Modern.az

“Azərbaycanda 600 min nazir yeri yoxdur ki, hamı nazir olsun” - MÜSAHİBƏ

“Azərbaycanda 600 min nazir yeri yoxdur ki, hamı nazir olsun”  - MÜSAHİBƏ

Müsahibə

28 Noyabr 2013, 11:44

“Hər kəsə qabiliyyətinə görə iş verilir...”


Modern.az
saytı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyərini üzvü Eldar İbrahimovla müsahibəni təqdim edir.

- Eldar müəllim, Yeni Azərbaycan Partiyasının 21 yaşı tamam oldu. Sizcə, YAP bu müddət ərzində Azərbaycan cəmiyyətinə nə verdi?

- Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaradılıb. Bir neçə gün öncə YAP-ın 21-ci ildönümünü qeyd etdik. 21 il böyük uğur deməkdir. 20 ildir ki, YAP iqtidar partiyası kimi hakimiyyətdədir. Partiyanın yaranması dövrünə qısa ekskurs etmək istəyirəm. Partiya çox ağır bir şəraitdə yaranıb. Hamı yaxşı bilir ki, o zaman gərgin dövr idi. Azərbaycanda Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi, Azərbaycanın dağılması dövrü idi. Azərbaycan artıq bölgələrə bölünürdü. Övladlarımız müharibədə həlak olurdu. İnsanları küçədən tutub müharibəyə göndərirdilər. Uşaqlarımız qırılırdı. Bir sözlə, Azərbaycan dağılırdı. Yeganə ümid yerimiz Naxçıvan və Heydər Əliyev idi. Onun ətrafında sıx birləşmək Azərbaycanı bu bəladan qurtara bilərdi. O zaman mən bir çox ziyalılara, deputatlara təklif edirdim ki, “91-lər”ə qoşulsunlar, Mən özüm də “91-lər”in içində idim. Çox yaxşı xatırlayıram. 1992-ci ilin 16 oktyabrında “Səs” qəzeti vasitəsi ilə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı yazı ilə ziyalılarımız Heydər Əliyevə müraciət ünvanladılar. Düzünü deyim ki, o zaman Azərbaycanda Heydər Əliyevlə danışmaq çətin idi. Telefonda danışarkən tuturdular. Hətta buna görə Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Zeynalovu tutub saxladılar. O zaman mən deputat idim, toxunulmazlığım var idi. Ona görə məktubları, qəzetləri mən Heydər Əliyevə aparırdım. Heydər Əliyevlə bizim İdarə Heyətinin üzvləri arasında da əlaqə yaradan mən idim.
Bir daha deyirəm, o zaman deputat idim. Təyyarə də pulsuz idi. Səhər gedib axşam gəlirdim. Bu məsələlərlə əlaqədar Heydər Əliyevlə danışıqlar aparırdım. Hətta partiya yaratmağı Heydər Əliyev özü istəmirdi. Mənimlə bərabər partiyanın yaranmasında iştirak edən digər insanlar gəlib-gedirdi. Son anda partiya yaratmaqla bağlı Heydər Əliyevi razı sala bildik. Ona müraciət hazırlayıb göndərdik. Gətirib “Səs” qəzetini Heydər Əliyevə verdim.
“Müstəqil Yeni Azərbaycan uğrunda” adlı başlıqlı yazı ilə 24 oktyabrda “Səs” qəzetində Heydər Əliyev ziyalıların həmin məktubuna cavab verdi. Həmin gün partiyanın yaranmasından qorxan o zamankı hakimiyyət AXC-Müsavat cütlüyü Elçibəy başda olmaqla 24 oktyabrda Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Naxçıvanda Daxili İşlər Nazirliyini, televiziyanı tutdular. Televiziya vasitəsi ilə elan edib hakimiyyəti devirmək, hətta , Ali Məclisə gəlib Heydər Əliyevi devirmək, bəlkə də Əliyevi məhv etmək niyyətində idilər. Təbii ki, bunların qarşısı alındı. Biz naxçıvanlılar gecə səhərə qədər Ali Məclisin qarşısına yığışaraq, Heydər Əliyevi müdafiə etdik. Heydər Əliyevin top-tüfəngi yox idi. Onun silahı xalqı və Naxçıvanda olan insanlar idi.
Bundan sonra partiyanın Naxçıvanda təsis konfransı keçirildi. Partiyanın təşkilati işlərini də ulu öndər mənə tapşırdı. Bildirdi ki, bir vaxtlar təkidlə təklif etdiyim partiya yaratmaq ideyasına razılıq verir. Məndən soruşdu ki, təşkilat məsələlərini həyata keçirə biləcəksən? Qonaqları qarşılamaq, yola salmaq lazımdır. Bunları edə biləcəksənmi? İmkanların varmı? Mən isə burada problem olmadığını bildirdim. Bu işlərin hamısını öz öhdəmə götürdüm. Naxçıvanda konfrans yüksək səviyyədə keçdi. Yoldaşlaırmızdan biri Heydər Əliyevin yanında olanda dedi ki, Eldar İbrahimov sağ olsun, bizə çox böyük diqqət göstərir. Ulu öndər cavab verdi ki, mən bilmirəm kimə nə tapşırıram. Bunları etmək onun borcudur.
1992-ci ilin 18 mayından İsa Qənbər Ali Sovetə sədr seçildi. O zaman sessiyanı saat yarım saxlatdım. Heydər Əliyevin namizədliyini irəli sürəndən sonra ona zəng vurdum, amma ovaxtki hakimiyyət Heydər Əliyevlə danışmağa imkan vermədi. Azərbaycanın dağılması üçün hərənin bir qoçu dəstəsi var idi. Bunu ziyalılar da görürdülər. Kütləvi surətdə bütün rayonlarda partiya təşkilatları yarandı. Amma AXC hakimiyyəti buna imkan vermirdi. Kimisə döyür, kimisə təqib edirdilər. Xüsusilə, “91-lər”i izləyidilər. Onların əziyyətini, təhqir olunduqlarını görmüşəm. Ona görə də onların qarşısında baş əyirəm ki, onlar qorxmadan, çəkinmədən bu ağır yola getdilər.
Bu gün Azərbaycanda olan sabitliyi, əmin-amanlığı görmək üçün bunu etdilər. Azərbaycanda gedən bu ağır vəziyyət məcbur etdi ki, camaat Naxçıvana üz tutsun. Azərbaycan Xalq Cəbhəsi Naxçıvanda dövlət çevrilişinə cəhd etmək istəyirdi. Ona isə gücləri çatmadı. Sonra isə ikinci rəqibləri Surət Hüseynovu Gəncədə məhv etmək üçün getdilər. Ancaq özləri məhv oldular. 4 iyun Gəncə hadisələri ilə bağlı bütün Azərbaycan xalqı ayağa qalxdı və Heydər Əliyevi tələb etdi.
Azərbaycan xalqını ayağa qaldıran kimlər idi? Bu, məhz, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı əsasında oldu. YAP bu insanları səfərbər etdi. Mən o vaxt Heydər Əliyevin yanında olanda deyirdim ki, ətrafınızda partiya yaratmaq lazımdır. Deyirdi ki, nəyə lazım, mən Naxçıvanda işləyirəm. Dedim ki, partiya Naxçıvana görə lazım deyil. Siz Bakıya gedəcəksiniz. Sizi müdafiə edən qüvvə olmalıdır. Partiya Heydər Əliyevi hakimiyyətə gətirməklə Azərbaycanı qorudu. Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycanda qoçu dəstələri ləğv olundu. O vaxt adam öldürmək adi hal almışdı. Bu gərgin vəziyyəti Heydər Əliyev aradan qaldırdı. Allah sanki bu insanı dövlət yaratmaq üçün dünyaya gətirmişdi. SSRİ kimi nəhəng bir dövlətin Siyasi Bürosunun üzvü olmaq cəsarətli iş idi. Biz elə olurdu ki, Naxçıvanda saatlarla söhbət edərdik. Azərbaycanda birinci katib olanda onun ətrafında olan dönük insanlar haqqında, ona qarşı olan təzyiqlər, Qorbaçov və digər insanların təzyiqləri barədə danışardı. O, mənim üçün çox səmimi, doğma bir insan idi. Sanki bizim aramızda böyük qardaş- kiçik qardaş münasibəti var idi. Xüsusilə, həyat yoldaşı Zərifə xanımla ailə münasibətləri haqqında danışardı. Zərifə xanım həyatını dəyişdikdən sonra o, ailə qurmadı, heç kəsə gözünün ucu ilə baxmadı. Bu da ailədə kişinin qadına olan mıəhəbbətindən irəli gəlir.
Adətən, Azərbaycanda 80-90 yaşlı kişinin həyat yoldaşı rəhmətə gedəndə deyir ki, məni evləndirin. Heydər Əliyevə də həyat yoldaşı lazım idi. O, Naxçıvanda Vasif Talıbovun 3 otaqlı evində yaşayırdı. Onun da paltarlarını yuyan qadına ehtiyacı var idi. Ancaq o, Zərifə xanımın sevgisini heç bir qadına dəyişmədi. Heydər Əliyev dostuna, yaxınlarına çox diqqət edən şəxsiyyət idi. Ona kiçicik diqqət edənə Heydər Əliyev çox böyük diqqət edirdi. O, heç birimizə borclu qalmayıb. Kimisinə böyük vəzifə, kimisinə ev verib. Məhz, 1993-cü ildən sonra Azərbaycanda dövlət qurdu. 1994-cü il 12 may tarixində atəşkəs əldə etdi. 1994-cü ilin 20 sentyabrnda a məşhur “Əsrin müqaviləsi”, 1996-cı ildə torpaq islahatını qeyd etməyə bilmərəm. MDB məkanında yeganə torpaq islahatı Azərbaycanda çox rahat getdi. Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi ki, bu gün də Azərbaycan o islahatdan faydalanır. Beynəlxalq əhəmiyyətli neft, qaz latyihələri, dəmir yolu kimi məsələlər ölkəmizin imicinə çox böyük xeyir gətirib.
Bu gün bütün Avropa ölkələri çalışır ki, bu neft və qaz boru kəməri Balkan ölkələrindən keçsin. Bunlar hamısı əsası Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Bundan başqa, Qarabağ məsələləri ilə bağlı danışıqlar apardı. Heydər Əliyevin Azərbnaycan xalqı qarşısında 1993-2003-cü illər ərzində çox böyük danılmaz xidmətləri oldu.
1990-cı noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırmaqla bizə müstəqilliyin yolunu göstərdi. O vaxt hakimiyyət mart ayının 17-də Azərbaycanda referendum keçirib Kommunist Partiyasını saxlamaq istəyirdi. Heydər Əliyev iyul ayında Moskvaya getdi, partiyadan çıxdı. Bir ay keçmədi, 19 avqustda SSR-də qiyam baş verdi, SSR dağıldı. Bu gün möhtərəm Prezidentimizin apardığı uğurlu iqtisadi və xarici siyasət nəticəsində Azərbaycan güclü, müasir dövlətə çevrilib.

- Eldar müəllim, Qarabağ problem hakimiyyətdə olduğunuz 20 il ərzində həll olunmadı. Bu hər halda Azərbaycan üçün ciddi problemdir. Yeni Azərbaycan Partiyası bunun öhdəsindən gələ bilmədi, yoxsa..?

- Bu, çox ciddi məsələdir. Çox təəssüf ki, ATƏT-in yaratdığı Minsk Qrupu bu 20 ildə həmin məsələnin həllinə nail ola bilmədi. Bəkə də nail olmaq istəmirlər. Onlar gəlib Azərbaycanda deyirlər ki, siz haqlısınız. Ermənistana gedəndə də onların haqlı olduğunu deyirlər. Onlar söz aparıb, söz gətirəndirlər. Əgər BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirə bilmirlərsə, istəmirlərsə, bu qrupdan nə gözlənək olar? Doğrudur, biz həmişə çalışırıq. Onlar isə deyir ki, Azərbaycan və Ermənistan prezidentləri siyasi iradə tapsınlar, bu məsələni danışıqlar yolu ilə həll etsinlər, biz razıyıq. Məsələ həll olduqdan sonra sizin razı olub olmamağınıza nə gərək var? Elə həll etsək, ikilikdə həll edərik. ATƏT-in Minsk Qrupu ona görə yaradılmayıb ki, prezidentləri görüşdürsün. Edirlərsə, sağ olsunlar. Ancaq bu məsələnin sonuna çıxsınlar. Bu gün YAP-ın 600 mindən çox üzvü var. Dünyada bu partiyanın xüsusi yeri var. Bu gün Azərbaycana bir dəfə gələn 10 dəfə gəlmək istəyir. Yenə də nikbin baxıram, ümidimi üzmürəm. İnanıram ki, möhtərəm prezidentimizin siyasi iradəsi nəticəsində bu məsələ danışıqlar yolu ilə həll olunacaq. Əgər bu cür həll olunmasa, onda müharibə yolunu seçəcəyik. Azərbaycan artıq özü silah istehsal edir. Elə bilirəm ki, vaxt Azərbaycanın xeyrinədir. Biz geci-tezi bu torpaqları geri alacağıq.

- Hakimiyyətdə olduğunuz bu 20 il müddətində müxalifət də fəaliyyət göstərir. Ancaq onlar istəklərinə nail ola bilmirlər. Siz güclüsünüz, yoxsa onlar zəifdirlər?

- Azərbaycanda iqtidar partiyası güclüdür. Müxalifət partiyaları isə olduqca zəifdir. Onlarda konstruktiv müxalifətçilik yoxdur. Orada olan insanlar yalnız bir şeyi, təhqir etməyi və söyüş söyməyi bacarır. Başda prezidentimiz olmaqla onlar hamımızı təhqir edirlər. Başqa bir fikir demirlər. Əgər bacarığın, bizdən yuxarı savadın varsa, de görək, Qarabağ problemini necə həll edək? Ulu öndərimiz Milli Məclisdə bütün partiyaları bir araya gətirdi, dedi ki, fikrinizi deyin, çıxış yolu göstərin. Onların heç biri bir kəlmə deyə bilmədilər. Əksinə, müxalifət yaranıb ki, erməniyə burdan qida versin. Bəlkə bu gün Azərbaycanda olan əmin-amanlığı erməninin gözü götürür, ancaq müxalifətin gözü götürmür. Ermənilərə faktlar verirlər ki, Azərbaycanı dünyada biabır edin. Dağlıq Qarabağ bizim milli mənafemizdir. Müxalofət isə əksinə, onların dəyirmanına su tökürlər.
 Hələ 1990-cı ildə deputat olarkən onların əməlini görmüşəm. Onlar ermənilərlə danışıb torpaqlarımzı verirdilər. Alver edirdilər. Naxçıvanı da ermənilərə satmışdılar. Milli məsələlərdə istər iqtidar ol, istərsə də müxalifət, bir olmalısan. İndi onların satdığı torpaqları ala bilmirik. Bizim də qismətimizə bu cür müxalift çıxıb.

- Azərbaycanda əksər partiyaların nizamnamələri oxşardır. Bu mənada Yeni Azərbaycan Partiyasını hansı təmayüllü qurum adlandırmaq olar?

- Mənim müxalifət partiyalarının nizamnamə və proqramlarından xəbərim var. Naxçıvanda hələ o zaman bizim hüquqşünaslar yığışmışdılar. Onlar Heydər Əliyevin yanında bizim partiyanın nizamnaməsini hazlırlayırdılar. Onlar nə yazırdılarsa, Heydər Əliyev silib təzədən özü yazırdı. Bu günə qədər də bizim nizamnamədə heç nə dəyişməyib. Çünki Heydər Əliyevin qələmindən çıxıb. Yüksək səviyyəli nizamnamə hazırlanıb. Biz 7 ay müxalifətdə olduq. Heydər Əliyev bizi düzlüyə çağırırdı. O vaxt biz prezidenti söymürdük. Görürdülər ki, biz ağıllıyıq, ona görə də bizi məhv etmək istəyirdilər. Biz partiya olaraq, düz yoldayıq. Bizim partiya ümumxalq partiyasıdır.

- Bəzən müxalifət partiyaları biri-birini ittiham edir ki, sən iqtidara işləyirsən. Bu məsələyə necə qiymət verirsiniz? Doğrudanmı onlar iqtidara işləyirlər?

- Təki bizə işləsinlər. Bu bizim üçün də yaxşı olar. Ancaq onlar bizdən çox xaricə işləyirlər. Çünki xaricdən qrant alırlar. Ancaq onlarla dolanırlar.  Onlarda bu hesabla pul qazanmaq istəyirlər.

 -“ 91-lər”lərdən olan Zahid Qaralov danışıb. Ziyad Səmədzadə isə ona cavab verib. “91-lər” zaman-zaman məsələ qaldırırlar ki, bizə dəyər verilmədi. Bu məsələlərə necə baxırsınız?

- Bəli, ulu öndər “91-lər”i partiyamızın “Qızıl Fondu” adlandırırdı. Hamıya diqqət göstərirdi. Bizim partiyanın üzvü olmayan nazirlər, baş nazir müavinləri var. Savadları və qabiliyyətləri var. İşlədikləri sahəyə rəhbərlik edə bilirlər. Biz deyə bilmərik ki, onlar çıxsın və hökmən YAP-ın üzvü olsunlar. Azərbaycanda hamıya diqqət var.
Jurnalistlərlə görüşündə İlham Əliyev müxalifətdən olan jurnalistlərə böyük önəm verdi. İlham Əliyev bu gün bütün Azərbaycan xalqının prezidentidir. Hər kəsə qabiliyyətinə görə iş verilir. Əgər mənim də qabiliyyətim daha çox olduğunu görsəydilər, bundan da üstün hansısa icra strukturunda işləyərdim. Doğrudur, vaxilə təklif olub və mən getməmişəm. Kimin hansısa vəzifəni icra etmək qabiliyyəti varsa, o iş ona həvalə edilir.
Bu günlərdə partiyamızın sədr müavini Əli Əhmədovu baş nazirin müavini təyin olundu. Baş nazirin müavini Əli Əhmədov üçün elə böyük vəzifə deyil, ancaq qabiliyyəti olduğu üçün bu vəzifə ona verilib. Çünki savadlıdır. İnsanların səriştəsi, qabiliyyəti nəzərə alınmaqla vəzifə verilir. İstəyir “91-lər” olsun, istərsə də başqaları... “91-lər”in çoxu partiyayla əlaqə saxlamadı. Kənarda qaldılar. Partiyada iştirak etmirsən, bayram tədbirlərinə, partiyanın ildönümlərinə gəlmirsən, sonra da deyirsən ki, bizi niyə dəvət etmədiniz? Əksinə, çağırılırlar, ancaq gəlmirlər. Günahı özlərində görsünlər. Hər bir “91” olan insanlara diqqət ayrılır. Azərbaycanda 600 min nazir yeri yoxdur ki, hamısı nazir olsun. Bu partiyada olan hər bir kəs hansısa vəzifədə olmalıdır…?
Gərək hər şeyə ədalətli yanaşasan. Göz görür, ürək diqtə edir, dil danışır. Gərək sən yaxşı insan kimi ədalətli qərar verəsən.

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır