Modern.az

İTBAŞI (4-cü bölüm)

İTBAŞI (4-cü bölüm)

Ədəbi̇yyat

30 May 2020, 12:10

Mahir Qabiloğlunun romanı


("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ)  



Saray. Şah eyvandan təxtgaha baxır. Sakitlikdir: əvvəlki şəhərdən əsər-əlamət qalmayıb. Mən bilirdim də müharibə pis şeydir. Gör nələr baş verdi. Bəlkə mənim səhvimdir bu? Səriştəsizliyim bu günə qoydu ölkəni? Əgər müharibəni baş vəzir aparsaydı, bəlkə də belə olmayacaqdı. Aslan müharibədə yox, paytaxtda qalsaydı, Birrəngin də ayağı yer almazdı. Amma mən taleyə, alın yazısına inanan adamam. Demək belə məsləhətmiş. Yuxum da qaydasındadır. Keçmişi unuduram yavaş-yavaş. Pazı pazla çıxararlar deyiblər. Mənim dərdimi də müharibənin gətirdiyi dərd çıxartdı. İndi nə Həqqi Şah yadıma düşür, nə də hərəmxana. Əsas odur ki, məqsədimə çatdım və bərabərlik yaratdım. Xəzinədəki pul da əhalidə olandan qat-qat çoxdur. Bəs sonra? İndi nə etməliyəm? Oturub dincəlməliyəm? Axı nə şahlıq etdim ki, bir dincəlim də... Heç bir il olmayıb. Hə. Barəngah. Onu tapmalıyam. Həqqi Şah demişdi ki, gerisini o bilir. Bir də ki, nə başımı yoruram e... Mən müharibə, qızıl-mızıl düşünürdüm ki, gəldi qabağıma çıxdı? Məndən heç nə asılı deyil. Hamısı Allahın işidir. Necə dağıdıbsa, özü də düzəldəcək. Bu dünyanı necə idarə edibsə, bundan sonra da idarə edəcək.  Yox. Axı Kaminat Şaha müharibəni mən elan etdim. Yenə də nə qədər insan öləcək, kəndlər viran qalacaq. Belə görürəm ki, mən Allahın Yer üzündə kölgəsi deyiləm. Elə Əzrayılın özüyəm. Mənim əlimlə qırdırır camaatı. Yuxum gəldi. Yatım. Onsuz da olacağa çarə yoxdur.

 

***

 

Səhərdir. Aslan şahın hüzurundadır.

– Aslan, Abbasdan nə xəbər?

– Səhər çapar məktub gətirmişdi. Yatdığınıza görə narahat etmədim.

– Nə yazır?

– Yazır ki, hər şey siz dediyiniz kimi davam edir, şahım.

– Əla, dəxi əla. Aslan, deyirdin Barəngah ehtimal edilən birini tapmısan.

– Bəli, şahım. Müharibədə olduğum müddətdə bir yana getməyibsə, dediyim yerdə olmalıdır.

– Gecə gedərik ora.

– Gecə təhlükəlidir, şahım. İcazə verin oxatanlarla gedim itləri öldürüm. Özünü də götürüm gəlim. O dediyiniz olar-olar, olmaz yenidən qaytarıb qoyaram komasına.

– Yox, Aslan, olmaz. İkimiz getməliyik.

– Başüstə, şahım.

Aslan gedir. Bir azdan Hətəm gəlir.

– Hətəm, xəzinədə vəziyyət necədir?

– Yaxşıdır, şahım. Qanpullarını və ordunun pulunu ödədim. Dindarlara məvacib kəsdim, mollaxanalar fəaliyyətə başladı. Mədrəsələr isə pullu olduğundan xəzinə yüngülləşdi. Valiliklər Fərman və Dürəngin öz varidatları hesabına bərpa olunduğundan heç bir pul buraxmadım. Bircə Həqqi məscidi və türbənin tikintisinə pul gedir ki, o da nəzirlər hesabına öz xərcini çıxaracaq. Müharibədə ölən əsgər və adamların hesabına da xərclərimiz azalıb. Buna baxmayaraq işsizlər çoxalıb.

– Elə niyə?

– Çünki Birrəngin ucbatından tacirlərin çoxu başını götürüb qaçdı. İşləyənlər də işləməyə qorxdular ki, yenə gəlib başlarının üstünü alarlar. Camaat da qalıb bekar. Qara günə yığdıqlarını da Birrəng alıb əllərindən. Ona görə də sizin xeyir-duanıza, sizin sözünüzə ehtiyac var ki, inamları qayıtsın, işləməyə başlasınlar. Çünki vergi onlardan toplanır.

– Xeyir-dua deyəndə nəyi nəzərdə tutursan?

– Şahım, xəzinədə pulumuz çoxdur. Əgər məsləhət bilsəniz altı ay vergi yığmayaq. Qoy özlərini tutsunlar. Qaçan əcnəbilər də bunu bilib geri qayıtsınlar. Yəqin ki, Birrəngin edam olunmasından da xəbərdardırlar.

– Bu fikrini Divanda açıqlayarsan. Mən razı.  Başqa?

– Göyverən və Göyveranələrin sayı da durmadan artır. Kargüzarlıq yaş kağızlarından mənə də verir bir nüsxə. Onların da on qızılını ayırıram. Dediyiniz kimi – kağız üstündə.

– Əla-ül-əla.

– Qüsura baxmayın, şahım, anlamadım.

– Əlaüləla. Yəni ki, lap əla, əlanın əlası.

– Var olun, şahım.

– Gedə bilərsən.

 

***

 

Səhərdir. Dərviş libası geyinmiş iki atlı qalanı tərk edib karvan yoluna çıxdılar. Xeyli getdilər. Nəhayət, uzaqda xarabalıqlar göründü. Ora yaxınlaşanda tozanaq qalxdı. Doqquz çoban iti şahla Aslana tərəf gəlirdilər. Aslan əlini qılınca atmaq istəsə də şah qoymadı.   İtlər atların yanına çatıb hürməyə başladılar. İrəli gəlib ayaqlarından, quyruqlarından qapmaq istəsələr də, atlar cəld tərpənib quyruq ələ vermirdilər. Nəhayət, cındırından cin hürkən, əlində çomaq olan arıq, çəlimsiz, yaşı altmışı ötən bir kişi uçuq komadan çıxdı. İtlərə qışqırdı. Kişinin səsini eşidən itlər zingildəyərək komaya tərəf geri döndülər. Doqquzu da kişinin yanında dayanıb, quyruqlarını bulamağa başladı. Şah və Aslan da üzəngini basıb yerlərindən tərpəndilər. Komaya çatıb:

– Salam, ay əmi, – deyə şah dilləndi.

– Salam.

– Bizə Barəngah lazımdır.

– Sən kimsən, a bala?

– Şah! – deyə Göyverən amiranə şəkildə cavab verdi.

– Deməli, şahsan. Bəs tacın hanı? Başının əsgəri hanı, ay şah?

– Mən Barəngah adlı birini axtarıram.

– Tanımıram eləsini, – deyib kişi çevrilib getmək istədi.

– Yaxşı, Barəngahı tanımırsan-tanıma. Bəs şah gəlib qapına, tozlu-torpaqlı yollarla. Bir bardaq su nədir ki, qonaq eləmirsən Allah qonaqlarını? Yəni ona da qabiliyyətin çatmır?

Yaşlı kişi dayandı. Çevrilib şaha baxdı və acıqlı-acıqlı:

– Allaha da qurban olum, qonağına da.

Bunu eşidən itlər mırıldayaraq komanın qabağında sırayla düzülüb çömbəldilər. Gözlərini qonaqlara dikdilər. Sanki bir himə bənd idilər ki, yenidən şahla Aslana  hücum etsinlər.

– Gəlin də... – deyə kişi yenidən dilləndi, – Atlarınızı dirəyə bağlayın.

Şah yerindən tərpənmədi, başıyla itlərə işarə etdi.

– Həəəə... şah, nə oldu, qorxdun?

– Həddini bil, qoca! – deyə şah qeyzləndi.

– Sən allah bağışla. Deyəsən xoşuna gəlmədi. Bax, sarayının qabağında mühafizləri bu cür düzdürəndə camaat da səndən sən itdən qorxan kimi qorxur. Qorxma. Düş atından gəl. Mən dedimsə ki, “gəl”, deməli sizə toxunmayacaqlar. Evin adamı sayılırsınız.

Hər ikisi atdan düşdülər. Aslan hər ehtimala qarşı komanın qapısınacan irəlidə getdi. İçəri yarıqaranlıq idi. Kişidən başqa heç kim yox idi. Koma deyəndə ki, it damına oxşayırdı. Şah bu natəmizlikdən çiyrinib, su istəməyinə peşman oldu.

– Ağsaqqal, adın nədir?

– İtbaşı.

– İtbaşı kişi, bəlkə eşikdə söhbət edək? Buranın havası yaman boğanaqdır.

– Ay şah, niyə olanı demirsən? De ki, içəridən iy gəlir deyə peşman oldum komaya girməyimə. Denən ki, necə yəni, mənim şah olduğum məmləkətdə belələri də yaşayırmış? Çıxaq eşiyə deyirsən, çıxaq. Yoxsa ki, “içərinin havası boğanaqdır”. Yox bir, guya bayırda qar yağır?

– Qar nədir, ay kişi?

– Qar bilirsən nədir? Pambıq kimi şeydir, göydən yerə gəlir. Torpağa düşəndə ya əriyir suya dönür, ya da ki, yorğaniçinə bənzər ağ topaya çevrilir.

– Burda necə yaşayırsan, İtbaşı? Paytaxt uzaqda. Su yox, yemək yox. Üstəlik də doqquz it. Özü də ki, hamısı nəhəng – qurdbasan.

– Qurdbasan? İt elə itdir, ey şah. Nə qurdbasanı, nə...

Bu zaman itlər başlarını onlara tərəf çevirib mırıldamağa başladılar. Kişi çomağına söykənib ayağa qalxdı. Aslan da qeyri-iradi əlini qılıncının qəbzəsinə apardı. Uzaqdan zınqırov səsi eşidilməyə başladı. Ox yaydan çıxıbmış kimi itlərin doqquzu da səs gələn tərəfə şığıdılar. Kişi də gözlərini o səmtə dikdi. Karvanı hürə-hürə komaya qədər müşayiət etdilər. Karvan kişinin bərabərinə çatanda dayandı. İtlər də sakitləşib komanın qarşısında çömbəlib oturdular. Sariban çubuqla dəvənin dizlərinə vurdu. Dəvə oturdu. Sariban iki tuluq və iki çuval götürüb komaya tərəf gəldi. Əlindəkiləri yerə qoyub hamıyla salamlaşdı.

– Sariban, paytaxda nə var, nə yox?

– Nəsə qarışıqlıqdır, ağsaqqal. Göyverən Şah meydanda baş vəzir Qurbanı, ikinci vəzir Birrəngi və üç valini daş-qalaq elətdirdi. Karzat Şaha müharibədə qalib gəlib onun məmləkətini öz valiliyinə çevirdi. Özünü isə edam elətdirdi. İndi də Kaminat şaha müharibə elan eləyib. Camaat da ki, səfil günündə. İt yiyəsini tanımır. Tacirlər qaçıblar. Onlar olmasa, mən sariban kimə lazımam ki? Bu yükü də təsadüfən tutdum.

– Bu günə də şükür, sariban, – deyə İtbaşı mənalı-mənalı Göyverən Şaha baxdı.

– Allah axırını xeyir eləsin. Allah sizi də, bizi də qorusun.

– Amin, – deyə İtbaşı cavab verdi.

Şahla Aslan isə dinmədilər. Sariban qapının ağzındakı boş çuvalları, tuluqları  götürdü. Sonra sağollaşıb yenidən dəvəsinə mindi.  Karvan yoluna davam etdi. Şahla Aslan bu mənzərəni sakitcə seyr edirdilər.  İtlər karvanı gözdən itənəcən hürə-hürə yola salıb qayıtdılar.

– Burda deyiblər e... “İt hürər, karvan keçər” – deyə şah sükutu pozdu.

– Yox, ey şah. Düz demədin. İtbaşı burda belə deyib: “Xalq deyinməyində, saray isə öz işində”.

– Ay İtbaşı, lap tutaq ki, elədir. Burda kim qazandı, kim itirdi?

İtbaşı heç bir cavab vermədi.  Ayağa durub, çuvalın birini açdı. İçərisindən iki bağlama çıxartdı. İtlər ətrafında dayanıb ağızlarının suyu axa-axa quyruqlarını bulayırdılar.  O, bağlamalardan birini üzüqoylu yerə boşaltdı. Təpə kimi qalaqlanan kabab qırıqlarından, sür-sümükdən qalxan iy ətrafı bürüdü. Kişi o biri bağlamanı və tuluğu  götürüb qonaqların yanına qayıtdı. İtlər  artıqlara daraşdılar.  Hansı başını yemək qalağına çox soxa bilmirdisə o birilərinin quyruğundan dartıb özünə nəsə qamarlamaq istəyirdi. Yemək azaldıqca itlər daha da qızışırdılar. Süpürləşməyə başladılar. Qırğın başladı nə başladı. Kişi isə o tərəfə heç gözünün ucuyla da baxmırdı.

– Sariban da qəribə adamdır e... Deyir xalq səfil günündədir. Deməzdim. Artıqlar həmişəki artıqlardandır.

– Ay İtbaşı, olmazdı ki, yeməyi əvvəldən doqquz yerə böləydin, yazıq heyvanlar da bir-birini didməyəydilər?

– Ay itlərə acıyan rəhmli və ədalətli şah, olmazdı ki, bir qismət çörəyi əhalin arasında bərabər böləydin, biri o birini incitməyib, var-dövlət üstündə öldürməyəydi?  Biri varlı, biri kasıb, o biri də mənim kimi səfil  olmayaydı? Camaata yazığın gəlmir, itəmi yazığın gəlir?

– Elə etsəm heç kim işləməz, çalışmaz. Hərə öz qabiliyyətinə görə qazanır.

– Mənim itlərim də – sən dediyin kimi etsəm, hamısı doyar. Daha karvana hücum edəni tapılmaz. Burda da güclü itə çox yemək çatır, əfəlinə az.

– İt başqa, insan başqa. Niyə axı eyniləşdirirsən?

– Ey şah, ikisi də canlıdır, – deyə qoca çuvaldan çıxardığı bağlamanı açıb süfrəyə düzməyə başladı. Tuluqdakı suyu bardaqlara, bir azını da itlərin qabına tökdü, – Yaxşı ki, yaxşı adamlar var. İtləri də yaddan çıxartmırlar, məni də... Bu da karvansaraylardan qalan artıq-urtuqdur. Adı artıq-urtuqdur, amma əl dəyilməyib. Daha doğrusu, israfçılıqdan artıq qalıb. Bu sariban da o yana-bu yana gedəndə məni yaddan çıxartmır. Payımı gətirir. Xəbərlərdən hali edir.

– Bu sənə çatır? Axı o indi getdi, bir də nə vaxt geri dönəcək?

Suala cavab verilməmiş uzaqdan zınqırov səsi gəldi. Şah və Aslan köhnə mənzərəni yenidən müşahidə etmək üçün gözlərini itlərə zillədilər. Onlar isə çömbəlib sakit oturmuşdular. Yerlərindən tərpənmirdilər.

– Qoca, düz deyirsən. Heç gör yerlərindən tərpənirlər? Doyub oturublar, – deyə şah dilləndi.

– Yadında saxla. İt heç vaxt doymaz. İnsan kimidir.

– Necə yəni?

– İnsan kimidir. Qarnı doysa belə, gözü doymur. Bir də ki, bu karvan başqa karvandır. Bu sariban itlərimin qorxusundan silahlı adam gəzdirir. Keçən dəfə bunlardan birini yaralayıb da...

– Deməli itlər qorxur, eləmi?

– Tələsmə, görəcəksən.

Dəvə karvanı ləngər vura-vura yaxınlaşırdı. Sariban dəvənin belində oturub saymazyana-saymazyana qocanı və itləri seyr edib gülürdü. İkinci dəvədə silahlı adam var idi. Beşinci dəvə komanın yanından keçəndə itlər karvana cumdular. Dəvələrin hər iki tərəfindən asılan yüklərə, su tuluqlarına hoppanıb diş atmağa başladılar. Bir, iki, beləcə beş-altı dəvənin çuvalını deşdilər. Birindən buğda töküldü, o birindən zəfəran, içməli su, bəzilərindən isə heç nə. Deyəsən parça-mahud idi. Karvan mühafizləri quduzlaşan itlərin qorxusundan dəvədən enə bilmirdilər. Saribanın səsi aləmi götürdü:

– Mən sizi niyə tutmuşam, hə? Bir itdən qorxursuz, həramilər hücum etsə neyləyəcəksiniz? İndi mən mal yiyələrinə nə cavab verəcəyəm, hə? Pulunuzu kəsərəm, ağlınız yerinə gələr.

Qoca isə saribana baxıb bərkdən gülürdü.

– Nə gülürsən, qoca. İtlərin olmasaydı bu əllərimlə parçalayardım səni. Adını elə yaxşı qoyublar – İtbaşı. Sonda elə it kimi də gəbərəcəksən. Basdıran da olmayacaq. Cəsədin də elə itlərinə yem olacaq.

Qoca gülməyini kəsdi. Gözlərində yaş gilələndi. Şah gözüylə Aslana işarə etdi. Aslan qılıncı çıxarıb karvanbaşına hücum etmək istəyirdi ki, qoca onun əlindən tutdu.

– Lazım deyil, şah.

– Niyə?

– Çünki düz danışır.

– Düz danışmır. Cəzasını yerindəcə almalıdır. O nə hədlə...

– Düz danışır, ay şah. İtlər olmasa, bu saribanlar məni didərlər. Mühafizlər olmasa, bu xalq da səni...

– Deməli, sənə bu adı sonradan qoyublar. Bəs əsl adın nədir?

– Neyləyirsən ki, ay şah.

– Barəngaha çox oxşayırsan.

– Elə danışırsan ki, guya onu əvvəllər görüb-tanımısan.

– Ehtiyacım var ona, qoca. Atam vəsiyyət etmişdi.

– İki qonşu dövləti diz çökdürmüsən. Şəhid adıyla əhalini qırğına vermisən. Öz əyanlarını daş-qalaq etdirmisən. Axı nəyə ehtiyacın var daha, nəyə?

Göyverən Şah cavab vermədi. Onlardan uzaqlaşan karvana baxıb məsəli yenidən təkrar etdi:

– İt hürər, karvan keçər.

– Ay şah, yenə də başa düşmədin? İtlər karvana ziyan vurdular. Qorxusundan bir mühafizəçi də dəvədən düşmədi.

– Nə olsun ki? İt hürə-hürə qaldı. Karvan isə artıq gözdən itib.

– Ey şah, sariban elə sən özünsən. İtlər sariban yaxşı olanda, hürdülər, hürə-hürə də yola saldılar. İkinci sariban pis olanda, gücləri yalnız pislik eləməyə, ziyan vurmağa çatdı. Çünki yaxşı bilirdilər ki, bu karvanda əli silahlı keşikçi var. Vay o günə ki, sariban dəvədən yerə yıxıla.

– Tutaq ki, yıxıldı. Ayağa durar, yenə də minər dəvəsinə.

– Əgər xalq, üzr istəyirəm itlər imkan versə.

– Axı şahın şir kimi mühafizləri var.

– Gördün də, ay şah. İtlərin qorxusundan bir mühafiz belə yerə düşmədi.

 Şah susdu. Bu dəm Aslan qulağına nəsə pıçıldadı.

– Yaxşı, ağsaqqal, vaxtdır. Biz gedək. Görək bu Barəngahı hardan tapırıq. Bu beş qızılı da sənə verirəm.

– Lazım deyil, şah. Neyləyirəm ki, qızılları. Burda nə satılır ki, nə də alım.

– Onda gedək saraya. Qocalığını şah kimi keçir.

– Yox, ey şah. İki şahın başı bir qazanda qaynamaz. Mən itlərin şahıyam. İtlərin arasında da olmalıyam.

– Yaxşı, heç soruşmadım, sən də demədin. Bu nə xarabalıqdır belə?

– Uzun söhbətdir, şah. Gələn dəfə danışaram.

– Bəlkə gələn dəfə olmadı?

– Olacaq, ey şah, olacaq. Çünki ikimiz də eyni adamıq. Mən İtbaşıyam, sən Xalqbaşı. Sadəcə mən qocayam, sən isə cavan. İkimiz də təkik. Sən çox suallara cavab axtarırsan, mən isə çox suallara artıq cavab tapmışam.

– Onda sənə ilk sualım. Bayaq sariban da üstüörtülü dedi... Baş vəzirim Qurban və ikinci vəzirim Birrəng mənə xəyanət etmişdilər. Müharibə getməyindən istifadə edib xalqı incitmişdilər. Onların qara günə yığdıqlarını belə, talan edib ciblərinə qoymuşdular, üstəlik xəzinəni də talamışdılar. Bunu üzə çıxartdım. Qızılları xəzinəyə yatırtdım. Onların cəzalarını xalqın qabağında verdim. Vergiləri altı ay saxladım ki, həyat dirilsin, tacirlər geri qayıtsın. Hörmətimi qaldırdım. Karzat Şaha qalib gəldim. Kaminat şahı da... az qalıb – diz çökdürəcəyəm. Amma yenə də narahatam. Düz etmişəmmi bunları?

– Ay şah, xalqdan talananı özlərinə qaytarmısanmı?

– Yox. Bunu necə edəydim axı? Kimdən nə qədər alındığını bilmirəm.

– Onda özünə də ölüm hökmü çıxart da...

– Niyə? Mən xəzinədən oğurluq, xəyanət etməmişəm.

– Amma oğurluq malı xəzinəndə saxlayırsan. Birrəngi tanımıram, amma Qurbanı nahaq öldürtmüsən. Nəsillikcə baş vəzir olublar məmləkətdə. Heç şah da öz əyanına əl qaldırar? Özü də Qurban kimi əyana. Ey şah, bir şeyi qulağında sırğa elə. Öz hörmətini aşağı salmaqla, nəslini yeddi arxa söydürməklə şahın hörmətini yüksəklərə qaldıran və bunun müqabilində cibini dolduran insanlara əyan deyilir.

– Axı onları öldürməklə hörmətim qalxdı.

– Sənə elə gəlir. Xalq elə bilirmiş ki, talançılıq sənin tapşırığınla görülür. Sonda da məlum oldu ki, yox, demə şahın bunlardan xəbəri yox imiş. İlk baxışda hörmətin artdı buna görə. Amma oğurlanan pullar yenidən onların cibinə qayıtmadı axı. Bu da heç. Ən əsası isə... Ay şah, xalq indi bilirsən sənin haqqında nə düşünür? Deyir bu necə şahdır ki, hamının xəbəri olan şeydən bunun xəbəri olmayıb? Əyanlar xalqı talayanda kölələrin sənə olan hörmətinə görə susurdu. İndi isə nə sənə, nə də sənin əyanlarına inamları qalıb. Sabah onlar xoşluqla vergi ödəyər? Müharibəyə gedər? Kim qapısına gəlsə, daş-qalaq edib yola salacaq. Bax, indi burdasan. Bəs sarayı kim idarə edir? Hərəmlərin var? Bəs dövlətin gələcəyi olan vəliəhdin necə, var? Lap əsası. Valini də qətlə yetirərlər? Valinin heç xətrinə də dəymək olmaz. Onlar yerlərdə kiçik padşahlar sayılırlar. Onlar qara camaatın gördüyü ən böyük əyandırlar. Edam etdirmək olmaz, uzağı sürgün edərsən. Bir müddət əzazilini qoy, bir müddət rəhmlisini. Beləcə növbələşdir.

Şah bu sualın qabağında duruxdu. Bilmədi nə cavab versin.

– Qayıt, birinci saray əyanlarını yığ başına. Baş vəziri, ikinci vəziri də onların içindən seç. Birinci onlar üçün gözəl həyat yarat. Əyanlar dövlət, padşah-madşah bilməzlər. Onları yalnız cibləri maraqlandırar. Onlar öləndə isə oğlanlarını irəli çək. Qoyma ki, küçədən gələn kimsə saray əyanlığının dadını bilsin. Yoxsa sonun faciəylə bitər. Bir də ki, xəzinəni talamağa, xalqı incitməyə görə əyan öldürməzlər. Sən isə onları hamının gözü önündə edam etdirmisən. Əslində gərək onların başlarını sığallayıb, ənam verəydin. Onların hesabına var-dövlətin artıb. Necə ki, mən bu itlərin hesabına şah kimi dolanıram.

– Ay İtbaşı, sənin sözündən belə çıxır ki, saray əyanlarına ölüm hökmü çıxarmaq olmaz?

– Olar. Niyə ki, olmaz? Amma saray divarları arasında. Dar ağacından asmaqla. Cəzasın da ver, canın da al. Əsl şah balığı qarışqaya yem etməz. Balıq balığa yem olmalıdır. O ki qaldı vergilərə... nahaq ləğv etmisən. Onsuz da hər şey düzələcək. O tacir, o varlı daha da varlanmaq üçün məcburdu ki, yenidən öz işini dirçəltsin. Heç vaxt qızıl hərisi olan belələrini əzizləmə. Təpiyini bas, piyini çıxart.   Bir də ki, yadından çıxartma. Şahın cibi yoxdur. Hər şey şahındır. Amma ondan aşağı hamının cibi var. Və o cib dolmasa, narazılıq artacaq. O cib çox dolsa, quduracaqlar. Nə artmalıdır, nə azalmalıdır. Çalış qaydasında saxla o cibləri. Şah idarə etməkçün deyil. Cəmiyyət onsuz da özü özünü idarə edir. Elə bilmə ki, cəmiyyəti qanunlar idarə edir. Molla – adam öləndə, qanun isə cinayət törədiləndə yada düşər. Qanun idarə etməkçün deyil, cəzalandırmaqçündür. Qanun xalq üçündür, saray əyanları üçün deyil. Onsuz da hər şey öz-özünə gedir. Şah isə bunları tənzimləməlidir. Bir şeyi də yadında saxla. Məmləkətində həyat səviyyəsini yalnız fahişələr müəyyənləşdirir.

– Qoca, sən Barəngahsan?

– Yox, ey şah, mən İtbaşıyam.

– Adam adına bənzəmir axı. Sariban da dedi ki, bu adı sənə qoyublar.

– Ay şah, “Göyverən” də heç adam adına bənzəmir.

Şah duruxdu. Amma özünü sındırmadı.

– Ay İtbaşı, heç anlamadım axı, bu saribanların sənə münasibətini. Bu xarabalıq da mənə qaranlıq qaldı. Bircə it hürər, karvan keçər misalını əyanidə gördüm. Di salamat qal, İtbaşı. Görüşənədək.

– Yaxşı yol.

Şahla Aslan yola düzəlirlər.

– Aslan, bu qoca Həqqi Şahın dediyi Barəngahdır. Gizlədir. Nəsə sirr var burda. Ona görə adını deməyə qorxur, ya da ki, utanır. Birrəngi ikinci vəzir qoyanda Qurban da demişdi bu sözlərdən bəzilərini. Düz də çıxdı. Bu İtbaşı elə-belə adam deyil.

– Əvvəl-axır hər şey aydın olacaq, şahım. Bilmirəm kimdir, amma ağıllı adama oxşayır.

 

***

 

Ertəsi gün. Divan. Şah başda əyləşib. Əyanlar ayaq üstə dayanıblar. Heç kim dinmir. Şah kimisə gözləyir. Bu vaxt qapı açılır. Aslan izn alıb içəri girir.

– Şahım, çağırdığınız adam gəlib.

– Gəlsin.

Qüdrət içəri girir. Şahın qarşısında diz çökür. Gözlərini qaldırıb şahın üzünə baxmır.

– Göyverən Qüdrət, necəsən?

– Ömrünüz uzun olsun, şahım. Yaxşıyam.

– Deməzdim, deməzdim. Eşitdim ata-baba mülkünü satırsan.

– Bəli, şahım, satmaq istəyirdim. Amma aylıq təyin etdiniz deyə, fikrimi dəyişdim. Ömrünüz uzun olsun, şahım.

– Xub, xub. Bu gün qərara aldım ki, səni bağışlayım. Düzdür, günahın böyükdür. Amma Qurbanla Birrəngin elədiklərinin yanında çox kiçikdir. Ən əsası isə sən mənə xəyanət etməmisən. Sadəcə umacağın olub, amma alınmayıb.

– Ömrün uzun olsun, şahım.

– Və səni özümə baş vəzir təyin edirəm. Aslan, əbanı sal Qüdrətin çiyninə.

Qüdrət başını qaldırıb çaşqınlıqla şahın gözlərinə baxdı. Ayağa qalxdı. Aslan baş vəzir əbasını Qüdrətin çiyninə saldı, çalmanı başına qoydu. Qüdrət diz çöküb şahın əbasının ətəyini öpəndən sonra, əyanların sırasında birinci yerdə dayandı.

– Vəkil Fərman, səni ikinci vəzirim təyin edirəm. 

– Ömrün uzun olsun, şahım.

– Baş xəzinədar Hətəm. Sən isə həm də Bədrəngin vəzifəsini icra edəcəksən. Vergilərin toplanıb xəzinəyə yatırılması da sənə həvalə olunur.

– Var ol, şahım. Şahım, icazə versəniz bir xüsus var deyərdim.

– Eşidirəm.

– Əgər şahımız məsləhət bilərsə, məmləkətdə altı ay vergi yığılmasın. Müharibədən sonrakı dövr üçün məqbul addım sayılar.

Şah Hətəmin sözündən sonra Aslana baxdı. Üzünü yenidən baş xəzinədara çevirib: 

– Ehtiyac yoxdur. Onsuz da məcbur olub qayıdacaqlar. Bir də... saray əyanlarının məvaciblərini də Həqqi Şahın dövründəki səviyyəyə qaytar.  İndi isə gedin. Baş vəzir Göyverən Qüdrət, sən isə qal.

Divan dağılır.

– Qüdrət, uzun illərdir ki, sarayda xidmət eləmisən. Özü də ki, nəsillikcə vəzir olubsunuz. Son aylar isə saraydan uzaq – xalqa yaxın olubsan. Yəqin çox şeyi başa düşmüsən. Mən Birrəngdən çox şey gözləyirdim. Çünki həm varlı, həm də müflis olmuşdu. Amma o xəyanət etdi. Mənə də, kasıb əhaliyə də, xəzinəyə də... Sən isə nəsillikcə əyansan, zatın var, qanunları gözəl bilirsən. Onu da yaxşı bilirəm ki, həmişə baş vəzirliyə can atmısan. Budur, istəyinə çatdın. Sarayı, məmləkəti bu gündən sənə tapşırıram. Görüm, necə baş vəzir olacaqsan.

– Ömrünüz uzun olsun, şahım.

– Qüdrət, bir sual verim sənə. De görüm bu müddətdə nəyi başa düşdün?

– Şahım, bircə şeyə əmin oldum ki, insanın ağ günə çıxması üçün qara günə yığdığını gərək əlindən alasan.

– Xub, xub. Əlaüləla. İlk addımın nə olacaq, Qüdrət?

– Şahım, bildiyim qədər Kaminat Şahla müharibə gedir. Belə anda baş vəzir ön xətdə olmalıdır.

– Düz deyirsən. Vuruşmaq Abbaslıqdır. Rəhbərlik etmək və sonda müqavilə bağlamaq isə sənlik. Görək ilk işini necə başa çatdıracaqsan. Bir də... Qurbanla Birrəngin ailəsini sənə tapşırıram. Gözün üzərlərində olsun. Arvad-uşağın heç bir təqsiri yoxdur.

– Əmr edərsiniz, şahım.

– Gedə bilərsən.  Aslan!

Aslan otağa girir.

– Aslan, hazırlaş gedək Həqqi Şahın məzarını ziyarət edək. Gör nə vaxtdır getmirəm.

– Başüstə, şahım. Mühafizlərə xəbər edim.

– Ehtiyac yoxdur. İkimiz gedirik. Özü də piyada.

Paytaxtın qənbər döşənmiş küçələri ilə iki nəfər addımlayır. Hamı onlara baxır. Amma heç kim yaxınlaşmır. Bəziləri salam verir, bəziləri üzünü çevirir. Beləcə şahla Aslan Həqqi Şahın məzarına gəlib çıxırlar. Türbə demək olar ki, hazırdır. Ziyarət edənlər çox olduğundan şah ayaq saxlayır. Ziyarətçilərin arxasıyla sıraya dayanır. Bu mənzərə Göyverən Şahı çox təsirləndirir.

– Görürsən də, Aslan, hər şaha qismət olmur fani dünyada bu cür axirət.

– Xalq çox istəyirdi atanızı. Fikir verirsinizmi, hamısı diz çökür və sinə daşını qucaqlayıb öpür.

– Görürəm... görürəm... Görəsən mən də öləndə bu cür el məhəbbətinə layiq görüləcəyəm?

– Şahım, bu haqda düşünmək hələ tezdir.

– Xoşum gəldi, Aslan. Yoxsa ki başlayırlar – Allah eləməsin, mən nə bilim nə... Ölümə qərar verən Allaha deyirlər ki, Allah eləməsin. Guya ki, bunların belə deməyiylə Allah insanı öldürməyəcək.

Şahla Aslanın sırası çatır. Türbəyə daxil olurlar. Qəbri dövrə vurub başdaşından öpürlər.

– Yaxşı inşa ediblər, Aslan. Zövqünə əhsən. İnanıram ki, məscidi də bu cür inşa etdirib başa çatdıracaqsan.

– Ömrünüz uzun olsun, şahım.

Yenidən saray. Şah otağında təkdir. Yenə fikirlər beynini dumanlandırıb: İtbaşıyla görüşümdə çox şeylər gördüm. Amma başa düşmədim. O nə xarabalıq, o nə köpək sürüsü idi? İtbaşı nə addır? Dediklərinə inandım və əməl etdim. Görəsən düz elədimmi? Axı o İtbaşıdır, Barəngah deyil. Niyə ona qulaq asdım ki? İnsanların başçısı şah da itlərin başçısı İtbaşıya qulaq asar? Nəsə doğma gəldi mənə İtbaşı. Fahişələrdən bir söz dedi. Bu fahişələr kimdir axı ki, hələ bir cəmiyyətdə həyat səviyyəsini müəyyənləşdirsinlər? Çox çətin suallardır. Yəqin bir-bir çözərəm.

Bu zaman qapı döyülür. Loğman içəri girir:

– Nədir, nə olub, Loğman? Yenə kim ölüb?

– Şahım, Karzat Şahın baş vəzirini qurtarmaq mümkün olmadı.

– Deməli, onu da zəhərlədin. Eləmi?

– Xeyr, şahım. Mən insanları yenidən həyata qaytarmaq üçünəm, öldürməkçün yox.

– Amma baş vəzir Qurbanın qanını o saat kəsdin. Mən qorxurdum ki, onu da zəhərləyəsən. Axı dost idiniz. Belə dost idinsə, qoymayaydın da qətlgaha getsin. Zəhərin qurtarmışdı? Yeməyinə qataydın, öləydi. O cür zülmlə, əzabla öləcəyinə niyə imkan verdin? Sən ki, sağaltmaqda yox, zəhərləməkdə bir dənəsən.

– Təklif etdim. Razı olmadı. Şahım, ümid sonda ölür. Sizin rəhminizə çox ümid edirdi Qurban. Baxmayaraq ki, sizə çox faciələr yaşadıb... – Loğman əliylə ağzını qapatdı. Amma artıq gec idi. Söz ağzından çıxmışdı.

– Nə? – deyə Göyverən Şah qeyzlə ayağa durdu, – Hansı faciələr?

Loğman qorxudan əsməyə başladı. Diz çökdü. Göyverən isə qan tutmuş gözlərini ona zilləyib durmuşdu.

– Şahım, kəndinizdə törətdiyi qətliamı deyirəm. Bağışlayın məni. Keçmiş dərdlərinizi yadınıza saldığıma görə.

– Cəllad! – şah bağırdı.

– Şahım, rəhm elə, öldürmə məni. Bağışla  məni Qurbanın qılıncdan keçirdiyi atanın, ananın ruhuna.

Mirqəzəb əlində təbərzini, belində qəməsi hövüllü içəri girdi.

– Cəllad! Kəs bunun dilini!

Cəllad bunu eşitcək Loğmanı üzüqoylu yerə yıxdı. Dizini kürəyinə basdı ki, tərpənə bilməsin. Bir əliylə boğazından yapışıb sıxmağa başladı. Loğmanın rəngi qaraldı, dili bayıra çıxdı. Elə bu dəm cəllad çəkməsinin ucuyla dilin ucuna basdı, qəməsini çıxarıb ortadan kəsdi. Loğmanın qışqırtısı aləmi bürüdü. Göyverən Şah qanı axan Loğmana yaxınlaşıb, çömbəldi. Kəsilmiş dili əlinə götürüb Loğmanın gözü önünə gətirdi. Yellədə-yellədə qulağına pıçıldamağa başladı:

– Həqqi Şahı ölüm ayağında zəhərləmək istəməyin bəs deyil, indi də mənə keçmək istəyirdin? Ömrümün sonuna qədər ilan dilinlə zəhərləmək istəyirdin məni? Çıxartdım zəhərini canından. İndi danış görüm necə danışırsan. Yox. Sən savadlı adamsan. Nə olsun ki, danışa bilmirsən. Yaza bilərsən. Eləmi? Cəllad, bunun əllərini biləyindən kəs! Sonra da apar sal zindana. Elə et ki, ölməsin. Çürüt onu ölüm zindanında ta əzrayıl arxasıyca gələnəcən.

– Başüstə, şahım, – deyib cəllad təbərzinini göyə qaldırdı...

 

***

 

Şah fikirli-fikirli taxtında oturub. Suallar beynini qazır: yenə də özcəza, yenə də qan. Divansız, hakimsiz, qazisiz. Özü də ki, İtbaşının verdiyi bu qədər məsləhətdən sonra. Axı İtbaşı hardan bilsin keçmiş söhbətləri? Mənim də əyanlara ürəyim yumşalmışdı, yazığım gəlmişdi onlara. Yox, bunların hamısını it kimi gəbərtmək lazımdır. Deməli, Qurban ölüm ayağında sirri buna açıb. Görəsən başqa kimlərə deyib? Kimə deyər ki? Amma hər şey ola bilər. İsgəndər buynuzunun olmasını quyuya söyləmişdi. Quyudan qarğı çıxdı. Qarğıdan tütəklər hazırlandı. Və tütəklər başladılar haray salmağa ki, “İsgəndərin buynuzu var, buynuzu”. Yox. Bu bir rəvayətdir. Həyatda heç vaxt belə ola bilməz. Loğman cürət etməz buna.

 

***

 

Bir müddət  keçir. Şahın sarayı. Göyverən Şah taxtında oturub. Aslan qarşısında dayanıb.

– Aslan, Abbasdan nə xəbər? Bunların müharibəsi nə uzun çəkdi?

– Abbas yox, baş vəzir Qüdrət namə göndərib ki, hər şey qaydasında gedir.

– Təki. Xəzinədarı çağır, Aslan.

Hətəm gəlir. Şaha təzim edir.

– Hətəm, nə var, nə yox?

– Hər şey qaydasındadır, şahım. Orduya da pul ayırmıram.

– Ordu bəs necə dolanır orda?

– Baş vəzir namə göndərib ki, ehtiyac yoxdur. Qənimət hesabına başlarını  dolandırırlar.

– Sonra.

– Göyverən və Göyveranə adlarını qoyanlar da azalıb. Demək olar ki, yoxdur. Qoyanların çoxu dəyişdirib də...

– Niyə?

– Bilmirəm, şahım. Mollaxanalar bərpa olunub. Cümə namazlarına gedənlərin sayı çoxalıb.

– Xub, xub. Yəqin xalq başa düşüb ki, it məscidə girə bilər. Amma Allah evi bununla paklığını itirməz. Sonra, Hətəm.

– Şəhid ailələri narazılıq edirlər.

– Qan pullarını ödəmədinmi?

– O pulları vermişəm. Aylıq müavinətlərə görə. Deyirlər ki, uşaqlarımız buna görə ölümə getdilər ki, biz yaxşı yaşayaq barı. Oğlanlarımızı da itirdik, aylığı da...

– Hətəm, onlar şahları uğrunda ölüblər, pul uğrunda yox. Gələnləri bu cür başa sal. Denən ki, şəhid anası, şəhid atası olmaq böyük şərəfdir. Şəhid olmaq yüksək zirvədir. Özün yaxşı bilirsən bu cür sözləri. Sakitləşərlər.

 

***

 

Səhərdir. Şah səs-küyə oyanır. Tez eyvana çıxır. Görür ki, qoşun nizami sırayla qalanın qapılarından içəri girir. Camaat, qız-gəlin isə küçələrə axışıb onları alqışlayırlar. Qabaqda ağ atın belində baş vəzir Qüdrət gəlir. Onun arxasınca baş sərdar Abbas və atın üstündə əli-qolu bağlı bir nəfər. Sonra isə ordu, kəcavələr, yük dolu dəvələr. Şah tez əbasını geyinib sarayın həyətinə düşür. Ordu sarayın ərazisinə daxil olmur. Baş vəzir Qüdrət və baş sərdar Abbas şaha tərəf gəlib atdan düşərək, təzim edirlər.

– Şahım, müharibə qələbəmizlə başa çatdı, – deyə birinci baş vəzir dilləndi, –  Düşmən məğlub oldu.

– Halal olsun sənə, Qüdrət.

– Şahım, əmriniz yerinə yetirildi, – deyə Abbas danışmağa başladı, –  Çoxlu qənimət götürdük. Əsgərlərdən ölən olmadı. İki nəfər yüngül yaralandı.

– Afərin, Abbas. Qəhrəman əsgərlər, halal olsun ananızın südü sizə, – deyə Göyverən Şah səsini yüksəltdi ki, hamı onu eşitsin.

– Şahım, icazə verin əsas qəniməti sizə təqdim edim, –  Qüdrət təzim edib başıyla işarə etdi. Minbaşı  gözübağlı kişinin oturduğu atı yüyənindən tutub şahın hüzuruna gətirdi, – Kaminat Şah, – deyə böyük fərəh və sevinclə atın belindəkini işarə verdi. Daha bir işarəsiylə minbaşı onun gözündəki qara parçanı açdı.

– Qollarını da aç! – şah qışqırdı. Rəngi dəyişdi. Heç nə demədən çevrilib içəri keçdi. Aslan, Qüdrət, Abbas da onun arxasıyca saraya daxil oldular.

Şahın otağı. Göyverən Şah taxtında oturub. Əsəbidir. Dinmir. Aslan, Qüdrət, Abbas, Hətəm də sakitcə durublar.

– Baş sərdar Abbas, bu nə oyundur? Başa sal məni, mən sənə belə demişdim? – deyə şah dilləndi. Abbas dinmədi. Eləcə çiyinlərini çəkib, başıyla baş vəziri işarə etdi, – Yaxşı, Qüdrət, sən danış.

– Şahım, sizin əmrinizdən sonra getdim gördüm ki, baş sərdar Abbas Kaminat Şahın bir valiliyini zəbt edib, – deyə Qüdrət fərəhlə ərz etməyə başladı, – kişilərini qılıncdan keçirib, yurdlarını viranə qoyub. Nə qədər də qənimət yığıb. Əsgərlərimiz də bekar oturub – öz keflərində. Soruşdum ki, ay Abbas, nəyi gözləyirsiniz? Dedi ki, şahımızdan tapşırıq belə olub: bir valiliyi almaq və sülh imzalamaq. Mən də ordumuzla bir gün gözlədim, iki gün gözlədim ki, yəqin onların baş vəziri gələr, sülh diləyər, yalvarar. Biz də sənədi imzalayıb qayıdarıq geri. Gördüm ki, gələn yoxdur. Qərar verdim ki, paytaxtlarına doğru irəliləyim...

Şah öz-özünə: həəəə... day denən ki, ay Qüdrət, əlinə fürsət düşmüşdü də... Şair burda yaxşı deyib:

Kәmfürsәt әlinә düşәndә fürsәt,

Sәrin meh istәsәn, qış gәtirәr o.

Birinin börkünә etsәn işarәt,

Börk ilә bәrabәr baş gәtirәr o.

 

– Şahım, irəlilədikcə qarşımıza bir əsgər də çıxmırdı. Əksinə, camaat küçələrə çıxıb başımıza gül səpirdi. Adımızı da xilaskar qoymuşdular. Valilər isə qızıl dolu kəcavələri sıraya düzmüşdülər. Hələ qiymətli hədiyyələri, kənizləri demirəm. Beləcə, sakitcə, itkisiz gəlib çıxdıq Kaminat Şahın sarayına. Düzü şübhələndim ki, bu, tələ ola bilər. Artıq peşman olmuşdum şahlığın dərinliklərinə irəliləməyə. Saraya çatanda isə bir nəfər pillələrlə enib gəldi dayandı qabağımda. Başında da tac. Yəqin etdim ki, bu həmin Kaminat Şahdır. Dedi ki, “xoş gəlib səfa gətirmisiniz. Neçə gündür sizi gözləyirik, hardasınız?” Mən də, Abbas da çaşıb qalmışdıq. Saraya girdik. Kaminat Şah məni öz taxtında əyləşdirdi. Əyanlar da qarşımda diz çökdülər ki, bəs biz özümüzü Göyverən Şahın ordusu qarşısında məğlub elan edirik. Xalqımızla işiniz yoxdur. Bütün səfalətlərə bais Kaminat Şahdır. Onu və nəslini sizə təslim etməklə sülh bağlamaq istəyirik.

– O, Kaminat Şah deyildisə, bəs kim idi? – deyə şah marağını gizlədə bilmədi.

– Mən də o sualı verdim ki, bəs sən kimsən? Cavab verdi ki, bəs bu məmləkətin keçmiş baş vəziri, indi isə şahı Qaflan Şah. Şahım, siz deyənkimi sülh bağladım, qənimətləri də götürüb qayıtdım geri. Üstəlik, hər il bac-xərac da ödəyəcəklər xəzinəyə.

Göyverən Şah fikrə getdi: deməli, baş vəzir Qaflan ondan istifadə edib. Bərəkallah. Bəs deyirlər ki, şətrənc şahın mat olmağıyla başa çatır. Bunu Aslan mənə demişdi. Bəs burda nə baş verdi? Bir şah mat olur, yerinə isə həmən vəzir gəlir. Deməli şətrəncin izahını düzgün verməyib Aslanın babası. Yox, Aslan o vaxt onu da demişdi ki, baş vəzir Qurban ya müharibəni udub yanımda hörmətini qaldıra bilər, ya da ki, Karzat Şahla danışığa gedib məni devirə. Özü də olar şah. Bunların heç biri olmadı. Amma Qaflan vəziyyətdən yararlanıb Aslan deyən kimi istifadə etdi. Ara yerdə Qüdrətin hörmətini qaldırdı. Atam düz deyirmiş. Mənim bir düşmənim varmış, o da baş vəzir Qurbanmış. Mənim yaxın adamlarım isə Aslanla Abbasdır. Yaxşı ki, Qurbanı öldürdüm. Belə çıxır ki, indi düşmənim Qüdrətdir? Yox. O hələ təzədir. Baş vəzirliyi indi-indi öyrənir. Yetişəndə onun da... Bir də ki, atam “baş vəzir” deməmişdi, “baş vəzir Qurban” demişdi.

Şah xəyalından ayılır.

– Əhsən hamınıza. Xəzinədar.

– Bəli, şahım.

– Baş mühafiz Aslana, baş sərdar Abbasa, Mirqəzəbə, mühafiz və əsgərlərə bir aylıq məvacibləri qədər mükafat ver. Baş vəzir Qüdrətə isə şah ənamı ver. Hamıya da car çək ki, sabah məmləkətin hər yerində qələbə süfrələri açılacaq mənim adımdan.

– Ömrünüz uzun olsun, şahım, – deyə hamı şaha təzim etdi.

– Abbas, qəniməti xəzinədar Hətəmə təhvil ver.

– Şah sağ olsun, bəs adamları nə edim?

– Bilmirsən nə etməlisən? Kaminatı zindana sal. Bunu ki, yaxşı bilirsən.

– Şahım, kəcavədəkiləri deyirəm, – deyə Abbas üzünü baş vəzir Qüdrətə çevirdi.

– Şahım, yadınızdadırsa o vaxt siz hərəmxananın bərpasıyla bağlı əmr vermişdiniz. Qaflan Şah və hər valilik sizə kəniz bəxşişi göndəriblər. İcazə versəydiniz əmrinizin icrasına – hərəmxananın bərpasına başlayardım.

– Bərpasını istəmirəm. Yenidən təşkil elə. Bir də... Qüdrət, bu gündən Həqqi Şahın dövründəki kimi fərraşlar yalnız sənə tabedirlər.

– Ömrün uzun olsun, şahım.

– Kaminat Şaha gəldikdə isə... baş vəzirim Qüdrət, sən qal. Qalanlar gedə bilər, – əyanlar otağı tərk edirlər, – Qüdrət, nə məsləhət edirsən? Boynun vuraq, yoxsa zindanda çürüdək?

– Şahım, məsləhət sizindir. Amma Qaflan Şah çox  məkrli adama oxşayır. Onu qorxu altında saxlamaq üçün Kaminat Şaha əl dəyməyək. Ona qarşı silah kimi saxlayaq. Həddin aşsa öldürüb, Kaminatı yerinə qaytararıq. Siyasətdə belə şeylər olur.

– Düz deyirsən. Onda özünə yaxın valiliklərin birində ev ayır ona, hər şeylə təmin elə. Özü də ki, ailəsiylə birlikdə. Nəzərin də üstündə olsun. Bu barədə kimsə bilməsin. Təbəəliyimi qəbul etsin, yaşasın. Vəssalam.

– Ömrün uzun olsun, rəhmli şahım.

– Göyverən valisi Dürəngin işlərinə də nəzarət et. İkinci vəzir Fərmanın bərpa etdiyi o üç valiliyə də, bir sözlə bütün valiliklərə öz adamlarını qoy. Piylənənlərin qarnından təpiyini elə bas ki, artıq yağları çıxsın. Ağ günə çıxart onları. Başa düşdün də?

– Bəli, şahım. Qara günə yığdıqlarını əlindən alacağam ki, ağ günə çıxsınlar.

– Afərin. Gedə bilərsən.

 

***

 

Artıq Həqqi Şahın il mərasiminə az qalır. Şah mühafizlərlə məscidə – Cümə namazına gəlib. Namaz başa çatandan sonra şeyx Mərdan  ayağa qalxıb üzünü dindarlara tutdu:

– Ay camaat, gələn cümə axşamı  Həqqi Şahımızın il mərasimidir, – yerbəyerdən “Allah rəhmət eləsin” sədaları eşidildi, – Göyverən Şah bu gün aramızdadır. Sizlərə sözü var.

Şah ayağa qalxıb şeyxin bərabərində durdu:

– Ey Həqq dövlətinin əhalisi, gələn cümə axşamı axşam namazından sonra məmləkətin hər yerində Həqqi şahın ruhuna ehsanlar veriləcək. Bir varis kimi hamınızı dəvət edirəm.

Yenidən “Allah rəhmət eləsin” sədaları məscidin qübbəsində əks-səda verdi.

– Allah sizə də rəhmət eləsin, – deyə şah razılıq əlaməti olaraq əlini çarpazlaşdırıb sinəsinə qoydu. Dindarlar arasında nəsə çaşqınlıq yarandı. Hamı bir-birinə baxdı. Bunu görən şeyx Mərdan dilləndi:

– Ay müsəlmanlar, ölüyə də rəhmət var, diriyə də.

– Şeyx həzrətləri çox düzgün buyurdu. Amma ki, biz nədənsə ölən adamın adı gələndə rəhmət deyirik. Baxmırıq ki, nə vaxt ölüb – on ildir, on beş ildir, əlli ildir... Amma başa düşmürük ki, qırxı çıxanacan mərhum sual-cavab da olunur, qıl körpüsündən də keçir. Günahları bağışlanır da, bağışlanmır da. Ya cənnətlik olur, ya da cəhənnəmlik. Ona görə də mənim məmləkətimdə bundan sonra yalnız qırx mərasiminə qədər ölüyə rəhmət deyiləcək. Dirilərə isə hər gün. O cümlədən də mənə. Öləndən sonra özünüz bilərsiniz.

Bu dəfə “Allah eləməsin, şahım. Allah sizin kölgənizi üstümüzdən əksik eləməsin” sədaları zilə qalxdı. Şah isə sözünə davam etdi:

– Amma nə qədər diriyəmsə, nə qədər diriyiksə bir-birimizə  Allahdan rəhm diləməliyik. O ki, qaldı “Allah eləməsin” ifadəsinə. Bundan sonra bunu da eşitməyim. Biz nə karəyik ki, Allaha onu eləmə-bunu eləmə məsləhəti, ya əmri veririk? Nə vaxt nə lazımdırsa Allah onu da eləyəcək. Lazım olsa başımıza daş yağdıracaq, lazım olsa qızıl.

“Allah Göyverən Şahımıza rəhmət eləsin”, “Allah onun təbəələrinə rəhmət eləsin” sədaları altında şah məsciddən çıxdı. Atına minib saraya tərəf yol aldı.

 

***

 

Axşamdır. Qaranlıq düşür. Şah otağında təkdir. Darıxır. Aslanı çağırır.

– Bəli, şahım.

– Aslan, hazırlaş. Çıxırıq şəhərə.

– Bəlkə, lazım deyil, şahım. Təxtgah əvvəlki təxtgah deyil. Özünə gəlməyi üçün zamana ehtiyacı var.

– Biz özümüzdəyik, Aslan. Bizim zamana ehtiyacımız yoxdur. Qorxursansa, getmə! – deyə şah əsəbləşdi.

– Əmr edərsiz, şahım. Sadəcə vəzifəmə uyğun tövsiyyə etdim.

Paytaxtın küçələriylə iki nəfər addımlayır.

– Əfdal, hansı səmtə gedirik?

– Gəlmələrin oylağı olan tərəflərə.

– Əmr edərsiz.

Paytaxtın küçələriylə iki nəfər addımlayır. Biri arıq, çəlimsiz, o biri hündürboy, pəhləvan cüssəli.

– Aslan, bu evə girək.

Aslan yerdən daş götürüb qapını döymək istəyəndə şah:

– Aslan, lazım deyil. Bu qapı gecə-gündüz açıq olur.

Aslan qapını itələyir. Amma ki, bağlıdır. Qapını döyür. Bir müddətdən sonra niqablı bir qadın qapını açır.

– Kimsən, ay uşaq? Nə lazımdır?

– Şahgülü, mənəm də... Şah. Tanımadın? – deyə Göyverən gülə-gülə cavab verir.

– Oğraş köpəyoğlu, anandı Şahgülü, nənəndir Şahgülü. Bu dəqiqə tumanımı keçirərəm başıma, tökərəm camaatı bura. İt oğlu it, sən mənə deyirsən Şahgülü? Vəxsey. Qoymayın zorladılar məni.

Şahgülünün səsi aləmi götürdü. Şahla Aslan bu mənzərədən yerlərindəcə donub qalmışdılar. Birdən hardansa on fərraş peyda oldu. Sanki pırtlayıb yerdən çıxdılar. Aslan müqavimət göstərməyə macal tapmamış hər ikisinin qolunu burub yerə uzatdılar.

– Ay fərraşlar, gəlmədirlər. Hamıya fahişə kimi baxırlar bu oğraşlar. Məni də gör kimlərlə səhv saldılar. Şikayətçiyəm. Tutun bu oğraşları. Basın qoduqluğa. Ağılları gəlsin başlarına.

Fərraşlar şahla Aslanın qollarını qandallayıb ayağa qaldırdılar. Evin qapısını açıb içəri saldılar. Şahın və Aslanın üstünü axtardılar. Pul kisələrini tapıb içindəki qızılları masanın üstünə boşaltdılar. Fərraşlardan biri amiranə şəkildə soruşdu:

– Kimsiz, ay uşaq, hardan gəlib hara gedirsiz?

– Mən şaham, – deyə Göyverən cavab verdi, – bu da mənim mühafizim. Bəs sən kimsən?

– Nə? Şah? Onda biz də baş vəzir Qüdrətik, – deyə fərraşların başçısı cavab verdi, – Sən bizi dolamısan? Şahımızın hərəmxanasına nə gəlib ki, gecənin bu vaxtı anası yaşında arvada sataşsın, hə? Sən bizi – baş vəzir Qüdrətin fərraşlarını ələ salırsan? Elə bilirsən ki, qızılınız çoxdu, hamını alıb-sata bilərsiz? İndi qoduqluğa salınıb, iyirmi dənə zopa vurdurulandan sonra bilərsiniz biz kimik. Xalxın qadınına pis gözlə baxan əcnəbi oğraşlar. Düşün qabağımıza. Getdik.

Bu dəm şah gözüylə Aslana işarə edib yazıq görkəm aldı. Aslan da onun kimi etdi:

– Yalvarıram, dəyməyin bizə. Qəribik. Bir də belə qələt etmərik. Bağışlayın bizi. Qızılları da götürün, sizin olsun.

Fərraşların başçısı ayaq saxladı. Şahla Aslanın qollarını açmaq əmri verdi.

– Bunların əbasını soyundurun, özlərini də atın küçəyə. Bir də mənim məmləkətimin qadınlarına pis gözlə baxsanız, sizə paz soxduracam. İtilin burdan.

 

***

 

Səhərdir. Şah taxtında oturub. Aslan içəri girib təzim edir.

– Şahım, əmr etdiyiniz kimi, qapını açan o qadını heç kim duyuq düşmədən tutub gətirmişəm.

– Qoy gəlsin.

Aslan Şahgülünü saçından tutaraq sürütdüyüb otağa salır. Qadın şahı görən kimi rəngi ağarır, diz çöküb ağlamağa başlayır.

– Şahım, vallah mənim təqsirim yoxdur. Baş vəzirin fərraşları bizi yoldan çıxartdılar. Yazığınız gəlsin mənə, şahım. Bizim nəslimizdə şər atan olmayıb heç vaxt.

Şah gözlərini Şahgülüyə dikib fikrə getmişdi. Dünənki hadisədən heç cür baş aça bilmirdi. Fərraşların fahişə ilə tələ qurduğunu anlayırdı. Amma İtbaşının “məmləkətində həyat səviyyəsini yalnız fahişələr müəyyənləşdirir” fikrinin bu məsələylə nə əlaqəsi olduğunu başa düşmürdü. Bilmirdi nə sual versin ki, doğru cavab alsın. Ona görə də Şahgülünün danışmasına imkan yaratdı:

– Danış, Şahgülü, danış. Özünə haqq qazandır. Yoxsa səngisər yolunu gözləyir. Bilirsən də səngisər nədir? Əvvəl-əvvəl mühafizlərim səninlə məzələnəcək. Sonra saçını qırxacaqlar. Gecəykən aparıb boğazınacan torpağa basdıracaqlar. Təkcə başın qalacaq bayırda. Səhər də kimin kefi istədi yerdən bir daş götürüb çırpacaq təpənə. Beləcə yavaş-yavaş gəbərəcəksən. Elə bilmə ki, cəsədini çıxarıb qəbiristanlıqda dəfn edəcəklər. Əsla. Çünki növbə yırtıcı quşlara, qarğalara, milçəklərə və qarışqalara çatmalıdır. Onlar da sənin cəsədini yeyəcək, yeyəcək və yox olacaqsan.

– Bilirəm, şahım, fərraş da bunların hamısını mənə dedi. Mən də razılaşdım.

– Nəyə?

– Əcnəbiləri şərləyib, onlardan bu yolla pul çəkməyə. Qızlarımı da aparıb orda-burda işlətməyə başladılar. Mən kasıb, kimsəsiz dul qadınam. Ərim müharibədə ölüb. Ev də mənə ondan qalıb. Dolanmaq üçün karvansaraya çevirdim oranı. Gələn olmadı. Biri başa saldı ki, başqa cür elə, müştərin olacaq. Mən də ümidi yalnız özünü satmağa qalan qızlara sığınacaq verdim. Müştərilər gəlməyə başladı. Necə deyərlər həm gecəni yatırdılar, həm də yatırdılar. Otaqlardan gələn pul mənə qalırdı, qızlar da onlara verilən puldan mənə şirinlik verirdilər. Özüm bu işlərlə məşğul olmurdum. Siz xoşuma gəldiniz. Qorxdum ki, “pul ver, pul ver” deyə-deyə sizi də bezikdirərlər. Bir də qapımı açmazsınız. Ona görə də sizə şəxsən xidmət etməyə, çimizdirməyə razı oldum. Xoşum gəlir səxavətli insanlardan. Bir istəyəndə, çıxarıb beş verənlərdən. Rəhmətlik atam deyərdi ki, pulunu verən, canını da verər. Ey şah, siz də o təsiri bağışladınız mənə. Mətləbdən uzaqlaşmayım. Xülasə, günlərin bir günü fərraşlar duyuq düşdülər və haqq qoydular. Əvvəllər haqqı ödəyə bilirdim. Qızlar boğazlarından kəsib onlar üçün də ayırırdılar. İşləri yoxuydu bizlə. Son müharibədən sonra isə vəziyyət pisləşdi. Qapımı demək olar ki, döyən olmadı. Fərraşlar isə “ver, ver” deyib durmuşdular. Başladılar qapımı güdməyə. Əcnəbiləri yorğan-döşəkdə qızla tutmağa. Qızları da qoduqluğa salıb, səhər buraxırdılar. Gecə bilirsiniz də başlarına nə oyun gətirirdilər onların... Əcnəbiləri də qorxudurdular. Amma bir şey çıxmırdı. Əcnəbilər belə şeylərdən qorxmurlar. Qərib ölkədir, nədən qorxsunlar ki... Gedib hakimə, qaziyə şikayət edirdilər. Buna görə də fərraşlar başqa yola əl atdılar. Məni də bu oyunda alətə çevirdilər.

– Çox maraqlıdır mənimçün. De görüm, dünənki qızıllardan sənə nə qaldı?

– Əlli quruş, şahım.

– Bəs qızlar hardadı? Adları nə idi onların?

– Bəygülü, Xangülü, Dürgülü, Nazgülü. Şahım öz adları deyil. Fahişəlikdə öz adınla işləmək olmaz. Mənim müsəlman adım Qəndabdır. Amma başçı olduğumdan Şahgülü çağırırlar.

– Niyə dəyişirsiniz ki, adlarınızı?

– Nə bilim vallah. O dünyaya gedəndə inkir-minkiri aldatmaqçun. Sorğu-sual olunanda deyəcəyəm ki, mən Qəndabam. Siz dediyiniz tərbiyəsiz –  Şahgülüdür. Qonşumuz olub, – bunu deyib Qəndab gülür, – Doğrusunu bilmək istəyirsinizsə, şahım... hər bir fahişə sabaha ümidlə yaşayır. Nə vaxtsa ailə qurmağa ümidlidir. Nə vaxtsa ailəsiylə bir yerə gedəndə və köhnə müştərilərindən sərxoş halda qabağına  çıxıb “Şahgülü, həyatım, necəsən? İndi hardasan?” deyəndə,  əri birinci boğazlayacaq həmin adamı ki, bəs bu mənim arvadımdır. Adı da Şahgülü yox, Qəndabdır. Müştərinin də ayılıb üzr istəməkdən başqa əlacı qalmayacaq.

– Deməli, sabaha ümidlisiz.

– Daha doğrusu, şahım, bu gün yemək üçün bədənimizi satırıq ki, ölməyək, heç olmasa sabaha ümidimiz olsun. Qəhbənin bəxti isə üzdə olar deyirlər. Allah hamının bəxtini gözəl eləsin.

– Yaxşı, qızlar hanı?

– Hərəsi bir ağacın altında. Yəqin çoxdan məhv olublar. Həm bədənləri, həm də mənəviyyatları.

– Bədəni başa düşdüm. Mənəviyyatları niyə?

– Mənim karvansarayımda olanda fahişəlikdən zövq alırdılar hardasa. İndi təsəvvür edin ki, hər gün səngisəri xəyalən görüb-qayıdırlar. Fərraşlar belə etməsələr, kim onların sözüylə oturub-durar ki?

– Qəndab, sənin sözündən belə çıxmırmı ki, səngisər ləğv olunmalı, fahişəliyə də icazə verilməlidir.

– Əsla, şahım.

– Niyə? Bəs səhərdən pisləyirsən bu işləri. Sizin boğazınıza şərik olanları.

– Düzdür. Pisləyirəm. Amma siz səngisəri ləğv etsəniz və fahişəliyi qanuniləşdirsəniz vəziyyət lap acınacaqlı olar. Çünki bu bizim qanımızda deyil. Gizli-gizli, altdan-altdan görürük işimizi. Məcburuq. Həm canımızı doydururuq, həm qarnımızı. Amma Həqq dövlətinin heç bir qadını açıqdan-açığa bu işi görməyəcək, özünə fahişə deməyəcək. Digər millətlər gəlib işləyəcəklər qanuni fahişəxanalarda, bizi isə həmişəki kimi qanundankənar hesab edib, izləyib  zindana salacaqlar ki, bəs vergi verənlərin bazarını öldürürsünüz.

– Bax, mən şaham. Hər şeyi mən idarə edirəm. Mən nə edim ki, ədalət bərpa olunsun?

– Heç nə etməyin, şahım. Hər şey düzələcək. Əvvəlki günlər qayıdacaq. Pis günün ömrü az olar. Ölkə müharibədən çıxıb. Dul qadınların sayı artdığından fahişəlik çoxalıb, bazar ölüb. Siz Allah heç nə etməyin. Hər şey yaxşı olar inşallah.  

– Aslan!

– Bəli, şahım.

– Bu qadını hərəmxananın hamamına kisəçi qoy, aylıq təyin elə və ordakılara tapşır ki, Qəndab yalnız şaha və onun dediyi hərəmlərə xidmət göstərəcək. O ki, qaldı karvansaraya... Qəndab, bu gündən evin saray olacaq. Bağla qapısını, vəssalam. Öz evindir də... nə vaxtsa lazımın olar.

– Ömrün uzun olsun, rəhmli şahım.

– Amma, bircə əmrim var. Bura saraydır və hər şey sirr kimi qorunur. Sirri kim yaydısa öldürülmür, dili ortadan, əlləri biləkdən kəsilir. Nə sözün olsa mənə, ya Aslana deyə bilərsən.

– Min yaşa, şahım.

– Aslan, fərraşlarla işin olmasın. Nə vaxtsa cəzalarını verərik.

– Əmr edərsiniz, şahım.

– Gedin. Aslan, baş vəzir və baş xəzinədar gəlsin.

Hər ikisi gəlir.

– Baş vəzir, saray həkimi Loğmanın dili başına bəla oldu. Onun yeri boşdu. Bir başqa adam tap.

– Başüstə, şahım. Nə çox məmləkətimizdə gözəl həkimlər.

– Yox, Qüdrət. Dini bizim dinimizdən olmasın. Bizim loğmanlar  daha çox fitnə-fəsadla məşğuldurlar. Yaxşı olar ki, Çin, Hind, Ərəb elindən gəlsin. O tərəflərdə elm yaxşı inkişaf edib. Əgər hərəmxananı təşkil ediriksə, qadın loğmana da ehtiyac var. Bunların ikisini bir yerdə həll et.

– Başüstə, şahım.

– Baş xəzinədar, vəziyyət necədir?

– Şahım, hər şey əladır. Kaminat Şahla müharibədən sonra varidatınız birə-üç artıb. Məmləkətdə həyat dirçəlir.

– Əla-ül-əla.

– Əgər üstünə heç nə gəlməsə belə, xəzinəni on il xərcləsək də qurtaran deyil.

– Əla! Əla! Əla-ül-əla. Qüdrət, sən de görüm fərraşlar necədir?

– Allah sizdən razı olsun, şahım. Hamısı razılıq edir.

– İstəyirəm onların da məvacibini əsgər və mühafizlərinki səviyyəsinə qaldırım.

– Ehtiyac yoxdur, şahım. Belə yaxşıdır. Əgər həyatlarını bir qədər  yaxşılaşdırsaq, işləməyəcəklər. Burunlarını lazım olmayan deşiklərə soxmayacaqlar. Mən onlardan tam razıyam. Məmə yeyəndən pəpə deyənə hamını tanıyırlar. Lazım olan anda başlarının üstünü alırlar. Onlar sizin əhali arasında görən gözləriniz, eşidən qulaqlarınız, vuran əllərinizdir.

– Deməli, artırmayaq məvacibləri?

– Bəli, şahım, artırmayaq.

– Olsun, olsun.

– Şahım, bir xüsus da var. Əsgərlərə ayrılan xərci azaltmaq üçün, daimi əsgərləri evlərinə buraxaq. Gedib özləri öz başlarını saxlasınlar. Orduya on səkkiz yaşlı gəncləri çağıraq. Bircə paltarlarını, yeməklərini verək, silah tutmağı öyrədək. Hər altı aydan bir yeniləyək. Gör xəzinəyə nə qədər xeyir vermiş olarıq bu cür.

– Baş vəzir Qüdrət, fərraşları vermişəm sənə?

– Bəli, şahım.

– Bəsindir. Burnunu orduya və saray mühafizəsinə soxma. Onsuz da işin çoxdur. Başqa?

– Şahım, Qulaqkəsənlər məhləsini abadlaşdırmaq lazımdır. Şəhərin mərkəzidir, amma bərbad gündədir.

– Abadlıq və tikintiylə bağlı məndən icazə alma. Nə istəyirsən elə. Bircə xəzinəyə pul axsın.

– Əmr edərsiniz, şahım.

 

***

 

Həqqi Şahın il mərasimi başa çatıb. Göyverən Şahın adından məmləkətin hər yerində ehsanlar verilib.

– Aslan, gördün də Həqqi Şaha xalq məhəbbətini.

– Bəli, şahım.

– Özümüzə güclə sıra çatdı türbəyə daxil olmağa.

– Elədir, şahım.

– Aslan, hər şey qaydasına düşür yavaş-yavaş. Amma yenə darıxıram. Elə bil nəsə çatışmır. Nəsə yeni bir şey etmək istəyirəm.

– Şahım, müharibə etmək istəyirdinizmi?

– Yox. Heç ağlıma gətirmirdim.

– Amma siz istəmədən belə oldu. O cümlədən Birrəngin, Qurbanın hərəkətləri, fərraşların azğınlığı. Həyat çox maraqlıdır, şahım. Siz bir şey fikirləşirsiniz, o başqa şey.

– Düz deyirsən, Aslan. O qədər beynim qarışıqdır ki, heç hərəmxana da yadıma düşmür. Niyə yaratdıq biz onu? Atam Həqqi Şah bilirsənmi nə deyirdi hərəmxanalar haqqında? Deyirdi ki, “çoxları hərəmxananı qəhbəxana kimi qəbul edir. Amma əslində hərəmxana məmləkətin gözəl, bakirə, ağıllı qızlarının bir yerə cəm olunması, qorunması deməkdir. Hərəmxana dövlətin gələcəyidir. Hərəmxana digər dövlətlərlə əlaqələrimizin möhkəmlənməsidir. Hərəmxanalar müharibələrə son qoyublar. Hərəmxanalar müharibələr başlayıblar. Hərəmxanalar öz dövlətlərinə, xalqlarına sülh gətiriblər. Şahın hərəmxanasına pis gözlə baxanların gözləri çıxarılıb, axtalanıblar. Bircə hərəmxananın dövlət işlərinə baş soxması olmaya da... Bax məhz buna görə dağıtmışam hərəmxananı. Qadın saraya bədbəxtçilik gətirər”. Mən isə yenidən yaratdım hərəmxananı. Bu mənə lazım idimi?

– Amma Qüdrət hərəmxanaya xacə tapa bilmir.

– Niyə?

– Axtalamağa ürəyi gəlmir oğlan uşaqlarını.

– Xacəni neyləyir? Qəndaba tapşırsam idarə edə bilməz ki, oranı?

– Şahım, qaydalara görə hərəmxananı ya şahın anası – validə, ya da baş hərəminiz idarə etməlidir. Onu da siz seçməlisiniz. Qəndab sadəcə nəzarət edə bilər, baş hərəm ola bilməz. Yaşı çoxdur. Keçmişi də ki, məlum. Bizə lazım deyil artıq söz-söhbət.

– Qaydalar, qaydalar... Bəs eşitmədin İtbaşı nə dedi? Qanun-qaydalar onunçundur ki, onları pozasan. Bildin? Gedək hərəmxanaya.

– Olmaz, şahım. Ora sizdən başqa kişi xeylağının girməyi qadağandır.

– Bəs Qüdrət girir?

– O da ayağını basmır ora, yoxsa qapıda dayanan mühafizlər deyərdilər mənə.

– Day denən başsız qalıb ki, oralar.

Şah ayağa durub çevik addımlarla otağından çıxıb hərəmxanaya tərəf yönəlir. Qapıya çatanda Aslan dayanır. Mühafizlər qapını açır. Şah hərəmxanaya girir. Heç kim onu qarşılamır. Qızlar gözə dəymir. Şah hamama tərəf yönəlir. Qəndab qanıqara oturub. Gözləri yol çəkir. Şahı görcək durur. İri döşlərini qabağa verib naz-qəmzə ilə:

– Süddənyanıq, gəlmisən? Bəs mənə niyə əvvəlcədən xəbər verməyiblər. Hamamı hazır vəziyyətə gətirərdim.

– Çimməyə gəlməmişəm, – deyə şah acıqlı-acıqlı cavab verdi. Qəndab tezcənə özünü yığışdırdı, – Qızlar hanı?

– Yatırlar, şahım.

– Günorta vaxtı?

– Şahım, bəs başqa nə etsinlər? Bütün günü yeyirlər-yatırlar.

Şah əsəbi şəkildə hərəmxanadan çıxır. Qüdrət artıq qapıda dayanıb.

– Baş vəzir Qüdrət, sənə tapşırmadım ki, hərəmxananı təşkil elə?

– Şahım, təşkil etmişəm.

– Mən hərəmxana dedim... Hanı bunları idarə edəcək insanlar? Bunlara dərs deyənlər, çalmağı-oxumağı öyrədənlər. Bəlkə hərəmxana yeyib-yatmaq üçünmüş?

– Şahım, hərəmxananı yaratmağı mənə tapşırmışdınız. Mən də əmrinizi yerinə yetirdim. Oranı isə ya şahın anası idarə etməlidir, ya da ki, baş hərəm. Sizdən və şahzadələrdən başqa kimsənin, əgər əmr etməsəniz, ora daxil olmağa ixtiyarı yoxdur. Girən olsa ya öldürülməlidir, ya da axtalanmalı.

– Qəndab!

– Bəli şahım.

– Qəndab, hərəmxanaya baş hərəm təyin edirəm səni. Özün bildiyin kimi təşkil elə. Nə çətinliyin olsa baş vəzir Qüdrətə müraciət edərsən.

Şah daha heç nə demədən otağına qayıtdı. Qüdrətlə Aslan da onun arxasıyca.

– Qüdrət, hərəmxana nə böyük şeydir ki, naəlac qalmısan, hə? Gördün necə tez həll etdim məsələni? Aslan da deyir ki, yaşlıdır, söz-söhbət olar. Lap olsun. Bu xalqa nə dəxli var hərəmxananın? Baş hərəm cavan olsun, ya qoca, onlara isti-soyuğu var?

– Düzünü siz bilirsiniz, şahım.

– Xülasə, bunu da həll etdik. Qaldı vəkil məsələsi. Baş vəzir Qüdrət, kimdir namizədin?

– Şahım, şəhərin Ağzıcırıqlar məhəlləsinin ağsaqqalı var. Adı da Barantaydır.

– Barantay? Nə qəribə addır.

– Barantay, yəni ki, aciz, avara.

– Aciz-avaranın sarayda nə ölüsü azıb?

– Şahım, adına baxmayın. Əgər o cür məhləyə ağsaqqallıq edə bilirsə, vəkilliyi də gözəl bacarar.

– Fikirləşərəm. Nəsə adlardan xoşum gəlmədi – Barantay, Ağzıcırıqlar məhəlləsi. Başqa sözün yoxdursa, gedə bilərsən.

– Ömrün uzun olsun, şahım, – deyib Qüdrət otaqdan çıxır.

– Aslan, vaxtı çatıb. İtbaşını ziyarət etməliyik. Sübh namazından sonra yola çıxaq. Pay-puşları hazırla.

– Başüstə, şahım.

 

***

 

Səhərdir. Azan səsləri paytaxtı bürüyüb. Dərviş paltarında iki atlı karvan yolu ilə gedir.

– Aslan, sən də namaz qılmırsan?

– Qılmıram, Əfdal.

– Niyə?

– Əfdal, onsuz da gecəm-gündüzüm yoxdur. Bütün günü iş başındayam. Bir də ki, hər səhər mühafizlərlə birlikdə məşq edirəm. Onlara təlim keçirəm. Bu da yüz namazın hərəkətinə bərabərdir.

– İndi deyirsən ki, namaz Allaha ibadət yox, bədən mümarisəsidir?

– Əfdal, tənbəlliyi bu millətin canından çıxartmaq, dəri xəstəliyinə düçar olmamaq üçün heç olmasa gündə beş dəfə əl-ayaqlarını yuduzdurmaq, əyilib-durmağa məcbur etmək üçün ən gözəl üsuldur. İstəyirsən adını Allaha ibadət – namaz qoy, istəyirsən mümarisə.

– Vallah, səndə div ürəyi var ki, şahla bu cür açıq danışırsan. Əhsən!

– Əfdal, – deyə Aslan əyinlərindəki dərviş paltarına işarə edərək, – mən şahla yox, özüm kimi kənd uşağı Əfdalla danışıram. Yoxsa ki, bu cür hədyan sözləri şaha deməyə həddim nə idi ki?

– Yaxşı yerdə öz dilimdən tutdun. Sənə ikiqat əhsən! Amma axund Bərxudarla şeyx Mərdan eşitsəydilər, dərinə saman təpərdilər.

– Əfdal, saman təpilən elə birinci özləridir. Guya onlar namazı Allaha ibadət üçün qılırlar? Əsla. Buna görə məvacib alırlar, ailələrini saxlayırlar. Namaz qılmasalar, ibadət etməsələr, xalq onlara hörmət etməz. Onların qiyməti daşıdıqları addadır. Sabah bu adları alın onlardan, görün nələr deyərlər. Yaxşı, Əfdal, bəs sən nə üçün namaz qılmırsan? Əlbəttə ki, cümə namazlarını nəzərə almasaq.

– Aslan, əslində mən dinə inanmıram. Allah deyilən gözəgörünməzə isə inanıram. Lazımi kitabları da ona görə oxuyub  əzbərlədim ki, kütlədən geri qalmayım. Onu dərk edəndən sonra əmin oldum ki, haqq dünyası yoxdur. O dünya da, cənnət-cəhənnəm də elə bizim bu dünyadadır. Dini kitablar isə dünyadakı insanları idarə etmək üçündür. Onlarda həyata, gələcək həyata, orda bu bədbəxt məzlumların xoşbəxt həyat tapacağına inam yaratmaq üçündür. Çünki insanda inam olmasa yaşaya bilməz, məhv olar. İnsanda qorxu, xof da olmasa yaşaya bilməz, məhv olar. Fani dünyada isə yaxşı yaşayırsan – deyirlər ki, Allahın sevimli bəndəsisən. Pis yaşayanda isə deyirlər ki, döz, Allah səni sınağa çəkir. Çarpış, vuruş, mübarizə apar. Sən də belə edirsən. Bir də görürsən ki, həyatının ən gözəl anları uçub-gedib. Qocalmısan. Xəstəsən. Ailə yanında hörmətin yox. Başlayırsan ölüm arzulamağa ki, gedib cənnətdə ömür yaşayasan. Allah buna da layiq bilmir səni. Çürüdür, çürüdür bu qara həyatda. Ətini sümürüb çıxarır bədənindən, belini əyir. Başlayırsan başı aşağı gəzib mübarizəyə həsr etdiyin gəncliyini, sağlamlığını torpaqda axtarmağa. Gəzib, gəzib, axır ki, tapırsan. Əlbəttə ki, qəbirdə. O da qismət olsa. Beləcə səni ömrü boyu sınağa çəkən Allah  səni yollayır o dünyaya. Özü də ki, minnətlə. Çünki deyirlər ki, Allah rəhmət eləsin. Yəni həyatıyla, elə dünyanın özündə bu cənnət həyatını qazanmayıbmı ki, üstəlik ona Allah rəhmi də diləyirik? Aslan, əslində həyatda ən böyük günahkar elə Allahın özüdür.

– Anlamadım, Əfdal.

– Bax, sən Aslan, cavan adamsan. Bu günəcən nə qədər adam öldürmüsən?

– Saymamışam... bəlkə də minlərlə.

– Minlərləni sən öldürmüsən. Bəs sənin “öldürmək!” əmrinlə mühafizlərin nə qədər adam qırıb? O cümlədən baş sərdar Abbas və onun əsgərləri? O cümlədən Mirqəzəb? Bəs sizə öldürmək, müharibə əmrini kim verib? Allahın yerdəki kölgəsi olan biz şahlar. Bəs bizə bu əmri kim verir? Bizdən yuxarıda kim var axı, ay Aslan?

– Allah.

– Ay Aslan, özün de. Kim axı öz xoşuna haqq dünyasında cəhənnəmə düşmək istəyər, hə? Özümüz ora gedirik, üstəlik sizləri də o yolun yolçusu etmişik. Öldürə bilməyənləri isə, başqasının haqqına girməyə sürükləyirik. Deyirik ki, get, nəyi var tala gətir. Təki xəzinəm dolsun. Ətrafımdakılar yaxşı dolansın. İndi isə Həqq dövlətində həyat donub. Yox, həyat mənimçün donub. Aslan, mən şirinçayı çox xoşlayıram. Anam isə həmişə çayıma üç diş qənd atardı. Kasıb yaşayırdıq. O da hamıya bərabər bölməyə məcbur idi. Bir gün uşaq inadkarlığım tutdu. Anamın otaqda olmamasından istifadə edib çayıma əlavə bir dənə də qənd atdım. Qarışdırdım. Həll oldu. Sonra birini də atdım. Güclə həll oldu. Sonra birini də atdım. Amma həll olmadı. Beləcə bütün qənddanı çayın içinə boşaltdım. Şirə daşıb bardaqdan kənara axmağa başladı. Bunu etdiyimə görə anam məni cəzalandırıb, bir müddət şirinçaysız qoydu. İsrafçılıq etdiyimə görə. Yeməyi də yeyəndə doymurdum. Bacı-qardaşlarımın qismətini oğurlayırdım. İndi xəzinəm aşıb-daşır. Kiminsə mədəsində asanlıqla həzm olacaqları xəzinə sandıqlarında aşıb-daşırıram. Anam kimi birisi də yoxdur ki, cəzamı verə. Allah da susur. Xalqım isə qarnı yarıac-yarıtox dolanır. Qara günləri başlayıb. Qara günə yığdıqları isə yoxdur – Birrəng hamısını talayıb. Talananlar isə hamısı mənim xəzinəmdə. Yox “talananlar” düz demədim – qənimət. İndi, ay Aslan, özün de, şah da öz xalqının var-dövlətini qənimət sayar? Üstəlik nə edəcəyimi də bilmirəm. İtbaşı kimi bir səfilin məsləhətinə dotələbəm. Ağzına gələni desə belə, məcburam ki, udam. Təki bir şey öyrənim.

– Allah sizi var eləsin, şahım. Üzr istəyirəm – Əfdal.

– Ay Aslan, bura çöllü-biyabandır. Mən təxtgahda gəzəndə deyirdim ki, adımı Əfdal de... Burda şah da deyə bilərsən. Heç kim yoxdur. Bir sənsən, bir mən, bir də ki?

– Allahımız, – deyə Aslan şahın sözünün sonunu gətirdi.

Bu zaman uzaqdan xərabəliklər görsəndi. İtlər hürüşməyə başladılar.

Uzaqdan tozanaq qalxdı. İtlər şahla Aslana tərəf gəlirdilər. Baş mühafiz hər ehtimala qarşı əbasının altında gizlətdiyi xəncəri çıxartdı. Göyverən Şah atı dayandırıb,  nə baş verəcəyini sakitcə müşahidə edirdi. Beləcə itlər gəlib onlara çatdılar. Şahla Aslana ani nəzər yetirib, başlarını aşağı salaraq yavaş-yavaş komaya tərəf geri dönməyə başladılar. Qonaqlar bir müddət yerlərindən tərpənmədilər. Sonra üzəngini basıb xarabalığa tərəf çapdılar. İtbaşı komanın qarşısında çomağına söykənib dayanmışdı. Şah atından düşüb qocaya yaxınlaşdı.

– Salam, İtbaşı kişi.

– Kişi ya... Salam, Göyverən kişi. Ay şah, bir də mənə kişi demə. Sadəcə İtbaşı. Bildin? Kişi ya... – deyə qoca kinayə ilə şahın salamını aldı, – Nə oldu yenə gəldin?

– Yox, ay İtbaşı, niyə elə düşünürsən ki? Hər şey qaydasındadır. Gəldim səni ziyarətə. Pay-puş gətirdim. İtləri də yaddan çıxartmamışam.

– Ay şah, sən Allah bağışla, – deyib İtbaşı şahın qarşısında diz çöküb yalvarmağa başladı, – Toxunma itlərimə. Allahın dilsiz-ağılsız heyvanlarıdır da... Gələn dəfə hökmən hürərlər sənə.

– Ay İtbaşı, nə günah, nə it? Sən Allah qalx ayağa. İtlər bizi tanıdıqları üçün hürmədilər.

– Yox, düz demirsən, ay şah. İtlər karvana hürürlər. Çünki bilirlər ki, onlara yemək gətiriblər. İndi sizə tərəf də cumdular. Biləndə ki, keçən dəfə əliboş gələnlərsiz... yazıqlar başlarını aşağı salıb kor-peşman geri qayıtdılar. Bilməyiblər ki, əlidolusuz. Keç onların günahından, şah. Yoxsa hürərdilər sizə. Bilirsən, ay şah, bu fani dünyada xeyir verməyən adama heç it də hürmür.

– Aslan, İtbaşının çuvalıyla tuluğunu komaya qoy, – Aslan şahın əmriylə atın üstündəki çuvalı və tuluqları aparıb komaya qoydu, – Aslan, o biri çuvalda gətirdiklərini isə tök itlərin qabağına. Elə bölüşdür ki, hamısına bərabər çatsın.

– Nə?! – deyə İtbaşı qışqırıb yerindən qalxdı. Səhərdən “ay şah, ay şah” deyə diz çöküb yalvaran İtbaşı, – Ay şah, sən nə karəsən ki, mənim itlərimi yemləməyi əmr edirsən, hə? – deyə qışqırdı. İtbaşının qeyzlənməyini görüb itlər də mırıldamağa başladılar, – Belə rəhmlisən, get xalqını yemlə, bildin? Bərabər bölən tapılıb mənimçün. Xalqının qeydinə qalmır, itlərin qeydinə qalır, – deyə İtbaşı yerindən qalxıb çuvalı hirslə Aslanın əlindən aldı. Ağzını açıb içinə baxdı. Bir an duruxdu. Sonra aparıb komaya qoydu. Qayıdıb şahın yanında oturdu.

– Ay İtbaşı, niyə belə deyirsən? Günah bir iş tutmuşam ki?

– Ay şah, burda itlərin böyüyü mənəm. Onların çörəyini mən verirəm. İndi hər yoldan keçən onlara yemək atsa necə olar? Onlar məni sayarlar? Onlar heç mənə qulaq asarlar?

– Yaxşı, bunu başa düşdüm. Bəs onda özün niyə vermədin yeməklərini? Aparıb gizlətdin komada.

– Ay şah, sənin bu mühafizin bilirsən itlərçün nə gətirib? Təzə mal əti. Özü də ki, tikə. Mən onlara bunu versəm, sabah nə edəcəyəm, hə? Ağızları dada gələcək, sabah da təzə kəsilmiş mal əti istəyəcəklər. İstəməyəcəklər e... tələb edəcəklər. Verməsəm, mənim yeməyimi əlimdən alacaqlar. Özümü də parçalayacaqlar. Sonra da quduzlaşmış halda gəlib-gedənə daraşacaqlar ki, təzə mal əti istəyirik. Quduran iti də ki, bilirsən də... gəbərdərlər. Mən özümü də, onları da məhv etmək istəmirəm. Biz yaşamaq istəyirik. Bunlar iylənmiş sür-sümüyə, artığa öyrəşiblər. Elə mən özüm də... Mən özüm öz əlimlə hökmranlığıma, itbaşılığıma son qoya bilmərəm. Komaya qoydum ki, ət iylənsin, sonra verim onlara. Əgər istəyirsənsə ki, it sənə tabe olsun, ayağının altında yatsın, zingildəsin... yeməyini kəs. Ac it tox itdən daha  vəfalı olur. Yəqin əhvalatı bilirsən.

– Hansı əhvalatı?

– Daha doğrusu, iki əhvalatdır. Birincisi, ac it, tox it söhbətidir. İkincisi isə itlə pişiyin məsələsi.

– Yox...

– Ay şah, günlərin bir günü ata bazardan iki dənə qurdbasan küçüyü alır ki, həyəti mühafizə etsin. Birini oğluna hədiyyə edir, o birini isə özündə saxlayır. Dörd-beş aydan sonra ata oğlugilə qonaq gedir. Darvazanın qapısını döyür. Fikirləşir ki, yəqin it açıqdır, hürər və səsə qapıya çıxan olar. Görür ki, səs-soraq yoxdur. Qapını açıb oğlunu çağırır. Xülasə oğlu qapıya çıxır, atasını qarşılayır. Ata yenə də qorxa-qorxa sağa-sola baxır ki, birdən it kənardan çıxıb onu qapar. Belə olmadığını görəndə təəccüblə soruşur:

– Ay oğul, sənə it bağışlamışdım e...qurdbasan. Hardadı?

– Şahpələng! – deyə oğlu iti səsləyir. İtdən səs çıxmır, – Ay Şahpələng! – oğlan bir də qışqırır. Handan-hana uzaqdan canavardan da böyük bir it yavaş-yavaş onlara tərəf gəlməyə başlayır. Qabaqlarında durub ataya və oğluna baxır. Sonra isə dalını çevirib yenidən damına tərəf yönəlir. Oğul onu yenə səsləsə də it geri qayıtmır, – Ata, görürsən də sənin hədiyyənə necə baxıram. Yeməyini bol eləyirəm. İt deyil e... şirdir şir. Hamı tamaşasına gəlir bunun.

Ata heç nə demir. Oğlunu öz evinə aparır. Hasarın bayırıyla addımlayanda artıq itin səsi gəlməyə başlayır. Kişi qapını açıb həyətə keçmək istəyəndə yanında başqa adam görüb pəncəsinin dırnaqlarıyla torpağı eşməyə başlayır. Oğlanın həyətə girməsinə imkan vermir. Kişi acıqlanandan sonra gedib qıraqda çömbəlir. Amma yenə də qulaqlarını şəkləyib, gözünü yaddan çəkmir. Ata oğluna:

– Ay oğul, mən sənə it bağışlamışam ki, həyətini qorusun. Səni yadlardan qorusun. Sən isə onu qoyun, inək kimi bəsləmisən. Müqəvvaya çevirmisən. Onun heç vecinə də olmadı ki, həyətə kim girib. Dostdurmu, düşməndirmi? İtə də o qədər yemək verərlər? İti gərək ac saxlayasan ki, həmişə yemək arzusuyla qulaqları şək, gözləri açıq olsun. Sən elə bilirsən ki, mənim bu itimə məni qorumaq lazımdır? O sənə ona görə hürdü ki, mən onun bu canfəşanlığını görüb sümükdən-zaddan atım qabağına. Onu mükafatlandırım.  Bu birinci əhvalat, ay şah.

– Bəs ikinci?

– İkinci əhvalata gəldikdə isə... Ay şah, bilirik ki, it pişikdən qat-qat vəfalıdır. Amma iti eşikdə saxlayırıq, pişiyi isə evdə. İtə sür-sümük atırıq, pişiyə öz yediyimizdən. Pişiyi qucağımızda otuzdurub sığallayırıq, iti isə təpikləyirik. İti zəncirləyirik, pişik isə azad gəzir. Amma pişik bilirsən nə deyir? Deyir ki, ağamın yeddi qızı olaydı, yeddisi də kor. Əllərindəki son tikələrini oğurlayıb yeyəydim. İt isə deyir ki, ağamın yeddi igid oğlu olaydı. Hər gün ovdan evə əlidolu qayıdanda hərəsi qabağıma bir sümük ataydı. İt həmişə sümüyün  acı olub. Ona pişiyə atılan toyuq əti versən qudurar. Səni qapar.

– Bəs pişik?

– Pişiyə verməsən oğurlayacaq. Və buna görə də cəzalanmayacaq. Sadəcə, oğurladığı şeyi onun gözündən iraq saxlamalısan. Amma yenə də iyləyə-iyləyə gedib həmin şeyi tapacaq. Yaxud da üzünü ayağına sürtüb, miyoldayıb istədiyinə nail olacaq.

– İndi, ay İtbaşı, oxu atıb yayı gizlətmə. Mənim şahlıq etdiyim cəmiyyətdə it kimdir, pişik kim?

– İt xalqdır, pişik isə sarayında süfrənin ətrafında dolanan əyanlar. Yadında saxla ki, pişik ağanın evində kef çəkməyi bir yana... hər gün həyətə çıxıb iti cırnatmağı da xoşlayır, onu boş-boşuna hürdürür. Hələ məqam düşəndə onun qabağındakı yeməyi də qamarlayıb, ac qoyur. İtin yeməyinə ehtiyacı olsa da, olmasa da... Bax, pişik belə pişikdir.

– Yaxşı, İtbaşı, itlərin ki, dilini belə başa düşürsən, bəs onda niyə çomağı əlindən yerə qoymursan?

– Bax, ay şah, pişik iti cırnadanda it təqsiri pişikdə görmür. Ona görə də yiyəsi evə gələndə ona hürür, üstünə cumur. Bax bu vaxt yiyəsi əlindəki çomaqla itə bir-iki dənə ilişdirir. İt də sakitləşir. Ona görə də atalar deyib: “İtlə dost ol, amma çomağı yerə qoyma”.

– Axı sənin pişiyin yoxdur.

– Ona gətirirəm sözümü elə. Düzdür, pişiyim yoxdur. Amma bu çomaqla lazım oldu-olmadı, hərdən bu itlərdən birinə iki-üç dənə çəkirəm. Gözlərinin odunu alıram. Mənə hürmək istəyəndə çomağı görüb hörmət edirlər.

– İtbaşı, keçən dəfə dedin ki, “it hürər, karvan keçər” məsəlini də izah edəcəksən.

– Ay şah, dəvə sanki bir dövlətdir. Sariban da onun belində oturan şahı. Şah dəvənin belindədir. Vəhşi, quduzlaşmış itlər də ona hürür. Amma heç nə edə bilmirlər. Ancaq təsəvvür elə ki, dəvə dizlərini qatlayıb çöküb otursa, itlər o şahı nə günə qoyar? O anda bir mühafiz də yaxın gələ bilməyəcək qorxusundan. Keçən dəfə özün gördün də... Dəvənin ayaqları dövlətin ayaqlarıdır. Əsas onları qoru. Onlar çöksə vay halına. Bu qara camaat səni yalın əllə didib parçalayar. Keçən dəfə də dedim sənə. Şah idarə edən deyil. Şah tənzimləyən, əlaqələndirəndir. Şah rəmzdir. Dövlətin də dörd ayağı var. Bunlar möhkəmdirsə, şah kef çəkir. Bunlar laxladısa, vay o şahın halına. Xəbərim var, Qüdrəti baş vəzir qoymusan. Fərmanı da ikinci vəzir. Amma Loğmanın dilini də, əllərini də kəsdirib zindanda saxlayırsan, – şah başını Aslana tərəf döndərib, hirslə sifətinə baxdı, – Yəqin hansısa sirrini bilir ki, belə edirsən. Əgər sirrini bilirsə zəhərlə, öldür. Sonra da hörmətlə dəfn elə. Ailəsinə təqaüd kəs. Yoxsa ki, dil kəsmək, zindan...

– Sən hardan xəbər tutdun, İtbaşı?

– Loğmanın ağzını bağlaya bilərsən. Xalqın ağzını bağlamaq çox çətindir. Onun dilinə düşməyəsən. Düşdünsə, batdın. Kim uşağının adını Göyverən, Göyveranə qoyubsa, indi dəyişdirir. Ay şah, yadında saxla, dövlətin dörd ayağı – dörd dayağı var. Birincisi saray əyanlarıdır. Onları həmişə tox saxla. Hərdən də təpiyini bas, artıq yağları çıxsın. Onlar camaatı incidib, sənin hörmətini “Şah bilmir. Bilsə bunların canını alar” deyən xalqının gözündə qaldıran birinci dayaqdır. İkincisi: qazi və hakimlər. Onlar camaata cəza verib, ölüm hökmü çıxartmaqla sənin əlini qana batırmayan, Allah yanında günah qazandırmayan ikinci dayağındır. Üçüncüsü: din xadimləri və məscid. Onlar xalqı Haqq dünyası xülyası ilə xumarlandırıb sakitləşdirən, müti və qulaqasan edən üçüncü dayağındır. Mollaxana və mədrəsələr, elm-bilik sahələri də onlara tabedir. Kim evlənir-kim boşanır, kim doğulur-kim ölür, hamısı onların üstünə qaçır. Bir də ki, xəbəri camaata onlar çatdırır. Cümə namazları da məhz lazım olan xəbəri camaata çatdırmaq üçündür. Dördüncü isə cibi boş, başı dolu insanlar, təfəkkür sahibləridir. Onlar əslində dayaq deyil. Onları ayaq üstündə saxlayan sadaladığım üç dayaqdır. O üç dayaq çökəndə, səni dəstəkləməyəndə, dördüncü dayaq dünəndən dəstəkləmir. Əleyhinə çıxa da bilər, çıxmaya da... Əsasən, arxanda durmurlar. Yadında saxla, heç bir şahı xalq devirmir, şahı saray devirir. Xalq isə alətdir. Mənim dilimlə desək ac-yalavac, sabaha ümidi olmayan, əzilən, təpiklənən talesiz itlər. 

– Ay İtbaşı, axı heyvanın dili yoxdur desin ki, taleyim var, ya yox? Ancaq insanın taleyi olar. Sən isə taleyi olan insanla taleyi olmayan heyvanı bir etdin. Üstəlik itə talesiz də dedin.

– Ay şah, talesizliyin özü də bir taledir, – deyib İtbaşı susdu. Gözü karvan yoluna dikildi. Ayağa durub komaya girdi. Çuvalı gətirib itlərin qabağında ağzını açdı. Yerə boşaltdı. İtlər ətə girişdilər, nə girişdilər. İtbaşı yenidən şahla Aslanın yanına qayıtdı.

– Yaxşı, ay İtbaşı, səhərdən dediyin nə idi, bu elədiyin nə?

– Ay şah, ildə bir dəfə qoy bayram eləsinlər. Sənin məmləkətində bayram olmur ki, belə sual verirsən?

