Modern.az

Zöhrə Abdullayeva: “Məmmədbağırın sevgilisi ilə indi də yaxınam” - MÜSAHİBƏ

Zöhrə Abdullayeva: “Məmmədbağırın sevgilisi ilə indi də yaxınam” - MÜSAHİBƏ

9 İyul 2013, 11:39

“Həcdə dedim ki, ay Allah, bağışla, sənətimlə gündəlik namaz qılmaq alınmır”

Tanınmmış müğənni, əməkdar artist Zöhrə Abdullayeva Modern.az-ın suallarını cavablandırıb

– Hazırda nəylə məşğulsnuz?

– Çexiyanın məşhur Karlovı Varı kurortunda istirahətdəydim, bağa yenicə gəlmişəm.

– İstirahətiniz nə vaxta kimi davam edəcək?

– Avqustun 1-də Londona gedirəm.

– Sonuncu dəfə nə vaxt belə rəngarəng istirahət etmişdiniz?

– Hər il belə istirahət edirəm.

– Sənətdə nə yeniliklər var?

– Üzeyir bəyin qadınlar oxumayan romansları üzərində çalışıram. Məsələn, “Əsgərin ariyası”nı (bir ağız ifa edir – İ.V.) heç bir qadın oxumayıb. Tofiq Quliyevin “Üzüyümün qaşı” əsərini də lentə aldıracağam. Bütün bu işlər yayın sonuna planlaşdırılır. İnsanlar otuz yaşından sonra belə musiqilər dinləyirlər.

– Nə əcəb istirahətə tez başlamısınız?

– Çexiyaya iyunun 14-də getdim. Ondan sonra da toy dəvətləri gəldi, amma otelin pulunu ödəmişdim. Ora mənə çox təsir elədi. Şuşaya oxşayır (? – red.). Şəhər iki yerə bölünür, ortadan enli çay axır, yuxarılar isə dağlıq və meşəliklərdir. Elə bil ki, son vaxtlar həyatdan, təbiətdən doymuram.

– İstirahətə nə qədər xərciniz çıxdı?

– Əvvəla, mən çox yüksək səviyyədə istirahət edirəm. Demirəm ki, varlıyam, amma özümə xərcləməyə pulum var.

– Təxminən on min manat xərclədiniz?

– Düz on min manat xərcləmişdim. Hardan bildin? (gülür)

– Ramazan ayı başlayır, oruc tutacaqsınız?

– Allah hər kəsin xeyir-duasını qəbul eləsin. Mütləq oruc tutacağam. Demirəm ki, hər gün namaz qılıram. Amma orucluqda bütün ayinləri yerinə yetirirəm.

– Hacı xanımsınız. Niyə gündəlik namaz qılmırsınız?

– Mənim işimlə gündəlik namaz qılmaq alınmır, çatdıra bilmirəm. Həcc ziyarətində də dedim ki, ay Allah, günahlarımı bağışla, sənətimlə gündəlik namaz qılmaq alınmır. Bəziləri incəsənət adamları var ha deyir ki, gündə beş dəfə namaz qılıram, onlara inanma. Mən real adamam. Namaz insanın qəlbi, ruhu, şüuru olmalıdır. Qəlb sındırma, yetim başı sığalla, yetim malı yemə, kasıblara əl tut, bu, namazı əvəz edir. Mən də bunlara riayət edirəm.

– Yenidən qayıdaq istirahət mövzusuna. Səhv etmirəmsə, ingilis dilini bilmirsiniz. Xaricdə necə ünsiyyət qururdunuz?

– Çexiyada köhnə adamlar rus dilini bilirlər. 2007-ci ildən bu yana hər il Londona gedirəm. Doyulmaz bir yerdir. İngiliscə ilkin ünsiyyəti bilirəm. Amma lüğət də götürürəm. Mən qışda da istirahət etməyi sevirəm.

– Qışda hansısa ölkəyə istirahətə getmisiniz?

– Dəfələrlə Riqaya istirahətə getmişəm.

– Amma ora çox soyuqdur.

– Bakıdan bir az soyuqdur. Amma Riqada küçədə buz bağlamır, maşınlar sərbəst hərəkət edirlər.

– Geridə qalan mövsüm həm şəxsi, həm də sənət anlamında sizin üçün nə ilə yadda qaldı?

– Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah-Təala onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm.

– Belə başa düşdüm ki, bu 26 ildə həyatınızda nə kimsə olmadı, nə də kiminsə olmağını istəmədiniz, elədir?

– Niyə istəməzdim ki? Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Mənə layiq insan olmadı.

– Bir vaxtlar mərhum Məmmmədbağır Bağırzadə ilə vətəndaş nikahınızın olduğu bildirilir. Bu şayiələrdir, yoxsa...

– Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. O, dünyasını dəyişəndə əli onun əlində idi. Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki... O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt “bacı” dediyi adama pis gözlə baxmazdı. O qadınla iyirmi il yaşadı.

– Nə vaxtsa sənət aləmindən sizə evlilik təklif edən olub?

– Yox və olsa da qəbul etmərəm. Kişinin zabitəsi, şəxsiyyəti olmasa, onu kişi saymıram.

– Adətən, xanım sənətçilər yaşlarını gizlədirlər. Yaşınızı açıqlaya bilərisniz?

– Yaşımdan utanmamışam. Mənəm, Ruhəngiz Allahverdiyeva və Firuzə İbadova eyni ildə anadan olmuşuq.

– Müəlliminiz olmuş Ceyran Haşımova ilə münasibətiniz var?

– Əlbəttə. Onun o qədər əziyyəti olub ki. Bir ayın on beş gününü rayonlarda zəhmətkeşlər qarşısında olurdu. Bu öhdəçilik idi, getməsən olmazdı. Hər ay mən, Xeyransa Məmmədova, Həbib Rəhimov, Baloğlan Əşrəfov, Fərman Cəfərov, Məhəbbət Kazımov İslam Rzayevin ansamblı ilə qastrollarda idik. Bizim əzabımız olub e. Qışın soyuğunda sovxozlarda, yayın istisində pambıq tarlalarında çıxış edirdik. İndi toyu da fonoqram oxuyurlar.

– Hərdən gənc həmkarlarınızla yolla getmirsiniz, saytlar belə yazırlar.

– Mən heç Facebook-a girə bilmirəm. 

– Nə əcəb interneti öyrənmirsiniz?

– Öyrənmək istəyirəm, alınmır. Amma qəzetləri oxuyuram, bir də “Tetris” oynayıram (gülür). “YouTube”-da kinoya baxanda görürsən ki, “Facebook” girir araya. Amma başım çıxmır.

– Bir “Kəsmə-şikəstə” oxumuşdunuz...

– 1986-cı ildə oxuduğum kəsmə-şikəstə Qızıl Fondda saxlanılır. O, İslam Rzayevin ansamblı ilə yazılıb. Təsadüfən rayondan gələndə radiodan eşitdim. Bilmirdim ki, fondda saxlanılır. O qədər sevindim ki. Elə bilirdim itiriblər.

– Son vaxtlar nəsildə olan sənət adamları arasında qalmaqallar, mübahisələr yaşanır. Yaşlılar belə elədiyi halda 25 yaşlı bir gənci necə qınamaq olar?

– Biz iyirmi beş yaşımızda elə müdrik, ağıllı idik...

– Onda belə çıxır ki, yaşlanandan sonra belə oldular?

– Kim kimlə dalaşıb? İnternetə girə bilmirəm ki.

– Aygün Kazımova, Brilliant Dadaşova, İlhamə Quliyeva...

– Mən o barədə heç nə deyə bilmərəm. Çünki təfərrüatından xəbərim yoxdur.

– İstənilən halda bu yaşda insanların şəxsi məsələləri mətbuata daşıması doğrudur?

– Məncə, yox.

  

İntiqam Valehoğlu 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir