Modern.az

Elçin Hüseynbəylinin “Karyera”sı: ““Azadlıq” radiosunda Mirzə Xəzərlə yola getmədim”

Elçin Hüseynbəylinin “Karyera”sı: ““Azadlıq” radiosunda Mirzə Xəzərlə yola getmədim”

Müsahibə

15 Fevral 2012, 02:05

Əminliklə deyə bilərəm ki, Elçin Hüseynbəyli mənim ən üzüyola müsahiblərimdən oldu. Yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoruna rubrikamızın adını təqdim edən kimi başladı hekayəsini danışmağa. Bəribaşdan heç sual da vermədim.

- Etiraf edim ki, mənim uşaqlıqda oxumağa o qədər də həvəsim olmayıb. Amma anam, “nənə” deyirik biz, çox oxumaq həvəskarı idi. Onun əlindən ağacla oxlov yerə düşmürdü. Yəni o bizi axşama kimi elə qardaşlı-bacılı hamımızı əlində ağac, süpürgə hərləyirdi ki, dərs oxuyun. Açığı mən də dərsdən daha çox futbol oynamağa, bağda-bağatda gəzməyə, pul-pul oynamağa, bir sözlə avaraçılığa meylli idim. O da elə bu bağ-bağatda bir də görürdün böyürdən çıxdı. O baxımdan məni oxumağa, məsuliyyətli olmağa vadar edən valideynlərim olub. Atam özü savadlı adam idi. Amma o zorakılığın o qədər də tərəfində deyildi. İqtisadçı idi, baş mühasib işləyirdi. Yaxşı mütəxəssis hesab olunurdu. Qara Hüseyn kimi tanınırdı.

- ?

- Cəbrayılın Mahmudlu kəndində doğulmuşam. Şükürbəyli kənd orta məktəbində oxumuşam. Yaxşı müəllilərim olub. Mən hüquqşünas olmaq istəyirdim. Uşaqlıqda “çekist” olmağı arzulayırdım. Hüquqa hazırlaşırdım. Rayon qəzetinə də yazılar yazırdım. Ara-sıra şeir, hekayə də yazırdım. Bir imza da götürmüşdüm Elçin Arazlı. Yəqin ki, Məmməd Arazın təsiriylə. Sonra mən hüquqa sənəd vermək istəyəndə bir yoldaş dedi ki, bəs jurnalistikaya sənəd qəbulu başlayıb. O vaxt jurnalistikaya bir ay tez sənəd verirdilər. Çünki sınaq imtahanları var idi. Hekayələrimin birində yazmışam bu barədə kı, mən qoyun-quzunun, baramanın, ot biçməyin dərdindən tez qaçdım gəldim sənədlərimi verdim. Hə, o yoldaın sözünü eşitcək dedim “ə, sən nə danışırsan, mən elə jurnalist olmaq istəmişəm ömrüm boyu”.
Gəldim sənədlərimi verdim jurnalistikaya, fikirləşirdim ki, bədbəxtçilikdən qəbul olundum. Sonra da beynimə yeritmişdim ki, mütləq Moskvada oxuyam. Əvvəlcə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxumaq istəyirdim. Bununçün isə ya Moskva “propiskası” lazım idi, ya da diplomat ailəsindən olmalı idin. Ona görə də mən ora getmədim. SSRİ Təhsil Nazirliyinə xeyli yazdım-pozdum və Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə “perevod” aldım.

- Bəs rus dilini bilirdiniz?

- Mən əvvəlcədən qarşıma məqsəd qoymuşdum ki, rus dilini öyrənməliyəm. Orta məktəbdə oxuyanda rus dili müəllimimiz Bəylər müəllim qrammatikanı yaxşı öyrətmişdi bizə. Artıq əsgərliyə gedəndə rus dilini orta səviyyədə danışa bilirdim. “Ya xoçeş” demirdim də, “ya xoçu” deyirdim. Sonra da rus dilində mütaliə etməyi qarşıma məqsəd qoydum. Məşhur yazıçıları oxuyurdum. Jurnalistika fakültəsində isə ixtisas qrupları var idi. Mən tərcümə ixtisasını seçmişdim. Bir sözlə Moskvaya gedəndə hazırlıqlı idim. Moskvada oxuyub qurtaranda da açığı əlaçı olduğuma görə məni orda saxlamaq istəyirdilər. İstəmədim. Təbiətən bir az darıxan adam olduğuma görə qayıtdım gəldim Bakıya. Bakıya gəldim, düzəldim AzərTAC-a...

- O zaman necə düzəldiniz, tapşırıqsız-filansız?

- Yox, bir neçə ay işsiz qaldım, sonra müraciət etdim, Allah rəhmət eləsin Hacı Hacıyevə. Jurnalistlər İttifaqının o vaxtki sədrinə. O da AzərTAc-ın redaktoru Azad Şərifovla danışdı, məni orda kartotekaçı işinə götürdülər. O da kişi işi deyildi, arvad-uşaq işiydi. Ancaq orada yeganə boş ştat olduğuna görə mən işləməyə məcbur oldum. Eyni zamanda jurnalist kimi fəaliyyət göstərirdim. Amma düzü AzərTAc-ın informasiya siyasəti, informasiya modeli məni qane etmirdi. Mən düşünürdüm ki, biz daha çox Qərb modeli ilə işləməliyik. Çünki Moskvada oxuyanda bizi Qərb mətbuatı ilə çox yaxından tanış edirdilər. BBC, CNN, yəni “Tayms” qəzeti ümumiyyətlə holdinq tipli mətbuat şəbəkəsiylə tanış idik. Mən sıxılırdım AzərTAc-da və ordan getdim. Sonra elə oldu ki, məni dəvət etdilər o zaman Bakı Şəhər İcraiyyə Komitəsində mətbuat xidmətinə, getdim yaratdım. Bir neçə ay işləyəndən sonra orda da mən tab gətirmədim.

- Niyə?

- Çünki amiranə inzibati iş mənlik deyildi. Sonra elə oldu ki, “Turan”  İnformasiya Agentliyi yarandı və ora keçdim. Bu agentliyin ilk informasiya gündəmini mən hazırladım o vaxt. “Azadlıq” qəzeti nəşrə başlayanda son səhifədə həmin informasiyalar informasiya bloku şəklində yer alırdı. Həmin vaxt Rövşən Əliyevlə Bahəddin Həziyev də qoşuldu “Turan” agentliyinə və onlar da mənim informasiya üslubumu mənimsədilər. Hamı da bəyənirdi o xəbərləri. Orada daha yox idi ki, filan rayonda bu il tütün bol gətirib. O dövrdə cəmiyyət siyasiləşməyə başlamışdı. Ona görə də təbii ki, siyasi yüklü informasiyalar çoxluq təşkil edirdi. Həm də konkretlik var idi informasiyalarda.
Daha sonra bir müddət Prezident Aparatının mətbuat xidmətində işlədim.

- Əbülfəz bəyin vaxtında?

- Bəli. Əbülfəz Elçibəyin vaxtında getmişəm, amma iki il də Heydər Əliyevin vaxtında işləmişəm. Həmin vaxtlarda “Azadlıq” radiosu Münhendən Praqaya yeni köçmüşdü. Elə oldu ki, məni ora dəvət etdilər. Orda da iki ay çalışdım. Mirzə Xəzərlə yola getmədim. Mirzə Xəzərin diktatorluğu mənim xoşuma gəlmirdi. Ona görə mən ordan qayıtdım gəldim Bakıya, başladım “Turan”da işləməyə. Mirzə Xəzər təklif etdi ki, mən “Azadlıq” radiosunun Bakı bürosunu burda yaradım. Açığı o vaxt üçün yaxşı da məvacib verirdilər. 1000-1500 dollar məvacib idi. Mənim də evim yox idi, yataqxanada qalırdım. Mənə zəng elədi, dedi ki, sən mənim sifətimi görməyəcəksən, mən də sənin. Amma lazımlı kadrları itirmək istəmir-filan. Rövşən Əliyev də orada idi. O da zəng elədi, Mirzə Xəzər də. Amma Elmira Əmrahqızı məndən qabaq “Azadlıq” radiosunda işləyirdi. O eşitdi ki, belə bir büro yaradılıb, açığı, incidi ki, “Mirzə Xəzər mənə heç nə deməyib axı, mənim başımın üstündən belə bir büro yaradıb”. Onda mən Mirzə ilə danışdım ki, mən yaratsam da, qoy büronun rəhbəri Elmira xanım olsun. Beləliklə, Elmira xanım simvolik olaraq büronun rəhbəri oldu. Sonra bir neçə il orada işlədim. Amma yenə də Mirzənin iş prinsipi mənim xoşuma gəlmədi.

- Nə idi o prinsip?

- Mirzənin prinsipi belə idi ki, yeri gəldi-gəlmədi hakimiyyəti tənqid eləməliydin. Bütün süjetlər bu cür başlamalıydı: Azərbaycanda korrupsiya və rüşvətxorluq baş alıb gedir. Ya da ki, antidemokratiya Azərbaycanda vüsət alıb. Mən də deyirdim ki, tənqid eləmək üçün çox əsaslar var. Amma elə məqamlar var ki, orada məsələyə peşəkar yanaşmaq lazımdır.

- Və yenə də işdən getdiniz?

- Bir gün mitinq idi, mən də xəstə idim, amma reportajı hazırladım verdim Bahəddin Həziyevə getdim. Mirzə də da verməmişdi həmin reportajı və demişdi ki, “mənə elə məsuliyyətsiz işçi lazım deyil”. Mən də eşidəndə dedim ki, “deyərsiniz ki, mənə də elə məsuliyyətsiz müdir lazım deyil”. Bundan başqa, açığı həmin vaxtlar biz radioya müəyyən adamlar dəvət eləmişdik. Onlar da başlamışdılar mütəmadi olaraq Mirzə Xəzərə bizim haqqımızda yarıdüz-yarıəyri informasiyalar verməyə.
 
- Düz nə idi?

- Düz o idi ki, Mirzənin iş rejimi həqiqətən də bizim xoşumuza gəlmirdi... Sonra qayıtdım yenə “Turan”a. Orda işləyə-işləyə ədəbiyyatla da məşğul olurdum. Anar müəllimin də mənim hekayələrimdən xoşu gəlmişdi. Bir gün dəvət etdi məni Yazıçılar Birliyinə, oturduq, söhbət edtik. Mən öz fikirlərimi bildirdim. Yazıçılar Birliyinin Nizamnaməsinə dəyişikliklərlə bağlı təkliflərimi irəli sürdüm. Anar müəllim razılaşdı və təklif etdi ki, mən Nizamnamə komissiyasının sədri olum. Mən razılaşdım sədr olmağa. Sonra dəvət etdilər məni Gənclər Şurasının iclasına. Orada da təkliflərini dedim. Bir neçə adamın adını çəkdim ki, yaxşı olardı ki, bunlardan biri “Ulduz” jurnalının baş redaktoru olsun. Amma Anar müəllim təklif etdi ki, elə mən özüm redaktor olum. Beləliklə, mən “Ulduz” jurnalının redaktoru oldum.

- Bu dəfə deyəsən razısınız iş yerinizdən?

- Bəli. Rahat iş yeridir. Qaçdı-qovdu yoxdu. Düzdü, maaş çox yüksək deyil. Əvvəl işlədiyim işlərə nisbətən çox rahatdır. Çünki ədəbiyyatla məşğul olmağa da vaxtım qalır. Sərbəstəm. Müəyyən layihələrdə də iştirak edirəm. Cənubi Qafqazda buraxılan “Yujnıy Kafkaz” jurnalının Azərbaycan üzrə koordinatoruyam. İldə iki dəfə buraxılır. Beş ölkədə nəşr olunur rus dilində. Ordan da qonorar alıram.

- Deyirlər Yazıçılar Birliyinə ayrılan pullar mənimsənilir. O cümlədən “Ulduz” jurnalına...

- Onlar hamısı boş söhbətlərdir. “Ulduz” jurnalının büdcəsi 66 min manatdır. Bura həm jurnalın çapı, həm müəllif qonorarı, həm redaktorların maaşı, həm də jurnalın çapına sərf olunan vəsait və materiallar daxildir.

- Niyə yeni ədəbi nəsil arasında belə intriqalar var?

- Təəssüfləndirici hal odur ki, bizim bazarımız yoxdur. Biz yazıçıların qarşısında duran ən böyük problem budur. Siz təsəvvür edin ki, Azərbaycanda hardasa 13 kitab mağazası var. Onlardan 11-i Bakıdadır. Tiflisdə isə 78 kitab mağazası var. Əslində yazıçılar arasında müəyyən intriqalar da, əsassız, mənasız mübahisələr də bu səbəbdən yaranır.

- Belə başa düşdüm ki, işçi kimi o qədər də ipə-sapa yatan deyilsiniz. Amma “Ulduz”da uzun müddət duruş gətirmisiniz. Bu nə ilə bağlıdır? Anar müəllimin xarakteri ilə, yoxsa daha qocalmısınız?  

- Düşünürəm ki, Anar müəllimin xarakteri ilə bağlıdır. Çünki Anar müəllim ədalətli adamdır. Demokratik, xarakter baxımından da humanist insandır. Məsələn, bizim cavanlıqdan gələn səhv hərəkətlərimiz də ola bilər, Anar müəllim onu da başa düşür. Bağışlayan, güzəştə gedən adamdır. Bu baxımdan Anar müəllimlə işləmək çox rahatdır.

- Yazıçılar Birliyi ətrafında yaranan söz-söhbətlərin kökündəki həm də  təqaüdlər, imtiyazlardır. Yazıçıların ələbaxımlılığa öyrədilməsi nə dərəcədə düzgündür?

- Bu təqaüd məsələsinin əleyhinə olanlardan biri də mən olmuşam. Amma məsələ burasındadır ki, bizim ölkəmizdə bayaq dediyim kimi kitab bazarı yoxdur. Başqa ölkələrdə həm kitab bazarı var, həm də yaradıcı şəxsiyyətlər haqqında qanunlar var. Belə gəlir gətirməyən sahəyə yardım etmək üçün o qanunlara uyğun addımlar atılır. Ancaq mən düşünürəm ki, Yazıçılar Birliyinin qalmağı, yazıçıların bir yerdə olmağı, ora toplanmağı çox vacibdir. Sədr məsələsinə gəlincə isə Anardan ədalətli sədr tapmaq qeyri-mümkündür. Ola bilər ki, kimsə bir qədər işlək adam gəlsin Yazıçılar Birliyinin başında dursun, amma o nə dərəcədə ədalətli olacaq, onu mən deyə bilmərəm. Çünki mən düşünürəm ki, vacibi ədalətli olmaqdır. Ona görə deyirəm ki, yazıçıların bazarı olarsa, bax bu söhbətlər, Yazıçılar Birliyi lazımdırmı, lazım deyilmi, avtomatik aradan qalxar.

- Eviniz var?

- Bəli.

- Hazırda müzakirə olunan məşhur siyahıda adınız yoxdur ki?

- Yoxdur. Ona qalsa o siyahıda iki-üç nəfərdən başqa hamının evi var. Qaldı Yazıçılar Birliyinin ev növbəsinə, mən bu məsələyə bir az fərqli yanaşıram. Tutaq ki, biri, özünü öldürüb, necə deyərlər “arvadı qarnında kubik daşıyıb” ev tikib. Biri də avaralıq eləyib. Bu gün gəlib deyir ki, onun adı siyahıdan çıxarılsın, mənimki salınsın. Mən özüm altı il yataqxanada yaşamışam Həmişə bu barədə söz düşəndə deyirəm ki, mənim sayəmdə yoldaşım çox əziyyətlər çəkib. Çünki o vaxt “Baksovetdə” işləyəndə mənə Nərimanov rayonundan 3 otaqlı daş ev təklif elədilər, dedim, siz nə danışırsınız, camaat qaçıb gəlir Ermənistandan, hələ ev onlara lazımdır. İmtina elədim.

- İndi də imtina edərdiniz?

- İndi eləməzdim. Çünki kişinin evi olmalıdır. Nəticədə bizim iki uşağımız yox, dörd uşağımız olardı. Altı il yataqxanada yaşadıq. Mən işdə olurdum, elə vaxt olub ki, mənim  yoldaşım 8-ci mərtəbəyə su daşıyıb. Yəni mən rüşvət alsaydım, Cəbrayıl tərəfdən çıxmasaydım, yəni sufilərdən olmasaydım, mənafe güdsəydim, yəqin ki, rüşvət hesabına da olsa, ev alardım. Bunları eləmədim. “Azadlıq” radiosunda işləyəndə qonorarımı yığdım, o vaxt qaynım da kömək elədi. İkiotaqlı bir ev aldım. Mən o vaxt dedim ev alanda bu ikiotaqlını verəcəm sənə. İndi də ev almışam, ona da demişəm ki, sözümüz sözdür, ev sənindir. Baxmayaraq ki, hələki o ikiotaqlıda yaşayıram. O biri evin təmiri hələ başa çatmayıb.

- Yazıçı Eyvaz Əlləzoğlu rəhmətə gedəndən sonra onun uşaqlarına ev verilməsi məsəsləsini həll etmək olmazdımı?

- Əvvəla qeyd edim ki, Eyvazın oğlu istisna hal kimi prezident təqaüdünə ikinci dəfə təqdim olundu. Və atasının yerinə də onun adı ev növbəsinə salınıb.

- “Ulduz” jurnalını gənclərə nə vaxt verəcəksiniz?

- Əlbəttə ki, bir gün bu da olacaq. Mən başqa bir işə keçəndən sonra jurnalı gənclərə verəcəm.

Qızılgül Abdinova

***

Həmçinin oxu:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
//modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
//modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
//modern.az/articles/20179/1/

İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
//modern.az/articles/20469/1/

Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"
//modern.az/articles/20737/1/

Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”
//modern.az/articles/20980/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı