Modern.az

Müxalifət cəbhəsində canlanma - 4 partiya qurultay keçirəcək

Müxalifət cəbhəsində canlanma - 4 partiya qurultay keçirəcək

30 Avqust 2018, 09:09

Hazırda müxalifət cəbhəsində durğunluq müşahidə edilir. Hər halda bunu yay fəslinə, isti havalara bağlayanlar var.  Lakin növbəti aylarda siyasi təşkilatların fəal olacağı gözlənilir ya yox, bunu da demək çətindir. Bununla belə bəzi canlanmalar mümkündür. Ən azından  bu il Müsavat Partiyası, Müasir Müsavat Partiyası , Ümid Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası qurultay keçirəcək.

Maraqlıdır, qeyd edilən siyasi təşkilatların qurultay tarixi, həmin toplantıların yeri bəllidirmi? Hansı yeniliklər var?

Modern.az saytı bu sualla həmin partiyalara müraciət edib.


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı
bildirib ki, qurultayla bağlı  yaradılmış təşkilat komitəsinin növbəti həftənin birinci günü  toplantısı olacaq:

“Orda  nizamnaməyə uyğun olan vacib təlimat və sənədlər qəbul ediləcək. Artıq rayon təşkilatlarının konfrans və ümumi yığıncaqlarının keçirilməsinə start veriləcək.

Qurultayın keçirilmə tarixi və yerlə bağlı məsələlər  nizamnaməyə uyğun olaraq ancaq rayon təşkilatlarındakı konfranslar və ümumi yığıcaqlardan sonra məlum olacaq”.

Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyev deyib ki, qurultayın keçirilməsi istiqamətindi işlər davam etdirilir:

“Artıq bizim rayon təşkilatlarında  işlərimiz başlayıb. Bilirsiniz , hələ ki yay tətili müddətidir, buna baxmayaraq  işlər gedir, təşkilat komitəsi hər həftə bizə məlumatlar verir. Hər halda sentyabr ayı qurultayın keçirilməsi üçün daha uyğundur.  Sadəcə, partiyamızda müəyyən insanlar  məzuniyyətdədir. Məsələn, partiyamızda həkimlər, müəllimlər və digər  kateqoriyadan olan insanlar var. Onlar da qayıtsın , qurultayımız keçiriləcək. Uzağı sentyabr, oktyabr aylarında işlərimizi yekunlaşdıracağıq. Ümumiyyətlə qurultay mütləq keçiriləcək və qəti qərara  gəlinəcək”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, hələ ki qurultayla bağlı bir yenilik yoxdur:

“Yerlərdə, rayon şöbələrinin hesabat iclasları, konfranslar keçirilir. Onlar yekunlaşandan sonra partiyanın ali orqanı  növbəti qurultayın  yeri və günü haqqında qərar   verəcək. Bu haqda hələ ki müzakirələrimiz yoxdur.  Müvafiq prosedur qaydalarına görə, sədrliyə namizdələr qurultay günü bəlli olur. KXCP demokratik təşkilardır və artıq namizədliyini elan edənlər var. Yekun qərar qurultayda  müəyyən olunacaq.

Digər tərəfdən, müxalifət təşkilatları  yerlərdə nə qədər çətinliklərlə üzləşirlər, yerli icra hakimiyyətləri rayon şöbələrimizdə iclaslar keçirməyə qoymurlar. İllərdir bu,  belədir. Bu baxımdan rayonlarda konfranslar nə qədər tez yekunlaşsa, qurultayımız da bir o qədər tez baş tutacaq”.


Ümid Partiyasının qurultay tarixi isə artıq bəllidir. Partiyanın sədri İqbal Ağazadə bildirib ki, Ümid Partiyası sentyabrın 8-də  qurultay  keçirmək fikrindədir:

“Qurultayla bağlı  hazırda partiyada  gərgin işlər gedir. Həm qurultayın materialları, həm nümayəndəliklər, həm də konfrans keçirməmiş rayon şöbələrinin hazırlıq   işləri davam edir. Çalışacağıq ki, sentyabrın 8-də qurultayımız baş tutsun.  Artıq nümayəndələrin böyük əksəriyyəti seçilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir