Modern.az

Şəhiddən qalan son foto: Gürcü qızı ilə azərbaycanlı döyüşçünün sevgi HEKAYƏSİ

Şəhiddən qalan son foto: Gürcü qızı ilə azərbaycanlı döyüşçünün sevgi HEKAYƏSİ

Ölkə

Bu gün, 10:12

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində həm ağrılı, həm də qürurla xatırlanan bir dövr kimi yadda qaldı. O günlərdə minlərlə gənc Vətən torpaqlarının azadlığı uğrunda döyüşə yollandı, bir çoxu isə bu yolda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Elə həmin müharibə günlərinin birində sosial şəbəkələrdə yayılan bir video insanların marağını cəlb etmişdi. Gürcü qızı Nana Davidaşivilinin zarafatla çəkdiyi video və ona cavab verən Azərbaycan əsgəri Daşqın Şəfiyevin görüntüləri... Həmin görüntülər qısa müddətdə geniş yayılmış, onların qovuşması üçün dualar edilmişdi. Amma bu hekayənin sonu bir qədər fərqli oldu. Mərd və cəsurluğu ilə seçilən Daşqın Şəfiyev Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikasının budəfəki təqdimatı Daşqın Hidayət oğlu Şəfiyevə həsr olunur.

Şəhidin atası Hidayət Şəfiyevin sözlərinə görə, oğlundan qalan bu son foto Laçında döyüşlər zamanı bir evin qarşısında çəkilib:

“Daşqın haqqında kaş üzbəüz görüşə, danışa biləydik… Onun haqqında deyiləcək o qədər söz var ki. Evimizdə onun xatirəsinə şəkillərindən ibarət bir guşə - ev muzeyi hazırlamışıq. Hər şəkli bizim üçün çox əzizdir. Baxdıqca sanki hər şeyi, keçmiş günləri yenidən xatırlayıram. Daşqın çox ağıllı, çox gözəl bala idi, çox vətənpərvər idi".

Atasının dediyinə görə, qardaşı xidmətdə olsa da, müharibə vaxtı Daşqın özü də könüllü olaraq cəbhəyə yollanıb:

"Onu saxlaya bilmədik. Dedi ki, yox ata, mən getməliyəm. Vətənimiz nə vaxta qədər bu töhmətlə yaşamalıdır?”

Daşqın Şəfiyev 22 avqust 1989-cu ildə Rusiyanın Krasnodar şəhərində dünyaya göz açıb. 1995-2006-cı illərdə Samux rayonunun Seyidlər kənd tam orta məktəbində təhsil alıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası məqsədilə başlanan Vətən müharibəsi zamanı Daşqın Şəfiyev Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il noyabrın 5-də Laçın uğrunda döyüşlər zamanı şəhid olub. Daşqın Şəfiyev Samux rayonunun Seyidlər kəndində torpağa tapşırılıb. 

Daşqın Şəfiyev ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bu ölkə VURULDU - Yüzlərlə ölən və yaralanan var - Xəbəriniz Var?