Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barədə Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar şurasının üzvüdür.
Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP-ın Veteranlar Şurasıın üzvü Tahir Rzayev bildirib ki, Ramiz Mehdiyevin fəaliyyətində nöqsanlar aşkar olunubsa və onun barəsində cəza tədbiri görülübsə, onun partiya sıralarından çıxarılması da gündəmə gələ bilər və gəlməlidir:
“Hər bir insan öz hərəkətlərinə cavabdeh olmalıdır. İstənilən vəzifəli və ya sıravi şəxs öz əməllərinə görə məsuliyyət daşıyır. Həqiqətən, bu gün hüquq-mühafizə orqanları kiminsə fəaliyyətləri üzrə ciddi araşdırmalar başladıb, cinayət xarakterli hal müəyyən edirlərsə, sözsüz ki, həmin şəxs öz cəzasını çəkməlidir. Eləcə də Ramiz Mehdiyev barədə araşdırmalar aparılıb, onun hərəkətlərində müəyyən nöqsanlar aşkar olunub və buna görə də, onun barəsində 4 aylıq ev dustaqlığı cəza tədbiri görülüb. Əlbəttə ki, Ramiz Mehdiyev cinayətə cəlb və müəyyən nöqsanlara görə məhkum olunursa, onun da partiya sıralarından çıxarılması üzrə YAP-ın nizamnaməsinə görə mərkəzi orqan öz tədbirini görə bilər və bu tədbir görülməlidir".
T.Rzayev qeyd edib ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyev barədə bu qərarı veriblərsə, deməli, haqlıdırlar:
"Heç kim də cəzadan sığortalanmayıb. Və heç kim keçmiş fəaliyyəti ilə qürurlanmamalıdır. "Keçmişdə fəaliyyətlərim olduğu halda mən niyə cəzalandırılır, tənbeh olunuram?" düşüncəsi yanlışdır. Keçmişi qoyuruq keçmişdə, bu gün üçün hər kəs öz fəaliyyətində məsuliyyətini bilməli və bu çərçivədə də hərəkətlər etməlidir. Sözsüz ki, bunu hüquq-mühafizə orqanlarının işi hesab edirəm. Onlar bu hərəkətlərə belə qiymət veriblərsə, əlbəttə ki, haqlıdırlar".