Azərbaycan Respublikası dünyəvi dövlət olduğundan qanunvericiliyimiz yalnız VVADQ-da bağlanmış nikahı tanıyır. Amma son illər Qərb ölkələrində olduğu azərbaycanlılar arasında qeyri-ənənəvi ailə dəyərlərinə meyllərin artması müşahidə olunmaqdadır. İndi heç kim ölkəmizdə vətəndaş nikahı ilə, dini kəbinlə yaşama, ikiavadlılıq, nikahdankənar uşaq doğumu hallarının mövcudluğunu inkar edə bilməz. Cəmiyyətimiz bunu qəbul eləməsə də, belə qeyri-ənənəvi ailələrin olmasına dair kifayət qədər faktlar var və bu tərzlə yaşayanların bir çoxu onu açıqlamaqdan çəkinmirlər.
Vətəndaş nikahı
«Sağlam ailəyə dəstək» adlı qeyri-hökumət təşkilatının bir müddət öncə Bakıda gənclər arasında keçirdiyi sorğu zamanı vətəndaş nikahına münasibət öyrənilib. Sorğuda iştirak edən gənclər arasında vətəndaş nikahına pozitiv münasibət göstərənlər az olmayıb. Yəqin ki, bu sorğu 20 il öncə keçirilsəydi, çoxları daş atıb başını tutardı ki, vətəndaş nikahı ilə yaşamaq hara, azərbaycanılar hara.
Vətəndaş nikahı ilə yaşam tərzinin tərəfdarlarının fikrincə, bu cür nikah onların daha müstəqil yaşamağa meylinin artmasından irəli gəlir. Bəziləri isə vətəndaş nikahına meylin yaranmasını Azərbaycanın Qərbə inteqrasiyası ilə əlaqələndirirlər. Başqa cür düşünınlər də var.
Vətəndaş Vəziyyətləri Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) orqanının işçisi İlhamə Mirzəyevanın fikrincə isə son illər kişi və qadınların vətəndaş nikahına meyl etməsi onların məsuliyyətdən qaçmalarından irəli gəlir. Yəni cütlərdən hansısa biri istədiyi məqamda ailə məsuliyyətindən yayınmaq üçün rəsmi nikaha girmək istəmir. Vətəndaş nikahı ilə yaşayanların özləri isə bu fikrlə razılaşmıq istəmirlər. Onlar iddia edirlər ki, guya, kişi və qadın bir-birini təmiz məhəbbətlə sevirlərsə, arada qarşılıqlı hörmət varsa, rəsmi nikahın, dini kəbinin bağlanıb-bağlanmamasının elə bir əhəmiyyəti yoxdur. Guya, rəsmi nikah kişi və qadını çərçivəyə salır. Onlar özlərini Qərbdə olduğu kimi azad cəmiyyətin nümayəndələri hesab edirlər.
Vətəndaş nikahı ilə yaşamaq Azərbaycan sou-biznesinin qadın nümayəndələri arasında çox geniş yayılıb, bir qədər də kobud desək, dəbə minib. Bunu onların özləri teleşoularda tez-tez açıq-aşkar etiraf edir, sevdikləri kişilərlə qeyri-rəsmi nikahda yaşadıqlarını gizlətmirlər. Məsələn, tanınmış müğənni Aygün Bəylər bü günlərdə Almaniyada yaşayan sevgilisindən övlad dünyaya gətirib. Sevdiyi insandan övlad dünyaya gətirmsinə xoşbəxt olduğunu söyləyən müğənni mətbuata deyib: “...Onun özü 15 ildir burada yaşamır. O yəqin ki, gəlmək istəmir.... Bizim mental şüur, düşüncə ayrıdır, onun düşüncəsi ayrı. O ora öyrəşib. Bir də, mən Almaniyada yaşasam, o sevgini hiss etməyəcəm...”. Media başqa bir müğənni Rəqsanə İsmayılovanın da hələ ötən il qeyri-rəsmi ərindən övlad dünyaya gətirməsini bir xeyli gündəmdə saxlamışdı.
Tanınmış aktrisa Firəngiz Mütəllibovanın bir müddət öncə mətbuata açıqlamasında yer alan fikirləri də yada salmaq yerinə düşər: «...Mən həyat yoladışmdan ayrılandan sonra öz həyatımı bölüşdüyüm, çox istədiyimi insan var. Artıq 15 ildir bir yerdəyik. Sadəcə olaraq mənim uşağım olmadığına və işimin çoxluğuna görə nikah və ya kəbin kəsdirmək haqda fikirləşmirəm. Həm də bunlar hər şeyi həll etmir. Əksinə nikahsız və kəbinsiz yaşayan insanlar bir-birindən beşəlli yapışırlar ki, birdən çıxıb gedər. Həmin insan məni dürüst olduğuma görə sevir...». Ümumiyyətlə vətəndaş nikahı ilə yaşamaq Azərbaycan sou-biznesinin qadın nümayəndələri arasında çox geniş yayıldığından siyahı çox uzundur. Aygün Kazımova, Ruhi, Xumar Qədimova, Mətanət İsgəndərli və digərləri dəfələrlə belə açıqlamalarla çıxış edərək sevdikləri kişilərlə birgə yaşadıqlarını gizlətməyiblər.
Ailə məsələlərilə məşğul olan ekspertlər deyirlər ki, bəziləri «vətəndaş nikahı» anlayışının səhv başa düşürlər. Çünki vətəndaş nikahına yalnız hər iki tərəf azad olduğu halda daxil ola bilərlər. Amma ölkəmizdə bir qadınla evli olduğunu deyən kişi, digəri ilə yalnız vətəndaş nikahında olduğunu deyib özünə haqq qazandırmağa çalışır ki, bu da düzgün deyil.
Müasir molla nəsrəddinlər və ya ikiarvadlılıq
Azərbaycanda ailə dəyərlərinin aşınması probleminə toxunanda, ikiarvadlılıq barədə yazmamaq olmur. Xüsusilə maddi imkanı geniş olan bəzi kişilərin ayrı-ayrılıqda qeyri-rəsmi şəkildə iki, bəlkə də daha çox arvad saxladığı heç kimə sirr deyil. Belə kişilər ikinci və üçüncü arvadını təbii ki öz evdində deyil, kənarda ev tutub saxlayırlar. Onların arasında iş adamları, biznesmenlər, nazirlər, deputatların olmadığını heç kim inkar etmir. Həmin qadınlara ev də alınır, maşın da, qızıl-zinət əşyaları da, dolanışıqları da ki öz yerində. Düzdür, indi bəzi qadınlar onları saxlayan kişiləri ər deyil, əsasən «dost», «sevgili» adlandırırlar. Qadın müğənnilərin əksəriyyəti isə belə kişiləri özlənin sponsorları kimi qələmə verməyə çalışırlar. Azərbayanda ikiarvadlılıq və ya çoxarvadlılıq məsələsinə Milli Məclisin iclaslarının birində, gender məsələsi müzakirə olunarkən də toxunulmuşdu. Həmin iclasda hətta bəzi deputatlar çoxarvadlılığın dədə-babalarımza xas adət-ənənə olduğunu xatırladaraq və buna müsbət yanaşdıqlarını gizlətməmişdilər.
Adəm Qorxmaz