Modern.az

Ali məktəblər rəqəmsal transformasiyanın lokomotivinə çevriləcək

Ali məktəblər rəqəmsal transformasiyanın lokomotivinə çevriləcək

Təhsil

13 Fevral 2026, 15:46

Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər təhsil sisteminin qarşısında duran yeni çağırışları bir daha gündəmə gətirib. Xüsusilə rəqəmsal inkişaf, süni intellekt və kadr hazırlığı məsələlərinin prioritet kimi qeyd olunması bu istiqamətdə sistemli yanaşmanın vacibliyini ön plana çıxarır.

Dövlət başçısının çıxışında ali məktəblərdə eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələrin bu ixtisas üzrə peşəkarlığının artırılması, eləcə də orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramlarında müəyyən dəyişikliklər edilməsi kimi mühüm məsələlər xüsusi vurğulanıb. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə qeyd edib ki, müasir dövrün əsas çağırışlarından biri süni intellektin inkişafı və onun bütün sahələrdə tətbiqidir. Onun sözlərinə görə, dünyada bu istiqamətdə artıq proses gedir və Azərbaycan da bu trenddən geri qalmamalıdır.

“Ölkədə bu istiqamətdə mütəxəssis az olduğundan xarici universitetlər və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq qurmaq vacibdir. Kadr hazırlığı prosesinə xarici müəllimlərin cəlb olunması, birgə laboratoriyaların yaradılması və ortaq elmi layihələrin həyata keçirilməsi bu sahənin inkişafına ciddi töhfə verə bilər. Uzunmüddətli perspektivdə dünya məhz bu istiqamətdə irəliləyir”.

Sədr müavini nəzərə çatdırıb ki, süni intellektin tətbiqi yalnız iqtisadiyyatla məhdudlaşmamalıdır:

“Dövlət idarəçiliyində, texnologiya sektorunda, eləcə də hərbi sahədə bu imkanlardan istifadə zəruridir. Rəqabətə davam gətirmək üçün bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmalıdır.

Digər bir məsələyə gəlincə, Azərbaycanda kompüter elmləri sahəsi nisbətən yeni inkişaf mərhələsindədir və hələ də ixtisaslı kadrların sayı kifayət qədər deyil. Məsələn, ADA Universitetində Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı mövcuddur. Bu kimi əməkdaşlıqlar vasitəsilə həm müəllim heyətinin gücləndirilməsi, eləcə də müasir bilik və təcrübənin tədris prosesinə inteqrasiyası, tətbiqi istiqamətində işlər aparılır”, - deyə deputat vurğulayıb.

Parlamentin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, rəqəmsal inkişaf artıq texnoloji seçim deyil, dövlətin strateji təhlükəsizlik, iqtisadi dayanıqlıq və intellektual gələcəyi ilə bağlı prioritet xəttidir:

“Bu çıxışda xüsusilə diqqətimi çəkən məqamlardan biri isə cənab Prezidentin texnologiyanın inkişafından daha çox insan kapitalına, xüsusilə kadr hazırlığına verdiyi yüksək dəyər oldu. Prezident açıq şəkildə bildirdi ki, rəqəmsal transformasiyanın mərkəzində proqram təminatı, avadanlıq və ya platformalar deyil, peşəkar insan resursları dayanır. Bu yanaşma, şübhəsiz ki, təsadüfi deyil. Çünki rəqəmsallaşma infrastruktur qurmaqla başa çatmır; onu işlədə bilən, inkişaf etdirən, təhlükəsizliyini təmin edən və milli maraqlara uyğunlaşdıran mütəxəssislər olmadan heç bir rəqəmsal strategiya real nəticə verə bilməz.

Qənaətimə görə, Prezidentin çıxışında təhsil sistemi ilə bağlı üç əsas mesaj nəzərə çarpır. İlk növbədə nəzərə alınmalıdır ki, rəqəmsal inkişaf uzunmüddətli prosesdir və bu prosesin əsasında kadr ehtiyatı dayanmalıdır. Bu səbəbdən də ali məktəblər bu sahədə əsas mərkəzə çevrilməlidir. Orta məktəblərdən başlayaraq isə şagirdlərə ilkin rəqəmsal və analitik düşüncə bacarıqları aşılanmalıdır. Bu yanaşma göstərir ki, dövlət artıq rəqəmsal transformasiyanı ayrı-ayrı layihələrin icrası kimi deyil, təhsildən başlayan sistemli milli model kimi görür.

