Modern.az

Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL

Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL

Aktual

20 Sentyabr 2019, 17:54

“Uşaq pullarının verilməsinə 2006-cı ildən son qoyulub və o zamandan indiyə kimi uşaqpulu məsələsi zaman-zaman müzakirəyə çıxsa da, indiyə qədər məsələyə münasibətdə müsbət mövqe sərgilənməyib”.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu son günlər gündəmdən düşməyən uşaqpulunun bərpası müzakirələrinə münasibət bildirərkən deyib.

İqtisadçı hesab edir ki, uşaqpulu verilməlidir və bunu əsaslandırmaq üçün aruqmentlərini də sadalayıb:

“Arqumentlərim ondan ibarətdir ki, Azərbaycanda uşaqlar normal qidalanmadan, eyni zamanda yaxşı təhsildən və keyfiyyətli tibbi müayinələrdən, müalicələrdən əziyyət çəkirlər. Bunun da başlıca səbəbi odur ki, hətta orta gəlirlərə malik olan ailələrdə uşaqların bu ehtiyaclarını qarşılamaq üçün kifayət qədər imkanlar mövcud deyil. Azərbaycanda uşaqpulunun verilməsi üçün indiyə qədər səsləndirilən iki əks arqument diqqəti cəlb edir. Bir qrup hesab edir ki, Azərbaycanda əhalinin sayında artım var, buna görə də uşaqpulu verib əhalinin sayının artımını daha da stimullaşdırmağa ehtiyac yoxdur. İkinci qrup düşünür ki, Azərbaycanda ailələrə sosial müavinatlar verilir, o cümlədən ünvanlı sosial yardım proqramları həyata keçilir. Və bu ailələr ki, sosial yardım alırlar, sosial proqramın iştirakçısı olurlar, onların uşaqpuluna ehtiyacı yoxdur. Çünki dövlət həm də həmin proqramlar vasitəsilə uşaqların sosial müdafiəsini təmin edir”.

 

Ekspert deyib ki, Azərbaycanda əhalinin sayında ümumi artım olsa da, 0-14 yaşlı uşaqların sayında 2000-ci illə müqayisədə azalma müşahidə olunur:

“Məsələn, 2000-cü ildə 0-14 yaşlı uşaqların sayı təxminən 2,5 milyon nəfərə qədər idisə, hazırda bu uşaqların sayı 2,2 milyon nəfərdən bir az çoxdur. Yəni ən azı bunu demək olar ki, uşaqların sayında demək olar ki, 2000-ci illə müqayisədə (söhbət 0-14 yaşlı uşaqlardan gedir) azalma müşahidə olunur. Bu da ondan irəli gəlir ki, ailələrdə çoxuşaqlılıq ənənəsi demək olar ki, azalıb. Bütövlükdə götürəndə 4 və ondan çox uşaqları olan ailələrin ümumi uşaqlı ailələrdəki xüsusi çəkisi cəmisi 9,7% təşkil edir. Hazırda daha çox ailədə 2 uşağın mövcudluğu müşahidə olunur və ümumiyyətlə, Azərbaycan ailələrinin 40%-də uşaqların sayı orta hesabla ikiyə çatır. 30% ailələrdə uşaqların sayı bir nəfərdən ibarətdir. 20% ailələrdə isə uşaqların sayı 3 nəfər təşkil edir. Göründüyü kimi, Azərbaycanda çoxuşaqlılıq heç də geniş yayılmayıb. Bu baxımdan da hesab edirəm ki, birinci qrup uşaqpulu verilməsinin əleyhinə olanların arqumentləri çox zəifdir və həqiqətən, Azərbaycanda əhalinin, cəmiyyətin qocalması prosesi müşahidə olunmaqdadır, uşaqların sayının artım tempində isə azalmanı biz artıq son 20 ildə daha açıq şəkildə müşahidə edə bilərik. İkinci qrup uşaqpulunun verilməsinin əleyhinə olanlar hesab edirlər ki, Azərbaycanda uşaqpulu buna görə verilməli deyil ki, ünvanlı sosial yardım proqramı həyata keçirilir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda ünvanlı sosial yardım proqramlarının iştirakçılarının sayı ildən-ilə azalır. Hətta 2018-ci ilin axırına olan məlumata görə, ünvanlı sosial yardım proqramının iştirakçılarının sayı təxminən 50 min nəfər olub. Bu ailələrin heç də hamısı uşaqlı ailələr deyil və yaxud da çoxuşaqlılar deyil. Bu ailələrin bəziləri tənha ailələrdir, amma hətta onların hamısında çoxuşaqlılıq müşahidə olunsa belə, bütövlükdə ünvanlı sosial yardımın əhatə dairəsi Azərbaycanda uşaqların ehtiyacını ödəyəcək qədər geniş deyil. Çünki Azərbaycanda ünvanlı sosial yardım ən yaxşı halda çoxuşaqlı ailələrin 2 faizini əhatə edə bilər və bu da bütövlükdə digər qrup ailələrin uşaqlarla bağlı həm təhsil, həm səhiyyə, həm də ki, istehlak məqsədli ehtiyaclarının ödənilməsi üçün kifayət edə bilməz”.

 

Sosial müavinətlərin verilməsinə gəlincə, Q.İbadoğlu bildirib ki, ümumiyyətlə, uşaqlara birdəfəlik sosial müavinət onlar doğulanda verilir:

“Amma aylıq sosial müavinətlər isə yalnız sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulub. Bu baxımdan da sağlamlıq imkanları məhdud olan uşaqlara verilən aylıq yardımlar daha çox onların tibbi ehtiyaclarını qarşılayır, həm də onların himayəçilərinə ayrılan vəsaitlər də onlara qulluq məqsədi daşıyır. Başqa bir arqument ondan ibarətdir ki, ailə başçısını itirənlər üçün də pensiyaların istifadəçiləri uşaqlardır, amma nəzərə almaq lazımdır ki, ailə başçısını itirdiyinə görə həm də ailənin gəlirlərinin azalması son nəticədə uşaqların belə bir ehtiyaclarının tam şəkildə məhz bu pensiyalarla heç də ödənilməsi demək deyil. Çünki adətən ailə başçılarını itirənlər gəlirlərinin böyük bir hissəsindən məhrum olurlar. Bu, gəlirlərin çox az hissəsi həmin pensiyalar vasitəsi ilə kompensasiya edilir və bunu da uşaqpulu ilə qarışdırmaq düzgün deyil. Ona görə də indiki halda ən vacib məsələ təbii ki, Azərbaycanda uşapulunun bərpa olunması və uşaqlara dövlət qayğısının gücləndirilməsi ola bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar