Arxiv
11 May 2019, 10:19 | REPORTAJ
Sirli tarixin nişangahı: “Əshabi Kəhf” ziyarəti... – Naxçıvandan REPORTAJ

Dünyanın yaranışından bu günə kimi insanlar bir-birinə inanaraq yola çıxıb, yol yoldaşı olub, ya sonunacan gediblər, ya da yarı yolda ayrılıblar. Yolları birləşib qət edənlərin mənzili ona görə uzaq olub ki, bir-birinə inanıblar. Bu inanmalardan da inanc yerləri yaranıb. Bəxtəvər və Tanrının sevdiyi o kəsdir ki, əhdinə, sözünə etibarlı ola, yolu başladığı insanla sona qədər getməyi bacara.


Söhbətimi  yoldan və inancdan ona görə başladım ki, bu dəfə çıxdığımız yolda inanc yerimiz, inandığımız yol var idi.

Yolçuluğum tarixi qədim, adı qədim Naxçıvan şəhərinədir.  Yol yoldaşım 2016-cı  ilin aprel ayında  vətən torpaqlarını qoruyarkən şəhid olan  polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova ilə “Əshabi Kəhf” mağarasına ziyarətə edəcək, həm də şəhid ailələrini baş çəkəcəkdik.


Heydər Əliyev Beynəlxalq Aeroportunda  qeydiyyatdan keçib, təyyarəmizi gözləyirik. Nəzərimi ilk növbədə yaşlı qadınlar, qoca kişilər, əlil arabasında olanlar cəlb etdi. Dərindən ah çəkib “Allah erməninin, onun havadarlarının evini yıxsın ki, bu yaşda insanlarımız öz doğma yurdlarına rahat gedib-gələ bilmirlər”- dedim. Yəqin ki, bu qoca və yaşlıların arasında eləsi var idi ki, yüksəkliyə qalxmaq, təyyarə ilə uçmaq  səhhətinə mənfi təsir göstərirdi. Amma neyləsin, əlacsızlıqdan bir yola möhtac qalmışdılar.

... Təyyarəmiz 45 dəqiqədən sonra, səhər saat 9.00-da Naxçıvanda eniş etdi.  Naxçıvan hava limanından çölə çıxanda nəzərim sarı rəngli taksilərə sataşdı. Lakin qabağımıza qaçıb kobudcasına “hara gedirsən, gəl mənim maşınıma, aparım... ucuz aparacağam... eh getmirsən getmə...”-  deyib, əlini yelləyən bir nəfərə də rast gəlmədik. Sanki bu taksilər pultla idarə olunurdu.  Maraq üçün bir taksiyə yaxınlaşdım. Ağsaqqal sürücüyə ehtiramla salam verdim,  “Əshabi Kəhf”ə neçəyə apara biləcəyini soruşdum.  Qiymətini dedi. Yəni Bakıda olan taksi sürücülərindən fərqli olaraq, əlavə heç bir bir sual da vermədi.


Sürücüdən ayrılıb bizi qarşılayan Əfqanın maşınına əyləşdik. Yazın nəfəsi təbiəti oyadıb.  Diqqətimi yol boyu günəşin zərrin  və ilıq şəfəqləri altında torpağın altından oğrun-oğrun baş qaldıran  yamyaşıl otlar çəkir. Təbiət nazlı gəlin kimi yaşıllanmaqdadır. Arada bir çiçəkləyən ağaclar da gözə dəyir.  Yollar abad, küçələr təmiz, əsl Novruz havası duyulur.  Belə təmiz küçələri, bağça-bağları adətən Özbəkistanda görərdim. Mart ayının 2-dən etibarən  bütün məhəllələrdə, mikrorayonlarda ümumi iməcliklər başlanar, insanlar könüllü şəkildə yaşadıqları əraziləri təmizləyib, ətrafı gülə-çiçəyə döndərərdilər. Nədənsə yaşadığım Bakıda, Sumqayıtda bu adət unudulub. Hamı belə hesab edir ki, küçəyə atdığı zibili süpürgəçilər təmizləməlidir.  Ən azı evimizin beş addımlığında olan Bayıl dairəsindən, 20-ci sahədən keçərkən, hər gün buradakı çirkab dolu yolları görəndə, Daşkəndi hər gün xatırlayıram. Və özüm özümə sual verirəm: “Niyə bizim insanlar hər şeyi dövlətdən istəyir. Axı məhəlləni təmiz saxlaya bilmirsənsə, buna dövlət nə etsin?”. Pişik pişikliyi ilə yatdığı yeri təmizləyir, insanlarımız isə başqalaşıb... Elə bil ki, təbiətə, ətrafa ziyan vurmaqdan zövq alırlar. 

Naxçıvandakı  abadlıq və təmizliyə heyranlığımı özlüyümdə mərhum prezidnet İslam Kərimovun “Abadlıq könüldən başlayır “ – fikri ilə təsdiqləyirəm..

Təxminən 20 dəqiqədən sonra “Əshabi Kəhf” dağının ətəyinə çatmışdıq. Nəcibə Axundovanın xoş bir niyyəti var idi. O niyyətinə görə bu ziyarətgaha qurban boyun olmuşdı.  Qurbangah deyilən yerdə dayandıq. Qurbanımızı kəsdirib, ziyarətgahın ətəyinə gəldik. Gördüyüm mənzərədən yenə könlüm açıldı. Hər tərəf admın üzünə gülür.  Bu həmin “Əshabi Kəhf”dir ki, müsəlmanların inandığı “Qurani Kərim”də adı çəkilirdi. Bir çox araşdırmaçı  alimlər  öz əsərlərində təsdiq ediblər ki, bütün əlamətləri ilə Naxçıvandakı «Əshabi-Kəhf»  Quranda göstəriləndir. Baxmayaraq ki, dünyanın daha 3 ölkəsində – İordaniya, Hindistan, Türkiyədə “Əshabi-Kəhf” mövcuddur.



Mən hər zaman sirli daşlara,  sinəsində tarix yaşadan dağlara xüsusui məhəbbət və maraq göstərmişəm. Görünüşü, duruşu, yaratdığı mənzərəsi, üstündəki yazısı ilə hər zaman könlümü oxşayıb bu daşlar. Daşlara zikr edib, Tanrıya şükr etmişəm.


“Əshabi Kəhf”in ətəyində dayanada elə bilirsən ki, dağın ətrafındakı silsilə sıldırımların hərəsi bir insandır ki, daşa dönüblər. İnsanların inancına səbəb də  həmin bu daşa dönmüş siluetlərin yaratdığı mənzərələrdir. Çox səliqəli-səhmanlı pilləkənlərlə aram-aram, yavaş-yavaş üzü yuxarı qalxırıq.  Bizimlə üz-üzə gələn , yuxarıdan aşğı enən ziyarətçilərə “Ziyarətiniz qəbul olsun, niyyətləriniz çin olsun”- deyirik. Bəzisi bu təbrkimizi gözləmədiyindən səksənir, bəziləri isə gülümsəyir, alqış edib, keçi keçirlər.

Beləcə, namazgahın yanından keçib Damcılı mağaraya yetişirik. İnsanı yaşadan inancı, insanı yaşadan sevdikləridir. Burada oturub Tanrıdan, Allahdan diləklərinin hasil olmasını, niyyətlərinin yerinə yetirilməsini istəyən inanları ziyarətgah hesab etdikləri məkana sevgiləri və inancları gətirib. Qəfildən bir səs eşidirəm, elə bil ki, yağış damçılayır Nəcibə xanımın başına. Bayaqdan fikir vermişəm, kimsənin başına belə dolu kimi yağmamışdı nur damcılar. Sevinirəm. İnanca  görə, kimin ki, başına  dağın o yüksək tavanından damcı düşdüsə, niyyəti hasil olacaq. Əlləri göydə asılı qalıb, şəhidimiz Sənan Axundovun həyat yoldaşının, atasız qalan iki balasının gələcəyi üçün, ali məktəbə hazırlaşan oğlu Tahir üçün narahatdır. Onların sağlam və xoşbəxt olmaları üçün dua-alqış edir yəqin ki...


Mən də əllərimi göyə açıb Tanrımdan bir balama, dostlarıma, doğmalarıma, məni sevənlərə, sevməyənlərə, əsgərlərimizə, Vətənimizə, Prezidentimizə cansağlığı arzu edir, niyyət tuturam... Şəhidlərimizin ruhuna dua oxuyuram, bu məbədi, ocağı qoruyanların ruhuna və sağlığına rəhmət oxuyuram. Fikirmdən bu sözləri də keçirirəm: “Ey uca Tanrım, mənim xoş niyyətimi pisə yozamaq istəyənlərin başını özünə qarışdır, gözlərini bağla ki, öz işləri ilə məşğul olsunlar, dostlarıma, sevdiklərimə ziyan yetirməsinlər. Onları o qədər varlandır ki, kimsənin əleyhinə getməsinlər, gözləri doysun, bu Vətənin qanını sovurmasınlar, məzlumlarla işləri olmasın, haqqa gəlsinlər”.

Mağaranın içərisindəki  insan yaşamış oyuqlar, kəsici alətlərlə açılan cığırlar, sınan və yonulan daşlar sirli bir tarixdən xəbər verir. Diqqətlə baxanda görürsən ki,  mağaranın divarlarında qədim ocaq yerləri, tüstü yerləri qalmaqdadır. Bir daha əmin olursan ki, bura qədim insan məskənidir. Əlimə götürüb baxdığım daşların çoxusu isə vulkanik dağ süxurlarıdır.  Fikirləşirəm ki,  demək uzun əsrlər bundan əvvəl  insanların yaşayış yeri, gizlin mağarası, bəlkə də qalası olan bu məkan, nə zamansa vulkanik püskürmə nəticəsində yaranıb. Çünki buradakı dağ yamacları, püskürmədən sonra yaranan dağ silsilələri və divarlarını xatırladır.

Üzü yuxarı çıxdıqca, fikrim məni bir az da uzaqlara aparır. Naxçıvanın müqəddəs məkan olduğuna bir daha inanıram. Burada maddi mədəniyyətimizi saxlayan və yaşadan bir çox tarixi abidələrin olduğundan xəbərdaram. Naxçıvan o yerdir ki, Əlincə qalası ilə müdafiədə dayanıb. 7 dünya hökmdarı Əmir Teymurun Azərbaycana olan hücumlarında Əlincə qalasının adı mübarizlik rəzmi kimi hallanır. Əmir Teymur bu qalanı 14 il ərzində döyüşlə ələ keçirə bilməyib. Onun 1399-cu ildə Hindistandan qayıdışından sonra qalada artıq  kimsə qalmadığından,  14 il sonra fateh Teymur qalanı heç bir müqavimətsiz tutur və bu qalanın əzəmətinə heyran olur.

Kimləri heyran qoymadı ki, bu müqəddəs  türk yurdu, bu sirli və inanclı  yollar. Ulu ruhların, ulu övliyaların, xaqanların ruhu burada dünyaya gələn Heydər Əliyevi də müasir fatehimiz etmədimi?! Bir də ki, türk ellərinin ağsaqqalı və lideri Nursultan Nazarbayev keçir fikrimdən. Məhz bu türk yurdunda, milli maddi türk irsini yadigar saxlayan cəngavərlər məkanındakı görüşlərinin birində türk birliyinin yaranması təşəbbüsünü irəli sürmüş, buradan qayıtdıqdan dərhal sonra Beynəlxalq Türk Akademiyasını təsis etmişdi. Türkçülüyün məkanında Türk adına fərman verilmişdi. Bu da Tanrının  bir yazısı, qismətidir. Ruhları bu daşların başı üstündə  fırlanan xaqanların,  bilgələrin  yarımçıq qalan arzularının həyata keçirilməsi üçün verilən bir fərman idi. Təsadüfdən deyil, zərurətdən yarandı.



Bir də onda ayıldım ki, ruhum tənimdən uçub gedib. Fikrim haralardaydı, gözümlə gördüyüm nə oldu, - deyim siz də bilin: pilləkənlərlə üzü yuxarı Cənnət bağı deyilən hissəyə çıxdığımız yerdə gözümə bir ağac sataşdı.  Bu yüksək dağın ortasında, daşların arasında bir ağac çiçəkləmiş, budaqlarına ziyarətə gəlib-getmişlər sarğılar hörüb, yaylıqlar bağlamış, niyyət tutmuşlar. Belə dilək ağaclarına bütün türk yurdlarında rast gəlmək mümkündür. Bu adət-ənənin günümüzə kimi yaşaması, onu deməyə əsas verir ki, qalada bərəqrar olan bütün inanclar  və həyata keçirilən ayinlər başqa bir dinə deyil, qədim türklərin inanclar sisteminə, təbiət kultuna aiddir. Bir daha əmin olursan ki,  “Əshabi-Kəhf” fiziki təmizlik, ruhu paklıq halında olan insanın Tanrıya yönəldiyi ali məqamıdır. Bu qala, mağara qədim türklərin ata ocağı, yaşayış məskəni olaraq da müqəddəs məkan sayıla bilər.  Ona da inandım ki, qala- mağaranın üstündəki açıq tavandan  səmaya uzanan yol da qalanın içərisindən  enerji aparıb-gətirməyə xidmət edir. Yəqin ki, paklanmaq da bu səbədən baş verir. Burada olarkən bir maraqlı məqam da diqqətimizdən yayınmadı. Dopdolu olan fotoaparat və telefonlarımızın enerjisi bir saatın içərisində tükənmişdi.  Nədən belə olmasını isə yəqin ki, fiziklər və teoloqlar izah edə bilərlər.


Birinci ziyarətimizi sona yetirib, ikinci ziyarətgahımıza gedirik. Bu dəfəki ziyarətgahımız şəhid qapısıdır. 


Qabil Orucəliyevin evinədir yolumuz. Geniş və işıqlı yollarla hərəkət etdikcə, yaddaşımı vərəqləyirəm. Qabil Orucəliyevin evinə aparan yolları tanıyıram.  İnternetdən dəfələrlə izlədiyimdən yadımda qalıb.  O təlatümlü günlərdə Azərbaycanın adına Qalibiyyət gətirən şəhidlərimizi bu küçədə qarşılamışdılar. İndi bizim maşınla şütüdüyümüz küçələr  insanlar  və avtomobillərlə dolu idi. Şəhidləri dəfn edəndə “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Şəhidlər bizim baş tacımızdır!”  şüarları ilə min bir vəd verib, söz deyirdilər.


İslam Səfərli küçəsindəki dalanın qapısında şəhidin qardaşı 14 yaşlı  İsa ilə qarşılaşdıq. Şəhidin evini soruşduq. Dedi ki, bizim evimizdir, keçin içəri. Sürücü bizi ünvana düz gətirmişdi. Burada  təəccüblü də heç nə yoxdur. Qabil Orucəliyevin evini hamı tanıyır.
Şəhidin anası Nuriyyə xanım xoş bir təbəssümlə bizi evə dəvət etdi. Və birdən məni tanıdı. Yenidən sevinclə bağrına basıb öpdü, ikimizin də gözlərimiz doldu.  Qadın bilmirdi ki, sevincini necə büruzə versin. Şəhidimiz Sənan Axundovun həyat yoldaşını ona təqdim edib deyirəm ki, həm şəhid yoldaşıdır, həm də Bakıdakı 45 saylı məktəbin direktorudur. Çay süfrəsi açılır. Olub keçəndən danışırıq. Gileylənir, sızlayır, kövrəlir ana. Deyir ki, Naxçıvanda Bakıdakı kimi deyil, Bakıda şəhid ailələrini tez-tez yada salırlar.

“Burada bizim qapımızı açan yoxdur. Şəhid ailəsi adına olan imtiyazları alırıq, lakin unudulmaq istəmirik. İstəyirik ki, bizim də qapımız açılsın, bizdən də xəbər tutan olsun”.
Sonra oğlu Qabil Orucəliyevdən danışır. Otağın hər yeri Qabilin şəkilləri və portretləri ilə bəzənib. Ana bəlkə də yüzüncü dəfə, yenə də oğlundan danışır, həlak olduğu günə qədər onu böyütdüyü, zabit mənsəbinə çatdırdığı, toyunu etdiyi, gəlinini gətirdiyi xatirələrini bölüşür. Gözünün yaşı da ki, dayanmır ki, dayanmır.


Birdən o biri otaqdan uşaq səsi gəlir. İsa cəld ora qaçıb, balaca Qabili gətirir. İşıq kimi yanır uşağın üzü. Elə bil ki, şəkillərdən bizə baxan qaragözlü Qabilin özüdür.. Atası şəhid olmazdan 3 gün əvvəl dünyaya gəlmiş Qabildir. Mən deyə bilmərəm, Qabil sağ olsaydı oğlunun adını nə qoyacaqdı? Ancaq  indi oğlu onun adını yaşadır. Nuriyyə ana deyir ki, sanki Qabili təzədən böyüdür. Uşaq təkcə görünüşü ilə deyil, bütün xasiyyəti ilə atasına bənzəyir. Bir azdan Qabilin həyat yoldaşı Tükəzban da gəlir. Qayınanası deyir ki, gəlin çox özünə qapanıb. Hələ də dərddən başı açılmır. Tükəzban qırmızı diplomlu pedaqoqdur. Nəcibə xanım ona  iş barəsində tövsiyələrini verir. 


Nuriyyə xanım bir gecəlik qonaq olmağımız üçün and-aman edir, deyirik ki, hələ bir ziyarətgahımız da var, şəhid Rasim Məmmədovun anasına baş çəkməliyik.



Rasim Məmmədovun dünyaya gəldiyi Cəhriyə getdiyimiz yolda Nəcibə xanım, hərbiləşdirilmiş bir park görürür. Sürücüdən xahiş edir ki, orada dayansın. Düşüb bu açıq səma altındakı  parka keçmək üçün icazə istəməyə adam axtarırıq. Kimsə yoxdur. Uzaqdan əlində “ratsiya” olan bir əsgər gəlir. Məlum olur ki, Azərbaycan Ordusuna məxsus olan  silahlar və hərbi zirehli maşınlar gecə-gündüz açıq səma altında nümayiş üçün qoyulub. Hər kəs də gedb çox yaxından bu silahlara baxa, zirehli maşınlarda otura bilər. İnsanların belə rahat bir şəkildə gəlib parkda gəzib, heç bir ziyan vurmaması da bizi təəccüləndirir. Çox rahat şəkildə helikopterin, uzaq mənzili vuran silahların yanında şəkillər çəkdiririk. Yanımızdakı sürücü deyir ki, Naxçıvanda kimsə dövlət malına ziyan vurmur. Hər kəs bilir ki, nəyisə dağıtmaq, sındırmaq cinayətdir, insanlar ən xırda hərəkətlərinə də fikir verir, birgəyaşayış, ictimai asayiş qaydalarına yüksək səviyyədə əməl edirlər. Bütün bu gördüklərimizdən ürəyimiz fərəhlə dolur. Demək ki, yüksək  idarəçilik, dəmir əl olan yerdə, intizam da olur. Açıq səma altında belə bir muzeyə gəlib baxan  məktəbli, tələbə, fəhlə, professor, xarici qonaq bir daha Azərbaycan Ordusunun gücünü, qüdrətini hiss edib, məğrurluq, fəxarət keçirir. 


...Yağış yağır. İşıqlı və şüşə kimi asfalt yollarla Cəhri kəndinə, Əbdül Məmmədovun qapısına çatırıq.  Göy darvazanı şəhid Rasim Məmmədovun qardaşı Şahin açır. “Ana Bakıdan qonaqlarımız gəlib”- deyir. Bizi evə aparır. Bu zaman Nazilə bibi çıxır çölə. Hər birimizlə görüşür, əsl azərbaycanlı qonaqpərvərliyi ilə bizi evin yuxarı başına keçirir. Bu evin də divarlarını Azərbaycan Ordusunun iki hərbçisi - Əbdül Məmmədov və onun  aprel döyüşlərində Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş oğlu Rasim Məmmədovun portretləri bəzəyir. Anaya özümü təqdim edirəm. Tutulub yerində qalır. Naxçıvan ləhcəsi ilə: “Bə niyə belə gəldin? Sən mənə telefonda demişdin ki, gəlişini xəbər verəcəksən...”- deyib, bir daha boynuma sarılır. “Bala, sənə qurban olum nə yaxşı ki, gəldin... Sən axı Rasimin adına gəlmisən, mən gərək sənin üçün hazırlıq görəydim, Rasimin adına yaraşan süfrə açaydım”-deyir və ağlayır.  



“Qalibiyyət: şəhidlər və şahidlər” ikicildlik  kitabını yazanda Naxçıvana getməyə vaxt tapmadım, Nazilə bibi ilə telefonla danışıb, müsahibə almışdım. Ona söz vermişdim ki, nə zaman Naxçıvana yolum düşsə,  gəlib əlini öpəcək, ocağını  ziyarət edəcəyəm.


Nazilə ana bu kənddə böyük hörmətə malik olan  hərbçi  zabit Əbdül Məmmədovun həyat yoldaşı olub.  Əbdül Məmmədov Naxçıvan şəhəri ermənilərlə üzbəüz döyüşlərdə dayanan gündən Naxçıvanın sərhəd dağlarında  yaratdığı könüllü batalyonu ilə Vətənini qoruyub, müdafiə edib,  günlərin bir günü də ağır yaralanıb, 4 oğul atası o ağır yaradan sonra 24 il yataq xəstəsi olub.  Hərəkət qabiliyyəti olmayan kişiyə  Nazilə bibi də oğlanlarının köməkliyi ilə xidmət edib,  Əbdül kişinin başına dolanıb, qayğısını çəkib. Oğlu  mayor Rasim Məmmədovun tabutu bu həyətə gətiriləndən 24 gün sonra isə, “Daha deməyə söz də qalmayıb”- deyib, gözlərini yumub. Onu aparıb oğlunun yanında, ən uca dağ zirvəzindəki qəbiristanlıqda dəfn ediblər.


Nazilə bibi biləndə ki, onun ziyarətinə gələn Nəcibə xanımın həyat yoldaşı da şəhiddir, onu qucaqlayıb bir də bağrına basdı və dedi: “Bala, bizim dərdimiz eynidir, məni sən, səni də mən anlaram, gələn ayaqlarına qurban olum, nə yaxşı durub buraya gəldin...”.


Deyirəm ki, ay bibi, hər bir şəhid evi ziyarətgahdır. Bizim də borcumuz o  ziyarətgahları gəzib, mənəvi rahatlıq tapmaqdır. “Bakıdan gələn qonaqlar”... deyib, fikrə gedir ana. “Hə, ay bala, bizi unudublar, kimsə qapımızı açmır. Kimsənin yadına düşmürük. Buralarda o Bakıdakı, Şəmkirdəki kimi tədbirlər keçirilmir. Heç kəndimizin şəhidlərinin şəklini vurmaq üçün  bir lövhə də asmağa icazə vermədilər. Bu şəhidləri ildönümündə, bayram günlərində, tarixi günlərdə yad etsələr, Allaha da xoş gedər, o şəhidlərin də ruhu rahat olar”.

...Gecə saat 23.00-da Məmmədovlar ailəsi ilə vidalaşıb Bakıya dönmək üçün aeroporta qayıdırıq.


Naxçıvandan yaddaşımda  işıq selində bərq vuran aeroport, təmiz küçələr, mehriban insanlar qalır. Bazardakı insanların mədəni davranışı, çəkidə, qiymətdə halallıq kimi keyfiyyətlərin qorunub saxlanması.., bizim böyük şəhərlərimizdə unudulan adətlər burada yaşayır.


Naxçıvanın tərifini yazmaq keçir könlümdən. Bu o Naxçıvandır ki, 1988-ci ildən dünyadan  təcrid olunmuş şəraitdə yaşayır. Bu o Naxçıvandır ki, düşmənə baş əymir. Dörd bir tərəfi düşmən əhatəsində olsa da, başını dik tutub, mərd dayanıb.  25 ildir ki, sınmır, əyilmir. Bu qədər təcridin içərisində şəhər də, insanları da yaşayırlar, işləyirlər, bu müqddəs yurdu abadlaşdırıb, gözəlləşdirirlər. Dünyadan təcrid olunmuş Naxçıvan şəhərində iş yerlərinin azlığı, insanların çoxsunun kasıb yaşaması da bu səbəbdəndir.  Əldə olan az vəsait və imkanlarla şəhərin belə işıqlı və abad olması, düşəmənə vurulan şillədir. Naxçıvanın insanları qanuna riayət etməklə, həm də bu yurdun uca dağları kimi mərd dayanıblar.

 
Ürəyimi ağrıdan məsələlərdən biri də yolsuzluqdur. Əfsuslar olsun ki, bu yolsuzluqdan bütün  bölgə əziyyət çəkir. Bölgəni paytaxta bağlayan bir hava yolu var, o da ki od bahasına. Daha bu təyyarənin  “naçalniki” Cahangir Əsgərov fikirləşmir ki, axı Naxçıvanda elə adam var ki, illərlə Bakıda, Şəkidə, Şamaxıda, Sumqayıtda yaşayan əzizinin üzünü görmür, xeyrində-şərində iştirak edə bilmir.  Çünki  təyyarə biletləri çox bahadır. Mühasirədə olan bölgəyə təyyarə işlədəndə, onun iqtisadi potensialını, hər bir vətəndaşını, sakinini nəzərə almalısan.   Bilməyənlər üçün deyim ki, Bakıdan Naxçıvana  “ekonom klass” uçuş biletinin qiyməti 50 manatdır. Geri qayıtmaq da həmçinin. Deməli gediş-gəliş bileti edir 100 manat. Axı burada elə ailə var ki, iş yeri olmadığından o 25 ildir ki, ayda 100 manatı qazanmaq üçün min bir əziyyət çəkir.  Düşmənlə üz-üzə dayanıb, gecə-gündüz sərhədlərimizi qoruyan bir şəhərin də insanlarına belə zülm edərlərmi? Bu bahalığında da bilet olarmı? Naxçıvan kimi, mühasirədə olan bir şəhərin insanları üçün təyyarə bileti çox güzəştli, sərnişin daşınması isə  dotasiya ilə olmalıdır. Yaxşı, Azərbyacanın buraya qonaq qismində gələn vətəndaşlarını nəzərə almırsınız, olsun. Barı Naxçıvan qeydiyyatı olanlar üçün təyyarə biletini simvolik olaraq 10 manat edin ki, burada yaşayan insanlar da qohum-əqrabalarının xeyir-şərinə gedib-gələ bilsinlər. Axı youn olmaması, sərhədlərin mühasirədə olması Naxçıvanın sakinlərinin günahı üzündən deyil, bu siyasi məsələdir. Siyasi məsələlərin düyünündə və həllində adi insanların maraqları üzərindən bazar qurmaq qəbuledilməzdir.


Naxçıvan bu gün Azərbaycanın qeyrət qalasıdır. Bu qeyrət qalasını içəridə  dayanıb qoruyanlar, quranlar var. Burada mənəviyyat məsələləri, ailə namusu çox dəyərlidir. Hətta milli-mədəni dəyərlərimiz belə burada daha ismətlə qorunur, qanunla tənzimlənir. Az qala bir çox bölgələrimizdə  qırmızı kitaba düşəcək abir-həya, ailə-məişət münasibətləri çox incəliklə, həya –abırla  tənzimlənir. Buna görə də bölgədə boşanmaların sayı da çox azdır. Buradakı bəzi ailələrin bircə problemi olur, işsizlik, çətin dolanışıq. Onun da səbəbi Naxçıvan qalasının mühasirədə olmasıdır.

Dəyərli oxucularım! Yazımın əvvəlində yazdığım fikrimi sonuna da əlavə edirəm və deyirəm ki, dünyanın yaranışından bu günə qədər insanlar bir-birinə inanaraq yola çıxıb, yol yoldaşı olub, yolu ya sonunacan gediblər, ya da yarı yolda ayrılıblar. Yolları birləşib qət edənlərin mənzili ona görə uzaq olub ki, bir-birinə inanıblar. Naxçıvanda insanlar bir Tanrıya, bir haqqa, bir də dövlətə inanırlar. Və çalışırlar ki, qanunu pozmasınlar. Qanunu pozmayıb, ona əməl edəndə isə şəhərin və məmləkətin Nəqşi Cahan olur.

 

Aida Eyvazlı

Bakı-Naxçıvan-Bakı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36 Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib  18 İyun 2019, 15:35 Sumqayıtın gələcəyini irəlicədən görən rəssam... 18 İyun 2019, 15:25 Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü 18 İyun 2019, 15:21 Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ 18 İyun 2019, 15:18 Avropa Birliyi Kiprə görə Türkiyə ilə danışıqları dondura bilər 18 İyun 2019, 15:15 Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir   18 İyun 2019, 15:09 Polis işçisi intihar etdi 18 İyun 2019, 14:29 Beynəlxalq təşkilat Bakıda mərkəz açmaq istəyir 18 İyun 2019, 14:21 Azərbaycana Çindən turist axını gözlənilir - RƏSMİ 18 İyun 2019, 14:13 Ağstafadakı dəhşətli güllələnmənin görüntüsü yayıldı - VİDEO 18 İyun 2019, 14:11 Qarabağda erməni hərbçi öldü 18 İyun 2019, 14:08 Rayonlarda nə qədər taxıl biçilib? - CƏDVƏL 18 İyun 2019, 14:02 Ümumdünya Turizm Təşkilatının Bakı sessiyasında bir ilk YAŞANDI 18 İyun 2019, 13:54 Qarabağ həqiqətləri ilə bağlı film İsveçdə nümayiş olunacaq 18 İyun 2019, 13:53 Bakı-Məşhəd marşrutu üzrə razılıq əldə olundu 18 İyun 2019, 13:42 Deputat sığorta şirkətlərini ittiham etdi 18 İyun 2019, 13:37 Hərrac keçirildi - manatın məzənnəsi formalaşdı 18 İyun 2019, 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 18 İyun 2019, 12:50 UEFA-nın eks-prezidenti Mişel Platini həbs olundu 18 İyun 2019, 12:44 Bakıda qadını şəkillərilə şantaj edən kişi tutuldu 18 İyun 2019, 12:37 Bakı-Qazax yolunda 3 hindistanlı ölüb - DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı 18 İyun 2019, 12:26 “Qarabağ” radikalizmə “yox” deyir 18 İyun 2019, 12:19 Metro yay qrafikinə keçir - Qatar sayı azalır, interval artır 18 İyun 2019, 12:10 Daha 687 şəhidin vərəsəsinə ödəmə veriləcək 18 İyun 2019, 12:05 “Şəhid mayor mənim əmrimi icra edib” – Zakir Həsənov 18 İyun 2019, 12:04 Adı gözəl, özü gözəl… 18 İyun 2019, 11:54