Bəs süni intellekt və rəqəmsal inkişaf niyə zəruridir?

Çünki müasir dünyada iqtisadi güc neft, qaz və ya xammalla deyil, məlumatı idarə etmək bacarığı ilə ölçülür. Süni intellekt, böyük verilənlər (Big Data), kibertəhlükəsizlik, avtomatlaşdırma və rəqəmsal idarəetmə artıq dövlətlərin rəqabət üstünlüyünü müəyyən edir”.

Milli Məclisin üzvü əlavə edib ki, rəqəmsal inkişafın zəruriliyi üç əsas səbəbdən, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasından, iqtisadiyyatın innovativ sahələr üzrə şaxələndirilməsindən, milli təhlükəsizliyin kiberməkanda qorunmasından irəli gəlir:

“Bu baxımdan süni intellekt və rəqəmsal texnologiyalar təhsil sisteminə inteqrasiya edilməzsə, gələcəkdə kadr çatışmazlığı ölkənin inkişaf tempinə birbaşa təsir göstərə bilər.

Bununla yanaşı, unutmaq lazım deyil ki, dövlət xətti ilə xaricə göndərilən tələbələr sadəcə diplom almaq üçün deyil, texnologiya və bilik transferi missiyası ilə hazırlanmalıdırlar. Onlar qabaqcıl universitetlərin elmi mühitini öyrənməli, innovasiya mədəniyyətini mənimsəməli, qayıtdıqdan sonra bu bilikləri yerli sistemə inteqrasiya etməlidirlər. Bu proses planlı şəkildə qurulmalıdır. Xaricdə təhsil alan tələbələr üçün prioritet ixtisaslar konkret müəyyənləşdirilməli, onların geri dönüşündən sonra dövlət və ali təhsil müəssisələri ilə koordinasiyalı fəaliyyətləri təmin olunmalıdır”.

E.Mirzəbəyli həmçinin vurğulayıb ki, ali məktəblər rəqəmsal transformasiyanın lokomotivinə çevrilməlidir:

“Bunun üçün isə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqram mühəndisliyi üzrə yeni fakültə və ixtisaslar açılmalı, xarici universitetlərlə ikili diplom proqramları genişləndirilməli, praktiki laboratoriyalar və texnoloji mərkəzlər yaradılmalı, tədris heyətinin özünün ixtisasartırma proqramları həyata keçirilməlidir”.

Deputat onu da diqqətə çatdırb ki, dövlət xətti ilə xaricə göndərilən tələbələrin seçimi də təsadüfi olmamalıdır:

“Seçim zamanı analitik düşüncə qabiliyyəti, riyazi baza, texnoloji maraq və bacarıqlar əsas meyar kimi götürülməlidir. Onların təhsili dövlətin uzunmüddətli rəqəmsal strategiyasının tərkib hissəsi kimi planlaşdırılmalıdır.

Orta ümumtəhsil məktəblərinə gəldikdə isə, rəqəmsal inkişaf ali təhsildən deyil, məktəbdən başlamalıdır. Tədris proqramına isə, zənnimcə alqoritmik düşüncə və məntiqin əsasları, kodlaşdırmanın ilkin səviyyəsi, rəqəmsal savadlılıq və kibertəhlükəsizlik qaydaları, süni intellekt barədə sadə anlayışlar və problem həll etmə, həmçinin analitik düşüncə bacarıqları daxil edilə bilər. Bu dəyişikliklər gələcəkdə ali məktəblərdə bu sahə üzrə təhsili daha səmərəli edəcək.

Bütövlükdə isə, Prezident İlham Əliyevin müşavirədə verdiyi əsas mesaj ondan ibarətdir ki, Azərbaycan rəqəmsal gələcəyə hazırlaşır və bu hazırlığın əsas dayağı təhsil sistemi olacaq. Rəqəmsal isə inkişaf proqram təminatı ilə deyil, insan kapitalı ilə ölçüləcək. Bu yanaşma göstərir ki, ölkədə formalaşan yeni inkişaf modeli artıq “rəqəmsal düşüncə tərzi” üzərində qurulur və bu düşüncə tərzinin təməli məktəbdə qoyulacaq, universitetdə davam etdiriləcək, nəticəsi isə özünü dövlət idarəçiliyində büruzə verəcək”, - deyə E.Mirzəbəyli qeyd edib.

Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, süni zəkanın sürətli inkişafı həm ixtisaslı kadrların, eləcə də vətəndaşların yeni texnoloji transformasiyaya hazır olması son dərəcə vacibdir.

“Cənab Prezident İlham Əliyev tərəfindən də gələcəyə yönəlik bu istiqamətdə mühüm mesajlar verildi. Cəmiyyətin dəyişikliklərə uyğunlaşması və yeni çağırışlara hazır olması məhz süni intellekt və rəqəmsal inkişafın təhsilə inteqrasiyası vasitəsilə mümkündür. Buna görə də süni intellekt və informasiya texnologiyaları alətlərinin cəmiyyət tərəfindən mənimsənilməsi və öyrənilməsi əsas prioritetlərdən biri olmalıdır”.

Ekspert bildirib ki, xaricdə təhsil alan tələbələrin bu prosesdə rolu xüsusi əhəmiyyət daşıyır:

“Dövlət proqramları çərçivəsində informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma və digər innovativ sahələr üzrə ixtisaslaşmaya üstünlük verilir. Bu tələbələrin əsas öhdəliklərindən biri təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq əldə etdikləri bilik və bacarıqları ali təhsil müəssisələrində və digər sahələrdə tətbiq etmələri, gənc nəslə ötürmələridir. Dövlət büdcəsi hesabına ayrılan vəsaitlərin məqsədi də məhz ölkənin və cəmiyyətin inkişafına töhfə verəcək peşəkar kadrların formalaşdırılmasıdır.

Ali təhsil müəssisələrində sahə üzrə peşəkarlığın artırılması üçün xaricdə təhsil almış mütəxəssislərin tədris prosesinə cəlb olunması, maddi-texniki bazanın gücləndirilməsi və tədris proqramlarının süni intellekt və rəqəmsal texnologiyalarla inteqrasiyası vacibdir. Eyni zamanda süni intellekt əsaslı müasir tədris metodlarının tətbiqi də məqsədəuyğun hesab olunur”.

Ekspertin fikrincə, orta təhsil mərhələsində də rəqəmsal bacarıqların formalaşdırılması öz növbəsində xüsusi əhəmiyyət kəsb edir:

“Şagirdlərin gələcəkdə ali təhsil və beynəlxalq təhsil imkanlarından yararlana bilməsi üçün baza bilikləri məhz tam orta təhsil pilləsində formalaşdırılmalıdır. Bu məqsədlə rəqəmsal bacarıqlar fənninin dərs saatlarının artırılması, informatika fənnində süni intellektə dair ayrıca bölmənin tədrisi və ya bu istiqamətdə əlavə dərnəklərin təşkili məqsədəuyğun ola bilər.

Bununla yanaşı, məktəblərdə maddi-texniki təminat yüksək səviyyədə olmalıdır. Hər bir şagirdin kompüter avadanlığına çıxışı, stabil internet bağlantısı və interaktiv tədris mühitinin yaradılması zəruridir. Rəqəmsal bacarıqların effektiv şəkildə öyrədilməsi üçün müasir və praktik yönümlü yanaşma tətbiq edilməlidir”.

E.Əfəndi yekun olaraq vurğulayıb ki, əgər Elm və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə konkret fəaliyyət planı hazırlanarsa, ilkin mərhələdə pilot layihələr çərçivəsində bəzi məktəblərdə tətbiqə başlanıla, daha sonra isə mərhələli şəkildə bütün təhsil müəssisələrində genişləndirilə bilər. Süni intellekt və rəqəmsal texnologiyaların təhsil sisteminə inteqrasiyası ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biri kimi çıxış edir və bu istiqamətdə sistemli, ardıcıl və planlı addımların atılması vacibdir.

Sizə yeni x var
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?