Arxiv
6 Fervral 2019, 11:09 | MÜSAHİBƏ
Deputat: “Orduxanlar da, Vidadilər də ekstradisiya olunacaq, onlardan qan analizi götürmək lazımdır” - MÜSAHİBƏ  

Cavid Osmanov: “Qanunlara ən çox biz deputatlar riayət etməliyik”

“Ailəsi olmayan ailə dəyərindən, sevgisi olmayan sevgidən danışır” 

 

Milli Məclisin deputatı Cavid Osmanov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

- Cavid müəllim, deyəsən tədbirdən gəlirsiniz, gözümüzə bir az yorğun göründünüz.

- Heç bir yorğunluğum yoxdur. Əksinə, özümü çox gümrah hiss edirəm.

- Yeni Azərbaycan Partiyası son zamanlar iclaslarının sayını artırıb. Bunun xüsusi bir səbəbimi var?

- YAP son zamanlar yox, hər zaman tədbirləri, iclasları çox keçirib. Partiyanın mərkəzi aparatında və rayon təşkilatlarında idarə heyətlərinin iclasları keçirilir. Mən YAP-ın Ağdaş rayon təşkilatının sədriyəm.

- “Gənc və enerjili” – bu ən çox eşitdiyimiz ifadələrdən biridir. Siz də özünüzü gənc hesab edirsiniz? Elədirsə, bu, deputat fəaliyyətinin şaxələndirilməsi üçün sizə enerji verə bilirmi?

- Həm gəncəm, həm də özümü çox enerjili hesab edirəm. Gənc ümumiyyətlə, enerjili olmalıdır. Hər bir peşə sahibi tutduğu vəzifəyə enerji ilə yanaşmalıdır. Eyni zamanda, işə enerji ilə yanaşanda görülən işlərin ciddi nəticələri olur.

- Gəncik, idman edirik, velosiped sürürük və digər aktiv hərəkətlər edirik. Amma etiraf edək ki, bəzən bir məqamda enerjimizin tükəndiyini görürük. Sizin enerji harada və nə zaman tükənir?

- Qaldıra biləcəyimdən artıq fiziki iş görsəm, təbii ki, onda enerjim tükənəcək. Amma bir müddətdən sonra o enerji bərpa olunacaq. Mən deputat seçilməmişdən qabaq Ağdaşda icra başçısınının birinci müavini işləyirdim. Heç zaman zehni yorğunluq nədir, onu hiss etməmişəm. Çünki həmişə işimdən zövq almışam.


- Seçiciləriniz daha çox hansı məsələlərlə bağlı sizə müraciət edirlər?

- Müxtəlif məsələlər olur. Kimsə iş, kimsə xəstəliyi, kimsə yaşayış məntəqəsinin problemi ilə bağlı müraciət edir. Bəzən elə olur ki, seçici qeyri-qanuni bir məsələnin həllini istəyir. Təbii ki, biz çalışırıq ki, problem qanuni şəkildə həllini tapsın. Seçicilərin problemləri ilə bağlı mərkəzi icra orqanlarına bu günə kimi yazdığım hər hansı məktub cavabsız qalmayıb. Özü də həllini tapıb.

- Milli Məclisin Regional məsələlər komitəsinin üzvüsünüz. Bələdiyyələrlə bağlı narazılıqların aradan qaldırılması üçün təklifləriniz nədən ibarətdir?

- Regional məsələlər komitəsi bələdiyyələrlə bağlı həm yeni qanunların qəbul olunması, həm də mövcud qanunlara dəyişiklik edilməsi istiqamətində addımlar atır. Bu il bələdiyyələrin 20 yaşı tamam olur. Biz bəzən dünyanın inkişaf etmiş, 50, 60, 100 il tarixi olan bələdiyyələrlə Azərbaycan bələdiyyələrini müqayisə etmək istəyirik. Bu isə qeyri-mümkündür. Azərbaycanda bələdiyyə institutları formalaşmaqdadır. Günü-gündən görürük ki, onların daha yaxşı işləməsi üçün ciddi addımlar atılır. Məsələn, özünü doğrultmayan kiçik bələdiyyələr ötən seçkilərdə birləşdirildilər. Bu, daha yaxşı idi, çünki bununla onların büdcəsi daha da genişləndi. İstisna deyil ki, bu il keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində də bəzi bələdiyyələr birləşdirilsin.

Bəzən zamanı qabaqlamaq istəyirik. Bizim qardaş ölkə Türkiyədə bələdiyyələr ciddi layihələrə imza atır. Amma onların bələdiyyələrinin tarixinə də bir nəzər salmalıyıq.

- Belə fikirlər var ki, bələdiyyələrlə bağlı qanunların işləməməsinə səbəb yerli icra hakimiyyətlərinin müdaxiləsidir. Bizcə, bunun siz dediyiniz formalaşıb-formalaşmamaq məsələsilə əlaqəsi yoxdur. Hər halda süni əngəl varsa, bunu necə dəyərləndirəcəksiniz?

- Sizinlə tam razı deyiləm. Bunlar ümumi sözlərdir ki, icra başçıları bələdiyyələrə süni maneələr yaradılır. Bu ifadə özü düzgün deyil. Biz “bəzi icra başçıları” deyə bilərik. Əgər həqiqətən də belələri varsa...

Bütün icra başçılarının adını burada hallandırmaq düzgün deyil. Azərbaycanda bələdiyyələr tam müstəqil fəaliyyət göstərmək imkanına malikdirlər. Və fəaliyyət də göstərirlər. Sübut kimi təmsil olunduğum Ağdaş rayonundan götürə bilərəm.


- Bələdiyyə televiziyaları, bələdiyyə bağçaları, bələdiyyə məktəbləri olmalıdır. Sizə elə gəlmirmi bunların olmamasının səbəblərindən biri də bürokratik əngəllərdir?

- Bir bələdiyyənin uşaq bağçasının tikintisinə imkanı varsa və burada bürokratik əngəllər üzə çıxırsa, bunu ağlasığmaz hesab edirəm. İstənilən rayon rəhbəri istəyər ki, həmin rayonda uşaq bağçası tikilsin və problemlər aradan qaldırılsın.

- Bu ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda isə bələdiyyə seçkilərinə çox da böyük maraq yoxdur. Bunun səbəbləri nədir?

- Hər seçkiyə fərqli yanaşmaq lazımdır. Prezident seçkiləri, parlament seçkiləri, bələdiyyə seçkiləri – bunlar hamısı bir birindən fərqlənir. Burada söhbət ondan gedir ki, prezident seçkilərində namizədlər çox olmur. Parlament seçkilərində 125 dairədən deputat seçilir.

Bələdiyyə seçkiləri isə fərqlidir. Birinci üzvlər seçilir, sonra üzvlər sədri seçirlər. Burada isə çox sayda insan öz namizədliyini irəli sürə bilər. Bir məsələ də ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası istisna olmaqla, başqa partiyaların elə sosial bazası yoxdur ki, bələdiyyə seçkilərində aktiv iştirak etsinlər.

İkinci bir tərəfdən gəlin, lokal baxımdan nəzər yetirək. Fərz edək ki, bir kənddir. Bu kənddən müəyyən sayda üzvlər seçilməlidir. Və bu kənddən də bir neçə nəfər öz namizədliyini verib. Kənd də elədir ki, hamı bir-biri ilə qohumdur, hamı bir-birini tanıyır.  Bu məsələləri də nəzərə almaq lazımdır.

Bələdiyyə seçkilərinin sakit keçməyinin səbəblərindən biri də odur ki, müxalifətin sosial bazası yoxdur.

- Ağdaş qaraçıların kompakt yaşadığı rayonlardan biridir. Qaraçılarla bağlı bəzi problemlər hələ də qalır – qeydiyyat, məktəb məsələlərində. Problemləri necə ortadan götürmək olar?

- Onlar da şəxsiyyət vəsiqəsi alırlar. Onların məktəb problemləri yoxdur. İstənilən məktəbdə gedib təhsil ala bilərlər. Qaraçıların bəzi hallarda təhsildən yayınmasının səbəbləri özləri ilə bağlıdır. Ancaq onların hansısa bir məktəbə buraxılıb-buraxılmaması heç zaman gündəmdə olmayıb. Qaraçılar həm də seçicidirlər. Mənim ən çox səs aldığım yerlərdən biri də qaraçılar yaşadığı ərazilər idi.


- Niyə? Bunun heç təhlilini apardınızmı?

- Ümumiyyətlə yadımdadır ki, seçicilərin 85.6 faizi mənim lehimə səs vermişdilər. Cəmi 2 yaşayış məntəqəsində 60 faizdən az, 50 faizdən yuxarı səs toplamışdım.

- Ağdaşda qaraçılarla xüsusi bir dostluğunuz, əlaqələriniz olubmu?

- Rayonun bütün ictimai-siyasi məsələlərində qaraçıların ağsaqqallarının, sayılıb-seçilən şəxslərinin fəaliyyətindən yararlanmışıq.

- Ağdaş rayonunun icra başçısı yanında dini komissiyanın sədri olmusunuz.  Dindar da deyilsiniz, ibadətlə də məşğul olmursunuz. Bəs hansı xüsusiyyətlərinizə görə, sizi bu komissiyaya sədr təyin etmişdilər?

- Rayon icra hakimiyyəti başçılarının birinci müavinləri eyni zamanda dini komissiyanın sədri olur. Bunun xüsusi bir adı yoxdur.

- Dini komissiyalar nə işlər görür?

- Bunu dini komissiyaların sədrlərindən soruşsanız yaxşı olar.

- Hər halda icra başçısının müavini olmusunuz, ona görə bu sualı verdik.

- Dini komissiyaların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də əlaqələri var. Vaxtaşırı dini mərasimlərin təşkil olunmasında, müəyyən müzakirələrin aparılmasında böyük rola malikdir. Regionlarda Dini Komitənin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin, dini icmaların fəaliyyətini əlaqələndirmək üçün vahid güc lazımdır.

- Milli Məclisin ötənilki payız sessiyasında parlamentin Daxili  Nizamnaməsinə dəyişiklik edildi. Orada deputatların mandatdan məhrum edilməsi qaydalarında dəyişiklik oldu. Bəzi deputatlar isə bununla razılaşmadılar.

- Bu, hər bir millət vəkilinin şəxsi işidir və buna hörmətlə yanaşıram. Mən Nizamnaməyə dəyişiklik olunmasında qeyri-adi bir şey görmürəm. Qanunlara ən çox biz deputatlar riayət etməliyik ki, ətraf da baxıb nümunə götürsün.

- Bəs deputatlar qanunlara riayət edirmi?

- Gərək bu sualı hər bir deputata fərdi qaydada verəsiniz. Mən özüm isə çalışıram ki, nizam-intizamlı, nümunəvi olum, qanunlara riayət edim. Deputatların mütləq əksəriyyət də çalışır ki, nizam-intizamlı olsunlar və qanunlara əməl etsinlər.

- Cavid müəllim, mərkəzi icra hakimiyyətlərində hər hansı vəzifəyə təyin olunmağınızı gözləyirsinizmi?

- General olmaq istəməyən əsgər əsgər deyil. Mənə bu yaşımda partiyamız, seçicilərim tərəfindən etimad göstərilir. Mənə bu qiymət, bu dəyər verilib. Bu dövlətin sadiq əsgəriyəm. Dövlətə, millətə xidmət edirəm. Gələcəkdə məni harada görmək istəsələr, bu vəzifənin icrasının öhdəsindən gəlməyə çalışacağam. Bu, indiki statusumdan aşağı vəzifə də ola bilər, yuxarı da.


- Dünyada olduğu kimi, bizdə də varlı, orta və kasıb təbəqə var. Siz özünüzü daha çox hansı təbəqənin arasında rahat hiss edirsiniz?

- Mən özümü zəngin adam hesab edirəm. Nəyə görə? Burada söhbət maliyyə tərəfdən getmir. Mənim bu ölkənin ən böyük partiyasına mənsubiyyətim var. Milli Məclisin deputatıyam. Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədriyəm. Allaha şükürlər olsun ki, çox gözəl ailəm var. Böyük qızım universitetdə oxuyur, kiçik qızım isə 11-ci sinifdə. Xarici dil öyrənirlər. Yaxşı dostlarım var, münasibət qurmağı bacarıram, cəmiyyətin, xalqın içərisindəyəm. Bundan gözəl var-dövlət varmı?!

- Milli Məclisdə “parta yoldaşınız” Kəmaləddin Qafarovdur. Deputatlardan kiminlə dostluq əlaqəniz var?

- Kəmaləddin Qafarovla yaxşı münasibətim var.Yeni Azərbaycan Partiyasından seçilən millət vəkilləri ilə xoş münasibətdəyəm. Bitərəf və başqa partiyaları təmsil edən deputatlarla da yaxın münasibətdəyəm. Hamısı ilə çalışıram ki, yaxşı münasibət qurum.

- Cavid müəllim, hərbi xidmətdə olmusunuz?

- Xeyr, olmamışam.

- Nəyə görə?

- Səbəb yastıdabanlılıq idi.

- 1994-1997-ci illərdə Misirdə təhsil almısınız. Təhsil almaq üçün Avropa ölkələrindən birini niyə seçmədiniz?

- O zaman Avropa ölkələrinə göndərişlər bir o qədər də çox deyildi. 1994-cü ilin aprel ayında Misirə təhsil almağa getdim. Biz Təhsil Nazirliyinin xətti ilə getmişdik. Qahirə Universitetində ingilis dilində menecmentlik ixtisası üzrə təhsil almışam.

- Ərəb cəmiyyətinə inteqrasiya ola bildiniz?

- 3 il o cəmiyyətin içərisində yaşamışam.

- Ərəb dilini öyrəndiniz?

- O cəmiyyətdə yaşayırsansa, istər-istəməz məcbursan ki, onların dilində danışasan.

- Ümumiyyətlə, ən çox xoşunuza gələn dil hansıdır?

- Orta məktəbi rus bölməsində oxumuşam. Eyni zamanda Dövlət İdarəçilik Akademiyasında rus sektorunda təhsil almışam. Rus dilim mükəmməldir. İngilis dilini də bilirəm. Amma sizə deyim ki, ən gözəl dil Azərbaycan dilidir. Ən çox sevdiyim dil də Azərbaycan dilidir.

- Bu, hissi yanaşmadır, yoxsa ağlınızın süzgəcindən keçib?

- Hər halda bildiyim, mənə tanış olan dillər arasında müqayisə aparanda bu nəticəyə gəlirəm. Hər bir azərbaycanlı öz dilini, xalqını, ədəbiyyatını, musiqisini sevməlidir. Bunlar öz yerində. Amma tam səmimi deyirəm ki, ətrafında fırlandığım dillər içərisində ən çox sevdiyim Azərbaycan dilidir.


- 2019-cu il Azərbaycanda struktur islahatları ilə başladı. Daha hansı qurumlar birləşdirilə və ləğv edilə bilər?

- Cənab Prezident Nazirlər Kabinetinin iclasında belə bir mesaj verdi ki, bizə çevik, az adamla daha çox iş görmək lazımdır. Sonra məlum oldu ki, ləğv olunan qurumların işçiləri heç də kənarda qalmırlar. Prezident özü də bu yaxınlarda bildirdi ki, ixtisar olmamalıdır. Cənab Prezidentin də “az adamla çox iş görmək” mesajının mahiyyəti o deyildi ki, ixtisarlar olsun. Hər halda, yeni qurum formalaşandan sonra oradakı işçilərin sayına uyğun işlər görülməlidir.

- Parlamentdə çoxluq YAP-dadır. Elə bir şey ola bilərmi ki, digər YAP-çı deputat tərəfindən hər hansı qanun layihəsi irəli sürülsün və siz onun əleyhinə çıxasınız?

- Orada elə bir məqama toxunmaq lazımdır ki, o qanun layihəsi xalqımıza, dövlətimizə fayda versin. Yox, əgər fayda verməyəcəksə, təbii ki, onun əleyhinə olmaq lazımdır. Hər bir qanun layihəsində xalqı, dövləti, ölkəni düşünməliyik.

- Parlamentin plenar iclaslarında qanun layihələrinin müzakirələrində aktivlik etmirsiniz. Yəni, hamısı ilə razısınız deyə, danışmırsınız, yoxsa “susmaq da bir etirazdır” prinsipi ilə yanaşırsınız?

- Regional məsələlər komitəsinin iclaslarında çıxışlar edirəm, öz fikirlərimi bildirirəm. Plenar iclaslarda az çıxış etmək isə o demək deyil ki, sən o qanun layihəsindən razısan və ya narazısan.


- Cəmiyyətdə, sosial şəbəkələrdə danışmayan, çıxış etməyən deputatlara “lal deputat” epitetini yapışdırırlar. Bəs deputat mütləq danışmalıdırmı?

- Hər bir deputat konkret bir komitədə təmsil olunur. Deputatın funksiyasından biri də budur ki, o danışmalıdır. Hər bir deputat öz işini fərdi qaydada qurub. Mən kütləvi informasiya vasitələri ilə işləməyi daha çox sevirəm. Hər gün olmasa da, 2-3 gündən bir mətbuatda çıxışlar edirəm. Kimsə az danışırsa, bu, artıq onun şəxsi işidir.

- Dünya mediasını izləyirsinizmi?

 

- Mən çalışıram ki, informasiyaları televiziya vasitələri ilə alım. CNN-ə baxıram. Çalışıram ki, imkan dairəsində onlara qulaq asım. Saytları da izləyirəm. Əsasən, Rusiya mətbuatını oxuyuram.

- Azərbaycan müxalifətinin hazırki durumu hansı fazadadır?

- Hər bir ölkədə sağlam müxalifətin olması yaxşı bir haldır. Çox təəssüflər olsun ki, Azərbaycanda özlərini müxalifət adlandıranlar radikaldırlar. Dövlətə, xalqa xidmət etmək onların ağıllarının ucundan belə keçmir. Onların hakimiyyət dövrünü də görmüşük. Onların hakimiyyəti dövründə ölkədəki xaotik vəziyyəti, iqtisadi tənəzzülü, torpaqlarımızın 20 faizinin işğalını da görmüşük.

Mən 1992-ci ildə orta məktəbi bitirmişəm. 1990-cı illəri yaxşı xatırlayıram. Meydandakı, çağırışlar, mitinqlər, 20 Yanvar hadisələri, Milli Məclisin iclaslarını yaxşı xatırlayıram. Təsəvvür edin, Milli Məclisin iclasında deputat siqaret çəkirdi. Siqareti kresloya basırdı. Kimsə çıxıb “mən həmişə “Marlborro” çəkmişəm, indi də “Marlborro” çəkirəm” deyirdi. Kimisə çıxıb deyirdi ki, “Şuşa getsə, təpəmə güllə vurub özümü öldürərəm”.

Azərbaycana, Qafqaza aid bir xarakter var, kişi sözü deyilən bir şey var. Heç olmasa, buna əməl etmək lazımdır. Mən demirəm ki, kimsə özünü öldürsün, özünə nəsə etsin!

Siz, ölkəni, məmləkəti bu vəziyyətə saldınız, indi də durub təzədən xaotik vəziyyət yaratmaq istəyirsiniz! Mən təbii ki, bunu pisləyirəm. Azərbaycan xalqı da bunlara “yox” deyir. Artıq gənclərimiz də düzgün istiqamətdə böyüyürlər, onlara qarşı çıxırlar.

20 Yanvar hər bir azərbaycanlının qanlı yaddaş günüdür. 20 Yanvar müstəqilliyimizin başlanğıcıdır. 20 Yanvar günü durub Şəhidlər xiyabanında iğtişaş, qarşıdurma yaratmaq təkcə şəhidlərimizə deyil, Azərbaycan xalqına qarşı təhqirdir.

- Müxalifət mitinq keçirmək istəyir, YAP da buna müsbət yanaşmır, bu, təbiidir. Çünki fərqli siyasi qruplardır. Dünya ölkələrində də iqtidar və müxalifət arasında belə məsələlər mövcuddur. Amma hər mitinq olanda da, bunu xarici qüvvələrlə əlaqələndirmək, ölkədə sabitliyi pozmaq kimi qiymətləndirmək doğrudur?

- Əlbəttə doğrudur.

- Yəni heç kim heç nəyə etiraz etməsinmi?

- Etiraz etsin. Amma düzgün formada etiraz etsin. Bunlar isə iğtişaşlara dəvət edirlər, vətəndaş qarşıdurması yaratmaq istəyirlər. Niyə? Siz özünüz 1990-cı illərin əvvəllərində hakimiyyətdə olmusunuz və xalq da görüb ki, onu uçuruma aparırsınız. Biz bunları yaxşı bilirik. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycandan əsər-əlamət də qalmayacaqdı.


Bəs siz ey müxalifət, indi niyə qarşıdurma yaratmaq istəyirsiniz? Onlar ideoloji cəhətdən bu xalqa, bu dövlətə, bu vətənə xidmət etmək istəməyən adamlardır. Bunu deməkdən heç zaman qorxmamışam. Onlar neçə dəfə sübut ediblər ki, bəzi xarici qurumların, eyni zamanda erməni lobbisinin vəsaiti hesabına ölkəni anarxiyaya, xaosa aparmaq istəyirlər. Radikal müxalifətin missiyası ancaq bundan ibarətdir. Onların missiyası Azərbaycanı gözü götürməyən xarici havadarlarının sifarişi ilə ölkəni dağıtmaqdır. Buna isə Azərbaycan dövləti və xalqı heç zaman izin verməyəcək.

- Müxalifət də belə arqument irəli sürür ki, hakimiyyət bahalaşmaya getməklə və ya digər addımlar atmaqla ölkədə sosial narazılıq yaradır. Yəni, qarşı tərəfin də ittihamları var. Burada da məntiqli nəsə axtarmağa dəyməz?

- Onların yürütdüyü fikirlər hamısı absurddur. Hakimiyyətdə olmuşdunuz, o zaman bu ölkəyə nə verdiniz? Olan iqtisadiyyat dağıldı. 20 Yanvar hadisəsi, Xocalı faciəsi və digərləri... Ölkədə faktiki olaraq xaotik bir idarəetmə var idi. 1990-cı illərdə palatka toylarında 3 gündən bir palatka alınırdı. Çünki palatkaların üzəri deşik-deşik idi. Toylarda hərə bir tapança çıxarıb atəş açırdı. Saat 6-dan sonra küçəyə çıxmaq imkanı yox idi. İndi isə ölkə sabitdir, əmin-amanlıq hökm sürür. İşləyən adam üçün hər bir şərait yaradılıb. Təbii ki, nöqsansız cəmiyyət yoxdur. Əsl iş odur ki, nöqsanlar görülür və aradan qaldırılır.

Azərbaycan hakimiyyəti hər gün daha da şəffaflığa, yeni hədəflərə doğru addımlar atır. İndiki müxalifətin hakimiyyəti zamanında isə mənzərə fərqli idi axı! Nöqsan, arxasınca yenə nöqsan. Fərq budur!

Bu gün müxalifətçilər, həm də Azərbaycana məxsus dəyərlərin üzərindən də xətt çəkməklə məşğuldurlar.


- Gəlin, konkret danışaq. Kimlər və necə xətt çəkmək istəyir?

- Müxalifətin bir qolu Avropanın bəzi ölkələrindədir. Bu da bir daha sübut edir ki, onları himayə edən qüvvələr var. Orduxanları (Orduxan Teymurxan), Turalları (Tural Sadıqlı), Vidadiləri (Vidadi İsgəndərli) çıxıb, cənab Prezidenti, ayrı-ayrı məmurları təhqir etməklə, bizim dəyərləri pozmurlar?! Sosial şəbəkələrə bizim yaşlı nəsil də, uşaqlar da, yeniyetmələr də baxır. Hər halda onların fəaliyyətinə hüquqi qiymət veriləcək.

Orduxanlar da, Vidadilər də, Turallar da Azərbaycana ekstradisiya olunacaqlar. Orduxandan, Vidadidən, Turaldan qan analizləri də götürmək lazımdır ki, onlar həqiqətən azərbaycanlıdır yoxsa yox! Mən inanmıram ki, damarında təmiz azərbaycanlı qanı axan biri durub bu cür təhqirləri paylaşar. Axı bizim namus-qeyrət məsələlərimiz var.

- Televiziyalarımız necə, siz dediyiniz dəyərləri qoruyur?

- Sual vermək formanızdan deyə bilərəm ki, sizinlə razıyam. Təbii ki, orada təhqirlər olmur. Amma düşünürəm ki, şou verilişlərinə ciddi nəzarət edilməlidir. Bir də görürsən ki, kiməsə tövsiyə iqtidarı olmayan biri çıxıb televiziyada nədənsə danışır. Ailəsi olmayan ailə dəyərindən, sevgisi olmayan sevgidən, müğənni olmayan musiqidən danışır.

- Futbolu sevirsiniz. Digər idman növlərini də xoşlayırsınız?

- Mən məktəb vaxtı voleybol oynamışam. İki dəfə zona birinciliyində məktəbimizin komandası birinci yerə çıxmışdı. Arada stolüstü tennis oynayıram. Futbola baxmağı daha çox sevirəm. 29 yanvarda YAP-ın Ağdaş rayon təşkilatının yaranmasının 24-cü ili tamam oldu. Ondan bir gün əvvəl isə gənclərlə stolüstü tennis turniri keçirdik. Mən özüm də oynadım, amma dördüncü yerə çıxdım.

- Geyimlərdə yerli brendlərə üstünlük verirsiniz?
 

- Həm yerli, həm də xarici brendlərə.

- Qiymətinin çox baha olmasına fikir verirsiniz?

- Büdcəmə uyğun olanı alıram. İstəsəm də, çox bahalını ala bilmirəm.

- Qızınızın biri Qərbi Kaspi Universitetində təhsil alır, digəri isə 11-ci sinifdədir. Abituriyent qızınızın ixtisas seçiminə müdaxilə edəcəksiniz?

- Qızım ADA Universitetinə hazırlaşır. Mən övladlarımın planlarına hörmətlə yanaşıram. Hər iki övladımın hər ikisinə də inanıram. Gələcəkdə də, yəqin ki, magistraturanı xaricdə oxuyar.

- ADA Universitetində təhsil haqqı bahadır. O biri qızınız da özəl ali məktəbdə təhsil alır. Deputat maaşınızla sizə onların təhsil haqqını ödəmək çətin olmayacaq?

- Deputat maaşım kifayət edir ki, qızlarımın təhsilinə xərc çəkim. Mən ümumiyyətlə təhsilə sərmayə qoymaqdan çəkinmirəm. Çünki bu, onların gələcəyidir.

- Həyat yoldaşınız nə işlə məşğuldur?

- Mən 25 yaşımda evlənmişəm. Həyat yoldaşım məndən 5 yaş kiçikdir. Ağdaş rayonundandır. Özüm görmüşəm, özüm də bəyənmişəm, valideynlərim də qərarıma hörmətlə yanaşıblar. Sayılıb seçilən bir ailənin üzvüdür.

Atası həkim, anası müəllimdir. Həyat yoldaşım təhsillidir, özü də uşaq bağçasında işləyir.

- Sizin deputat seçilməyinizə razı idi?

- Mən toy edəndə axırıncı kursda oxuyurdum. Ondan sonra Yeni Azərbaycan Partiyasının üzvü oldum. Bir müddət sonra da həyat yoldaşım da hakim partiyanın üzvü oldu. Böyük qızım da YAP-ın üzvdür. Bu, qızımın öz istəyi ilə bağlı idi.

- Müsahibə boyunca dəyərlərdən danışdıq. Ailədə mühafizəkarsınız?

- Ailədə böyüməkdə olan gənclərimizə dəstək də vermək lazımdır. Onlarla fikirlərimiz üst-üstə düşməyə bilər. Hazırda gənclər informasiya texnologiyalarından da daha yaxşı istifadə edirlər. Amma mən ailə üzvlərimdən heç bir neqativ hərəkət görməmişəm. Mən onlara müəyyən çərçivələr daxilində sərbəstlik vermişəm.

- Milli Məclisin sədri Oqtay Əsədovla münasibətləriniz hansı formadadır?

- Oqtay müəllimlə işgüzar münasibətimiz var. Milli Məclisə gələnə kimi heç zaman onunla təmasda olmamışam.

 


Aqşin KƏRİMOV

Mirmahmud KAZIMOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Instagram”da yenidən problem yaranıb   17 İyul 2019, 00:44 İstanbula rekord sayda turist gəldi 17 İyul 2019, 00:26 Qazaxıstan Ukraynaya görə “Qazpromneft”lə əməkdaşlığı dayandırdı 17 İyul 2019, 00:09 Bu gecə ilin ikinci Ay tutulması olacaq 16 İyul 2019, 23:52 Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar” 16 İyul 2019, 23:43 “Həkimlər elə diaqnoz qoydular ki...” - Flora Kərimova 16 İyul 2019, 23:25 Onlarla ev su altında qaldı 16 İyul 2019, 23:08 Bərdədə iki qadını maşın vurdu 16 İyul 2019, 22:53 Avropa Komissiyasına yeni sədr seçildi 16 İyul 2019, 22:39 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı 16 İyul 2019, 22:18 Göyçayda gənc qadın özünü kanala atdı 16 İyul 2019, 22:04 “Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Quba və Xaçmaza infotur təşkil olunub 16 İyul 2019, 19:50 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı 16 İyul 2019, 18:45 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20