Modern.az

Rauf Arifoğlunun “Karyera”sı: “Əlimdə hakimiyyət nişanəsi olduğunu heç kimə deməmişəm”

Rauf Arifoğlunun “Karyera”sı: “Əlimdə hakimiyyət nişanəsi olduğunu heç kimə deməmişəm”

19 Mart 2012, 14:54

Bu gün Rauf Arifoğludan maraqlı müsahibə etmək bir az çətin məsələdir. Xüsusən də ənənəvi, konkret rubrikalar üçün. Ona görə yox ki, maraqsız müsahibdir. Əksinə. Sadəcə mətbuat adamı olduğundan, üstəlik də, mətbuata və sorğu-suala kifayət qədər açıq olduğundan bu adamın oxucuya gizlini-filanı yoxdur. Necə deyərlər, 1988-ci ildən bəri camaatın içində, xalqın gözü qarşısındadır. Ona görə də bu müsahibədə bəndəniz demək olar ki, əsasən özünə maraqlı olan suallara cavab istəyib. Ardıcıllıq-filan gözləmədən.

- Tovuz rayonunu Yuxarı Öysüzlü kəndində, dağ kəndində doğulub, boya-başa çatmışam. Ermənistanla həmsərhəd bir bölgədir. Orta məktəbdə yaxşı oxumuşam. Amma uşaq vaxtı dəcəl olmuşam. İndiki yadıma gələn detallar o qənaətə gəlməyə əsas verir ki, məktəbdə də, evdə də kifayət qəqər cətin və dəcəl uşaq olmuşam.

- Hansı fənlərə maraq göstərmisiniz?

- Daha çox riyaziyyat, fizika, kimya fənlərinə maraq göstərmişəm. Çox yaxşı oxumuşam. Eyni zamanda da mənim yazdığım inşalar həm sinifdə, həm də məktəbdə hadisəyə çevrilərdi. O zaman anlamırdım bu nə üçün belə olurdu. Yuxarı siniflərdə şeirlər də yazmışam. Orta məktəbdə oxuduğum müddətdə müxtəlif zamanlarda müxtəlif ixtisaslar üzrə həvəs göstərmişəm. Hüquqşünas olmaq, konkret olaraq şair, yaxud yazıçı olmaq istəmişəm. Yuxarı siniflərdə belə fikirlərim olub. Amma heç redaktor olacağımı nə düşünürdüm, nə də ağlıma gətirə bilirdim. Çünki o vaxtkı sovet sistemi tamam başqa idi. Amma yuxarı sinifdə də, institutun ilk illərində də ölkə qəzetlərinə çoxlu yazılar, şeirlər göndərirdim.

- İlk yazınızı necə xatırlayırsınız?

- İlk yazım pioner jurnalında çıxıb. 3-cü, ya 4-cü sinifdə oxuyarkən. Yəni dərc olunmağın ləzzətini orta məktəbdən hiss eləmişəm. Amma ən ciddi yazım 1988-ci ildə “Gənclik” jurnalında çap olunub. Milli dirçəliş hərəkatı yeni başlayırdı. Ölkəyə səs salmışdı o yazı. Böyük bir məktub yazmışdım “Gənclik” jurnalına. Gənclərin problemləri, ölkədə rüşvət məsələsi, ali məktəblərdə rüşvət alınması, yeni nəslin tərbiyə olunması və sairə məsələlərə toxunmuşdum. Olduğu kimi çap olunmuşdu, nöqtə-vergülünə toxunulmadan. Böyük bir hay-küy yaratdı həm institutda, həm rayonda, həm respublikada. Minlərlə məktub aldım. Sözün həqiqi mənasında torbayla məktub gəlirdi ünvanıma.

- Valideynlərinizin hansında yazarlıq istedadı var?

- Valideynlərim bizim kənd orta məktəbinin müəllimləri idilər. Anam çox sərt rejimdə bizi tərbiyə edib. O baxımdan ki,  oynamaq, kənara çıxmaq, vaxtı boşuna keçirmək imkanı yaratmayıb. Biz də hər zaman qonşu uşaqları kimi olmaq istəmişik və üsyan eləmişik, taleyimizdən küsmüşük ki, niyə biz də o birisi uşaqlar kimi sərbəst deyilik, niyə ata-anamız bizi daha çox oxudur. Amma indi onlara hər dəfə o qədər yalvararaq dua edirik ki, biz hamımız – dörd uşaq idik, dördümüz də - ali təhsil almışıq, bu və ya başqa şəkildə cəmiyyətdə yer tutmuşuq, müəyyən qədər fərqlənmişik. Bunların hamısı o valideynlərin bizə verdiyi tərbiyənin nəticəsindədir. Onlar əlbəttə ki, hər ikisi istedadlı insanlardır. Ağıllı, zəki insanlardır. Mən onları həbs olunduğum vaxt bir daha kəşf elədim. Elə gözəl müsahibələr, elə qüsursuz, həm siyasi cəhətdən, həm başqa nöqteyi-nəzərdən açıqlamalar, bəyanatlar verirdilər ki, mən onları həbsxanada oxuyanda özüm təsir altına düşür və həm də sevinirdim ki, mənim belə valideynlərim var. Ali təhsillidirlər, rayon səviyyəsində, kənd səviyyəsində tanınan, seçilən, sevilən ziyalılardırlar. Bizə də dediyim kimi, ucqar kənd məktəbində musiqi təhsilindən tutmuş dünya ədəbiyyatı ilə tanış olmaq imkanlarına kimi xüsusi bir tərbiyə veriblər.

- Hərəkata gəlişiniz və “Yeni Müsavat” qəzetini yaratmağınız necə olub?

- Hərəkata gəlişim tam təsadüfdür. Minlərlə, milyonlarla insanın gəlişi kimidir. İnstitu bitirən kimi təyinat aldım elmi-tədqiqat institutlarından birinə. Orda işləyən zaman dedilər ki, şəhərdə mitinq gedir. İnstitutun əməkdaşları ilə gəldik mitinqə. Nəticədə axşam onlar qayıtdılar. Mən düz 17 gün qaldım orda və elə təxminən 23 ildir ki, mitinqə daxil olmuşam, obrazlı desək, hələ də çıxmamaqdayam. Yəni hərəkat o zaman məni aldı öz ağuşuna və mən qərara gəldim ki, mənim həyatım, mənim stixiyam, mənim hər şeyim elə burdadır. 88-ci il noyabr ayının 17-də daxil olduğum meydandan bir də dekabrın 5-də rus tankları hər şeyi dağıdarkən çıxdım. Lakin proses davam elədi. Mən milli azadlıq hərəkatına qoşuldum, təbii seçmə üsulu ilə, kimin qabiliyyəti, istedadı var idisə, o şəkildə fərqləndim. 89-cu ildə artıq mən “Birlik” dərgisinin redaktoru idim. Qeyri-rəsmi üsullarla çıxan “Birlik” dərgisinin redaktoru idim. 23 yaşım var idi, gənc idim, çoxlu yazırdım, saatlarla günlərlə, bəzən ancaq kicik fasilələrlə romanın, hekayənin, yazının üstündə oturmaq vərdişim var idi. Artıq o hərəkata gələnə kimi. Ona görə də ətrafdakı hərəkat fəalları gördülər ki, mənim yaradıcılıq sahəsində müəyyən bir istedadım, imkanım var. “Birlik” cəmiyyətinin dərgisinin redaktəsini mənə tapşırdılar. Dərginin 4-5 sayını redaktə etdim. Daha sonra “Birlik” cəmiyyətinin üzvlərilə “Yeni Müsavat” adlı partiya yaratdıq. Cəmiyyət bölündü. Bir qismi “Birlik” adı ilə qaldı. Başqa bur qismi isə mən də içində olmaqla Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını yaratdlq. Qərara gəldik ki, bu partiyanın bir yayım orqanı da olsun. Katiblər şurası - mən də onun üzvü idim - onun yayım orqanını, “Yeni Müsavat” qəzetini qurmağı mənə tapşırdı. Bu, 1989-cu ilin oktyabr ayında oldu. Noyabr ayının 10-da isə mən artıq “Yeni Müsavat”ın ilk dərgisini, orada partiyanın proqramı da var idi, Azərbaycan xalqına müraciət və başqa yazılar da var idi, 30 min nüsxə ilə dərc etdirdim və Azadlıq meydanında, ölkənin başqa rayonlarında satışa çıxartdım. Bununla  da “Yeni Müsavat”ın əsası qoyuldu. Düzdür, biz o zaman bunu başa düşmürdük ki, Azərbaycana tarix yazacaq və Azərbaycanın tarixini yazacaq bir qəzetin əsasını qoyuruq. Sadəcə işin tərkib hissəsi kimi, bir partiya qurulurdu, partuyanın orqanının olması vacib idi, bu işi mənə həvalə elədilər. Qurucusu, baş redaktoru, müxbiri, metrompajı, hər şeyi mən idim o zaman qəzetin. Amma zaman irəlilədikcə, Azərbaycan dəyişdikcə, rejim, hakimiyyət dəyişdikcə, qəzetin də halı, durumu, imkanları dəyişdi, ən çətin anlarda belə qəzet məni, mən qəzeti buraxmadıq.

- Bəs nə vaxt imkan tapıb evlənmisiniz?

- Bizim gənclər olaraq o zaman bir andımız var idi ki, Azərbaycan azad olmayanacan, BMT-də bayrağımız dalğalanmayanacan evlənməyək və özümüzü ölkəmizə həsr edək. Andlardan biri də bu idi ki, biz canımızı Azərbaycana nəzir demişik və şəhid olmağı ən müqəddəs amal hesab edirik. Mən sizə deyim ki, gerçəkdən də 1992-ci ilədək mən şəhid olmağa bir yer, məqam, fürsət  axtarırdım. Bütün risqlərə də girmişəm. Döyüşlərdən tutmuş, rus tanklarının qarşısına qədər, xüsusi könüllü batalyonların qurulmasına qədər, yəni ölkədə ən ağır, ən gərgin bölgələrdə olmuşam, səngərlərdə olmuşam, döyüşlərdə olmuşam. Allah məsləhət bilməyib, çevrəmdə olan dostların bir çoxu, könüllü döyüşçü şəklində döyüşənlərin bir çoxu şəhid olub. Allah mənə “Yeni Müsavat”ı davam etdirmək missiyasını yazdığı üçün bu imkan verilməyib mənə. 1992-ci ildə bizimkilər hakimiyyətə gələndə düşündük ki, artıq olan oldu, bundan sonra milli hakimiyyət dövrüdür, biz hakimiyyətə gəldik, açığı heç bu qədər tez olacağını da gözləmirdik. Ona görə də evlənmək, ailə qurmaq, şəxsi  həyata düzən vermək olar. Ona görə də 1992-ci il, noyabr ayının 20-də Yuxarı Öysüzlü kəndində öz qonşumuzdan, qohumlarımızdan bir xanımla evləndim. O zaman könüllü döyüşçülər, Türkiyədən Azərbaycana döyüşməyə gəlmiş zabitlər, ətraf rayonların icra başçıları - artıq iqtidarda idik - Prezident Aparatının işçiləri və sairə insanlar iştirak edirdi toyda. Təxminən 1500 nəfərlik bir heyətlə, Tovuzda kəndimizdə iki günlük toy oldu. Bir il sonra hakimiyyət devrildi, amma onun təsəllisi olaraq ilk uşağım dünyaya gəldi. Sonra biri, sonra daha biri... Bu gün üç övladı olan ailə başçısıyam.

- Bayaq “Allahın yazdığı missiya” sözünü işlətdiniz. Tale yazısına inanırsınızmı?

- Allaha inanıram...

- Deyilənə görə Sizin əlinizdə, yəni ovcunuzda hakimiyyət nişanəsi sayılan işarələr var...

- Düzdür, mən xiromatiyanı bilirəm, bu barədə ədəbiyyatı oxumuşam. Tam təsadüfən mütaliə elədiyim xiromatiyaya dair kitabdan, qəfil kəsilən, yarıda kəsilən ömürlər silsiləsindən bəzi şeylər yadımda qalıb. Sonra iki dostumun əlini elə görmüşəm və zarafatla bir neçə dostumuzun yanında proqnoz vermişəm ki, səndə qəfil ölüm nişanəsi var, filan yerə getmə, yaxud həyatını dəyişdir. Çox təəssüf ki, doğurdan da qısa müddət sonra onların hər ikisi dünyalarını dəyişdilər. Amma mən Allaha inanıram, o cür işarələrə, düzdür bunlar da Allahın verdiyi kodlar işarələrdir, tam inanmıram. Amma mən əlimdə hakimiyyət, mənsəb işarəsi olduğunu hec kimə söyləməmişəm və hec kim də mənə söyləməyib. Sadəcə 1989-cu ildə Şimali Qafqazda olanda bir qaraçı qadın çevrədəki dostlarımızın əl falına baxırdı, mənim də əlimə baxdı və bir sıra şeylər dedi. Sonrakı dövrlərdə onun dedikləri, sonradan yadıma düşərkən xatırladım ki, bəziləri həyata keçdi. Amma bəziləri heç yaxın belə gəlmədi. Bu baxımdan o işarələrə yox, Allahın yazdıqlarına inanıram.

- Məsələn, hansıları düz çıxdı?

- Onunla bağlı xüsusi olaraq danışmaq, mövzunu o istiqamətdə yönəltmək istəmirəm. Çünki mən bütün addımları belə işarələrə proqnozlara görə atmağın əleyhinəyəm.

- Bir müsahibənizdə demisiniz ki, “hərflərin hamısını tanıyan birisini yaxşı müxbir edə bilərəm”. Ancaq son zamanlar da mətbuatda elə bu məsələdən narahatlıq yaranıb ki, dünən cümlə qura bilməyənlər bu gün məşhur müxbirlər kimi təqdim olunur. Bu baxımdan sizcə mətbuata xidmətdir, yoxsa qarışıqlıq yaratmaq?

- Yox, mən o məsələni konteksdən çıxarıb, cümlə halında deməmişəm. Hansısa bir müsahibədə söyləmişəm ki, istedadı olan insan istənilən halda, hərfləri tanıyarsa, yaxşı yönətimi, müəllimi olarsa, çox qabağa gedə bilər. Yoxsa ölkədə bütün höccələyə-höccələyə oxuya bilən insanları köşə yazarı ya müxbir eləmək mümkün deyil ki...
O cümlədən “Yeni Müsavat”ın yetişdirdiyi müxbirlər ki, hal-hazırda ölkə televiziyalarında, radiolarında, ayrı-ayrı qəzetlərində, saytlarda bu illər ərzində verdikləri əmək sayəsində aparıcı mövqedədirlər. Bunları o çevrədəki insanlar, oxuçular və mütəxəssislər dəyərləndirsinlər. Əgər jurnalistlər bizdən ayrılıb gedib başqa qəzetlərdə, mətbuatda özlərinə yer tuta bilirlərsə, deməli bizin işimiz alınıb. Yox bu cür güclü redaktor korpusundan ayrılıb gedib, başqa qəzetlərdə cabalayırlarsa, işləyə bilmirlərsə, o deməkdir ki, hətta “Yeni Müsavat” da onlara kömək edə bilməyib. Bu baxımdan “Yeni Müsavat” qəzetinin Azərbaycan mediasına verdiklərini cox faydalı hesab edirəm.

- Siz özünüzü siyasətçi sayırsınız, yoxsa qəzetçi?

- İstənilən qəzet sahibi dünyanın hər bir yerində, xüsusilə qəzet öz ölkəsinin bir nömrelisidirsə, siyasi sayılır. İstənilən baş redaktor siyasətlə məşğul olur. Mən də bu qəbildənəm.

- İllər öncə Müsavatın fəalyyətini tənqid edən yazılarla çıxış elədiniz. Sonra özünüz başqan müavini təyin olundunuz. Amma özünüz də qeyri-adi bir iş görə bilmədiniz. Belə şıxır ki, siyasətdən danışmaq daha asandır, nəinki onunla məşğul olmaq?

- Siz görünür çox uzun illər əvvəldən danışırsınız. Çünki mənim başqan müavinliyindən çıxmağımdan 8 il kecib. Bundan başqa o müsahibə, o yazı hansı sayda, hansı formada gedib, onu dəqiq faktlarla demədən danışmaq sadəcə şəxsi mülahizələr və şəxsi təəsüratlar sayıla bilər. Və sizin də təəssüratlarınız yanlışdır.

Amma buna baxmayaraq sizə hörmət olaraq bir neçə şeyi deyirəm. Mən başqan müavini olduğum müddətdə partiya iki dəfə seçkiləri qazanıb. Bir 2003-cü ildə prezident seçkilərini qazanıb, bilirsiniz ki 2003-cü ilin seçki təbliğatının əsas favoritlərindən biri olmuşam və Müsavat başqanının qalib gəlməsi üçün o qədər çox çaba göstərmişəm ki, bunu nəticəsində 17 ay həbsxanada yatmışam.  
İincisi, 2005-ci ildə özüm də daxil olmaqla Müsavat bloku parlament seçkilərində qalib gəlib. Yəni bir başqan müavini və qəzet redaktoru olaraq bizim bu uğurda fəaliyyətimiz misilsizdir. Çünki Müsavatın başqa yayım orqanı və tribunası olmayıb. Həmin dövrdə hakimiyyətin bütün qəzet və digər informasiya vasitələri bizim qarşımızda aciz qalmışdılar. 4 il ərzində Müsavatın ən güclü dövrünü yaşamışıq, bunu istənilən azərbaycanlı təsdiq edə bilər. Say etibarilə, axın etibarilə və digər məsələlərdə əd ən güclü dönəmlərini yaşamışıq. Burda başqan müavini kimi mən öz rolumu da görürəm. 2006-da istefa vermişəm. Bundan sonra yalnız öz qəzetimlə məşğul olmuşam və Azərbaycanın demokratik düşərgəsinin ən güclü qəzetinin başında dayanmaqla məşğulam. Yəni insan daha nə qədər böyük uğur qazana bilər ki, 22-23 il ərzində, elə bir nümunə göstərin, əlimin arxasını da, “dilimin kürəyini” də yerə qoyum.

- Qəzetin planlaşdırmasında bütün mövzuları hec bir dəftərə, qeydə baxmadan, əzbərdən deyirsiniz və ən azı 20-25 mövzu verirsiniz müxbirlərə. Bu fitri istedaddır, yoxsa, xüsusi hazırlaşırsınız buna?

- Yox, bunlar hamısı zəhmətin sayəsində olur və hec də bir gündə olmayıb. Təcrübə, çalışma, zəhmət, təbii bir az da istedadın rolu var. Əlbəttə, mən özüm bunları o qədər adi bir hadisə hesab edirəm ki, özümü kənardan görə bilmirəm və mənə elə gəlir ki bunu hamı edə bilər, mənim kimi baş redaktor ola bilər. Sadəcə, bir az çox çalışmaq lazımdır. Bir az da sevmək lazımdır bu işi. Özünü ona həsr eləmək lazımdır. 

- Elektron medianın qəzetləri sıradan çıxaracağını proqnozlaşdıranlar var. Belə bir ehtimala hazırlaşırsınızmı?

- Araşdırsanız, görəcəksiniz ki, radio çıxanda da bütün qəzetlər yazıb ki, qəzetlərin sonu gəldi, artıq radio şıxdı. Televiziya cıxanda yenə eyni şeyi yazıblar. Sonra internet çıxdı, eyni şeylər, eyni iddialar irəli sürüldü. İndi də “Facebook”, dugər sosial paylaşım, alternativ media ortaya çıxdıqda qəzetlər daha ciddi şəkildə alternativlə üzləşməli olub. Amma bu təxminən 100 illik bir dövr ərzində qəzetlər öz imkanlarını daha da genişləndiriblər və vəziyyətə uyğunlaşıblar. Biz də əlbəttə ki, bunların üzərində düşünürük ki, neyləyək ki, elə olsun ki, qəzet, kağız variantı sıradan çıxmasın və yaxud da tiraj həddindən çox itirilməsin. Onlardan birini biz artıq tətbiq edirik. Elektron versiyamızda yazıları yarımçıq verməklə oxucuları həvəsləndiririk ki, 40 qəpik verib həmin yazını oxumaq üçün qəzeti alsınlar. Bundan başqa da bir neçə layihəmiz var. Bu layihələri həyata keçirməyə çalışacağıq. Amma o zaman ki, ona xüsusi ehtiyac olacaq. Hal-hazırda elə bir xüsusi bir ehtiyac, xüsusi bir təhlükə görmürük. Bütün istiqamətlər üzrə “Yeni Müsavat”ın redaksiyası və kollektivi hazırdır ki, əgər çap mediası sıradan çıxarsa və ya qismən sıradan çıxarsa, bizim çox güclü bir elektron versiyamız var, diqqətimizi ora verəcəyik. Tam əksinə olanda və yaxud da bu “Facebook” bumu, internet bumu kecərsə, insanlar yenidən qəzeti bütöv halda görmək arzusuna qoşularlarsa, yenə də ölkədə ən güclü imkan bizdədir.

Qızılgül Abdinova

 ***

Həmçinin oxu:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
//modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
//modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
//modern.az/articles/20179/1/

İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
//modern.az/articles/20469/1/

Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"
//modern.az/articles/20737/1/

Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”
//modern.az/articles/20980/1/

Elçin Hüseynbəylinin “Karyera”sı: ““Azadlıq” radiosunda Mirzə Xəzərlə yola getmədim”
//modern.az/articles/21155/1/
 

Rəhim Hüseynovun “Karyera”sı: “İki gündə iki dəfə Baş nazir təyin olundum”
//modern.az/articles/21497/1/

Rəhim Hüseynovun “Karyera”sı: “İndiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar” - II HİSSƏ
//modern.az/articles/21554/1/ 

Eks-Baş prokuror Əli Ömərovun “Karyera”sı: “Ermənini söydüm, qapısını təpiklə vurub, çıxdım”
//modern.az/articles/21720/1/

Eks-Baş Prokuror Əli Ömərovun “Karyera”sı: “Zakir Qaralovu orqana bərpa elədim”
//modern.az/articles/21811/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır