Arxiv
9 İyul 2019, 09:18 | MÜSAHİBƏ
Kanadada məskunlaşan azərbaycanlı professor - Nəvəsinə Azərbaycan vətəndaşlığı almaq istəyir - MÜSAHİBƏ

Rauf İsrafilov: "Burada çalışan azərbaycanlılar batmır və mütləq məqsədlərinə çatırlar"

 

14 il Kanadada yaşamağına baxmayaraq, qanıyla, canıyla Azərbaycan türküdür. Deyir, bu illər ərzində Kanada üçün çalışsa da, kanadalı ola bilməyib. Elə buna görə Kanadanın Raptors basketbol komandası ABŞ-dan qalibiyyətlə qayıdanda insanlar sevincindən küçələrə tökülüşsə də, onun ürəyindən heç bir hiss keçməyib. Azərbaycanda “Qarabağ” komandası udanda isə sevincinin həddi-hüdudu olmur. Kanada vətəndaşı olan 4 yaşlı nəvəsinin Azərbaycan vətəndaşlığı almasını səbirsizliklə gözləyir...

Modern.az saytı Kanadada yaşayan azərbaycanlı jurnalist Lalə Musaqızının Torontoda fəaliyyət göstərən TESOC Çoxmədəniyyətli Məskunlaşma Xidmətinin baş mütəxəssisi Rauf İsrafilovdan alığı müsahibəni təqdim edir.

R.İsrafilovun çalışdığı bu təşkilat Kanada Dövlətinin İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi (IRCC) tərəfindən maliyyələşdirilir.

Qeyd edim ki, müsahibimiz bir müddət Bakı Dövlət Universitetində geologiya fakültəsində mühazirələr deyib. Amma bütün iş fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda keçib. 1978 ildə ora baş laborant vəzifəsinə qəbul edilib və son vəzifəsi geoekologiya departamentinin rəhbəri olub.

 

- Rauf müəllim, əvvəlcə sizi yaxından tanıyaq...

-  1956-cı ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışam. Rəhmətlik atam professor olub anam isə 40 ildən artıq Azərbaycan Dövlət Universitetdə baş müəllim vəzifəsində (fransız dili müəllimi - R.İ.) çalışıb. Mən aspiranturanı Moskvada bitirmişəm və elmlər namizədi dərəcəsini orada almışam, Gürcüstanda müdafiə edərək elmlər doktoru olmuşam, hidrogeologiya sahəsində professoram.

Fullbrayt proqramı - aparıcı alimlərin mübadiləsi proqramı çərçivəsində  Amerika Dövlət Departamentinin dəvəti ilə bir il Cənubi Florida Universitetində aparıcı elmi işci vəzifəsində çalışmışam. Amerikada imtahan verib hidrogeoloq kimi peşəmi təsdiqləyən lisenziya almışam. Bundan başqa, qazandığım qrantla bir ay İngiltərədə çalışmışam.

2001-ci ildən alim kimi NATO-nun Sülh Naminə Elmi Tədqiqat proqramlarına qatılaraq üç dəfə böyük qrantlar udub Azərbaycana gətirmişəm. 2005-ci ildə aldığım bu qrantlardan biri Geologiya İnstitutuna dəyəri yarım milyon dollarlıq müasir avadanlıq qazandırıb. 2001-ci ildən sözügedən proqramın xətti ilə Kanadanın Toronto Universitetinin şöbə müdiri professor Ken Hovard, Azərbaycan tərəfdən isə Geologiya İnstitutunun şöbə müdiri kimi mən əməkdaşlığa başladıq.

 

- Necə oldu ki, əməkdaşlığınızın sonu Kanadada məskunlaşmaqla nəticələndi?

- NATO-nun proqramı çərçivəsində 2001-ci ildən Kanadaya gəlib gedirdim. 2002-ci ildə professor Ken Hovard buraya gəlib çalışmağımı təklif etdi. Düşünməyə başladım və 2005-ci ildə köçməyə qərar verdim. Əslində köçməyimin səbəbləri çoxdur... O zamanlar çox çətin vaxtlar idi... Azərbaycanda elm sahəsində  indiyə qədər pul yoxdur. Mən Kanadaya gəlib-gedəndən sonra burada yaşamaq mənə asan göründü.

2004-ci ildə ekspert kimi Elm Naminə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun İctimai diplomatiya bölməsinə seçildim. Orada 16 müxtəlif ölkədən aparıcı alimlər - ekspertlər fəaliyyət göstəriridi. Onların tərkibi hər dörd ildən bir dəyişir. Onlardan 15 nəfərini öz ölkələrinin səfirləri - NATO - Şimali Atlantik blokunun səfirləri - çağırıb seçilməkləri münasibətilə təbrik etdi. Bircə Azərbaycanın səfirliyi çağırmadı.... Elə o vaxt ölkəmdə mənim elmi biliyimə və peşəkarlığıma tələbat olmadığını hiss etdim.

İndiyə kimi özlərini Azərbaycanda tapa bilməyən çox sayda tanınmış, ağıllı başlar xarici ölkələrə dağılıb, xaricdə yaşamağı seçmək məcburiyyətində qalıblar. Təbii ki, hər bir normal insan Vətəni, ölkəsi, və özü üçün nəsə etmək istəyir və bunun üçün mübarizə aparır. Bu yolların seçimi müxtəlifdir. Mən o dövrdə xarici araşdırma mərkəzləri ilə əməkdaşlıq yolunu seçdim və xaricdən qrantlar almağa başladım. Amma elə adamlar var ki, diqqətsizlikdən sınır, evdə oturur, sonra yoxa çıxır...

 


- Bura gələndə hansı işə başladınız?

- 2005-ci ildə Kanadaya ailəmlə gələndə NATO proqramı çərçivəsində Toronto Universitetində elmi tədqiqatçı kimi çalışır, Azərbaycan tərəfi təmsil edirdim. Burada universitetlərdə vakansiya olmalıdır ki, işə qəbul olunasan. Mən gələndə vakansiya yox idi və yalnız araşdırmaçı kimi çalışırdım. Amma bu, yaşamaq üçün kifayət deyildi və Kanadada daimi qalmaq üçün işləməli idim. Vakansiya elan edən şirkətlərə rezümemi göndərməyə başladım. Əksər şirkətlərdən, təhsilim, elmi dərəcəm onların təklif etdiyi iş ilə müqayisədə daha yüksək olduğundan "yox" cavabı aldım. Cəmi iki yerdən müsahibəyə çağırdılar. Biri York Regionunda baş hidrogeoloq menecer işi idi. Beş mərhələdən ibarət müsahibədən keçdim və məni təbrik etdilər. Eyni zamanda Alberta əyalətindəki başqa bir şirkətin də 5 günlük müsahibəsini keçdim. Çox sevinirdim, hətta bu iki şirkət arasında hansını seçəcəyimi düşünürdüm. 10 gündən sonra hər iki şirkətdən zəng edib, "bizi bağışlayın, sizi götürə bilmərik, çünki vətəndaş deyilsiniz və bu halda siz altı ay müddətində xüsusi xidmət orqanlarının yoxlamasından kecməlisiniz, lakin biz bu qədər uzun müddət gözləyə bilmərik" dedilər.

Həmin vaxtlar kanadalı yaşlı bir kişi ilə tanış olmuşdum. Bir yerdə tennis oynayır, saatlarla söhbətləşirdik. O, oğlunun Kanada Hökumətinin Qaçqınlar, İmmiqrasiya və Vətəndaşlıq Nazirliyində vəzifədə çalışdığını dedi və rezümemi istədi. İxtisasım üzrə çalışmaq istədiyimi bildirib tərcümeyi-halımı vermək istəmədim. Dəfələrlə istədikdən sonra, axırda verdim. Üstündən 5-6 gün keçdi, oğlu zəng edib iş üçün görüşməyə dəvət etdi. Bu, o zamanlar idi ki, 10-15 gün əvvəl müsahibələrdən keçdiyim halda, iki işdən yox cavabı almışdım və Bakıya qayıtmağı düşünürdüm. Qeyd edim ki, 2006-cı ildə Bakıdakı işimdən hələ çıxmamışdım, üst-üstə yığılan məzuniyyətlərimi götürüb gəlmişdim.

                                     

İmmiqrasiya idarəsinə getdim və müsahibədən keçdim. İşi bilmədiyimi etiraf etsəm də, bacaracağımı dedilər. Bildirdilər ki, Azərbaycan, türk  dilini bilən kadrları yoxdur, rus dilini bilməyim isə əlavə üstünlük idi. Peşəkarlar üçün bir günlük kursa göndərdilər. Amma mən peşəkar deyildim axı... Sonra özüm oxudum, öyrəndim, işə başladım. Düşündüm  ki, hazırda başqa işim yoxdur, maaş da imtina aldığım iki şirkətdəki geoloq işindən yaxşıdır. İşdən imtina edib ailəmi riskə ata bilməzdim. Həyat yoldaşım daxil olmaqla, 16 yaşlı oğlum və 13 yaşlı qızımla gəlmişdim. Üstəlik, geoloq kimi çöldə işləməliydim, bu isə kabinet işi idi. "Bir az işləyim, sonrasına baxaram" fikrilə indiyədək burada çalışıram.

 

Beləliklə, oğlum tibb kollecində,qızım isə orta məktəbdə oxumağa başladı. Sonra qızım tibb üzrə universiteti, oğlum universitetdə tibbi idarəçilik üzrə adminstratorluğu qurtardı. Oğlum hazırda öz şirkətinə rəhbərlik edir, 40  işçisi var. Qızım da səhiyyə sahəsində çalışır. Qızım azərbaycanlı ilə ailə qurub, 4 yaşında nəvəm var. Mənim uşaqlarım dilimizi də, dinimizi də saxlayıblar. Məndə bu, alındı. Çalışıram nəvəm də Azərbaycan türkü kimi böyüsün. Qızım indi Bakıdadır, nəvəmə Azərbaycanın şəxsiyyət vəsiqəsini almaq istəyir. Mənim üçün nəvəmin Azərbaycanın şəxsiyyət  vəsiqəsini alması  çox vacibdir. Alan kimi burada qonaqlıq verəcəyəm və ailəmizdə təntənəli şəkildə qeyd edəcəyik.

 

- Deyəsən, bu 14 ildə kanadalı ola bilməmisiniz...

- Elədir. Burada 14 ildir yaşamağıma, Kanada üçün çalışdığıma baxmayaraq, kanadalı ola bilmədim, azərbaycanlı qaldım. Çünki ürəyim oradadır. Burada Raptors basketbol komandası udur, bütün Kanada sevincindən küçələrə tökülüb qələbəni qeyd edir, mənim ürəyimdən isə heç bir hiss keçmir. Azərbaycanda “Qarabağ” komandası udanda isə sevincimin həddi-hüdudu olmur.

Azərbaycan qanunlarını daha yaxşı bilirəm, nəinki Kanadanın. Səhər duranda birinci televizoru açıb Azərbaycan xəbərlərinə baxıram, ardınca  dünya və Kanadada baş verənlərə...

 

 

 
- Niyə illər keçsə də, vətən həsrəti keçmir?

- Çünki neçə nəslimizi götürsək, qanımla, canımla, Azərbaycan türküyəm, o torpaqlarda böyümüşəm, ora bağlıyam. Elə adam var ki, 2-3 ildir gəlib, Azərbaycan haqqında danışmaq belə istəmir. Elə adam var, on illlərlə burada yaşayır, vətənini unutmur. Bu, adamından asılıdır, qanla gəlir. Vətən, torpaq sevgisi, torpağa bağlılıq qanında varsa, heç vaxt bu sevgini itirməyəcəksən.

 

- Rauf müəllim, həmsöhbət olduğum azərbaycanlıların bir çoxu  yaşlanandan, təqaüdə çıxandan sonra vətənə qayıtmağı düşünür. Siz necə, heç fikrinizdən keçib?

- Mənim də elə fikrim var. Azərbaycandakı iki mənzilimdən birini saxladım ki, uşaqların ürəkləri istəyəndə Azərbaycana gedib-gəlsinlər, qalmağa yerləri olsun. Qızım, oğlum gedib-gəlir. O vaxt oğlum da ehtiyac yoxdursa, satmamağımızı xahiş etdi. Oğluma dedim ki, Azərbaycana getməyə marağınızın olduğunu hiss etsəm, heç vaxt satmaram. Siz  də satmayın, sizin də balalarınız gedib-gəlsin.

Onu da deyim ki, Azərbaycana işə qayıtmaqla bağlı təkliflər var. Amma maliyyə baxımından sərf etmir. Axı mən buradakı ailəmi saxlamalıyam. Doğrusu, görsəm ki, maliyyə baxımından bir az düz gəlir, 100 faiz gedəcəm. Bilirəm ki, uşaqlar böyüyüb, onlar da gedəcək, arada nəvələrimi göndərəcəklər, arada mən bura gələcəm. Yəni ailəmdən ayrılmayacağam.

 

 

- Rauf müəllim, Kanadada uzun müddət yaşayanlar deyirlər ki, burada çalışıb-vuruşdunsa, qarşına qoyduğun məqsədə çatırsan. Doğrudanmı elədir?

- 100 faiz elədir. Qarşına məqsəd qoydun və çalışdınsa, istədiyinə çatacaqsan. Bu hökumət, dövlət çox gözəldir. Demirəm, hökumətin nöqsanları yoxdur, var, özü də çoxdur. Amma əsas odur ki, burada səndən bir hərəkət görəndə, qarşını kəsmir, nəyəsə nail olmağına imkan verirlər. Amma istədiyinə nail olmaq üçün rəqabətə davam gətirməlisən, peşəkar olmalısan. Bəlkə geci-tezi var. Yanıma gələn gənc həmyerlilərimizə tövsiyə edirəm ki, tələsməsinlər, bir nöqtəyə vursunlar. Bir ildə nəyəsə nail olmadığını görəndə işini, sənətini, istiqamətini dəyişməyə başladınsa, onda batırsan. Bəzi adamlarda bir ilə, başqasında üç ilə alınır, amma 100 faiz alınır. Mənim Kanadadakı həyat təcrübəm bunu deməyimə əsas verir.

 

- Bəs Azərbaycanda niyə həmişə alınmır?

- Mən vətənimi, dostlarımı çox sevirəm. Siyasətlə məşğul olmuram, amma maraqlanıram. Anlayıram ki, Azərbaycandakı nöqsanlarda  mənim millətimin, torpağımın heç bir günahı yoxdur. "Biz beləyik", "biz eləyik" deyənlərələ razılaşmıram. Biz çox gözəl millətik. 70 illik Sovet dövründə istedadlı millət olduğumuzu göstərdik. Elmlər Akademiyası da, Konservatoriya da yaratdıq, elm və texnologiyanın bütün sahələrində ən yaxşı nəticələr əldə etdik. Bütün bunlar göstərir ki, bu millətə düzgün yanaşsan, xalqla, insan resursları ilə düzgün işləsən, hər şey başqa cür olar. Tibdə, təhsildə inkişaf mütləqdir. Təhsil olmayanda, heç kim puldan başqa bir şey düşünmür və Azərbaycandakı kimi vəziyyət yaranır.

 

- Rauf müəllim, Kanadaya Azərbaycandan gəlmək istəyənlər çoxdur. Onlar ilk növbədə nəyə hazır olmalıdırlar?

- İlk növbədə ingilis dilini bilməlidirlər. Əks halda, ingilis dilini bilməyənlər qara fəhlə kimi işləməyə hazır olmalıdırlar. Dil bilgiləri yoxdursa, gələndən sonra ağlamağa, bu hökuməti söyməyə başlamasınlar. İngilis dilini bilmədən hansısa uğura imza atmaq çox çətindir. Düzdür, elə diribaş uşaqlar var ki, şirkət açırlar, danışıqlarını  dili bilən adam aparır. Bir də burada çalışqan olmalısan, işləməyi sevməlisən. Azərbaycanda yaşayan tanışlarıma həmişə deyirəm ki, siz elə bilməyin, burada pul başımızdan tökülür, gərək pul qazanmaq üçün əziyyət çəkəsən, vuruşasan, oxuyasan. Ən çətin iş də oxumaqdır. Əgər oxudunsa, bütün qapılar üzünə açılacaq.

Bakıda səhər durub küçəyə çıxırsan, hamı küçədə gəzir. Çünki işsizlik faizi yüksəkdir. Düzdür, Kanadada vakansiya çoxdur, amma fiziki güc tələb edən işlərə...

Qeyd edim ki, Kanada əhalisinin yalnız 30 faizi ya kollec, ya da universitet qurtarıb. Azərbaycandakı kimi bu göstərici 100 faiz deyil, hansı ki, təhsil alanların cəmi 10 faizi peşəkar olsa, şükürlüdür. Burada müəllim dərs keçəndə "ürəyini qoymasa", tələbələr qalxıb dərs tələb edir, bunun üçün pul ödədiklərini deyirlər. Çünki peşəkar olmaq istəyirlər. Bizdə valideynlər övladlarının savadsız olması üçün pul verdiklərinə görə millətimiz Allahın ətəyindən tutub bata-bata gedir. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Kanadada çalışan azərbaycanlılar isə batmır və çalışıb-vuruşub mütləq məqsədlərinə çatırlar. Deməli, problem millətdə deyil. Millətlə işləsələr, inkişaf etməyinə, yaxşı təhsil almağına, peşəkar olmağına, iş qurmağına imkan  versələr, bir parça çörəkləri olacaq.

 

Lalə MUSAQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31 Tanınmış telejurnalistə ağır itki üz verib 13 Oktyabr 2019, 18:53 Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR 13 Oktyabr 2019, 18:26 NASA-dan ürküdücü FOTOlar - "Dünya fəlakətə doğru gedir!" 13 Oktyabr 2019, 18:00 Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi 13 Oktyabr 2019, 17:52 Ocaq yandırdı, partlayışa səbəb oldu - Xəsarət alan var 13 Oktyabr 2019, 17:45 Bakıda 4 otaqlı ev yanıb 13 Oktyabr 2019, 17:36 Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO   13 Oktyabr 2019, 17:22 Tanınmış müğənni Türkiyəyə köçdü 13 Oktyabr 2019, 17:07 Metroda tapdığı pulu polisin köməyi ilə sahibinə qaytardı   13 Oktyabr 2019, 16:50 Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək   13 Oktyabr 2019, 16:30 Aliment ödənilməməsi minlərlə uşağı dözülməz duruma salır 13 Oktyabr 2019, 16:09 Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçildi - FOTO 13 Oktyabr 2019, 16:00 Ərdoğan sabah Azərbaycana gəlir   13 Oktyabr 2019, 15:50 İsa Qəmbərlə namizədlər arasında mübahisə yaranıb   13 Oktyabr 2019, 15:00 Ronaldunun adı stadiona veriləcək 13 Oktyabr 2019, 14:45 Nyu York qatarında sürpriz evlilik təklifi-VİDEO 13 Oktyabr 2019, 14:31 Qənirə Paşayeva gənclərə çağırış etdi VİDEO 13 Oktyabr 2019, 14:16 "Liderlik Məktəbi"nin açılış mərasimi keçirilib 13 Oktyabr 2019, 14:00 Bu ölkələr Türkiyəyə silah satışını dayandırdı - SİYAHI 13 Oktyabr 2019, 13:45 Prezident ailəsinin istirahət FOTOLARI   13 Oktyabr 2019, 13:30