Modern.az

Almaniyanın AŞPA-dakı nümayəndəsi: “Prezidentinizin siyasətinə göstərilən dəstəyin şahidi oldum” - MÜSAHİBƏ

Almaniyanın AŞPA-dakı nümayəndəsi: “Prezidentinizin siyasətinə göstərilən dəstəyin şahidi oldum” - MÜSAHİBƏ

29 Oktyabr 2013, 10:00

Aksel Fişer: “Şengen vizasını asanlaşdırmaq üçün hökümətlərarası beynəlxalq müqavilələr olmalıdır”


Bir müddət əvvəl Almaniya mətbuatında Azərbaycan haqqında tənqidi fikirlər səslənsə də, hazırda iki ölkə arasında münasibətlər xeyli yaxşılaşmağa doğru gedir. Azərbaycanda keçirilən son prezident seçkilərindən sonra Almaniya kansleri İlham Əliyevə təbrik məktubu da ünvanladı. Bu günlərdə ölkəmizdə səfərdə olan Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi, iqtidarda olan Xristian Demokratlar Partiyasının üzvü Aksel Fişerlə görüşərək bu və digər məsələlərlə bağlı söhbətləşdik. Onun Modern.az-a müsahibəsini təqdim edirik.

- Cənab Fişer, uzun illərdir Azərbaycana gəlirsiniz. Bu illər ərzində ölkəmizdə hansı dəyişikliyin şahidi olmusunuz?

- Son on il ərzində baş tutan siyasi və iqtisadi inkişaf göz qabağındadır.  Hər dəfə Azərbaycana gələndə bunun şahidi oluram.

- Ölkəmizdə keçirilən bütün seçki proseslərində müşahidəçi kimi yaxından iştirak edirsiniz. Son prezident seçkiləri barədə nə deyə bilərsiniz?

- Ümumilikdə götürdükdə, mən azad, ədalətli, şəffaf seçki prosesini müşahidə etdim. Gördüklərimə əsaslansaq, seçki prosedurları peşəkar şəkildə və sülh şəraitində həyata keçirildi. Prezidentin siyasətinə göstərilən yüksək səviyyəli dəstək onun möhtəşəm nəticələrini göz önünə sərir.

- Azərbaycanla Almaniya arasındakı bugünkü əlaqələr barədə nə deyə bilərsiniz?

- Azərbaycanla Almaniya arasında münasibətlər hazırda çox yaxşıdır. Düşünürəm ki, möhkəmləndirilmiş iqtisadi münasibətlər daha da inkişaf etdirilməlidir. 

- Amma bəzən Almaniya mətbuatında Azərbaycan haqqında haqsız tənqidi yazılar da yer alır. Sizcə, bu kimi tənqidi yanaşmalar haradan qaynaqlanır?

- Onu deyə bilərəm ki, insan hüquqları, hüquqi dövlət və demokratiya Almaniyada başlıca rol oynayır. Bir çox Şərqi Avropa ölkələrində məhkumluq Qərbi Avropa ölkələrindəkindən daha sərtdir. Elə bu suala bir sıra jurnalistlər tənqidi şəkildə yanaşırlar. Bundan əlavə, biz Almaniyada xarici siyasətə təsir etməyi vərdiş etmişik.

- Ötən ay Almaniya Bundestaqına (parlamentinə) keçirilən seçkilərdə kansler xanım Angela Merkelin Xristian Demokratlar Partiyası (CDU) 42,1 faiz səs qazanaraq qalib gəldi. Bu o deməkdir ki, xanım Merkel üçüncü dəfə ölkə kansleri olur...

- Bəli, xanım Merkel yenidən Almaniyanın kansleri seçildi. Angela Merkelin yenidən kansler seçilməsi üçün onun çox yaxşı imkanları vardı. Koalisiya danışıqları ərəfəsində biz XDP və SDP arasında koalisiya yaratmağa çalışırıq. Xatırladım ki Angela Merkelin rəhbərlik etdiyi partiya parlament çoxluğunun ¾ faizini qazana bildi.

- Siz də Xristian Demokratlar Partiyasının üzvü, AŞPA-da ölkənizi təmsil edirsiniz. Nə zamandan bu partiyanın sıralarındasınız?

- 1987-ci ilin fevral ayından bu partiyadayam. Helmut Kolun ilk dəfə kansler seçilməsindın əvvəl keçirən kampaniya zamanından XDP-dəyəm.

- Niyə məhz XDP-ni (CDU) seçdiniz? Belə çıxır ki, Helmut Kolun ictimaiyyətdə qazandığı rəğbət üçünmü bu partiyanı seçdiniz, yoxsa onunla xüsusi tanışlığınız vardı?

Sadəcə Helmut Kolun apardığı doğru siyasətə görə XDP-yə üzv oldum. O, daxili və xarici siyasətdə qazandığı uğurlar nəticəsində Almaniyanı irəli apardı. O zamanlar mən cənab Kolun Almaniyanın və Avropanın gələcəyə dair fikirlərinə heyran qalmışdım.


- Avropaya səfər üçün şengen vizası almaqda bəzən ciddi problemlərlə üzləşirik. Siz həm də Almaniya parlamentinin üzvüsünüz. Viza rejimini sadələşdirmək üçün parlamentdə hər hansı tövsiyənizi verə bilərsinizmi?

- Şengen vizası Avropa Birliyinin xarici sərhədlərini qoruyur və daha məqsədəuyğundur. Ölkələrə girişi asanlaşdırmaq üçün düşünürəm ki, hökumətlərarası müzakirələr aparılmalı və beynəlxalq müqavilələr olmalıdır. Fikrimcə, bu, Azərbaycan, Gürcüstan və Qazaxısan kimi ölkələrə şamil edilə bilər.

- Bildiyimə görə, Azərbaycanın bir sıra bölgələrində olmusunuz. Bölgələrimizdən haranı bəyəndiniz?

- Fərqli regionlar Azərbaycana gözəllik və məftunluq bəxş edir. Ölkənizin gözəl təbiəti var. Sonuncu dəfə İsmayıllıda oldum. Oranın füsunkar təbiətindən zövq aldım.

- Ümumiyyətlə, Azərbaycanda daha çox nə xoşunuza gəldi, nə təəccübləndirdi?

- Hər dəfə gəldiyimdə əsasən böyük qonaqpərvərlik məni heyran edir. İnsanlarınız çox istiqanlıdır, mətbəxinizə də söz ola bilməz.  

- Səhv etmirəmsə, Azərbaycanda olanda bir toy şənliyinə də qatılmısınız. Xoşunuza gəldimi?

- Qısa zaman olsa da, həmin toy məclisində iştirak etdim. İlk dəfəydi Azərbaycanda el şənliyində iştirak edirdim və bundan böyük zövq aldım. Bu, toyda qatıldığımız bütün nümayəndəlik üçün möhtəşəm və unudulmaz bir təcrübə idi.

 

Laçın SƏMLA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər