2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi qeyri-neft ixracı ötən ilin eyni ayı ilə müqayisədə artıb. 2025-ci ilin yanvarında 246,1 milyon dollar olan qeyri-neft ixracı 2026-cı ilin eyni dövründə 268,4 milyon dollara çatıb.
Yanvarda sənaye məhsulları sırasında mis filizləri və konsentratları 20,5 milyon dollarlıq ixracla diqqət çəkir. 2025-ci ilin yanvarında bu göstərici 2,4 milyon dollar səviyyəsində olub.
Digər yandan isə kənd təsərrüfatı məhsullarından pomidor (tomat) ixracı 13,6 milyon dollar olub. 2025-ci ilin yanvarında isə 14,7 milyon dollar qeydə alınmışdı.
İqtisadçı Eyyub Kərimli Modern.az-a açıqlamasında bildirib ki, pomidor ixracında azalma mövsümi amillərlə bağlıdır:
“Eyni zamanda bilirsiniz ki, pomidor ixracı daha çox Rusiyaya edilirdi. Rusiya-Ukrayna müharibəsi beşinci ilə keçir. Hər iki ölkədəki hərbi vəziyyət iqtisadi təsirsiz də olmayıb”.
İqtisadçı qeyd edib ki, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlıda mis yataqları var:
“Qarabağda, Kəlbəcərdə mis yataqları dövriyyəyə daxil olub. İllərlə işlənməyən yataqların hasilata cəlb edilməsi belə müsbət nəticə yaradıb”.
Eyyub Kərimli qeyd edib ki, mis ixrac etdiyimiz ölkələr Çin, Türkiyə, Gürcüstan və digərləridir.
“Hazırda mis elektrik mühərriki ilə işləyən avtomobillərin istehsalında zəruri xammaldır”, - deyə iqtisadçı əlavə edib.