin ki, başqa sektorlarda da azərbaycanlı azarkeşləri görə biləcəyik”.
İngiltərədə keçiriləcək matça “Qarabağ”ın artıq 200-dən çox azarkeşi bilet alıb.
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma komandamızın nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən asılı olacaq.
Xatırladaq ki, “Liverpul” - “Qarabağ” qarşılaşmasını slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.