Modern.az

Rza Pəhləvi İrandakı azərbaycanlılara müraciət etdi

Rza Pəhləvi İrandakı azərbaycanlılara müraciət etdi

Dünya

4 Mart 2026, 11:37

İranın sonuncu şahının Amerikada yaşayan oğlu Rza Pəhləvi İslam Respublikasında yaşayan bir sıra xalqlara müraciət edib.

Modern.az-ın məlumatına görə, Rza Pəhləvi sosial şəbəkələrdə yaydığı müraciəti İranın Xuzistan, İlam, Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində yaşayan kürdlər, lurlar, azərbaycanlılara ünvanlayıb. Eyni zamanda o, İrandakı Yarsan, Caf, Kalhor, Sancabi və Bəxtiyari tayfalarının da adını çəkib

Rza Pəhləvi müraciətində deyib:

“Mən sizə söz verirəm ki, İranın azadlıqdan sonrakı sabahında din ilə dövlətin ayrılığına əsaslanan, qanunun aliliyinə və bərabər vətəndaş hüquqlarına söykənən bir hakimiyyətin qurulması üçün bütün səylərimi göstərəcəyəm ki, bir daha ayrı-seçkiliyə məruz qalmayasınız. Hər bir iranlı kimi, öz kimliyinizi qoruyaraq azad yaşaya və azad İranın nemətlərindən ədalətli şəkildə bəhrələnə biləsiniz.

Siz İranın tarixi və mədəni bütövlüyünün ayrılmaz parçasısınız; həmişə ölkənin ərazi bütövlüyünün, millətin izzət və şərəfinin keşiyində dayanmısınız. Əminəm ki, bu əhdə bundan sonra da sadiq qalacaqsınız.

Biz bu rejimin süqutu ərəfəsindəyik. Lakin ayıq-sayıq olmalı, həmişə İran torpağına göz dikmiş fürsətçi qüvvələrin mövcud şəraitdən sui-istifadə etməsinə imkan verməməliyik. İnanıram ki, milli iradə və birliklə sizin və hər bir iranlının parlaq sabahı olacaqdır", - Rza Pəhləvi vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün Rza Pəhləvini İranın gələcək rəhbərliyi üçün uyğun seçim kimi tanımadığını deyib. Tramp gələcək liderin İran daxilində seçilməli olduğunu vurğulayıb.

"Siz Rza Pəhləvini dəstəkləyirsinizmi" sualına o, qısa və qətiyyətlə "Xeyr!" cavabını verib.

Bu mövqe Pəhləvinin dəfələrlə ABŞ-dan eyni şeyi istədiyini, lakin sədaqətinə baxmayaraq, onu rədd etdiklərini bir daha təsdiqləyib.

İllərdir özünü Qərbə alternativ kimi sırıyan Rza Pəhləvi indi acı bir reallıqla üzləşir: Vaşinqtona olan mütləq sədaqəti və bunun tam dəstəklə mükafatlandırılacağını gözləsə də, yanılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?