– Olur. Yalnız dini bayram – Ramazan.

– Hə, bilirəm. İldə bir dəfə yetim-yesirin qarnını doyduran bayram, – üzünü itlərə tutub, – İtlər, kef edin. Amma bilin a... sabahdan yenə orucsunuz, – deyərək qəhqəhə çəkib güldü.

– Ay İtbaşı, bir sual verim. Sən Allaha inanırsan?

– Məni nə vaxtsa öldürəcəyinə görə qorxmuram. Hamı buna görə qorxur. Əgər qorxursansa, deməli hörmətlə yanaşırsan. Mən Allahdan məni əzabla, xəstəliklə öldürəcəyinə görə qorxuram. O ki qaldı inanmağa?! Ay şah, Allah yoxdur! And da içə bilərəm: Allah haqqı Allah yoxdur, – İtbaşı yenidən şaqqanaq çəkib gülməyə başladı. Handan-hana gülməyini saxlayıb, – Ay şah, sən nə qəribə adamsan? Axı sən nə istəyirsən? Məmləkətdə bir asan şey var, o da şahlıq eləməkdir. Get dövləti tapşır əyanlarına və kef elə. Gəz, dolan dünyanı. Özünü xəzinənin qulu eləmə. Onsuz da məmləkətdə nə varsa, hamısı sənindir. İstəsən də, istəməsən də. Yoxsa devirərlər səni.

– Ay İtbaşı, axı qudururlar bu əyanlar.

– Əsla. Bu sənə belə gəlir. Bax, min adamdan vergi yığmaq asandır, ya bir adamdan?

– Bir adamdan əlbəttə ki...

– Əyanlar min adamı əzirlər, incidirlər, əllərindəkini alıb yığırlar döşəklərinin altına. Sən də iki ildən bir başlarının üstünü alırsan, təpiyini basıb artıq yağlarını çıxardırsan. Bu da olsun sənin xəzinənə ianə. Xalqa da ləzzət eləyir. Deyir ki, şahımız ürəyimizdən tikan çıxartdı, filan əyan qanımızı sorurdu. Vəssalam.

Ortaya sükut çökdü.  Şah bilmirdi nə soruşsun.

– Ay şah, şətrəncdə ən biabırçı an bilirsən nədir?

– Bilirəm. Şahın mat olması.

– Əsla. Şətrəncdə ən biabırçı an pat olmaqdır. Heç kim sənə mat vermir. İlk baxışdan hər şey qaydasındadır. Amma tək qalmısan. Gediş isə sənindir. Amma nə sağa, nə sola, nə irəli, nə də geri addım ata bilirsən. Addım atsan şah verərlər sənə. İndi o vəziyyətdəsən. O hala isə özünü elə sən özün salmısan.

– Hardan bildin?

– Burdan gündə neçə karvan keçir. Hamısı da səndən xəbər gətirir. Sonuncu xəbər də yaratdığın hərəmxanadan gəldi.

– İtbaşı, tutaq ki, pat vəziyyətdəyəm. Nə edim?

– Ay Göyverən Şah, mən belə görürəm ki, sən ağrımayan başına dəsmal bağlayan şahlardansan. Qan çıxmayan yerdən qaşıyıb qan çıxarırsan. Beyninə girəni edirsən, eləyəcəksən də... Şəxsi varın-dövlətin artdıqca da sən onu yox, əksinə o səni idarə edəcək. Bütün hakimiyyəti öz əlində cəmləşdirmək istəyirsən. Olsun. Etiraz edə bilmərəm. Onda qabaqlayıcı tədbirlərini də gör. Gör ki, taxt-tacda qala biləsən. Həqqi Şahın qurduğunu on-on beş il dağıtsan belə, dağılası deyil. On-on beş ildən sonra isə çox çətin olacaq. Sən belə elə. Ölkə müharibədən çıxıb. Yetim-yesir çoxdur. Yetimxanalar yarat. Onları öz qanadının altına al. Təhsil vermə, çörək ver. İnsan təhsilli, bilikli olanda başına bəla olur. Tox olsunlar, qoluzorlu olsunlar. Yetimxanalara kənar heç kimi buraxma. Qoy ancaq səni tanısınlar. Bircə bunu bil ki, heç doğma övladların belə, sənə bu cür övladlıq etməyəcəklər. Bu yetim uşaqlar lazım olsa sənin yolunda ölümə də gedəcəklər. Böyüdükcə onları evləndir, amma öz nəzarətindən kənara buraxma. Sənə olan məhəbbətləri qoy uşaqlarına da keçsin. Sənə “dədə” desinlər. Ondan sonra heç bir qüvvə səni taxt-tacdan devirə bilməz. Ordunu da onlardan təşkil elə, mühafizəni də... Bircə fərraşlardan başqa.

İtbaşı susdu. Yenə gözünü karvan yoluna dikdi.

– Gözün yol çəkir, İtbaşı. Kimisə gözləyirsən?

– Ay şah, son vaxtlar karvanların sayı azalıb. Keçən dəfə siz bu vaxt gəlmişdiniz. İki karvan gördünüz. İndi isə heç izi-tozu da yoxdur. Burda nəsə var, amma bilmirəm nə. Amma yaxşı əlamət deyil. Allah axırını xeyir eləsin.

– Müharibə təzə başa çatıb. Bir də ki, bu Birrəng bütün tacirləri didərgin salıb məmləkətdən.

– Yox, ay şah, səbəb bu deyil. Nəsə başqa məsələdir.

– Ay İtbaşı, bir sualıma da cavab ver. Ağ gün çoxdur, yoxsa qara gün?

– Qara gün, ay şah, qara gün. Yadında saxla, məmləkətdə qara gün nə qədər çox olsa, sənin də şahlığın o qədər uzun olacaq.

– Ay İtbaşı, yenə də deyirəm, gəl gedək saraya. Qocalığını şah kimi keçir.

– İstəmirəm, ay şah, istəmirəm. Mənimçün bura daha xoşdur. Lazım olsam, özün gəl. Qapım açıqdır üzünə.

– İtbaşı, hamı mənə “şahım” deyə müraciət edir. Amma sən “ay şah” deyirsən.

– Ay şah, sən arvadsan ki, sənə “şahım” deyim? – İtbaşı qəhqəhə çəkib güldü. Göyverən bu cavabdan pərt olsa da biruzə vermədi.

– Di salamat qal, İtbaşı. Vaxtdır, biz gedək.

– Sağ ol, ay şah. Sağ ol, Aslan.

Şahla Aslan atlarına minirlər. İtlər onları gözdən itənədək hürə-hürə yola salırlar.

 

***

 

Saray. Şahın otağı. Baş vəzir Qüdrət, baş mühafiz Aslan, xəzinədar Hətəm Göyverən Şahın hüzurunda dayanıblar.

– Baş vəzir Qüdrət, müharibədən sonra yetim-yesirin vəziyyəti necədir?

– Şahım, həmişə olduğu kimi, bu dəfə də yetim-yesir düşdükləri şəraitə uyğunlaşır.

– O nə deməkdir, Qüdrət? Xırdala.

– Qadınlar, qızlar, əsasən pis yola düşür. Oğlan uşaqları da soyğunçu, oğru, filan olur.

– Bəlkə yiyə duraq onlara? Yetimxanalar açaq, həm oğlan, həm də qız uşaqlarıyçun. Böyüdək, boya-başa çatdıraq onları, evləndirək.

– Şahım, onlara onsuz da yiyə duranlar tapılır. Xəzinəni buna xərcləmək yersizdir məncə.

– Kimdir yiyə duranlar?

– Şahım, qanundankənarlar bütün məmləkətlərdə mövcuddur. O cümlədən bizim məmləkətdə də...

– Fahişəxanalar, şirəxanalar, quldurbaşılar, şahgülülər, tiryəkilər... Bunları demək istəyirdinmi, baş vəzir?

– Şahım, onların adlarını dilinizə gətirməklə şərəfləndirmiş olarsınız bu şərəfsizləri.

– Onda niyə onları müdafiə edirsən? Sən də de ki, bəs məmləkətdə yetim evləri açılsın.

– Şahım, sizin bu sözünüzü alqışlayıram. Amma mənə dediniz ki, abadlıq işləriylə bağlı icazə almayım. Mən də əmrinizi yerinə yetirməyə başladım.

– Qüdrət, mən sənə dedim ki, abadlaşdır. Demədim ki, nə “xanalar” yarat.

– Düz buyurursunuz, şahım. Amma karvansarayları, yeməkxanaları, çayxanaları, iri bir məmləkətin şəhərlərini bunlarsız təsəvvür etmək mümkün deyil. Bunlar hamısı bir-birini tamamlayır. Məmləkətə gələn o karvansarayı seçir ki, orda çoxlu fahişə var. Eləsi var ki, kişi fahişəsi axtarır. Eləsi var ki, əfyunçu, tiryəkidir. Eləsi var hamam axtarır. O əcnəbilərin gəlişindən yalnız xeyir görürük. Gərək bir şey olsun ki, oğru da oğurluq edə bilsin. Yoxsa özümüzkülərə daraşarlar. Sizin əmrinizdən sonra məmləkətdə karvansarayların tikintisinə başlanıb. Əl tutmaq istədiyiniz yetimlər olmasa, orada kimləri işlədəcəyik? Pul verib qulmu alaq? Hazır özümüzkülər var da...

Şah fikrə getdi. İtbaşı düz deyirmiş. Şahsan, otur şah yerində. Axı bu iyrənclikləri bilmək sənə lazımdır? Tapşırmısan Qüdrətə, qoy işləsin də...

– Yaxşı, Qüdrət, sən deyən kimi də olsun. Amma nəzarətdə saxla onları.

– Şahım, daim fərraşların nəzarətindədirlər. Onlardan xəbərsiz bir quş da uça bilməz məmləkətin üstündən. Şahım, bir xüsusu da demək istərdim. Ölüm qərarları var. Sizin hökmünüzü gözləyir.

– Qüdrət, Həqqi Şahın dövründə necəydisə, elə də icra edin. Hər şey hakimlərlə qazilərin boynuna. Baş xəzinədar!

– Bəli, şahım.

– Saray əyanlarının məvacibini iki dəfə artır. Ölümlərindən sonra onların ailələrinə aylıq təyin elə. Mənim şahlıq dövrümdə ölmüş Qurban, Birrəng, Bədrəng və saray həkimi Loğmanın ailəsinə Həqqi Şahın dövründə necəydisə, o cür də aylıq təyin olunsun.

– Başüstə, şahım.

– Bir də... hər cümə namazına bir nəfər kimi hamı getməlidir. Bu gün hazırlaşın, hamılıqla gedirik. İndi isə sərbəstsiz. Aslan, sən isə qal.

Hamı otaqdan çıxır.

– Aslan, yəqin başa düşdün Loğman məsələsini. Yazıq əlacsız xəstəlik tutmuşdu. Neçə gün canıyla əlləşdi. Neçə-neçə xəstəyə şəfa verən adamı xilas edə bilmədik. Nəşini də xəstəlik yayılmasın deyə yandırdıq. Onun da alnına belə yazılıbmış. Ailəsinə də belə çatdır.

– Başa düşdüm, şahım. Siz deyən kimi, hər şeyi yoluna qoyacağam.

– Aslan, sən bu Qüdrətə dediklərimi çox da ciddiyə alma. Sən belə elə. Sarayın tərkibində yetimxana aç. Ora sağlam, cüssəli yetim oğlan uşaqları yığ. Onlardan gələcəyin mühafiz və əsgərlərini hazırla. Göyverən valiliyindəki Karzat Şahın qalasını onlar üçün ayırıram. Dürəngə bu barədə əmrimi çatdır. Orda yaşayanları qaladan çıxartsın. Vali də özüyçün bir yer tapsın. Sənin də əmrlərini icra etsin. Hər şeyi təşkil edəndən sonra Dürəngi çıxarıb valini öz adamını qoy. Sanki dövlət içində dövlət olacaq Göyverən valiliyi. Ərazisinə sərhəd çəpəri çək. Keşikçilər qoy. Bir neçə yaxın adamını ayır, məmləkəti gəzib ora yığsınlar yetim oğlan uşaqlarını. Görək İtbaşının dedikləri nə dərəcədə düz çıxır.

– Başüstə, şahım. Bəs yetim qızları?

– Sən mən deyəni elə. Oğlanların hamısına Göyverən soyadı ver. Onlar tərəfə bir qadın da keçməsin. On səkkiz yaşları tamam olanacan bir uşaq da o qalanın hasarlarından kənara çıxmasın. Oğlanların üzləri qara niqabla bağlı olsun. İtbaşı deyəndə sən də ordaydın. Özün yaxşı bilirsən məqsədimiz nədir. Saray mühafizəsində və orduda olan nizam-intizamı orda da qur. O qalanı mənim sarayımdan da güclü mühafizə et.

– Əmr edərsiniz, şahım.

– Bir də... saraydan sirrin kənara necə çıxdığını öyrən. Bunun qabağını almaq lazımdır.

– Başüstə, şahım.

 

***

 

Günortadır. Məscidin qarşısında qələbəlikdir. Paytaxtda hamı cümə namazına yığışıb. Şah da saray əyanlarıyla mühafizlərsiz ora yaxınlaşır. Məscidin həyətinə girirlər. Şeyx Mərdan və axund Bərxudar onların pişvazına çıxmır. Şah və əyanlar dəstəmaz alıb içəri daxil olurlar. Sıralardan birində yer tuturlar. Namaz başlayır və bitir. Bu zaman Göyverən Şah irəli çıxıb üzünü dindarlara tutur.

– Ey dindarlar, sizə vacib sözüm var. Bilirsiniz ki, paytaxtda və əyalətlərdə Həqqi məscidləri tikilir. Bu gün qərar verdim ki, onları paytaxt məscidinin və şeyxin idarəçiliyinə verim. Tikintisini də onlar başa çatdıracaq, nəzirləri də onlar yığacaq. Yığılan vergilərdən ehsan evlərində gündə bir dəfə yemək verilməsi də, mənim keçən dəfə bununla bağlı dediklərim fikirlərin həyata keçirilməsi də məscidin boynuna. Və bu gündən məscidlər, o cümlədən mollaxana və mədrəsələr Həqqi Şahın dövründə necəydisə fəaliyyətlərini eləcə də davam etdirəcəklər.

Şah sözünü bitirib əyanlarıyla birlikdə məsciddən çıxdı.

 

ARDI VAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub