Ermənistanda seçkiyə doğru siyasi mübarizə təkcə tribunalar və bəyanatlarla yox, həm də sosial şəbəkələr üzərindən aparılır.
Modern.az xəbər verir ki, bu kontekstdə Baş nazir Nikol Paşinyanın seçdiyi üslub onu sələflərindən və rəqiblərindən açıq şəkildə fərqləndirir.
Belə ki, Paşinyanın kampaniyası klassik siyasi ritorikadan çox, gündəlik həyat tərzinin içindən qurulub. O, tez-tez sosial şəbəkələrdə avtobusda, küçədə, siravi insanların arasında görüntülər paylaşır. Bəzən kartof, sosis, pirojki, alma, dürüm və ya qarğıdalı yeyərkən çəkilən videolar isə onun seçici ilə emosional bağ qurmağa yönəlməsi təəssüratı yaradır.
Paşinyanın digər bir növ məşhur dəsti-xətti isə “ürək formalı” jestidir. Bu da onu seçiciyə yaxınlıq, səmimiyyət və gündəlik həyatın paylaşılması üzərindən simpatiya qazanmaq cəhdi kimi nəzərə çarpır. Dünya liderləri arasında Paşinyan “ürək formalı” jesti ilə fərqlənərək, klassik siyasi lider imicindən uzaqlaşaraq sosial mediaya uyğunlaşan, vizual və emosional təsirə üstünlük verən bir lider təsiri bağışlayır.
Paşinyanın kampaniyasında diqqət çəkən başqa bir detal da onun həyat tərzini nümayiş etdirməsidir. O, tez-tez otağında musiqi dinlədiyini, musiqi alətində ifasını, sosial şəbəkələrdə aktiv olduğunu göstərən səmimi tərzdə paylaşımlar edir.
Müxalifət isə sovet dövründən qalma fərqli xətt tutur. Keçmiş liderlər - Robert Koçaryan və Serj Sarkisyan tam müxtəlif üslubda siyasət aparıblar. Onlar daha çox qapalı, rəsmi və məsafəli obraz yaradıblar. Onların rəhbərlik etdiyi blok və ona yaxın siyasətçilərin fəaliyyətində hələ də ənənəvi, daha sərt və ittiham üzərində qurulan ritorika üstünlük təşkil edir.
Keçmiş liderlərin çıxışları da, əsasən tribunadan, dövlət tədbirlərindən olub. Əhali ilə birbaşa vizual və ya emosional kontakt yaratmaq onların siyasətində əsas xətt deyildi. Bundan əlavə, sabiq liderlərin dövründə siyasət daha çox idarəçilik, təhlükəsizlik və güc üzərində qurulmuşdu. İctimaiyyətlə ünsiyyət isə əsasən rəsmi kanallar vasitəsilə aparılırdı. Paşinyan isə necə deyərlər bu çərçivəni sındırdı.
Beləliklə, Ermənistanda siyasi mübarizə iki fərqli üslubun qarşıdurmasına çevrilib. Bir tərəfdə sosial şəbəkələr üzərindən qurulan, gündəlik həyatın detallarına söykənən, daha emosional və vizual kampaniya xətti dayanır. Digər tərəfdə isə klassik, daha çox ittiham və tənqid üzərində qurulan ənənəvi siyasi yanaşma müşahidə olunur.