Gələn ildən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı ödənişli olacaq. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin müzakirəsinə çıxarılan “Ümimi təhsil haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, MİQ imtahanında iştirakın ödənişi təxminən 45-60 manat həddində olacaq.
İmtahanda ilk dəfə iştirak edənlər, eləcə də şəhid ailələrinin üzvləri ödəniş etməyəcək.
Maraqlıdır, Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanında hər il nə qədər namizəd iştirak edir və onlardan neçəsi ilk dəfə bu sınağa qatılır?
Modern.az saytı bununla bağlı kiçik bir araşdırma aparıb.
Məlum olub ki, 2025-ci il 3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd iştirak edib.
Bu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqladığı rəsmi statistikadır.
Agentlikdən bildirilib ki, bu il 12279 namizəd ilk dəfə müsabiqədə iştirak edib.
Əgər şəhid ailələri və digər güzəştli kateqoriyalardan olan namizədləri də nəzərə alsaq, təxminən 13 min nəfərin ödənişdən azad olunacağını proqnozlaşdırmaq olar.
Təxminlərə görə, gələn il MİQ imtahanlarında iştirak edəcək 50-55 mindən çox namizəd ödəniş etməli olacaq. Bu isə MİQ imtahanlarında 2 milyon 500 min manatdan çox vəsaitin yığılması deməkdir.
Milli Məclisin Elm və Təhsil komitəsinin gündəliyinə daxil edilən “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə bildirilib:
"Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək".
A.Qorxmaz