Modern.az

Sabah şansımız var - Qurban Qurbanov

Sabah şansımız var - Qurban Qurbanov

İdman

27 Yanvar 2026, 23:29

Biz elə bir komandaya qarşı oynayırıq ki, bütün diqqətimizi məhz bu oyuna yönəltməliyik. İnanıram ki, futbolçularım meydanda yalnız oyunu düşünəcək və hər biri özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq.

Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində “Enfild” stadionunda keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bu cür böyük oyunların həm imtahan olduğunu və böyük məsuliyyət tələb etdiyini bildirib: “Çox sınaqlarımız olub və şükürlər olsun ki, indiyədək bu sınaqlardan pis çıxmamışıq. Sabah da daha yaxşı nəticə əldə etmək şansımız var. Əgər indiyədək əldə etdiyimiz nəticələrdən daha yaxşısını qazanmaq imkanımız varsa, bu, həm sınaqdır, həm imtahandır, həm də ciddi məsuliyyətdir. Bu qarşılaşma həmin imtahanlar arasında ən yüksək səviyyədə olanlardan biridir. Biz “Liverpul”a qarşı həddindən artıq diqqətli olmalıyıq”.

Baş məşqçi hər oyuna real yanaşmağın vacibliyini də vurğulayıb: “Hər oyuna real baxmaq lazımdır. Daha məsuliyyətli, daha çox diqqət mərkəzində olan qarşılaşmaların içinə giririk. Ola bilsin, nəticə istədiyimiz kimi olmasın. Amma hər iki halda bu oyunlar çox danışılacaq”.

Qurban Qurbanov əlavə edib ki, belə güclü komandalarla, belə möhtəşəm stadionlarda oynamaq məğlubiyyət olsa belə, gələcək üçün böyük təcrübə qazandırır: “Bu cür oyunlar klub və futbolçular üçün böyük təcrübədir. Nəticə uğursuz olsa belə, gələcək uğurlar üçün ciddi təkan verəcək”.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır