Arxiv
6 Oktyabr 2019, 09:21 | MƏDƏNİYYƏT
Naməlum və məlum GULLİT

Sizə danışacağım bu hadisə 32 il bundan əvvələ təsadüf edir.

 

1987-ci ildə hələ Azərbaycanın da daxil olduğu SSRİ - Sovet Sosialist Respublikaları İttifaqı adlı məmləkət mövcud idi. Orta məktəbdə oxuyurdum, bizim respublikanın əsas futbol komandası “Neftçi”nin oyunlarına görə günləri, saatları saydığım vaxtlar idi. Valideynlərimizin dərs oxumağımız üçün televizorda futbola baxmağa qadağa qoyanda hirsimizdən gözümüzdən yaş gələn, sevimli komandamız məğlub olanda sanki dünyanın dağıldığını düşündüyümüz uşaqlıq dövrü…

 

Neftçi” 1987-ci ilin SSRİ çempionatında Tbilisi “Dinamo”suna 3:0, Almatı “Kayrat”ına 6:0, Kiyev “Dinamo”suna 3:1 hesabı ilə qalib gələrək azarkeşlərinə xoş anlar yaşatmış, 80-ci illərdə ən yüksək göstəricisinə imza ataraq 9-cu yeri tutmuşdu. Növbəti mövsüm üçün komandaya ümidlər böyük idi. Bu səbəbdən mətbuatda futbolla bağlı xəbərləri maraqla izləyirdim.

 

Dekabrın sonu idi, 1988-ci ilə az qalmışdı. O vaxt Azərbaycanda nəşr olunan yeganə idman qəzeti “İdman”ın yeni sayını alıb evə çatmamış yazıları nəzərdən keçirdim. Sonuncu səhifədə bizdə daha çox Hollandiya kimi tanınan Niderland ölkəsinin təmsilçisi Ruud Gullitin nüfuzlu “France Football” jurnalının keçirdiyi sorğuda Avropanın 1987-ci ildə ən yaxşı oyunçusu seçilərək “Qızıl top”, yəni “Ballon d’Or” mükafatına layiq görüldüyü barədə kiçik məlumat var idi. Doğrusu, bu futbolçunun adını ilk dəfə eşidirdim. Şübhə etmirəm ki, o vaxt sovet futbolsevərlərinin əksəriyyəti Gullitin kim olduğunu bilmirdi...

 

Ondan əvvəl 1986-cı ildə isə “Qızıl top”u SSRİ yığması və Kiyev “Dinamo”sundan tanıdığım İqor Belanov qazanmışdı. Ümumiyyətlə, dünya və Avropa çempionatlarının keçirildiyi cüt illərdə ən yaxşını seçmək sorğuya qatılan jurnalistlər üçün nisbətən asan olur. Yəni bu mötəbər turnirlərdə parlayan futbolçular, adətən, “Qızıl top”a sahib çıxırlar. Təbii ki, istisnalar da mövcuddur. Məsələn, ingilis Kevin Keegan 1978-ci ilin dünya, ukraynalı Andrey Şevçenko isə 2004-cü ilin Avropa çempionatında çıxış etməsələr də, həmin illərdə qitənin ən yaxşı oyunçusu seçiliblər.

Tək illərdə isə “Qızıl top”un qalibini müəyyənləşdirmək bir qədər çətindir. Bu zaman, əsasən, Avropanın klub turnirləri, İspaniya və İtaliya, İngiltərə və Almaniya kimi ölkələrin milli çempionatları önə çıxır.

 

...İllər sonra “İdman”ın sözügedən sayını arxivimdə axtarıb tapdım. Dəqiqlik üçün qəzetin çıxdığı tarixi də xatırladım: 30 dekabr 1987-ci il.

“France Football”un laureatları” başlığı ilə dərc olunan həmin xəbərə gəlincə, 25 yaşlı Gullitin Fransa jurnalının sorğusunda 106 xal toplayaraq portuqaliyalı Paulo Futre (91 xal) və ispaniyalı Emilio Butragueñonu (61) qabaqladığı, əvvəllər Niderlandın “Haarlem”, “Feyenoord” və “PSV Eindhoven” komandalarında, indisə İtaliya “Milan”ında çıxış etdiyi, həmçinin İngiltərənin “World Soccer” jurnalının sorğusunda da məşhur argentinalı Diego Maradonanı xeyli geridə qoyaraq birinci yeri tutduğu bildirilirdi.

Vəssalam. Qapıçı və ya müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu olması, həmçinin digər nailiyyətləri barədə məlumat yox idi. Heç şəkli də verilməmişdi.

 

Əlbəttə, “Qızıl top”un yeni sahibi barədə daha çox bilmək istəyirdim. Amma necə?

Həftədə üç dəfə Azərbaycan və rus dillərində çıxan “İdman”/“Спорт” qəzeti xarici futboldan az yazırdı, əsasən də, Sovet İttifaqı Teleqraf Agentliyinin (TASS) xəbərlərini verirdi. Təxminən eyni sözləri SSRİ-nin mərkəzi şəhəri Moskvada nəşr edilən “Sovetski sport” və onun həftəlik əlavəsi “Futbol-Hokkey” barədə də demək olar.

 

“Futbol-Hokkey”, ümumiyyətlə, ayrı mövzudur. A4 formatında 16 səhifədə çıxan bu qəzet bazar günləri işıq üzü görsə də, Moskvadan uzaq yerlərə bir-iki gün gec gəlirdi. Ümumi tirajının da 1 milyon nüsxədən çox olduğu deyilir, amma onu Bakıda, eləcə də Sovetlər Birliyinin digər bölgələrində tapmaq müşkül məsələ idi. İnsanlar əvvəlcədən qəzet köşklərinin qarşısında növbəyə durur, ya da onu köşkdə işləyən şəxslə tanışlıq sayəsində əldə edirdilər. Hətta qiymətindən (15 qəpik, o vaxtın kursu ilə 0,22 dollar idi) də baha…

 

“France Football” jurnalı isə 1987-ci ildə mənim üçün əlçatmaz xəyal idi. SSRİ-də yayılan “Stadion” (Çexoslovakiya) və “Képes Sport” (Macarıstan) kimi xarici idman nəşrləri da mən yaşadığım yerə gəlib çatmırdı. Özü də onları sovet futbolsevərləri oxumaq üçün deyil, məşhur futbolçular, klub və milli komandaların şəkil və posterlərinə görə alırdılar.

 

Bir sözlə, məlumat qıtlığı. XXI əsrin uşaqları bu baxımdan daha şanslıdırlar. O vaxt isə nə internet, nə də peyk antenaları vardı – bir-iki televiziya kanalı, beynəlxalq oyunları da az verirdilər. Xatırladığım qədər, mərkəzi televiziyada yalnız SSRİ yığmasının qarşılaşmaları, sovet komandalarının avrokuboklardakı çıxışı, həmçinin dünya və Avropa çempionatları yayımlanırdı...

 

Digər tərəfdən, Gulliti tanımamağımda “günahkar” elə onun özü və millidəki oyundaşları idi. O dövrün son mötəbər turniri olan “Mexico-86” dünya çempionatını televiziyadan izləmişdim – “narıncılar” orada yox idilər. Seçmə mərhələdə Macarıstan (1:2, 1:0), Avstriya (0:1, 1:1) və Kipr (1:0, 7:1) ilə mübarizə aparan Niderland millisi macarları irəli buraxaraq qrupda 2-ci yeri tutub, ardınca da play-offda “qonşudan qalma geri” prinsipinə əməl edə bilmədiyindən (Belçika ilə 0:1 və 2:1) Meksika mundialına getmək şansını qaçırmışdı. Sən demə, elə ondan sonra komandada kapitan sarğısı Gullitə həvalə olunmuşdu.

Ümumiyyətlə, 1974 və 1978 mundiallarının gümüş mükafatçısı olduqdan sonra nəsil dəyişikliyi yaşayan “narıncılar” həm 1982-ci ilin dünya, həm də 1984-cü ilin Avropa çempionatından kənar qalmışdılar.

 


Eyni zamanda, Gullit nə Niderland millisində, nə də avrokuboklarda sovet komandalarına qarşı oynamışdı.
Yalnız 1985-ci ildə UEFA kubokunda belə bir imkan qazanmış, amma onda da qırmızı vərəqə cəzalısı olduğundan “PSV Eindhoven”in heyətində Sovetlər Birliyi təmsilçisi “Dnepr”lə matçlarda forma geyinməmişdi.  

 

Kimdir bu Gullit? Bu suala 1988-ci ildə cavab tapdım, özü də artıqlaması ilə. Surinam əsilli, uzun və qeyri-adi saç düzümü olan hündürboy və fiziki cəhətdən güclü, cəld və texnikalı futbolçu. Yox, əla futbolçu. Sən demə, ilk məşqçisi qadın olub. Futboldan kənar həyatda da fəaldı: həvəskar musiqiçi kimi fəaliyyət göstərirdi, irqi ayrı-seçkiliyə qarşı əsas mübariz Nelson Mandelanın pərəstişkarı idi.

 

1988-ci ili “narıncılar”ın ili adlandırmaq olar. Televiziya ilə Avropa çempionatının oyunlarını maraqla izlədim. Gullitin liderliyində Niderland millisi tarixində ilk dəfə qitə çempionu oldu. Özü də finalda SSRİ yığmasına qalib gələrək məni çox məyus etdilər – 2:0. Oyun çox tez – yerli vaxtla saat 15:30-da start götürməsi, Gullitin başla hesabı açması, Marco van Bastenin tarixi qolu, həmçinin Belanovun onbirmetrlik cərimə zərbəsindən fərqlənə bilməməsi ilə xatirimdə qaldı.

Nəticədə 1988-ci ilin “Qızıl top”u uğrunda mübarizədə ilk üç yeri Marco van Basten, Ruud Gullit, Frank Rijkaard sıralaması ilə bir millinin (Niderland) və eyni zamanda, bir klubun (“Milan”) üzvləri tutdular. Bu, indiyədək “France Football”un mükafatının 62 illik tarixi ərzində yeganə belə haldır.

 

Elə o illərdə “Qızıl top”a marağım artdı, az qala, onun fanatına çevrildim. Hər dəfə yeni qalibin adını səbirsizliklə gözləyirdim. Düzdür, futbolçu kimi onu qazanmaq şansım olmasa da, dünyaca məşhur mükafata birbaşa aidiyyatım var. “France Football” jurnalının təklifi ilə 2000-ci ildən “Qızıl top”un münsiflər heyətinin üzvüyəm, sorğuda Azərbaycanı təmsil edirəm. Amma mən “Qızıl top” macərama başlayanda Gullit artıq futbolçu karyerasını bitirmişdi və Rasim Mövsümzadədən səs almaq ona qismət olmadı…

 

FIFA, World Soccer və s. versiyalarda XX əsrin, həmçinin bütün dövrlərin “100 ən yaxşı futbolçu”su siyahılarında Gullitin də adına rast gəlmək mümkündür. O həmçinin “Milan” klubunun və İtaliya futbolunun Şöhrət zalında da yer alıb. Amma məşhur oyunçuların çox az qismi uğurlu məşqçi olur.

 

Məşqçiliyə “Chelsea”də başlayan Gullitlə London təmsilçisi elə ilk mövsümdəcə ölkə kubokunu (FA Cup) qazandı. Sonra isə uğur ondan üz döndərdi: “Newcastle United”, “Feyenoord”, “LA Galaxy” və Qroznı “Terek”ində işlədi, amma diqqəti çəkəcək nailiyyətlərə imza ata bilmədi.

 

Son illər Gulliti FIFA-nın tədbirlərində aparıcı kimi görmək mümkündür. 2012-ci ilin avqustun 30-da isə onu canlı-canlı izləmək mənə də nəsib oldu. Gullit Monakoda UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkünü atanlardan biri, mən isə UEFA-nın mükafatının jüri üzvü idim. Yox, yox, bu ən yaxşı seçildiyini eşitdiyimdə tanımadığım, şəklini ilk gördüyümdə qeyri-adi görünüşü ilə diqqətimi çəkən uşaqlığımın Gulliti deyildi - səhnədə Hollywood ulduzlarına, məsələn, Denzel Washingtona oxşayan, birisi gün 50 yaşı tamam olacaq qısa saçlı, kostyumlu bir şəxs vardı…

RASİM MÖVSÜMZADƏ
“Qızıl top”un jüri üzvü

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsmayıllıda ağırqəzası - 1 ölü, 7 yaralı 20 Yanvar 2020, 13:14 Prezidentin köməkçisindən Qorbaçovla bağlı ÇAĞIRIŞ 20 Yanvar 2020, 12:57 Sabah hava necə olacaq? 20 Yanvar 2020, 12:48 20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı… 20 Yanvar 2020, 12:39 Tanınmış jurnalist vəfat edib 20 Yanvar 2020, 12:09 Azərbaycanda 1 dəqiqəlik sükut 20 Yanvar 2020, 12:01 Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib-FOTO 20 Yanvar 2020, 11:53 Fəzail Ağamalı şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTO 20 Yanvar 2020, 11:45 Jalə Əliyeva seçicilərlə görüşüb - FOTO 20 Yanvar 2020, 11:36 “Ağla, qərənfil, ağla” – şerin müəllifi, mərhum Məmməd Aslanın qızı danışdı 20 Yanvar 2020, 11:27 Şəhidlər xiyabanı  BU GÜN 20 Yanvar 2020, 11:18 Azərbaycanın əsas xarici ticarət tərəfdaşları 20 Yanvar 2020, 11:09 Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı... 20 Yanvar 2020, 11:00 Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib - FOTO 20 Yanvar 2020, 10:55 Əhəd Abıyev 20 Yanvar faciəsi ilə bağlı görüb bildiklərini danışdı - VİDEO 20 Yanvar 2020, 10:50 “İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov 20 Yanvar 2020, 10:43 Siyavuş Novruzov: “Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk” 20 Yanvar 2020, 10:35 Bərdə seçiciləri Zahid Orucu belə qucaqladılar - FOTOLAR   20 Yanvar 2020, 10:30 Məcburi köçkünlərin yaşadığı binada YANĞIN 20 Yanvar 2020, 10:23 Bakı metrosunda 1 dəqiqəlik sükut olacaq 20 Yanvar 2020, 10:16 Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:08 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - VİDEO 20 Yanvar 2020, 10:00 Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirib - FOTO 20 Yanvar 2020, 09:54 Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”   20 Yanvar 2020, 09:47 Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO 20 Yanvar 2020, 09:38 20 Yanvardan sonra qaboy yas müsiqi alətinə çevrildi – Kamil Cəlilov: “Şəhidlərin ah-naləsinə qaboyum ağlayırdı” 20 Yanvar 2020, 09:29 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 20 Yanvar 2020, 09:20 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 08:53 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40 “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12
SORĞU Yeni parlamentdə kimlər olsun?