Modern.az

Avrasiyada mühüm geostrateji reallıq: ikitərəfli müttəfiqlikdən çoxşaxəli əməkdaşlığa

Avrasiyada mühüm geostrateji reallıq: ikitərəfli müttəfiqlikdən çoxşaxəli əməkdaşlığa

Parlament

17 Noyabr 2025, 15:42

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə regionda formalaşan yeni siyasi və iqtisadi reallıqlar fonunda strateji müttəfiqlik xəttinin konturlarını geniş şəkildə ortaya qoyur. Müsahibədə səslənən fikirlər iki ölkə arasında mövcud əlaqələrin analizini, həm də gələcək əməkdaşlıq modelinin əsas prinsip və istiqamətlərini müəyyənləşdirir. Dövlət başçısının yanaşması regionda baş verən proseslərin mahiyyətinə dərindən nüfuz etməklə, Mərkəzi Asiya ilə münasibətlərin kompleks, çoxşaxəli və perspektivli bir siyasət xətti əsasında qurulduğunu nümayiş etdirir.

Müsahibədə vurğulanan məqamlardan biri Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən tarixi-mədəni yaxınlıq, ortaq dəyərlər və mənəvi əlaqələrdir. Fiziki baxımdan Xəzər dənizi bu regionları ayırırmış kimi görünə bilər, lakin mahiyyət etibarilə iki tərəfi birləşdirən strateji körpü rolunu oynayır. Prezident İlham Əliyevin bu barədə səsləndirdiyi fikirlər göstərir ki, ortaq dil, tarix, ənənələr və çoxəsrlik münasibətlərin yaratdığı birlik dost ölkələri daha yaxın əməkdaşlığa sövq edən əsas faktorlardan biridir. Həmin geosiyasi məkanın vahidliyi həm də türkdilli dövlətlərin qarşılıqlı siyasi koordinasiyasını möhkəmləndirən mühüm vasitəyə çevrilir.

Cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə ardıcıl iştirakı regionun artan siyasi çəkisini təsdiqləyir. Düşənbə və Astana görüşlərinin davamı olaraq Daşkənddə keçiriləcək növbəti toplantı təkcə regional həmrəyliyin nümayişi deyil, həm də türk dünyasının yeni inteqrasiya mərhələsinə keçidinin göstəricisidir. Bu format siyasi dialoqun dərinləşməsi, ortaq məsələlərin birgə həlli üçün mühüm platforma kimi çıxış edir.

Dövlət başçısının sözügedən müsahibəsində diqqət çəkən əsas məqamlardan biri iki ölkə liderləri arasında formalaşmış səmimi, etimada əsaslanan münasibətdir. Bu faktor siyasi əlaqələrin mahiyyətinə birbaşa təsir edərək münasibətləri qardaşlıq xarakterli müttəfiqliyə çevirir.

Son illərdə çoxsaylı qarşılıqlı səfərlərin reallaşması siyasi dialoqun intensivliyini göstərir. Bakı və Daşkənddə imzalanmış çoxsaylı razılaşmalar iki ölkənin uzunmüddətli əməkdaşlıq planlarının əsasını təşkil edir. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” dövlətlər arasında əməkdaşlığı sistemli şəkildə inkişaf etdirən mexanizm kimi mühüm əhəmiyyət kəsb edir. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi mütəmadi dəstək və Qarabağın bərpasına göstərdiyi diqqət qardaşlıq münasibətlərinin dərinliyini bir daha təsdiqləyir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası həm humanitar həmrəyliyin, həm də qarşılıqlı hörmətin parlaq nümunəsidir.

Azərbaycan və Özbəkistan arasında təsis edilmiş Ali Dövlətlərarası Şura ikitərəfli əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsində mühüm rol oynayır. Bu struktur siyasi səviyyədə koordinasiyanı artırır, iqtisadi və humanitar sahələrdə həyata keçirilən layihələrə vahid strateji baxış gətirir. Daşkənd və Bakıda keçirilən iclaslar gündəliyin təkcə aktual məsələlərlə məhdudlaşmadığını, həm də uzunmüddətli planlaşdırmanı özündə ehtiva etdiyini göstərir. Həmin mexanizm çərçivəsində qəbul edilən qərarlar dövlətlərarası əməkdaşlığın daha dəqiq, çevik və səmərəli şəkildə idarə olunmasına imkan yaradır.

Prezident İlham Əliyevin müsahibədə vurğuladığı məsələlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Müasir geosiyasi şəraitdə nəqliyyat istiqamətləri və yükdaşımalar üzrə imkanların genişləndirilməsi ölkələr üçün strateji əhəmiyyət daşıyır. Orta Dəhliz üzrə əməkdaşlıq regionun nəqliyyat sistemində yeni dinamika formalaşdırıb. Ötən il ərzində tranzit daşımalarının 18 faiz artması və yük dövriyyəsinin 1,3 milyon tonu keçməsi bu xəttin iqtisadi potensialını təsdiqləyir. Cari ilin ilk doqquz ayında göstəricinin təxminən bir milyon tona çatması isə dayanıqlı artım trendini göstərir. Ələt Limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars xəttinin gücləndirilməsi və ölkədə mövcud müasir logistika infrastrukturu Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Dövlətimizin başçısının diqqətə çatdırdığı Zəngəzur dəhlizi perspektivdə daha geniş coğrafiyanı əhatə edən nəqliyyat inteqrasiyasına yol açacaqdır.

Energetika sahəsi iki ölkənin strateji əməkdaşlığının mühüm dayaqlarından biridir. SOCAR-ın Özbəkistan bazarına çıxışı, birgə layihələr və enerji ticarətinin genişlənməsi regional enerji inteqrasiyasının əhəmiyyətini artırır. “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti bu sahədə praktiki əməkdaşlığın nümunəsidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji və elektrik sistemlərinin sinxronlaşdırılmasına dair razılaşmalar regionda bərpaolunan enerji əməkdaşlığı üçün tamamilə yeni mərhələnin əsasını qoyur. Bu təşəbbüslər enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və ekologiya baxımından müasir çağırışlara cavab verilməsinin mühüm elementidir.

Cari ilin ilk doqquz ayında ticarət dövriyyəsinin 87,5 faiz artaraq 319 milyon dollara çatması iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə genişləndiyini göstərir. Müsbət dinamika göstərir ki, qarşılıqlı ticarət strukturunda həm əmtəə, həm də xidmət çeşidi genişlənməkdədir və iqtisadi münasibətlər real sektorun bütün sahələrini əhatə edən yeni müstəviyə keçir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması, Xankəndidə açılmış tikiş fabriki və digər layihələr sərmayə mübadiləsinin konkret nəticələrini nümayiş etdirir. Bu təşəbbüslər iqtisadi modelin yalnız ticarətə deyil, real istehsal sahələrinə əsaslandığını sübut edir. Regional Forumun fəaliyyəti və Hökumətlərarası Komissiyanın iclasları isə institusional koordinasiyanın davamlı şəkildə həyata keçirilməsinə təminat yaradır.

Azərbaycan və Özbəkistan türk dünyası daxilində ən fəal tərəfdaş ölkələrdən hesab olunur. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yalnız siyasi müstəvidə deyil, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində də mütəmadi şəkildə genişlənir. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlarda iki ölkənin qarşılıqlı dəstəyi həm diplomatik həmrəyliyin göstəricisi, həm də ortaq maraqları müdafiə edən vahid mövqeyin təzahürüdür.

Beləliklə, Prezident İlham Əliyevin UzA agentliyinə müsahibəsi iki ölkə arasında strateji əməkdaşlığın dərin mahiyyətini əks etdirən analitik yanaşmadır. Qarşılıqlı dialoq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Mərkəzi Asiya ilə yeni siyasi, iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasına mühüm töhfə verir. Azərbaycan və Özbəkistan arasında qurulan əməkdaşlıq modeli qarşılıqlı hörmət, etimad, səmimi qardaşlıq və uzunmüddətli strateji maraqların harmoniyasına əsaslanır. Bu birlik regionda sabitlik və dayanıqlı müttəfiqliyin formalaşması üçün nümunəvi model kimi çıxış edir.

Sizə yeni x var
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!