Türkiyənin nüfzulu şirkətlərindən hesab edilən "Can Holding"ə qarşı əməliyyat keçirilib. Küçükçekmece Prokurorluğu şirkətə qarşı cinayət təşkilatı yaratmaq, qaçaqmalçılıq, fırıldaqçılıq və çirkli pulların yuyulması iddiaları ilə cinayət işi açıb.
“Habertürk” və “Show TV” də daxil olmaqla holdinqə bağlı 121 şirkətə həbs qoyulub, 8 yüksək vəzifəli rəhbər barəsində həbs qərarı çıxarılıb.
Modern.az yaşananlarla bağlı “Habertürk”ün Ankara təmsilçisi, jurnalist Bülent Aydemirlə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında o bildirib ki, bu məsələ jurnalistlərlə əlaqəli deyil:
“Professional olaraq, işimizi görürük. Quruluşundan bəri bu qrup içərisindəyəm, fərqli rəhbərlərlə işləmişəm. Biz jurnalistik, əməkdaşlarıq, işimizə davam edəcəyik. Nə olduğunu, istintaqın nələri əhatə etdiyini inanın ki, bilmirəm. Lakin biz işimizin başındayıq, səhər gəldim, kompüterimi açdım, yazılarımı yazıram, medianı, gündəmi izləyirəm”.
B.Aydemir “Habertürk”ün köklü qurum olduğunu və marka dəyərinə xələl gəlməyəcəyini düşündüyünü qeyd edib:
“1-2 günə nə baş verdiyi məlum olar. Hazırda “Habertürk” televiziyası yayımdadı, qəzetimiz çıxır, xəbərlərimiz, yazılarımız dərc olunur. Bu qrupun infrastrukuturu güclü və sağlamdır. “Habertürk” köklü bir qurumdur. Mən onun marka dəyərinə də xələl gələcəyini düşünmürəm. Bir-iki günə hər şey aydın olar. Ən azından jurnalistlər üçün heç bir problem yoxdur. Jurnalist hər yerdə işini görür”.