Modern.az

İstanbulu güclü sel basıb

İstanbulu güclü sel basıb

9 Sentyabr 2009, 14:33

Türkiyədə yağan şiddətli və aramsız yağışlar İstanbulun Avropa hissəsindəki bir sıra rayonlarda həyatı iflic vəziyyətinə salıb. Anadolu agentliyinin məlumatında deyilir ki, bir sıra avtomobil magistrallarını, o cümlədən beynəlxalq aeroporta aparan dairəvi yolu su basıb. Bəzi yerlərdə suyun səviyyəsi 4 metrə çatıb. Təkcə yüngül nəqliyyat vasitələri deyil, avtobus və iri yük maşınları da suya qərq olub. Sürücü və sərnişinlər avtomobillərin damına qalxaraq kömək istəyirlər. Yollarda batmış və ya selin yuyub dənizə apardığı maşınların dəqiq sayını hesablamaq mümkün deyil. Şəhər meriyasının demək olar ki, bütün texnikası, mülki müdafiə bölmələri və vertolyotlar xilasetmə işlərinə cəlb edilib.
İstanbul valisi Müəmmər Gülər bildirib ki, həlak olanların sayının artacağı istisna deyil. Əllidən artıq adamın itkin düşdüyü barədə məlumatlar var.
Türkiyə hakimiyyəti İstanbulda və ölkənin şimal-qərbindəki daşqını fəlakət adlandırıb. Meteoroloqların məlumatına görə, Bosforun sahillərindəki şəhərdə son 80 ildə belə pis hava şəraiti qeydə alınmayıb və yaxın 2 gün ərzində havanın normallaşacağı gözlənilmir. İlkin məlumata görə, daşqınlar nəticəsində 20-dən çox adam həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir