Modern.az

Prezidentliyə namizədin oğlu: “Atam inəklərini siyasətçilərdən daha çox sevir” - MÜSAHİBƏ

Prezidentliyə namizədin oğlu: “Atam inəklərini siyasətçilərdən daha çox sevir” - MÜSAHİBƏ

Müsahibə

22 Avqust 2013, 09:42

Əhməd Orucun oğlu Abdul Orucov: “Çünki heyvanlar yalan danışmır...”


Modern.az
saytının “Siyasətçi övladları” layihəsinin budəfəki qonağı Azadlıq Partiyasının sədri, prezidentliyə namizədlik iddiasında olan Əhməd Orucun oğlu Abdul Orucovdur.

- Babanızın adını daşıyırsınız. Maraqlıdır, babanızdan nəyi öyrənmisiniz?

– Babam Qazaxda riyaziyyat müəllimi işləyib. Qazax mahalında “Qazaxlı Abdul”u hər kəs tanıyır.

– Atanız Əhməd Oruc bütün günü siyasi proseslərin içindədir. Evə gələndə gündəlik işlərinizlə maraqlanırmı?

– Çox diqqətlidir. Evə girən kimi dibçəkdə yeni gül kolu varsa, o dəqiqə gözü onu görəcək. İstənilən dəyişiklik atamın diqqətindən yayınmır. Evə 5 dəqiqə geciksək, həmin dəqiqə zəng vuracaq. Qaş qaralan kimi hamı evdə olmalıdır. 

– Məktəb illərinizdə atanız oxuduğunuz təhsil müəssisəsinə tez-tez baş çəkirdi?

– Yox, məktəbə gedən deyildi. Amma bir dəfə 10-cu sinifdə oxuyanda respublika birincisi oldum. Ondan sonra dərsə getmədim. Buna görə evə şikayət etmişdilər. O zaman atam məktəbə getmişdi. Amma məni danlamamışdı.

– Siyasətdə Əhməd Oruca xələf olmaq istəmirsiniz?

- Sadəcə, Azadlıq Partiyasının üzvüyəm. Hər hansı tədbirlərə qoşuluram. Neçə ildir atam öz fikrindən dönmür. Ağlım kəsəndən eyni hadisələri görürəm. Mənim isə siyasətə meylim yoxdur.

– Siyasətçi oğlu olasan, siyasətə meylin olmaya...

– Bu normaldır. Siyasətçi oğlu olmaq o demək deyil ki, birmənalı olaraq siyasətdə atanın yolunu tutmalısan. Özümün ideyalarımı həyata keçirməyi daha üstün tuturam. “Atam bu yolu gedib, mən də bu yolu gedəcəyəm” kimi fikirlərim yoxdur. Qarşıma qoyduğum məqsədə çatmaq arzusu ilə yaşayıram. Atam isə bizi heç vaxt nəyəsə məcbur etməyi sevmir. Əksinə, bütün fikirlərimə dəstək nümayiş etdirir. Ən çox sevdiyim iş elmin bir çox sahələri ilə maraqlanmaqdır. Magistr, bakalavr üzrə təhsil almışam. Hazırda İqtisad Universitetində məntiqdən dərs keçirəm. Ailədə 3 qardaşıq. Böyük qardaşım atamın yolunu gedir. Bütün siyasi proseslərin içindədir. O baxımdan siyasətdən tamamilə kənaram. Elmlə məşğul olmaqdan zövq alıram. Bir zamanlar QHT yaratmaq istəmişəm. Amma bu fikrimi atam dəstəkləməyib.

– Cəmiyyətdə nədən narazısınız?

– Çox şeydən. Bu cəmiyyətdə yüksəlməyin başqa yolu yoxdur. Kimsə işləyirsə belə, irəli getmək ehtimalı çox azdı. Demək olar ki, bir çox sahələrdə hər kəs öz adamlarını işə götürür. Atamın siyasətdə olmasına baxmayaraq, inanmıram kimsə məni hansısa sahədə irəli aparsın. Atam heç vaxt heç kəsdən asılı olmayıb. Kirayə ev verir, təsərrüfatla məşğul olur. Bizə görə kimdənsə asılacağı olan yerdə işlədiyini görməmişik.

– Atanızın təsərrüfat işlərini davam etdirmək fikrinizi varmı?

– İmkan olarsa. Məncə, ən halal yol təsərrüfatla məşğul olmaqdır. Uşaq olanda heyvanları otarmağa mən də getmişəm. Həyətimizdə həmişə at olub. Uşaq olanda tez-tez at çapmışıq. Bir çox yerlərə gedəndə atdan minik vasitəsi kimi istifadə etmişik.

– Bəs Əhməd Orucun özü at çapmağı bacarır?

– Əlbəttə. Hətta bununla bağlı videoları da yayılıb. Atam uzun müddət balıqçılıqla məşğul olub. Hətta balıq tutmağa atla gedib.

– Ailədə 3 qardaşsınız. Atanız sizinlə siyasi söhbətlər edirmi?

– Açığı, bizim ailədə bir az fərqlidir. Atam evə gələndə heç vaxt siyasətdən danışmır. Ailədə daha çox böyük-kiçik münasibətlərinə xüsusi fikir verilib. Siyasət haqqında nə sözü varsa, kənarda danışır.

– Atanızın siyasətdə çiyin-çiyinə çalışdığı insanlar sizə gedib-gəlir?

- Əlbəttə. Yaşadığımız ərazi istirahət baxımından çox əlverişlidir. Ad çəkməyəcəm, amma kimlərlə münasibətdə olubsa, bizim evə gəlib. Atam da onların evinə gedib.

– Bəs siz həmin siyasətçilərin övladları ilə dostluq edirsiniz?

– Mirmahmud Mirəlioğlunun oğlu ilə dostluq edirik. Bir çox siyasətçilərin övladlarını şəxsən tanımasam da, tədbirlərdə görmüşəm.

– Əhməd Oruc prezidentliyə namizədliyini irəli sürüb. Seçki kampaniyasında namizədlərə pul ayrılmayacaq. Atanız öz təbliğatına pulu hardan tapacaq? Təsərrüfatındakı inəkləri sata bilər?

– İnanmıram. Atam həyatı boyu elə iş görməz. Nə qədər gülməli səslənsə də, deyəcəm: atam öz heyvanlarını siyasətdə olanlardan üstün tutur. Həyətdəki heyvanlar atama çox əzizdir. Hətta atam yaşı keçən heyvanları belə, satmağı sevmir. Xəstə toyuğu belə, pulla istəsələr atam satmaz. Çünki atam heyvanların bərəkətinə çox inanır. Siyasi təbliğata imkanı olmaya bilər, amma təsərrüfatdan nəsə satmaz.

– Neçə baş mal-qaranız var?

9 baş.

– 9 baş mal-qaranın ağartı məhsullarını satışa çıxarırsınız?

– Yalnız qohum-əqrəbaya pay edirik. İnşallah, nə vaxtsa təsərrüfatı böyüdə biləriksə, o zaman düşünməyə dəyər. İndiki durumda təsərrüfatımız iri həcmdə deyil.

– Maraqlıdır, Əhməd müəllim məişətdə daha nəyi bacarır?

– Atamın bacarmadığı iş yoxdur. Ailədə gözümüzü açandan evdə usta görməmişik.

– Siyasətçi atanızdan siyasətdən kənar öyrəndikləriniz nəsə var?

– 3 qardaş təsərrüfat işlərini yaxşı bacarırıq. Təvazökarlıqdan uzaq da olsa, deyəcəm: bəzi siyasətçilərin övladlarını təhsildə özümlə müqayisə edəcək səviyyədə tutmuram. Siyasətdə kimsə kiməsə görə tanına bilər. Atam isə sənədli-sübutlu riyaziyyat üzrə 3 dəfə respublika birincisi olub. Bəzi siyasətçilər özlərini reklam edib deyir ki, universiteti “qırmızı diplom”la bitiriblər.  Onların arxivini axtarsanız, ortaya yalandan başqa heç nə çıxmaz. O baxımdan atamı bütün siyasətçilərdən üstün tuturam. Oğluyam deyə demirəm. Atamın elə nailiyyətləri var ki, oğlu olaraq mən də can atmışam ki, o uğurlara sahib olum. Etiraf edim ki, pul olmadığına görə Əhməd müəllim o qədər də tanınmır.

– İstəsə heyvanları pula çevirib qısa müddət ərzində tanına bilər.

- Heyvandarlıq atamın qazanc yeridir. Həm də atam çox yaxşı bilir ki, siyasət çirkin işlərlə doludur. Halal malı çirkin əməllərə qurban verməz.

Bayaq dediniz ki, atanız heyvanları siyasətçilərdən üstün tutur. Bunun məğzini aça bilərsiniz?

– Heyvanlar yalan danışmağı bacarmır. İstənilən heyvanın rəngi ağdırsa, – ağ görürsən, qaradırsa, – qara görürsən.

– Görünür, Əhməd müəllim üçün siyasətdə ağ-qaranı seçmək çətindir.

– Sadəcə olaraq rəngi tuta bilmirsən. Baxırsan ağ qaralır, qara ağarır. Siyasətdə  üzləri tutmaq olmur. Həmçinin bir dəqiqəni qaçırmaq belə, əhəmiyyət kəsb eləmir. İdeal siyasətçi yoxdur. Ad çəkmək yaxşı deyil. Bir də eşidirsən ki, filankəs siyasi əqidəsini dəyişib. Buna görə atam həmişə bu cəmiyyəti bəyənməyib.

– Məhz bu cür hərəkətlərə görə siyasətçi olmaq istəmirsiniz?

– İdeal zəmanə olsa siyasətçi olmağa dəyər. Atam bu millət üçün özünü qurban verib. Gün ərzində çox əsəbi olur. Buna baxmayaraq, atam nə qədər əsəbi olsa da, ailəsinə qarşı kobudluq etmir. İmkanlı ailəm olmayıb. 7-ci sinifdən  yanacaqdoldurma məntəqəsində, şadlıq sarayında ofisiant, Binəqədi qarajında dispetçer, sahə üzrə briqadir işləmişəm. İmkansız olmağımıza görə bir zaman utanmışam. İndi isə utanmıram.

– Şəxsi maşınınız var?

– Var.

- Bu gün qardaşınızın da, sizin də işiniz var. Nə yaxşı evlənmək haqqında düşünmürsünüz?

– Hələki bu haqda fikirləşmirik.

– Ailə qurmaq seçiminizi kimin ixtiyarına buraxmağı düşünürsünüz?

– Təbii ki, seçim bizə məxsus olacaq. Valideynlərimiz isə təsdiqləmə işinə baxacaq. Bizim üçün ailə dəyərləri möhkəm olmalıdır.

– Gənc müəllim olaraq müəllim-tələbə münasibətlərini necə tənzimləyirsiniz?

–Tələbələrlə şit münasibət qurmağı sevmirəm.

– Atanızın prezident seçkilərində qələbə çalması üçün nə edəcəksiniz?

– İmzatoplama kampaniyasında aktiv iştirak edə bilərəm. Xalq öz söz azadlığından, seçki azadlığından istifadə edib istədiyi namizədə səs verəcəksə, onda hər şey müəyyən olunacaq.

– İstərdinizmi atanız prezident olsun?

– Təbii ki, istəyərəm. Atamın prezident olsa, mənim üçün çox şey dəyişər, amma insan olaraq, mənim özümü dəyişdirməz.


Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir