Modern.az

Ziya Məmmədovun eks-deputat qardaşı: “Bizim yüksəlişimiz Trampa bağlı deyil” - MÜSAHİBƏ

Ziya Məmmədovun eks-deputat qardaşı: “Bizim yüksəlişimiz Trampa bağlı deyil” - MÜSAHİBƏ

10 Noyabr 2016, 15:54

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov Modern.az-a müsahibəsində ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçilməsindən danışıb.

 

- Elton müəllim, Donald Tramp ABŞ-ın yeni prezidenti oldu. Dünyanın  siyasət meydanı məhz bu xəbərlə silkələnir. Sizin fikrinizcə, Trampın ABŞ prezidenti seçilməsinin Azərbaycan üçün əhəmiyyəti, müsbət və mənfi tərəfləri nədən ibarət ola bilər?

 

- Donald Trampın ABŞ prezidenti seçilməsinin yaxşı və mənfi xüsusiyyətlərini sadalamaqla tələskənliyə yol vermək istəməzdim. Ümumilikdə hesab edirəm ki, o, xalqın iradəsilə seçilən prezidentdir. Düşünürəm ki, prezidentliyi dövründə ən azı Azərbaycanla strateji əməkdaş kimi bütün sahələrdə əlaqələri davam etdirəcək. Arzu edək ki, ABŞ-ın yeni dövlət başçısının Azərbaycan prezidenti cənab İlham Əliyevlə münasibətləri yaxşı olsun ki, xalqımızın qlobal problemi olan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müsbət addımlar atılsın.


- Böyük çoxluq Trampın prezident seçiləcəyinə qeyri-ciddi yanaşırdı. Məhz bu baxımdan bütün proqnozları, rəy sorğularını alt-üst edən seçim sürpriz xarakteri daşıdı...

 

-  Elə mənim üçün də Trampın prezident seçilməsi sürpriz oldu. Mən siyasi arenada daha çox nüfuzu ilə tanınmış Hillari Klintona üstünlük verirdim. Düşünürdüm ki, o seçilər. Bu, mübarizədir və mübarizədən Donald Tramp qalib çıxıb. Qalib isə heç vaxt müzakirə olunmur. Onu buraxaq Amerika xalqının öz ixtiyarına və seçiminə.
Bizə bütün hallarda cənab Prezident İlham Əliyevin təbriklərinə qoşularaq, uğurlar diləyərək Azərbaycan-Amerika münasibətlərinə gözəl inkişaf arzulamaq qalır.

 

- Təbrikdən söz düşmüşkən, qardaşınız oğlu Anar Məmmədov da yeni prezidenti təbrik edənlər arasında yer alıb...

- Mən düşünürəm ki, belə hala yalnız və yalnız sevinmək lazımdır. Bir neçə gün əvvəl sizə müsahibə verərkən də bildirmişdim ki, Azərbaycan gənclərinin, siyasətçilərinin, iş adamlarının belə mötəbər arenada olan insanlarla münasibətlərinin, onları yaxından tanımalarının dövlətə heç bir ziyanı yoxdur. Bu baxımdan düşünürəm ki, fərdi münasibətlər həm də dövlətçilik münasibətlərinə təsir göstərir, daha da yaxşı əlaqələr qurulur. Nəticə etibarilə xalqımız daha yüksək dividentlər qazanır. Mən belə bir addımı yüksək qiymətləndirirəm və düşünürəm ki, ölkə rəhbəri ilə yanaşı belə fərdi təbriklər ölkəmiz üçün müsbət haldır.

 

- Məhz bu əlaqələr fonunda Məmmədovlar və Tramp ailəsinin isti münasibətləri diqqətdən yayınmır. Elə bu səbəbdəndir ki, Donald Trampın prezident seçilməsinin Məmmədovlar ailəsinin yüksəlişi üçün zəmin yaratdığı iddiaları var. Razılaşırsınızmı bu iddialarla?

- Bizim yüksəlişimiz ölkə rəhbəri və Azərbaycan xalqı ilə bağlıdır. Mənim heç bir xarici vətəndaşlığım yoxdur ki, kiminsə haradasa seçilməsindən istifadə edim. Mən bunu belə qiymətləndirmirəm və belə də qəbul etmirəm. Allah bizi yüksəltsin, cənab prezident yüksəltsin və xalqımız da qiymət versin.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir